Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-497/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər: X5 (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və X4 ibarət tərkibdə) ## ### 1988-ci il tarixdə Rusiya Federasiyasının Çita şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minməsinədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicənin təyin edilməsi, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması qərara alınmış, həmçinin maddi sübutlar və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədilə qanunsuz olaraq üç ədəd bükümlərdə, ayrı-ayrılıqda 0,06 qram, 6,48 qram və 25 qram olmaqla, ümumi təmiz çəkisi 31,54 qram, yəni xeyli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra qurudulmuş marixuana) əldə etmiş, ünvan 2 ünvanında yerləşən, yaşadığı evdə saxlamışdır. ## #### 2025-ci il tarix, saat 14:43-dən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkii Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra - BMCMİ) əməkdaşları tərəfindən göstərilən evə baxış keçirilərkən həmin kütlə və bir ədəd elektron tərəzi yataq otağından aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Apellyasiya şikayətində həmin məhkəmə hökmünün iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməklə dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütləni şəxsən istifadə etməsi üçün əldə edib, yaşadığı evdə saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi həmin kütləyə münasibətdə satış niyyətində olması barədə qənaətə gəlib, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərkən, həmin narkotik vasitənin üç ədəd bükümlərdə, habelə təqsirləndirilən şəxsin yaşadığı evdən elektron tərəzinin də aşkar edilməsinə əsaslansa da, bu, cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş sübut standartına uyğun olmamışdır. Ona görə ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı sübut, o cümlədən telefon yazışmaları yoxdur. Təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş elektron tərəzi qurudulmuş marixuanaya münasibətdə satış niyyətini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Çünki ekspert tədqiqatı zamanı həmin tərəzinin üzərindən yalnız metamfetamin izi aşkar edilmiş, birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsi iş üzrə guya üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə təqsirli bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları şahid7 Əlibala oğlu və X1 verdikləri ifadələrində təqsirləndirilən şəxsin saxlanılmasından sonra narkotik vasitələrin satışı ilə məşğul olmasının təsdiqini tapmadığını bildirmişlər. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun mövqe nümayiş etdirib, onun təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri ilə bağlı verdiyi izahatında əlavə olaraq, yaşadığı evdən üç ədəd bükümlərdə aşkar edilmiş qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütləyə münasibətdə niyyətinin satış deyil, şəxsən istifadə etmək olduğunu, həmin əməlindən səmimi peşman olduğunu bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş, onu və barəsində toplanmış cinayət işi materiallarını həmin maddə ilə məhkəməyə vermiş, birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan onun ## #### 2025-ci il tarix, saat 14:11-də BMCMİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilmiş, qablaşdırılıb götürülmüş, təmiz çəkisi 4,998 qram, yəni külli miqdar təşkil edən psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və ünvan 1 ünvanına daşımasına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməllə bağlı bəndi təqsirliliyinin sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən çıxarmış, təqsirləndirilən şəxsi yalnız yaşadığı evin yataq otağından 3 ədəd bükümlərdə aşkar edilmiş, ümumi təmiz çəkisi 31,54 qram, yəni xeyli miqdar təşkil edən qurudulmuş marixuanaya münasibətdə törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmişdir. Həmin məhkəmə hökmünün təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan metamfetaminlə bağlı bəndin çıxarılması hissəsindən apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar üzrə birinci instansiya məhkəməsinin müvafiq olaraq təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi əvəzinə, 234.2ci maddəsi ilə təqsirli bilməsi barədə gəldiyi nəticənin işin müvafiq faktiki hallarına uyğun olmaması və təqsirləndirilən şəxsin qurudulmuş marixuanaya münasibətdə satış niyyətinin olmasını sübuta yetirməməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki,: - hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. - “Cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsi və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə uyğun olaraq, iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə törətdiyi cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.İ maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. - 63.II maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in: - 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. - 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” ## #### 2021-ci il tarixli Qərardadında göstərilmişdir ki, “satış məqsədi” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətini təşkil etdiyindən belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsi təqsirli bildiyi əməl üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Qurudulmuş marixuananın xeyli miqdarının (təmiz halda qramlarla) aşağı və yuxarı hədləri müvafiq olaraq 5 qram və 500 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi ona qarşı irəli sürülmüş ittihama uyğun olaraq, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərkən, yaşadığı evdən ayrı-ayrılıqda təmiz çəkiləri 0,06 qram, 6,48 qram və 25 qram olmaqla, ümumi çəkisi 31,54 qram təşkil edən qurudulmuş marixuananın və bir ədəd elektron tərəzinin aşkar edilməsinə, şahid6 İlyas oğlunun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində əvvəllər təqsirləndirilən şəxsdən pul verməklə qurudulmuş marixuana və metamfetamin aldığını bildirməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi və ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin qurudulmuş marixuanaya münasibətdə satış niyyətinin olması və törətdiyi cinayət əməlinin hüquqi tövsifi ilə bağlı istinad etdikləri hallarla əlaqədar qeyd edir ki,: - iş üzrə BMCMİ-nin baş əməliyyat müvəkkili şahid7 Əlibala oğlunun tərtib edib, imzaladığı ## #### 2025-ci il tarixli raportda (İ cild, səh. 4) təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında sonuncunun, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması göstərilsə də, həmin raport özü-özlüyündə, müvafiq hissədə onun tərtib edilməsinə əsas olmuş təsdiqedici hallar təqdim edilib, bilavasitə tədqiq edilmədən, qeyri-müəyyən və ehtimal xarakterli məlumat kimi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəyə dair satış niyyətində olması ilə bağlı mötəbər sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, iş üzrə BMCMİ-nin əməkdaşları şahid7 Əlibala oğlu və X1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxsin saxlanılmasından sonra narkotik vasitələrin satışı ilə məşğul olmasının təsdiqini tapmamasını bildirmələri şahid7 tərtib etdiyi ## #### 2025-ci il tarixli raportda təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasının qeyd edilməsinin və sonuncunun yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olmasından ibarət ehtimalın əsassız və ya əhəmiyyətsiz olması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdə bu hala, ümumiyyətlə hüquqi qiymət verməməsi təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olmasına dair səhv nəticəyə gəlməsinin ilkin göstərici olmuşdur. - Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş elektron tərəzini qurudulmuş marixuanaya münasibətdə satış niyyətini təsdiq edən maddi sübut kimi qiymətləndirərkən də aşkar səhvə yol vermişdir. Ona görə ki, materialların məhkəmə ekspertizasının ## #### 2025-ci il tarixli, */**** nömrəli rəyi (İ cild, səh. 70, 71) və məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, */*** nömrəli rəyində (İ cild, səh. 76, 77) müvafiq olaraq tədqiqat zamanı həmin tərəzinin üzərində metamfetamin izlərinin olmasının, bitki mənşəli narkotik vasitələrin hissəciklərinin isə olmamasının müəyyən edilməsi göstərilmiş, bu səbəbdən ibtidai istintaq orqanı həmin tərəzinin maddi sübut əhəmiyyətini təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya deyil, yalnız üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə qəbul etmişdir. Birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsi üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə təqsirli bilmədiyi, bununla da həmin tərəzinin iş üzrə maddi sübut əhəmiyyətini itirdiyi halda, qeyd edilənlərin əksinə və əsassız olaraq, həmin tərəzinin iş üzrə maddi sübut əhəmiyyətini təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə əvəz etmişdir. Bu hal birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olmasına dair səhv nəticəyə gəlməsinin növbəti əsas göstəricilərindən biri olmuşdur. - şahid6 İlyas oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində əvvəllər təqsirləndirilən şəxsdən pul verməklə qurudulmuş marixuana və metamfetamin aldığını göstərsə də, məhkəmə istintaq zamanı verdiyi ifadəsində isə sonuncudan pul müqabilində narkotik vasitə almadığını, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatının olmadığını, sonuncu ilə birlikdə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həm bu hal, həm ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslə şahid6 arasında narkotik vasitələrin satışına dair yazışmaların aşkar edilməməsi, həm də polis əməkdaşları şahid7 Əlibala oğlu və X1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxsin saxlanılmasından sonra narkotik vasitələrin satışı ilə məşğul olmasının təsdiqini tapmamasını bildirmələri ibtidai istintaq orqanının şahid6 sonuncunun əvvəllər təqsirləndirilən şəxsdən pul verməklə narkotik vasitə əldə etməsi barədə aldığı ifadənin sübut əhəmiyyətini azaltmışdır. Digər tərəfdən, ibtidai istintaq orqanı şahid6 İlyas oğlunu şahid qismində dindirərkən ondan əvvəllər, konkret olaraq hansı tarixlərdə və ya iş üzrə təqsirləndirilən şəxsin saxlanılmasından neçə gün və ya ay əvvəl sonuncudan pul verməklə narkotik vasitə almasını dəqiqləşdirmədiyinə görə şahid6 əvvəllər təqsirləndirilən şəxsdən pul verməklə narkotik vasitə əldə etməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarında olan digər sübut növləri və ya işin müəyyən edilmiş müvafiq faktiki halları ilə təsdiq edilmədiyi halda, təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olmasını birmənalı şəkildə ifadə edən sübut və təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsinin əsası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası bu barədə nəticəyə gələrkən, həmçinin nəzərə alır ki,: - ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin istifadəsində olmuş 055-487-88-44 mobil telefon nömrəsinə dair “xxxx” MMC-dən daxil olmuş telefon danışıqları haqqında məlumatlara baxış keçirərkən təqsirləndirilən şəxsin narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmasına dair hər hansı informasiya aşkar etməmişdir (İ cild, səh. 204-206). - Məhkəmə-narkoloji ekspertizanın ## #### 2025-ci il tarixli, **** nömrəli rəyində (İ cild, səh. 207, 208) təqsirləndirilən şəxsdə kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar edilməsinin və onun məcburi müalicəyə ehtiyacının göstərilməsi onun narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmasına dair deyil, narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsi, beləliklə də narkomaniya xəstəliyindən əziyyət çəkməsinə dair sübut kimi qəbul edilə bilər. - Təqsirləndirilən şəxs məhkəməyədək və birinci instansiya məhkəməsindəki icraatlar zamanı verdiyi bütün ifadələrində yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edib, saxladığını göstərmişdir. - Məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, */*** nömrəli rəyində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bir ədəd papirosun içərisindəki ümumi çəkisi 0,23 qram olan qarışıq kütlədə tütün hissəcikləri ilə yanaşı, cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəciklərinin aşkar edilməsinin göstərilməsi onun yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanadan həqiqətən də istifadə etməsi barədə qənaətə gəlməyə əsas verir. Həm bu hal, həm də digər narkotik vasitələrə nisbətdə təsirediciliyi (potentliyi) daha az olan qurudulmuş marixuananın üç ədəd bükümlərdə, 31,54 qram ümumi təmiz çəkidə, təqsirləndirilən şəxsin üzərindən deyil, yaşadığı evdən aşkar edilməsindən ibarət olan işin faktiki halları sonuncunun həmin kütlələri satmaq deyil, onları şəxsi istifadəsi üçün əldə edib, saxladığı barədə əsaslı daxili inam formalaşdırmışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər əhəmiyyətli hallar aşkar edilməklə müəyyən edilməli olduğu halda, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olmasını həmin kütlə ilə bağlı hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi (məsələn, telefon danışıqları) və digər əhəmiyyətli halların aşkar edilmədiyi halda, həmin narkotik vasitənin üç ədəd bükümlərdə, ümumi təmiz çəkisinin 31,54 qram olmaqla, xeyli miqdarının aşağı həddindən 6 dəfə çox, beləliklə də satış niyyəti barədə əsaslı daxili inam yaratmayan həddə və bükümlərdə olmasına istinad edib, ehtimalla müəyyən etməsi formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün istinad etdiyi, yuxarıda göstərilən hallar məhkəmə kollegiyasında həmin nəticənin iş materialları ilə sübut edilməsinə dair əsaslı daxili inam yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yuxarıda qeyd edilən halların məcmusunun təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuananı əldə etməsi və saxlamasından ibarət hərəkətləri həmin kütlədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, buna görə də həmin xüsusatın təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması təqsirləndirilən şəxsin törətdiyi həmin cinayət əməlinin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya baxışının nəticələri üzrə cinayət işi materialları əsasında müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd bükümlərdə, ayrı-ayrılıqda 0,06 qram, 6,48 qram və 25 qram olmaqla, ümumi təmiz çəkisi 31,54 qram, yəni xeyli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, ünvan 2 ünvanında yerləşən, yaşadığı evdə saxlamışdır. Azərbaycan Respublikası CPM-in: - 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən müvafiq olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. - 401.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. - 402.0.1-ci maddəsinə əsasən irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilmədikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayəti əsaslı olduğuna görə təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, sonuncu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. İş üzrə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasına əsasən dispozisiyasında nəzərdə tutulmuş əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cəza təyin edərkən, həmin Məcəllənin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əvvəllər məhkum olunmaması, həmin cinayət əməlini törətməsini etiraf edib, ondan səmimi peşmançılıq hissi keçirməsi və iş materiallarında olan müvafiq sənədlərə əsasən atası X6 İ Qarabağ Müharibəsi iştirakçısı və veteranı olmasından ibarət cəzasını yüngülləşdirən halları (Azərbaycan Respublikası CM-in 59.2ci maddəsinə əsasən), cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 397, 398, 399.1.2, 399.1.3, 401.1.2, 402.0.1, 407, 410 və 412-ci maddələrini rəhbər tuturaq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayəti təmin edilin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin məhkəmə hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-497/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-497/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver