Məhkəmə qərarları › İş №1(3-6)-506/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-506/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-506/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Presedent” Vəkil Bürosunun vəkili Nümayəndə İlqar oğlunun (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı İsgəndərov Coşqun Ramiz oğlunun verdiyi apellyasiya protestinə (bundan sonra – apellyasiya protesti) Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə (hakim X3) ## #### 1992-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 4 gün müddət həbsdə saxlamanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmış, məhkəmə məsrəfi və maddi sübutlarla bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra - təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,436 qram olmaqla, xeyli miqdar təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlayıb, ## ##### 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanının qarşısına daşımışdır. Həmin kütlə Təqsirləndirilən şəxs göstərilən tarix, saat 11:49-da Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılıb, orada videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş yoxlama zamanı əynində olmuş şalvarın sağ yan iç cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 1,710 qram olmaqla, xeyli miqdar təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroini təkrar əldə etmiş, üzərində saxlayıb, ## ##### 2025-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığına daşımışdır. Həmin kütlə Təqsirləndirilən şəxs göstərilən tarix, saat 22:29-da Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı göstərilən ünvanda yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, orada videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş yoxlama zamanı əynində olmuş şalvarın sol yan cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Apellyasiya protestində həmin məhkəmə hökmünün təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının edilmiş təklifə uyğun həddə təyin edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri, ona etiraz və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin miqdarlarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini təkrar törətməsini faktiki olaraq nəzərə almamış, nəticədə ona törətdiyi cinayət əməllərinin ağırlığına və şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Buna görə də təqsirləndirilən şəxs barəsində həmin cəza növünün təyin edilməsi cəzanın ümumi məqsədlərini təmin etmir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə əsasən “səmimi peşmançılıq” ifadəsi yalnız cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmasında ifadə oluna bilər. Bu baxımdan, iş üzrə təqsirləndirilən şəxsin hərəkətlərində könüllü gəlib təsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmadığına görə birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törətdiyi cinayət əməllərindən səmimi peşman olmasını əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı apellyasiya protestinin dəlillərinə uyğun izahat verib, çıxış edərək onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi hissəsində mübahisələndirilmiş, dəlilləri Azərbaycan Respublikası CPMnin 399.1.5 və 404-cü maddələrində nəzərdə tutulmuş halla – təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın yüngüllüyünə görə açıq-aydın ədalətsiz olduğuna görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinə, verilmiş apellyasiya protestinin hüdudlarına və prosesual qənaət prinsipinə əsaslanaraq, apellyasiya protestində birinci instansiya məhkəməsinin hökmünün mübahisələndirilməyən hissələrinin təkrar müzakirə edilməsinə zərurətin olmadığını, birinci instansiya məhkəməsinin iş materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirdiyini, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini və həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hal, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun əvvəllər məhkum olunmaması, törətdiyi cinayət əməllərini etiraf etməsi və həmin əməllərindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar, cinayət əməllərini təkrar törətməsini isə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün kateqoriyadan olan cinayətlər üzrə təqsirkar şəxslərin törətdikləri cinayət əməllərinə mümkün tənqidi münasibətlərini əks etdirən “səmimi peşmançılıq” ifadəsinin Azərbaycan Respublikası CM-in 72-ci maddəsində yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərə münasibətdə cinayət məsuliyyətindən azad edilmələrinin əsası kimi müvafiq təzahür formaları çərçivəsində, beləliklə də leksikon mənasından dar mənada işlədilməsi, həm də Azərbaycan Respublikası CM-də müvafiq qadağanedici normanın olmamasına görə həmin ifadənin bütün kateqoriyadan olan cinayətləri törətmiş şəxslərə münasibətdə əməllərindən səmimi peşman olduqları halda Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi tətbiq edilməsini istisna etmir. Bu səbəbdən isə üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirərkən haqlı olmuşdur. Bu səbəbdən apellyasiya protestinin göstərilən hüquqi mövqeyə zidd olan dəlili əsassızdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 234.1-ci maddəsinin sanksiyasına əsasən dispozisiyasında nəzərdə tutulmuş əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CPM-in 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Məhkəmə kollegiyası yuxarıda göstərilən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə, eləcə də hüquqi mövqelərə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini 15 və ## ##### 2025-ci il tarixlərdə təkrar törətməsini cəzanı ağırlaşdıran hal kimi müəyyən etsə də, həm bu halı, həm də onun üzərindən aşkar edilmiş metamfetamin və heroinin müvafiq olaraq təmiz çəkilərinin 0,436 qram və 1,710 qram olmaqla, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xeyli miqdarlarının aşağı həddindən 2,9 və 11,4 dəfə çox olmasını faktiki olaraq törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini artıran əlamət kimi nəzərə almaması ona şəxsiyyətinə və törətdiyi cinayət əməllərinin ağırlığına, eləcə də formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan, buna görə də Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini, pozulmuş sosial balansın bərpasını təmin etməyən azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməsi ilə nəticələnmişdir. Buna görə də iş üzrə cəzanın məqsədləri təqsirləndirilən şəxs barəsində yalnız azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə təmin edilə bilər. Bu səbəbdən apellyasiya protestinin göstərilən hüquqi mövqeyə uyğun olan dəlili əsaslıdır. Azərbaycan Respublikası CPM-in: - 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. - 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. - 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki,: - yuxarıda apellyasiya protestinə baxılması nəticəsində birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdə təqsirləndirilən şəxsə cəza təyin edərkən yol verdiyi qeyd edilən pozuntuların müəyyən edilməsi həmin hökmün dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 399.1.4, 399.1.5 və 405.1.4-cü maddələrində nəzərdə tutulmuş prosessual əsasların mövcud olduğunu göstərir. - İş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə cəza təyin edərkən yol verdiyi qeyd edilən pozuntuların aradan qaldırılması və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün ona törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əvvəllər məhkum olunmaması, törətdiyi cinayət əməllərini etiraf etməsi və həmin əməllərindən səmimi peşman olmasından ibarət cəzasını yüngülləşdirən halların olması, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli təkrar törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, həmin maddə ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasına dəyişdirilməlidir. Bu səbəbdən apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun iş üzrə ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək və ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun həmin cəzanı çəkməsinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanmalı, o, məhkəmə iclasında dərhal həbsə alınmalı və həmin məhkəmə hökmü verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 15 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 165 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193.5, 397.1, 397.2, 398.1.4, 399.1.5 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı İsgəndərov Coşqun Ramiz oğlunun verdiyi apellyasiya protesti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək və ## ##### 2025-ci il tarixdən ## ##### 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli ## ### 2026cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbsə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hməni məhkəmə hökmü verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili Nümayəndə İlqar oğluna Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar