Məhkəmə qərarları › İş №1(3-6)-1282/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1282/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1282/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Zeynalova Lalə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Balçılı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli (hakim Vüsal Qurbanov) hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin ##.##.2026-cı il tarixdən hesab edilməsi hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ##### 2025-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa-Nardaran yolu, Daş Karxanası yaxınlığında nömrəsiz ünvanda yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evindən 01 ədəd 2000 manat dəyərində “Samsung” markalı böyük ölçülü televizoru, 01 ədəd 200 manat dəyərində “TCL” markalı kiçik ölçülü televizoru, 01 ədəd 1000 manat dəyərində velosipedi və 300 manat dəyərində müxtəlif növ qab-qacaqları gizli olaraq talayıb, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edərkən əvvəlki məhkumluğuna istinad etmişdir. Əvvəlki məhkumluğu ## #### 2015-ci ildən ## #### 2019-cu il tarixədək olmuşdur. Cəzanın sonu ilə azad olunmuşdur. CM-in 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqdan sonra iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən yanlışlığa yol vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilərək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində davam etdirilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən və müdafiə tərəfinin apellyasiya baxışı zamanı çıxışlarından göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, istintaq hərəkətləri və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi barədə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli, dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum yoxdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəza, əməlində cinayətlərin residivinin müəyyən edilməsi və buna müvafiq cəzaçəkmə müəssisəsinin təyin edilməsi məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materialları ilə müəyyən edilir ki, məhkum edilmiş şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmiş və birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinin rəhbər tutaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Hazırda məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsinə, eləcə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq olunmasına hər hansı bir hüquqi əsas yoxdur. Apellyasiya şikayətinin cəza məsələsindən irəli gələn əsas dəlili isə ondan ibarətdir ki, məhkum edilmiş şəxsin iddiasına əsasən onun əvvəlki hökmü üzrə məhkumluğu ödənildiyindən əməllərində cinayətlərin residivi mövcud olmamış, buna müvafiq olaraq da ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməli olması birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamə, müvafiq məhkəmə hökmləri və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmə Yevlax Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının çəkilməmiş qalan 2900 manat hissəsi tam birləşdirilməklə, ona qəti cəza 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2900 manat cərimə cəzasının təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 ay 09 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarmışdır. Bundan əlavə, Yevlax Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş və o, ittiham hökmünün icra müddəti başa çatdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1-ci maddəsinə əsasən icra edilməmiş qalan 2.900 manat cərimə cəzasını çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətinə dair” 2010-cu il ## ###### tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Yuxarıda təsvir olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəmənin ##.##.2018-ci il tarixli qərarı ilə əsas cəzasını çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, lakin onun əlavə cəzası çəkilməmiş qalmışdır. Əlavə cəzanın çəkilməsindən isə o, 26.05.26-cı il tarixdə azad olunmuşdur. Hazırki hökmlə bağlı təqsirli bilindiyi cinayət əməlini Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə törətmişdir. Göründüyü kimi cinayət əməlinin törədildiyi tarixdə Təqsirləndirilən şəxs əvvəlki hökmlərin məcmusu üzrə həm azadlıqdan məhrum etmə, həm də cərimə cəzası təyin edilmiş hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bu səbəbdən də onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisənin növünün hökmlə düzgün müəyyən edilməməsi ilə bağlı apellyasiya şikayətində irəli sürdüyü dəlil əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkum edilmiş şəxsin apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar