Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-518/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızının, Məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Axundov) ## ###### 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi ev 4/45-də qeydiyyatda olan və ünvan 1-da yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamış və narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə satış məqsədi olmadan tanışı şahid8 pulunu sonradan ödəmək şərtilə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla kirayədə yaşadığı ünvan 1 ünvanında şahid7, şahid8 və Qurbanova İlhamə Elyas qızının psixotrop maddə istehlak etmələri üçün şərait yaradaraq tiryəkxana təşkil edib, saxlamaqla həmin evdə özü, şahid7, şahid8 və İlhamə Qurbanova qanunsuz olaraq əldə etib üzərilərində saxladıqları psixotrop maddə metamfetaminin bir qismini istehlak etdikdən sonra Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarına əsasən Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində göstərilən tarixdə saat 13 radələrində qeyd edilən ünvan 1 ünvanında o, şahid8, şahid7 və İlhamə Qurbanova ilə birlikdə saxlanılaraq üzərilərində yoxlama aparılarkən onun əynində olan qara rəngli şalvarın sol yan cibindən öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 01 ədəd bükümdə təmiz çəkisi 0,267 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, şahid7 əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, İlhamə Qurbanovanın əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,309 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, şahid8 əynində olan qara rəngli idman üst geyiminin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,226 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və həmin ünvanda olan masanın üzərindən içərisində heroin izləri olan 01 ədəd 2,5 ml-lik şpris və 02 ədəd ampula, içərisində psixotrop maddə - metamfetamin izləri olan 04 ədəd metal borucuqlar və 04 ədəd 1 ml-lik şprislər aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri, proses İştirakçılarının çıxışları və sübutların təsviri: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək hökmün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən hazırki hökmlə cəza təyin olunarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü nəzərə alınmamış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5ci maddəsinin tələblərinə uyğun olaraq, yəni cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməli halda, cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməmişdir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün apellyasiya protestində göstərilənlərə uyğun olaraq cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. İşdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixə və ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsində müəyyən edilmiş qaydalar üzrə cəza təyin ediməklə dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixə və ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən toplanılmaqla cinayətlərin məcmusu üzrə cəza təyin etməli olduğu halda, məhkəmə həmin maddələrin tələblərini pozaraq hazırki hökmlə təyin etdiyi cəza ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə ilə təyin edilmiş cəzanı Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə toplamamış, bununla da, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırkı hökmlə cəza təyin olunarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü nəzərə alınmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, verilmiş apellyasiya protesti təmin olunmalı, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü yuxarıda göstərilən əsaslarla dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü üzrə tutulduğu cəmi 04 (dörd) gün müddət hazırki qərarla təyin olunan cəza müddətinə hesablanıb çıxılmaqla üzərində çəkməsi üçün qəti olaraq olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılısn. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-518/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-518/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver