Məhkəmə qərarları › İş №1(3-6)-1243/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1243/2026

27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1243/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, X1 və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Fairness» Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi,) ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmü ilə ##.##.1992-ci ildə Ukrayna Respublikası, Dnepropetrovsk şəhərində doğulmuş, əvvəllər məhkumluğu olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2- ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, o, Bakı şəhəri Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 10 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,270 qram ağ rəngli, kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, ##.##.2026-cı il tarixdə saat 13:10-da Yasamal rayon Polis idarəsinin 26-cı Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında küçədə saxlanılaraq, həmin yerdə üzərinə baxış keçirilən zaman əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,270 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib hökmlə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azaldılmasını, barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olubolmaması məsələsi mübahisələndirilməmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmiş, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini, CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsya təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 234.1-ci maddəsi maddələrinin müəyyən etdiyi məhrumiyyət- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.4-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal müəyyən edilməmiş, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq cəza təyini zamanı CM-in 65.2-ci maddəsinin tələblərinə riayət edərək ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş minumum həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 234.1-ci maddəsinin sanksiyasında – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsə cəza təyin edilərkən CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmış, minumum həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə görə istənilən kateqoriya cinayətə görə şəxs barəsində müstəsna hallar müəyyən edildiyi halda CM-nin 62-ci maddəsinin tətbiqi istisna edilmir. CM-nin 62.1-ci maddəsinin məzmunundan belə aydın olur ki, konkret olaraq törədilmiş cinayətlə bağlı təqsirləndirilən şəxs barəsində müstəsna hallar müəyyən edilərkən cinayətin məqsədi və motivi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra təqsirkarın davranışı, habelə törədilmiş cinayətin üstünün açılmasına fəal kömək etməklə əlaqədar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların mövcudluğu, iştirkçılıqla törədilmiş cinayətlərin açılmasında təqsirləndirilən şəxsin rolu nəzərə alınmalıdır. Məhkəmə iş üzrə müstəsna halları müəyyən edərkən həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. CM-nin 62.1-ci maddəsinin məzmununda qeyd edilmiş “habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar” dedikdə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və aradan qaldırılması, zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi və s. başa düşülməlidir. Cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi, könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, digər iştirakçıların ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə və s. kimi hərəkətlər də nəzərə alına bilər. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, fərdiləşdirilməli və müstəsna hal kimi nəzərə alınıb qiymətləndirilməsinin səbəbləri hökmdə mütləq əsaslandırılmalıdır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, apellyasiya şikayətində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün də əsasların olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. «Fairness» Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq «Fairness» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar