Məhkəmə qərarları › İş №1(3-6)-428/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-428/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-428/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə ##.##.1987-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), orta təhsilli, evli, məhkumluğu ödənilmiş, Ağdam rayonu, ünvan 1-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun göstərişi ilə satış məqsədilə istintaqla müəyyən edilməyən vaxtda və mənbədən xüsusilə külli miqdarda təmiz çəkisi 615,585 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımış və evində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində o, ##.##.2025-ci il tarixdə, saat 19:06-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- Sabunçu şossesi, “Sabunçu” dairəsinin yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynindəki gödəkcəsinin sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri 1,036 və 0,748 qram, ümumilikdə 1,784 qram, habelə həmin günü saat 19:19-da yaşadığı Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evində baxış keçirilən zaman yataq otağındakı çarpayının alt hissəsindən 02 ədəd bağlamada təmiz çəkiləri 8,801 qram və 605 qram, ümumilikdə 613,801 qram psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid2, şahid3 və şahid4 hər biri polis əməkdaşı olmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanması prosesində iştirak etmişlər. Bu şəxslərin ifadələri bir-birini təkrar edən, şablon xarakterli və yalnız ilkin istintaq protokollarına istinad edən ifadələrdir. Nəzərə alınmalıdır ki, adıçəkilən şəxslər hadisənin iştirakçısı olan polis əməkdaşlarıdır. Polis əməkdaşlarının öz icraatlarında olan və ya bilavasitə iştirak etdikləri əməliyyat tədbirləri barədə verdikləri ifadələr, maraqlı tərəf olduqları üçün xüsusi tənqidi yanaşma tələb edir. İfadələrin protokollarla eynilik təşkil etməsi onların sərbəst deyil, "yazılı sənədlərə uyğunlaşdırılmış" ifadələr olduğunu sübut edir. Eyni zamanda məhkəmə iclası zamanı şahidlərdən biri təqsirləndirilən şəxsə hücum edərək onu təhqir etmiş, bununla da ona qarşı şəxsi ədavətini və qərəzini nümayiş etdirmişdir. Buna görə də şahidin təqsirləndirilən şəxslə düşmənçilik münasibətində olması onun ifadələrinin etibarlılığını istisna edən əsas hallardan biridir. Belə aqressiv davranış nümayiş etdirən şəxsin ifadəsinin sübut kimi nəzərə alınması təqsirləndirilən şəxsin hüquqlarının kobud pozuntusudur. Məhkəmə tərəfindən istinad edilən ##.##.2025ci il tarixli protokollar və onlara əlavə edilmiş video görüntülər ciddi prosessual nöqsanlara və məntiqi ziddiyyətlərə malik olduğu üçün sübut kimi nəzərə alınmamalıdır. Belə ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ##.##.2025-ci il tarixli protokollara və onlara əlavə edilmiş disklərdəki olan görüntülərə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd “Redmi” markalı, üzərində 070-208- 65-00 GSM nömrəsi olan mobil telefonu, həmin gödəkçənin sol yan cibindən 01 ədəd alışqanı və 01 ədəd siqaret qutusundan 02 ədəd bükümdə ağ rangli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim edir. Daha sonra verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri İran Islam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Sabunçu rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvəzində “Baba” adlı şəxsin ona pul verəcəyini, əldə etdiyi kütlənin 500 qramdan çox hissəsini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evində saxladığını, həmin evə baxışın keçirilməsinə etirazının olmadığını bildirir. Bu görüntülərə baxarkən qəti aydın olur ki, ifadələr qeyri-təbii və "hazırlanmış" xarakterdədir. Çünki, üzərindən cəmi 2.30 qram maddə tapılan şəxsin, heç bir xüsusi istintaq təzyiqi və ya əlavə sual olmadan, dərhal öz evində yarım kiloqramdan (600 qramdan) çox psixatrop maddə saxladığını "etiraf etməsi" və müstəntiqləri öz evinə dəvət etməsi ağlabatan deyil. Ağır cinayət məsuliyyəti yaradan bu dərəcədə böyük həcmli maddəni saxlayan şəxsin, polislə ilk təmasda heç bir müdafiə instinkti göstərmədən bütün detalları (mənbəni, "Baba" adlı şəxsi, məqsədini) dərhal açıqlaması, prosesin əvvəlcədən müəyyən edilmiş bir "ssenari" üzrə getdiyini sübut edir. Şəxsiyyəti məlum olmayan ("Baba" adlı) şəxs barədə bu qədər detallı və hazır məlumatların verilməsi, adətən, cinayət təqibi orqanlarının təsiri altında yaradılan "şablon" ifadə formasıdır. Beləliklə, 500 qramdan çox metamfetamin olan evə baxış keçirilməsinə bir şəxsin "etirazım yoxdur" deməsi ağlabatan deyil və absurd bir vəziyyətdir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” ##.##.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki olan görüntüyə görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evinə baxışın keçirilməsinə etizasının olmadığını bildirir və giriş qapısının sol tərəfində olan vedrənin altından götürdüyü açarla evin qapısını açdıqdan sonra polis əməkdaşları ilə birlikdə evə daxil olurlar. Baxış saat 19:19-da başlanılır. Baxış zamanı o, evin yataq otağında olan çarpayının alt hissəsindən 02 ədəd bükümdə ağ rəngli kristal şəkilli kütlələri təqdim edir. Evin digər otaqlarına və hissələrinə baxış keçirilir, iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri çəkilərə bölüb müxtəlif ünvanlara yerləşdirəcəyini və bunun müqabilində “Baba” adlı şəxsin ona pul verəcəyini bildirir. Video görüntülərin təhlili göstərir ki, polis əməkdaşları tərəfindən keçirilən "baxış" əməliyyatı faktiki axtarış tədbiri deyil, əvvəlcədən hazırlanmış ssenarinin icrasıdır. Əməliyyat qrupu evin bütün hissələrinə (mətbəx, sanitar qovşaq, zirzəmi, dam hissəsi və s.) baxış keçirməkdən yayınmışdır. Narkotik vasitələrin gizlədilməsi üçün daha əlverişli və gizli hesab olunan bu sahələrin yoxlanılmaması, polis əməkdaşlarının maddənin harada olduğunu "əvvəlcədən bildiyinə" dair ciddi şübhələr yaradır. Video yazıda bəzi otaqların qapılarının bağlı olduğu və onlara daxil olunmadığı aydın görünür. Yarım kiloqramdan artıq psixatrop maddə aşkarlanan bir evdə digər otaqların yoxlanılmaması məntiqə ziddir və baxışın formal xarakter daşıdığını sübut edir. Təqsirləndirilən şəxsin 500 qramlıq maddəni saxladığı iddia edilən yer heç bir məntiqi əsasa söykənmir. evində ailə üzvləri və azyaşlı uşaqların yaşamasına baxmayaraq, yüksək dozalı və təhlükəli maddəni (500 qram metamfetamin) heç bir xüsusi gizlilik tədbiri görmədən, hər kəsin, xüsusilə uşaqların əlinin çatacağı yataq otağındakı çarpayının altına qoyması ağlabatan deyil. Bu qədər böyük miqdarda psixatrop maddəni əldə edən şəxsin onu evin ən görünən və sadə yerində saxlaması, eyni zamanda polisləri birbaşa həmin nöqtəyə yönləndirməsi həmin maddənin oraya sonradan yerləşdirilməsi (atılması) ehtimalını qəti şəkildə artırır. Yuxarıda qeyd olunan faktlar, yəni, baxışın yalnız bir-iki otaqla məhdudlaşması, digər mühüm sahələrin (zirzəmi, mətbəx) yoxlanılmaması bu sübutun qurama (ssenari əsaslı) olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən dəfələrlə bəyan etmişdir ki, istintaqda onun adından verildiyi iddia olunan və iş materiallarına daxil edilən ifadə ona məxsus deyil. Belə ki, o istintaqın gedişi zamanı istintaq təcridxanasında saxlanmış, cinayət işinin istintaqını aparan müstəntiq onun yanına cəmi bir dəfə gəlmişdir. O həmçinin məhkəmədə ifadə verərkən qeyd etmişdir ki, cinayət işi materiallarında heç bir sənədə imza atmamış, onun imzası müstəntiq tərəfindən saxtalaşdırılmışdır. Belə ki, o ifadələrin, eləcə də istintaq materialları ilə tanış deyil və evindən tapılan psixatrop maddə (metanfetamin) ona məxsus deyil və polis əməkdaşları tərəfindən qoyulmuşdur. Bununla yanaşı məhkəmə istintaqının gedişatında müdafiəçi tərəfindən cinayət işinin materiallarında təqsirləndirilən şəxsin imzasının həqiqiliyinin yoxlanması məqsədilə müvfaiq ekspertizanın təyin edilməsi üçün vəsatət verilsə də vəsatətə münasibət bildirilməmiş və bununla bağlı (təmin edilib-edilməməsi) hər hansı qərar qəbul edilməmişdir. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasındakı ifadələrini heç bir obyektiv əsas gətirmədən, yalnız "özünü müdafiə xarakteri daşıması" bəhanəsi ilə qeyri-mötəbər hesab etmişdir. Məhkəmənin bu yanaşması birtərəflidir və müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin oğlu şahid kimi ifadə verərək bildirmişdir ki, hadisə günü saat 15-16 radələrində yaşadıqları məhəllədə yerləşən “Oba” marketin qarşısında qara rəngli “Hyundai” markalı avtomobilin saxlanıldığını görmüş və atasının onun içərisində görəndə düşünmüşdür ki, yanındakı şəxslər dostlarıdır. Buna görə həmin vaxt avtomobilə yaxınlaşmamış, evə doğru hərəkət etmişdir. Bu zaman həmin avtomobil də onun arxası ilə hərəkət etmişdir. 15-20 dəqiqə sonra avtomobildə olan şəxslər evin qapısının yaxınlığına gəlmiş, anası və ailə üzvləri evdən çıxdıqdan sonra onlar evə daxil olmuşlar. Atası evdə hər hansı narkotik maddə saxlamamışdır. Bu ifadə rəsmi protokollarda qeyd olunan vaxt (18:30–19:00) ilə kəskin ziddiyyət təşkil edir. Bu fakt təsdiq edir ki, polis əməkdaşları prosessual sənədləşmədən bir neçə saat əvvəl təqsirləndirilən şəxsi faktiki nəzarətə götürmüş, videoçəkiliş və protokollar isə yalnız sonradan "şablon" və imitasiya xarakterli tərtib edilmişdir. Beləliklə şahid ifadəsi ilə qeyd olunan faktlar öz təsdiqini tapsa da lakin məhkəmə bu ifadəni əsassız olaraq mötəbər hesab etməyərək qeyd etmişdir ki, şahid təqsirləndirilən şəxsin oğludur və ifadəsi atasını müdafiə xarakteri daşıyır. Halbuki, ittiham tərəfinin təqdim etdiyi şahidlər (polis əməkdaşları) tərəfindən hazır formada və iş materiallarında qeyd olunmuş şablon ifadələr mötəbər qəbul olunmuş və şahidlərdən birinin iclasının gedişatını pozması, təqsirləndirilən şəxsi təhqir etməsi, onun üstünə hücum çəkməsi faktını ümumiyyətlə nəzərə almamışdır. Göründüyü kimi məhkəmənin diqqətinə yuxarıda qeyd edilən nüanslar çatdırılsa da birinci instansiya məhkəməsi qeyd edilən faktların heç birisi barədə araşdırma aparmadan hökm çıxarmışdır. Halbuki, yuxarıdakı faktlar sübut edir ki, təqsirləndirilən şəxsin evindən tapılmış 600 qramlıq bağlama ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs yalnız üzərində tapılmış 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,036 qram və 0,748 qram, ümumi təmiz çəkisi 1,784 qram psixatrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Buna görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinə münasibətdə tövsif dəyişməli və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməklə ona bu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla öz təsdiqini tapdığını qeyd edərək məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirli olması məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və birbiri ilə uzlaşan sübutlarla tam təsdiq edilir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamış və buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 maddəsi ilə düzgün tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfinin apellyasiya şikayətinin əsas dəlilləri qismində təqsirləndirilən şəxsin yalnız üzərində tapılmış 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,036 qram və 0,748 qram, ümumi təmiz çəkisi 1,784 qram psixatrop maddənin ona məxsus olduğunu etiraf etməsi, lakin evindən aşkar edilmiş xüsusilə külli miqdarda metamfetaminin ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən yerləşdirilməsi, təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməlini törətməsi qənaətinə gəlinərkən hadisənin iştirakçısı olan polis əməkdaşlarının şahid qismində verdiyi ifadələrə istinad olunması, habelə təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan heç bir sənədə imza atmaması, onun imzasının müstəntiq tərəfindən saxtalaşdırılması göstərilməklə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək evindən aşkar edilmiş xüsusilə külli miqdarda metamfetaminin polis əməkdaşları tərəfindən yerləşdirildiyini, polis əməkdaşları tərəfindən ona videoçəkilişdən əvvəl təyziqlər olunduğu və ailə üzvləri ilə təhdid edildiyi üçün həmin bağlamaları satış məqsədi ilə saxladığını bildirməyə məcbur olduğunu, “Baba” adlı İran İslam Respublikasının vətəndaşını tanımadığını bildirsə də, ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ##.##.1987-ci ildə Ağdam rayonu, Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, işləmir, evlidir, himayəmdə 3 uşağı var, onlardan ikisi yetkinlik yaşına çatmamış, 2013-cü il təvəllüdlü qızı Leyla Nəcəfova isə əlil olmaqla yanaşı azyaşlıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilsə də, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Ağdam rayonu, Ağdam şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən fərdi evdə arvadı və 2013-cü il təvəllüdlü qızı Leyla Nəcəfova, 2010-cu il təvəllüdlü oğlu Nurlan Nəcəfov və 2008-ci il təvəllüdlü oğlu şahid1la birgə yaşayır. DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları şahid4, şahid3 və şahid2 saxlanılan günədək tanımamış, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 2021-cİ ildən “patı”dan, yəni metamfetamindən istifadə edir, narkotik tərkibli maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən alır. İşləmədiyindən və işləmək istəsə də iş tapa bilmədiyindən, ailəsini dolandıra bilməmiş, həmçinin metamfetamin almağa pul tapmamışdır. Odur ki, mütəmadi olaraq sosial şəbəkə üzərindən təklif olunan iş elanlarını izləyirmiş. 2025-ci ilin fevral ayının əvvəllərində 070-208-65-00 nömrəsi ilə istifadə etdiyi “Redmi Note 9” markalı mobil telefonu vasitəsi ilə “Instagram” proqramına baxarkən görmüşdür ki, “Baba" adı ilə qeydiyyatdan keçmiş, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən +98- 914-700-26-00 nömrəsinin istifadəçisi yerləşdirdiyi elanda “800 manata iş təklif edirəm" sözlərini yazmışdır. O, həmin şəxslə "İnstagram” üzərindən danışarkən kişi cinsindən olan və iran ləhcəsi ilə danışan şəxs bir daha özünü Baba kimi təqdim etmiş, İran İslam Respublikasının vətəndaşı olmasını bildirmişdir. “Baba” adlı şəxs demişdir ki, marixuana, heroin, metamfetamin və narkotik tərkibli həbləri bir yerdən götürməklə deyəcəyi digər yerə qoyacağı təqdirdə ona ilkin olaraq aylıq 800 manat verəcək, əgər işi xoşuna gəlsə gələcəkdə həmin narkotik tərkibli maddələri çəkilərə bölüşdürüb qablaşdıraraq müəyyən etdiyi yerlərə qoyacağı təqdirdə pulunu 1500 manata qədər qaldıracaq və metamfetaminə olan tələbatını ödəyəcək. O, “Baba" adlı şəxslə razılaşmış, Babanın +98-914-700-26-00 nömrəsini telefonunun yaddaşına “Məhlə Uşagi" kimi qeyd edərək “WhatsApp” proqramı üzərindən ünsiyyətlərini davam etdirmişlər. Lakin təhlükəsizlik baxımından iz qalmasın deyə hər dəfə Baba ilə ünsiyyət etdikdən dərhal sonra “WhatsApp” proqramındakı yazışmalarını silmişdir. 2025-ci ilin fevral ayının əvvəllərindən başlayaraq tez tez Babanın konum atdığı yerdən narkotik tərkibli maddələr götürərək başqa bir yerə qoyub şəkilini və məkanını Babaya göndərirmiş. Bunun müqabilində hər dəfə Babanın ona göndərdiyi bükümün içərisində metamfetamin, həmçinin 20 və ya 30 manat pul olurmuş. Sonuncu dəfə ##.##.2025-ci il tarixdə saat 17 radələrində heç vaxt üzünü görmədiyi Baba adlı şəxs +98-914-700-26-00 nömrəsi üzərindən onun 070-208-65-00 nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng vuraraq demişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dairəsinin yaxınlığına göy rəngli sellofanda 700 qramdan artıq metamfetamin qoydurmuş, cəmi 2 bükümdür, böyük bükümdəki 600 qram, balaca bükümdəki 120 qramdır. 120 qramlıq bükümdən 20 qramı onun istifadəsi üçündür, qalan 100 qramlıq bükümdə və 600 qramlıq bükümdə olan metamfetaminləri evində saxlasın, özü ona dedikdən sonra 600 qramlıq bükümdə olan metamfetaminidə hər birinin çəkisi 100 qram olmaqla 6 yerə bölərək tərəzidə çəkib çəkisinin fotoşəkilini, daha sonra onun dediyi ərazilərə yerləşdirməklə məkanların fotoşəkilini və konumunu ona göndərər. Söhbətlərindən sonra, ##.##.2025-ci il tarixdə Baba Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dairəsinin yaxınlığındakı qaz borusunun dayağının dibində, işarə ilə göstərilən göy sellofandakı bağlamanın şəkilini və həmin məkanın xəritəsini telefonuna göndərmişdir. Həmin yer onun yaşadığı evinə yaxın olduğundan saat 18 radələrində təkcə, piyada həmin məkana gəlmişdir. Göy rəngli sellofanı götürərək oradan uzaqlaşmış, daha sonra sellofanın içərisinə baxarkən içərisində Babanın ona dediyi şəffaf sellofandakı biri balaca digəri isə böyük olan 2 ədəd bükümləri görmüşdür. Saat 19 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evinə gəlmişdir. Bükümün göy rəngli sellofanı qarlı havada islandığından sellofanı tullamış, şəffaf sellofanlarda olan bükümləri qapağı olmayan qutuya, qutunu isə yataq otağındakı çarpayının altına qoymuşdur. Evində bu barədə heç kim bilməmişdir. 120 qramlıq balaca bükümü açaraq istifadəsi üçün üzərindən Babanın verdiyi 20 qram metamfetamini götürmüş, tərəzidə çəkərək digər şəffaf sellofana yığmışdır. Özünə götürdüyü 20 qram metamfetamindən təxminən 5 qramını siqaretin gümüşü rəngli kağızında qablaşdırmış, qalan hissəsinə toxunmamışdır ki, istifadə etdikcə götürər. Həmçinin 100 və 600 qramlıq bükümləri saxlamışdır ki, Baba nə vaxt desə həmin vaxtda da 600 qramdan 6 ədəd 100 qramlıq büküm qablaşdırıb digər 100 qramla birgə paylaşdırar, Ötən 3 gün ərzində özünün istifadəsi üçün siqaretin gümüşü rəngli kağızında qablaşdırdığı 5 bükümdən 3 bükümünü istifadə etmiş, 2 büküm isə cibində qalmışdır. ##.##.2025-ci il tarixdə saat 00:34-də Baba ona zəng vuraraq bildirmişdir ki, 100 qram metamfetamini səhər açıldıqdan sonra dediyi vaxtda dediyi yerə qoyar. Həmin tarixdə saat 16:10-da Baba ona səsli məsaj göndərərək onunla hal-əhval tutmuş və ‘WhatsApp” üzərindən zəng vuraraq bildirmişdir ki, həmin 100 qram metamfetamini götürdüyü yerə, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dairəsinin yaxınlığındakı qaz borusunun dayağının dibinə qoysun. O, 100 qramlıq metamfetamini ağ rəngli, üzərində sarı və yaşıl dairələr olan sellofanda qablaşdıraraq elektron tərəzinin üzərinə qoymuş, tərəzi metamfetaminin qablaşdırıldığı sellofanlarla birlikdə çəkisini 101,52 qram göstərmişdir. O, metamfetaminin tərəzidə olan vəziyyətində şəkilini çəkərək şəkili saat 16:27-də Babaya göndərmişdir. Havanın qaranlıq olmasım gözləmiş, saat 18 radələrində evdən çıxaraq həmin 101,52 qram olan metamfetamin bükümünü Babanın dediyi yerə qoymuş, saat 18:13-də Babaya zəng vuraraq bu barədə məlumat vermişdir. Həmin tarixdə, yəni ##.##.2025-ci il tarixdə, saat 19 radələrində evinə qayıdarkən evinin, yəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zabrat-Sabunçu şosesi, Sabunçu dairəsinin yaxınlığında olarkən sonradan adlarını bildiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olan şahid4, şahid3 və şahid2 mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub olmamasını, vardırsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd «Redmi Note 9” markalı üzərində *** ***-**-** nömrəsi olan mobil telefonunu, həmin gödəkcəsinin sol yan cibindən 1 ədəd alışqanını və 1 ədəd “Winchester" markalı siqaret qutusunda saxladığı 2 ədəd siqaretin gümüşü rəngli kağızında qablaşdırdığı bükümlərdəki metamfetaminləri təqdim etmişdir. Baba ilə sonuncu yazışmalarını telefonunun yaddaşından silməyə imkan tapmadığından Babanın “Məhiə Uşagi” kimi telefonunda qeyd etdiyi +98-914-700-26-00 nömrəsi ilə “WhatsApp” proqramı üzərində apardıqları yazışmaları telefonunun yaddaşında qalmışdır. Üzərinə baxış keçirilsə də, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra həmin metamfetaminlər elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə metamfetaminin ümumi çəkisi 2,30 qram olmuşdur. Daha sonra aşkar olunmuş 2 bükümdə olan metamfetaminlər zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən “Redmi Note 9" markalı telefonu və təhlükəsizlik baxımından 1 ədəd alışqanı da götürülmüş, lakin heç bir əhəmiyyət kəsb etməyən “Winchester” markalı siqaret qutusu özünə qaytarılmışdır. Suallara cavab olaraq bildirmişdir ki, ondan aşkar olunmuş “patı”nı, yəni metamfetamini telefon vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Baba" adlı şəxsin qoyduğu yerdən, yəni yaşadığı məhəllədən, Sabunçu dairəsindən ##.##.2025-ci İl tarixdə götürmüş, “patı”, yəni metamfetamin 500 qramdan artıq olmuş, üzərindən aşkar edilmiş həmin metamfetaminin qalan hissəsi yaxınlıqda yerləşən evindədir, yerini göstərə bilər, metamfetamini Babadan götürərək məkanlara yerləşdirir, yerləşdirdiyi məkanların ünvanını Babaya göndərir, əvəzində Baba ona gün ərzində 20- 30 manat pul göndərir, Babanın telefon nömrəsi və onunla aparılan danışıqları telefonunun yaddaşında var. Bundan sonra, yəni saat 19:15 radələrində o, və həmin polis əməkdaşları metamfetaminin qalan hissəsini gizlətdiyi yerə, yəni yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evinə getmişlər. Həmin vaxt evində heç kim olmamışdır. Polis əməkdaşları tərəfindən ona evində gizlətdiyi metamfetamini təqdim etməsi təklif olunmuşdur. O, evin yataq otağında olan çarpayının alt hissəsindən qutuda, şəffaf sellofanda qablaşdırılmış 2 büküm metamfetamini təqdim etmişdir. Metamfetamin elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkisi 522,52 qram olmuşdur. Evindən aşkar olunmuş metamfetamin qara rəngli sellofanda qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, lakin iş üzrə kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı bildirmişdir ki, evindən aşkar olunmuş metamfetamini müəyyən yerlərə qoymaqla məkan barədə İran İslam Respublikası vətəndaşı Baba adlı şəxsə məlumat verməsi üçün əldə etmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər, üzərinə və evinə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar protokolların doğruluğunu imzaları ilə təsdiqləmişlər. Üzərindən aşkar edilmiş, içərisində metamfetamin olan 2 ədəd bükümün qablaşdırıldığı zərf və «Redmi Note 9” markalı telefonu, eləcə də evindən aşkar edilərək qara rəngli sellofanda qablaşdırılmış metamfetamin, həmçinin şəxsi axtarışının və evindəki axtarışın videogörüntüləri əks olunmuş 2 ədəd DVD disk BNMİ-nin təhqiqatçısı Yelmar Vahabova təqdim edilmişdir. X6 üzərindən aşkar edilmiş bükümün qablaşdırıldığı zərfi açmış, zərfdə 2 ayrı-ayrı bükümlərdə ağ rəngli kristal formalı metamfetaminin olması bir daha təsdiqlənmiş və zərf açıldığı yerindən skoçla sarınmışdır. X6 tərəfindən evindən aşkar edilmiş qara rəngli sellofandakı büküm açılarkən içərisində ağ rəngli metamfetaminin olması görünmüş, büküm açıldığı yerdən skoçla sarınmışdır. Bundan sonra X6a təqdim olunan 2 ədəd diskə sonuncu tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, disklərin birində onun şəxsi axtarışı, digərində isə evindən metamfetaminin aşkar edilməsi öz əksini tapmışdır. Suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi metamfetamin ona məxsusdur, “Baba’' adlı İran İslam Respublikasının vətəndaşından sırağaygün, yəni ##.##.2025ci il tarixdə Sabunçu rayonunda əldə edib evində saxlamış, əldə etməkdə məqsədi metamfetamini məkanlara yerləşdirərək yerini “Baba” adlı şəxsə bildirməklə sonuncudan 5-10 manat pul alması olmuş, üzərindən aşkar edilmiş metamfetamini isə özünün istifadəsi üçün götürmüşdür. Əşyaların X6a təqdim edilməsi barədə sonuncu tərəfindən protokol tərtib edilmiş, protokolu oxuyaraq imzalan ilə təsdiq etmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair etirafedici ifadələri ilə, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, eləcə də hazırki apellyasiya baxışı zamanı özünü qismən təqsirli bilərək evindən aşkar edilmiş xüsusilə külli miqdarda metamfetaminin ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən yerləşdirilməsi və onun “Baba” adlı İran İslam Respublikasının vətəndaşını tanımaması barədə iddiaları arasındakı ziddiyyətləri, habelə həmin ziddiyyətlərin səbəbi kimi təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmasını təzyiq altında və məcburiyyət qarşısında qalaraq etiraf etməsi barədə dəlilini araşdıraraq iş materiallarında təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə, o cümlədən ##.##.2025-ci il tarixdə saxlanıldığı zaman onun təsir və təzyiqlərə məruz qalmasına dair hər hansı sübut müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdiyi halda Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin tələblərinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilərdi ki, hazırda təqsirləndirilən şəxsin belə bir şikayətlə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciətinə dair, o cümlədən təqsirləndirlən şəxsin bədənində həmin dövr üçün xəsarətlərin aşkar edilməsinə dair hər hansı sənəd və ya digər sübut iş materiallarında mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsi səbəblərini araşdıraraq və müdafiə tərəfinin təqsirləndirilən şəxsin yalnız üzərində tapılmış 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,036 qram və 0,748 qram, ümumi təmiz çəkisi 1,784 qram psixatrop maddənin ona məxsus olduğunu etiraf etməsi, lakin evindən aşkar edilmiş xüsusilə külli miqdarda metamfetaminin ona məxsus olmaması, həmin maddələrin polis əməkdaşları tərəfindən yerləşdirilməsi barədə dəlillərini təsdiq edən hər hansı əsaslı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə baxışında özünü təqsirli bilməməsi mövqeyini özünümüdafiə məqsədi daşıdığını hesab edir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə müqayisədə məhkəməyədək icraat dövründə verdiyi ifadələrin iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan sübutlarla uzlaşdığını və yuxarıda göstərilənlərə əsasən həmin sübutların mötəbərliliyini mübahisələndirən apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin təqsirləndirilən şəxsin imzalarının həqiqiliyinin yoxlanılması və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ##.##.2025-ci il tarixə anten məlumatlarının əldə olunması barədə vəsatətinin dəlilləri ilə razılaşmayaraq əsassız olduğuna qeyd edir. Belə ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ##.##.2025-ci il tarixli protokollara və onlara əlavə edilmiş disklərdəki olan görüntülərə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Sabunçu şossesi, “Zabrat” dairəsinin yaxınlığında saxlanılır. Saat 19:06-da onun üzərində yoxlama aparılmağa başlanılır. Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd “Redmi” markalı, üzərində 070-208-65-00 GSM nömrəsi olan mobil telefonu, həmin gödəkçənin sol yan cibindən 01 ədəd alışqanı və 01 ədəd siqaret qutusundan 02 ədəd bükümdə ağ rangli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir, metamfetaminə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2,30 qram olduğu müəyyyən edilir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılır, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənir və götürülür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, üzərindən başqa heç bir kütlə və ya əşya aşkar edilmir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon, 01 ədəd alışqan təhlükəsizlik baxımından götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri İran Islam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Sabunçu rayonu ərazisindən gizlədilmiş yerdən ayrıayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əvəzində “Baba” adlı şəxsin ona pul verəcəyini, əldə etdiyi kütlənin 500 qramdan çox hissəsini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evində saxladığını, həmin evə baxışın keçirilməsinə etirazının olmadığını bildirir. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” ##.##.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki olan görüntüyə görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evinə baxışın keçirilməsinə etizasının olmadığını bildirir və giriş qapısının sol tərəfində olan vedrənin altından götürdüyü açarla evin qapısını açdıqdan sonra polis əməkdaşları ilə birlikdə evə daxil olurlar. Baxış saat 19:19-da başlanılır. Baxış zamanı o, evin yataq otağında olan çarpayının alt hissəsindən 02 ədəd bükümdə ağ rəngli kristal şəkilli kütlələri təqdim edir. Sonra həmin kütlələr elektron tərazidə çəkilir, qablaşdırılır. Evin digər otaqlarına və hissələrinə baxış keçirilir, iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri çəkilərə bölüb müxtəlif ünvanlara yerləşdirəcəyini və bunun müqabilində “Baba” adlı şəxsin ona pul verəcəyini bildirir. “Şübhəli şəxsin dindirilməsi haqqında” və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, 2021-cİ ildən metamfetamindən istifadə edir, narkotik tərkibli maddələri Bakı şəhərinin müxtəlif ərazilərindən alır. İşləmədiyindən və işləmək istəsə də, iş tapa bilmədiyindən ailəsini dolandıra bilməmiş, həmçinin metamfetamin almağa pul tapmamışdır. Odur ki, mütəmadi olaraq sosial şəbəkə üzərindən təklif olunan iş elanlarını izləyirdi. 2025-ci ilin fevral ayının əvvəllərində 070-208-65-00 nömrəsi ilə istifadə etdiyi “Redmi Note 9” markalı mobil telefonu vasitəsilə “Instagram” proqramına baxarkən görmüşdür ki, “Baba” adı ilə qeydiyyatdan keçmiş, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən +98- 914-700-26-00 nömrəsinin istifadəçisi yerləşdirdiyi elanda “800 manata iş təklif edirəm” sözlərini yazmışdır. O, həmin şəxslə “Instagram” üzərindən danışarkən kişi cinsindən olan və İran ləhcəsi ilə danışan şəxs bir daha özünü “Baba” kimi təqdim etmiş, İran vətəndaşı olmasını bildirmişdir. “Baba” adlı şəxs demişdir ki, marixuana, heroin, metamfetamin və narkotik tərkibli həbləri bir yerdən götürməklə deyəcəyi digər yerə qoyacağı təqdirdə ona ilkin olaraq aylıq 800 manat verəcək, əgər işi xoşuna gəlsə, gələcəkdə həmin narkotik tərkibli maddələri çəkilərə bölüşdürüb qablaşdıraraq müəyyən etdiyi yerlərə qoyacağı təqdirdə pulunu 1.500 manata qədər qaldıracaq və metamfetaminə olan tələbatını ödəyəcək. O, “Baba” adlı şəxslə razılaşmış, onun +98- 914-700-26-00 nömrəsini telefonunun yaddaşına “Məhlə Uşagi" kimi qeyd edərək “WhatsApp” proqramı üzərindən ünsiyyətlərini davam etdirmişlər. Lakin təhlükəsizlik baxımından iz qalmasın deyə hər dəfə “Baba” ilə ünsiyyət etdikdən dərhal sonra “WhatsApp” proqramındakı yazışmalarını silmişdir. 2025-ci ilin fevral ayının əvvəllərindən başlayaraq tez tez “Baba”nın “konum” atdığı yerdən narkotik tərkibli maddələr götürərək başqa bir yerə qoyub şəkilini və məkanını ona göndərirdi. Bunun müqabilində hər dəfə Babanın ona göndərdiyi bükümün içərisində metamfetamin, həmçinin 20 və ya 30 manat pul olurdu. Sonuncu dəfə ##.##.2025-ci il tarixdə, saat 17 radələrində heç vaxt üzünü görmədiyi “Baba” adlı şəxs +98-914-700-26-00 nömrəsi üzərindən onun 070-208-65-00 nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə zəng vuraraq demişdir ki, Sabunçu dairəsinin yaxınlığına göy rəngli sellofanda 700 qramdan artıq metamfetamin qoydurmuş, cəmi 2 bükümdür, böyük bükümdəki 600 qram, balaca bükümdəki 120 qramdır. 120 qramlıq bükümdən 20 qramı onun istifadəsi üçündür, qalan 100 qramlıq bükümdə və 600 qramlıq bükümdə olan metamfetaminləri evində saxlasın, özü ona dedikdən sonra 600 qramlıq bükümdə olan metamfetamini də hər birinin çəkisi 100 qram olmaqla 6 yerə bölərək tərəzidə çəkib çəkisinin fotoşəkilini, daha sonra onun dediyi ərazilərə yerləşdirməklə məkanların fotoşəkilini və “konumu”nu ona göndərər. Söhbətlərdən sonra həmin günü “Baba” Sabunçu dairəsinin yaxınlığındakı qaz borusunun dayağının dibində, işarə ilə göstərilən göy sellofandakı bağlamanın şəkilini və həmin məkanın xəritəsini ona göndərmişdir. Bu yer onun yaşadığı evə yaxın olduğundan saat 18 radələrində piyada həmin məkana gəlmiş və göy rəngli sellofanı götürərək oradan uzaqlaşmış, daha sonra sellofanın içərisinə baxarkən içərisində şəffaf sellofanda biri balaca, digəri isə böyük olan 2 ədəd bükümləri görmüşdür. Saat 19 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində nömrəsiz ünvanda yerləşən evinə gəlmişdir. Bükümün göy rəngli sellofanı qarlı havada islandığından sellofanı tullamış, şəffaf sellofanlarda olan bükümləri qapağı olmayan qutuya, qutunu isə yataq otağındakı çarpayının altına qoymuşdur. Bu barədə evdə heç kim bilməmişdir. 120 qramlıq balaca bükümü açaraq istifadəsi üçün üzərindən 20 qram metamfetamini götürmüş, tərəzidə çəkərək digər şəffaf sellofana yığmışdır. Özünə götürdüyü 20 qram metamfetamindən təxminən 5 qramını siqaretin gümüşü rəngli kağızında qablaşdırmış, qalan hissəsinə toxunmamışdır ki, istifadə etdikcə götürər. Həmçinin 100 və 600 qramlıq bükümləri saxlamışdır ki, “Baba” nə vaxt desə həmin vaxtda da 600 qramdan 6 ədəd 100 qramlıq büküm qablaşdırıb digər 100 qramla birgə paylaşdırar. Ötən 3 gün ərzində özünün istifadəsi üçün siqaretin gümüşü rəngli kağızında qablaşdırdığı 5 bükümdən 3 bükümünü istifadə etmiş, 2 büküm isə cibində qalmışdır. ##.##.2025-ci il tarixdə saat 00:34-də Baba ona zəng vuraraq bildirmişdir ki, 100 qram metamfetamini səhər açıldıqdan sonra dediyi yerə qoyar. Həmin tarixdə saat 16:10-da Baba “WhatsApp” üzərindən zəng vuraraq bildirmişdir ki, həmin 100 qram metamfetamini götürdüyü yerə, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dairəsinin yaxınlığındakı qaz borusunun dayağının dibinə qoysun. O, 100 qramlıq metamfetamini ağ rəngli, üzərində sarı və yaşıl dairələr olan sellofanda qablaşdıraraq elektron tərəzinin üzərinə qoymuş və çəkisi 101,52 qram olmuşdur. O, metamfetaminin tərəzidə olan vəziyyətində şəkilini çəkərək Babaya göndərmişdir. Havanın qaranlıq olmasını gözləmiş, saat 18 radələrində evdən çıxaraq həmin bükümü Babanın dediyi yerə qoymuş, saat 18:13-də Babaya zəng vuraraq bu barədə məlumat vermişdir. Saat 19 radələrində evinə qayıdarkən Zabrat-Sabunçu şosesi, Sabunçu dairəsinin yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmamasını, vardırsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan gödəkcəsinin sağ yan cibindən üzərində *** ***-**-** nömrəsi olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefonunu, sol yan cibindən 01 ədəd alışqanını və 01 ədəd “Winchester’’ markalı siqaret qutusunda saxladığı 02 ədəd siqaretin gümüşü rəngli kağızında qablaşdırdığı bükümlərdəki metamfetaminləri təqdim etmişdir...........Baba ilə sonuncu yazışmalarını telefonunun yaddaşından silməyə imkan tapmadığından telefonunda Babanın “Məhlə Uşagi” kimi qeyd etdiyi +98-914-700-26-00 nömrəsi ilə “WhatsApp” proqramı üzərində apardıqları yazışmaları telefonun yaddaşında qalmışdır. Suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş metamfetaminin qalan hissəsi yaxınlıqda yerləşən evindədir, yerini göstərə bilər. Bundan sonra saat 19:15 radələrində o və polis əməkdaşları evinə getmişlər. Həmin vaxt evində heç kim olmamışdır. Polis əməkdaşları tərəfindən ona evində gizlətdiyi metamfetamini təqdim etməsi təklif olunmuşdur. O da evin yataq otağında olan çarpayının alt hissəsindən qutuda, şəffaf sellofanda qablaşdırılmış 2 büküm metamfetamini təqdim etmişdir........Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ##.##.2025-ci il tarixli, */*** nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №*” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,036 qram və 0,748 qram, ümumi təmiz çəkisi 1,784 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №*” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,801 qram və 605 qram, ümumi təmiz çəkisi 613,801 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 615,585 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqatdan sonra metamfetaminlərin qalıq çəkiləri 1,684 qram və 613,501 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Ambulator Məcburi-X5 haqqında” ##.##.2025-ci il tarixli, **** nömrəli rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı müvafiq olaraq “xxxx” MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokola əsasən ##.##.2024- cü il tarixdə saat 00:18:22-də ***- ***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqas tema lazımdır”, ##.##.2025-ci il tarixdə saat 00:43:21-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “WhatsApp işləmir çəki hara atım” məzmunlu mesajların göndərilməsi aşkar edilir. “Mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında” ##.##.2025ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs mobil telefonun yaddaş kitabçasına “Məhlə Usagi” kimi əlavə etdiyi +98-914-700- 26- 00 nömrəsinin istifadəçisi ilə “WhatsApp” mobil tətbiqində 24.02.25-ci il tarixdə saat 00:34-də söhbətlər aparmış, həmin tarixdə saat 16:10-da Təqsirləndirilən şəxs 02 saniyəlik səsli mesaj göndərilməklə onun hal-əhvalı soruşulmuş, saat 16:10-da 1 dəqiqə söhbət aparılmış, saat 16:27-də Təqsirləndirilən şəxs həmin şəxsə elektron tərəzi üzərində ağ rəngli sellofandakı bükümün çəkisinin 101,52 qram olması barədə şəkil göndərmiş və sonuncu dəfə saat 17:13-də 30 saniyə söhbət etmişlər. Məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon tələb edilərək ona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun telefon kitabçası bölməsində Təqsirləndirilən şəxs İran mobil operatorlarına məxsus “Əmi oğlu” adı ilə qeyd etdiyi +98 9147545036, “Samir Kele” adı ilə qeyd etdiyi +98 9145966270, “Qəhraman” adı ilə qeyd etdiyi +98 9387172865, “Məhlə Usagi” adı ilə qeyd etdiyi +98 9147002600 mobil telefon nömrələri müəyyən olunmuşdur. Həmin mobil nömrələrin sahiblərinin kimliyi barədə X.Nəcfovdan soruşulduqda, o bu şəxsləri tanımadığını bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 4(008)- **/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs narkotiki polis əməkdaşlarının ona zorla verdiyini, zor tətbiq edildiyindən götürdüyünü bildirmişdir. “Təqsirləndirilən şəxsin təkrar dindirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq qeyd edir ki, ona heç kim zorla narkotik verməyib, əks halda bədənində xəsarətlər olardı; üzərindən və evindən aşkar olunan metamfetaminlər ona məxsusdur; “mən bilirəm ki, məhkəmədə narkotik mənə məxsus deyil, mənə zor tətbiq ediblər deyə üzərimə götürmüşəm” kimi ifadələr deyəndə hakimlər həbs seçmir. “Maddi sübut kimi tanıma haqqında” ##.##.2025-ci il və ##.##.2025-ci tarixli qərarlarla Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,684 qram və 613,501 qram çəkidə psixotrop maddə metamfetaminlər, 01 ədəd “Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs istifadəsində olmuş *** ***-**-** nömrə ilə bağlı “xxxx” MMC-nin təqdim etdiyi 01 ədəd CD disk, şəxsin üstünə, evinə və telefonuna baxış keçirilməni ayrı-ayrılıqda qeydə alındığı 03 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, metamfetamin və telefon saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 04 disklər isə iş materiallarına əlavə edilmişdir. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş xüsusilə külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinə görə Iran Islam Respublikası vətəndaşı olması ehtimal olunan “Baba” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli qərarı ilə 04 ay 19 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı İstintaq Təcridxanasından ##.##.2026-cı il tarixli məktubla daxil olmuş, Təqsirləndirilən şəxs barədə tərtib olunmuş tibbi kitabçanın kserosurətində “Keçirdiyi xəstəliklər barədə və vərəm amnezi məlumatları inkar edir”, “Zöhrəvi xəstəliklər barədə məlumatları inkar edir”, “Zədə almadığını bildirir”, “Sol saidin ön səthində köhnə çapıq var”, “Vəziyyəti aktivdir”, “Ağciyərlərdə patoloji kölgəliklər aşkar edilmədi, cor sərhədləri sola genişlənib”, “Beş ilə yaxındır metamfetamindən istifadə edir”, “Narkomaniya” kimi yazılar qeyd olunub. “Şəxsiyyət vəsiqələrinin surətləri”ndən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2008-ci il təvəllüdlü şahid1, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 adlı üç uşağı var. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli * №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi həmin məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini rəhbər tutaraq, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətə görə məhkum olunmasını və məhkumluğunun ödənilməsinə baxmayaraq yenidən analoji xarakterli qəsdən cinayətin törətməsini onun islah olunmamasını göstərən və şəxsiyyətini mənfi xarakterizə edən hal kimi, habelə himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq və onun cəzasını ağırlaşdıran hal müəyyən etmədən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə, yəni 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzasının müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar