Məhkəmə qərarları › İş №1(3-6)-522/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-522/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-522/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs şahid3 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil nümayəndə1, bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və “Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçilər) iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- */**** nömrəli hökmündən zərərçəkmiş şəxs şahid3 nümayəndəsi nümayəndə1 (bundan sonra – zərərçəkmiş şəxsin nümayəndəsi) verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü ilə (hakim X4) ## ###### 1978-ci il tarixdə Xocavənd rayonu, Tuğ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işsiz, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Yeni tikili yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 42.1.2-ci maddəsinə əsasən əməlində Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmamasına görə bəraət verilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı ona görə Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət və icarə hüququnu pozmuşdur. Belə ki, o, dövlət mülkiyyətində olmaqla, Abşeron rayon İcra Hakimiyyətinin balansında olan, ## ###### 2014-cü il tarixli, ************ reyestr nömrəli Çıxarışla şahid3 icarəyə verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Donuzkökəltmə sovxozu ərazisində, Karton zavodunun yaxınlığında yerləşən kənd təsərrüfatı təyinatlı 1,60 ha torpaq sahəsinin (bundan sonra – həmin torpaq sahəsi) 0,22 ha hissəsini (bundan sonra – mübahisəli torpaq sahəsi) 2021-ci ilin oktyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan mişar daşı ilə hasara alıb, içərisində yarımtikili inşa etdirərək, dövlət və vətəndaşın qanunla müəyyən edilmiş hüquqlarını pozub mühüm ziyan vurmaqla özbaşına tutmuşdur. Zərərçəkmiş şəxs şahid3 nümayəndəsi verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavədə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə ittiham hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti yalnız onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə irəli sürülmüş ittiham ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Apellyasiya şikayətinə əlavə isə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi hökmdə ittiham tərəfinin təqdim etdiyi sübutları rədd etməsi, müdafiə tərəfinin təqdim etdiyi sübutları isə mötəbər hesab etməsinin səbəblərini əsaslandırmamışdır. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlərin verdiyi ifadələri onların mübahisəli ərazidə yaşayıbyaşamamaları, yaşadıqları təqdirdə, həmin ərazidə hansı tarixdən yaşamağa başladıqlarına dair məlumatlar üzrə dəqiqləşdirmə aparmadan sübut kimi qəbul edilmişdir. Bundan başqa, “məhkəmənin yerində baxış protokolu” prosessual pozuntulara yol verilməklə tərtib edilməsinə baxmayaraq, sübut kimi qiymətləndirilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin balansında olan və ## ###### 2014-cü il tarixli, ************ reyestr nömrəli çıxarışla iş üzrə zərərçəkmiş şahid3 adına 99 il müddətə icarəyə verilmiş həmin torpaq sahəsi icarəyə verilən zaman orada hər hansı tikili olmamışdır. Bu fakt həm zərərçəkmiş şəxslərin və həm də bəzi şahidlərin ifadələri ilə, eyni zamanda vəkil sorğusu əsasında “Azərkosmos’’ agentliyi tərəfindən təqdim edilmiş fotoşəkillər və görüntülərlə təsdiq edilmişdir. Belə ki, həmin görüntülərdə 2013-2014-cü illərdə iş üzrə zərərçəkmiş şəxs şahid3 ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsinin bağlandığı torpaq sahəsində hər hansı tikili inşa edilmədiyi görünür. Həmin ərazidə qanunsuz tikililər 2015-2016-ci illərdə tikilməyə başlamışdır. Lakin birinci instansiya məhkəməsi bu halları müəyyən etməyin mümkün olmamasını qeyd edib, mötəbər sübut kimi qəbul etməmiş, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsində müəyyən edilən halların məzmununu təhrif edərək ona sübut kimi istinad etmiş, həm Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi, həm də Abşeron Rayon Məhkəməsində əlaqəli işə baxılarkən təqdim edilmiş ekspertiza rəylərini, hazırki cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları nəzərə almamış, yalnız müxtəlif dövlət orqanlarına yazılmış şikayət ərizələrinə verilmiş cavablarda işin mülki xarakterli olmasına dair qeydləri əsas götürmüş, nəticədə şəxsin əməlində cinayət tərkibinin olmaması barədə qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi iclasında izahat və çıxışlarında zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri və dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in: - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittiham üzrə sonuncunun üzərində mülkiyyət və icarə hüquqlarını pozmasını iddia etdiyi həmin torpaq sahəsinə münasibətdə zərərçəkmiş şəxs qismində onun dövlət mülkiyyətində və Abşeron rayon İcra Hakimiyyətinin balansında olmasına görə yalnız Abşeron rayon İcra Hakimiyyətini tanımış, birinci instansiya məhkəməsi isə ## ####### 2024-cü il tarixli qərarı (II cild, səh. 47-49) ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu baxımından, sonuncunun həmin torpaq sahəsinə dair icarə hüququnun ## ###### 2014-cü il tarixli, ************ reyestr nömrəli Çıxarış əsasında dövlət qeydiyyatına alındığı şahid3 icarə hüququnu da pozmasının ehtimal edilməsi mənasında əlavə olaraq, sonuncunu zərərçəkmiş şəxs qismində tanımışdır. Zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavənin dəlillərini birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və ona edilmiş əlavənin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki,: - hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. - “Cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsi və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-in “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlanan 188-ci maddəsinin 3-cü hissəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işi materiallarında olan, birinci instansiya məhkəməsi tərəfindən elan edilərək tədqiq edilmiş müvafiq sənədlər və onlar əsasında müəyyən edilmiş işin faktiki halları ilə əlaqədar qeyd edir ki,: - şahid3 nümayəndəsi olmuş şahid2 ## #### 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə təqdim etdiyi ərizəsində həmin torpaq sahəsinin 22 sotdan artıq olan hissəsinin Elşad və Emin adlı qardaşlar tərəfindən qanunsuz olaraq hasara alınıb, zəbt edildiyini göstərmiş, bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, səh. 4). - Abşeron rayon İcra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli, *** nömrəli sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş, X2 Fondunda saxlanıldığına görə dövlət mülkiyyətində olan həmin torpaq sahəsinin şahid3 99 il müddətə icarəyə verilməsinə dair sonuncu ilə Abşeron rayon İcra Hakimiyyəti arasında bağlanmış ## ###### 2013-cü il tarixli, *** nömrəli icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli Çıxarışla hüququ yüklü edilən Abşeron rayon İcra Hakimiyyətinin balansında olan həmin torpaq sahəsi üzərində şahid3 ## ###### 2013-cü il tarixdən başlayaraq 99 il müddətə olan icarə hüququ ## ###### 2014-cü il tarixdə 1614003740 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır (İ cild, səh. 273-285). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin: ## ##### 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı olmaqla, keçmiş Donuzkökəltmə sovxozunun hüdudları daxilində yerləşir (II cild, səh. 9). ## ### 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin torpaq sahəsinin başqa şəxslər tərəfindən mişar daşı ilə hasara alınmış 0,816 ha hissəsində fərdi yaşayış evləri inşa edilmişdir (İ cild, səh. 21). - Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ## ###### 2024-cü il tarixli, *- **-**/*-**/**** nömrəli rəyində göstərilmişdir ki, tədqiq olunan ünvana baxış keçirilərkən naturada təqdim edilən həmin torpaq sahəsinin mişar daşından inşa edilmiş hasar tikilisi ilə bir neçə hissəyə bölündüyü, hüdudları daxilində müxtəlif təyinatlı (yaşayış və köməkçi) tikililərin mövcud olduğu müəyyən edilmişdir. Lakin həmin tikililərin kim tərəfindən inşa edilməsinin müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin ## ##### 2024-cü il tarixli mütəxəssis rəyində “Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilirmi? Əgər istifadə edilirsə, hansı məqsədlər üçün istifadə edilir? Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, şahid3 istifadəsində olan 1,60 ha torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmişdirmi? Zəbt edilmişdirsə, hansı hissədə zəbt edilmişdir?” barədə suallara münasibət bildirilmədiyinə görə həmin sualların cavablandırılması mümkün olmamışdır (II cild, səh. 24-26). - ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsindəki icraat zamanı mübahisəli torpaq sahəsinə baxış keçirilərkən zərərçəkmiş şəxsin nümayəndəsi və təqsirləndirilən şəxsin göstərdikləri torpaq sahəsinin 4 tərəfdən hasarlandığı, girişdən solda bir otaq və dəhlizdən ibarət tikili, həmçinin, digər tikilinin olması müəyyən edilmişdir (III cild, səh. 23, 24). - Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ## ######## 2024-cü il tarixli, **/**** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ************ reyestr nömrəli Çıxarışla şahid3 sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 0,2043 ha təşkil edir. Təqsirləndirilən şəxs faktiki istifadəsində olan A tikilisinin koordinatları ilə ************ reyestr nömrəli Çıxarışla şahid3 sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Lakin Təqsirləndirilən şəxs faktiki istifadəsində olan B tikilisinin koordinatları ilə ************ reyestr nömrəli Çıxarışla şahid3 sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşir (II cild, səh. 54-57). - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun ## ####### 2021-ci il tarixli, ***-ş-** nömrəli məktubu ilə şahid3 icarəsinə verilmiş həmin torpaq sahəsində bir neçə nəfər şəxsin qanunsuz olaraq yaşayış evi tikməsi barədə verdiyi müraciətinə mülki xarakterli olması barədə cavab verilmişdir (II cild, səh. 179-181). - İddiaçı Təqsirləndirilən şəxs cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə qarşı ## ###### 2013-cü il tarixli, *** nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsini verdiyi, şahid3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, beləliklə, hazırki iş üzrə tərəflərin hamısının iştirak etdikləri mülki iş üzrə qəbul edildiyinə görə Azərbaycan Respublikası CPM-in 65.7-ci maddəsinə əsasən (məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir) hazırki iş üzrə preyudisial əhəmiyyətə malik, qanuni qüvvədə olan Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi (II cild, səh. 116-121) ilə iddia tələbi təmin edilməsə də, həmçinin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1992-ci ilin dekabr ayından həmin torpaq sahəsində inşa etdirdiyi tikilidə yaşayır. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sahələrdən çıxarılmaması, onların minimal standartlı yaşayış sahələrindən müvəqqəti istifadə etmələrini nəzərdə tutduğuna görə hazırda mübahisələndirilən icarə müqaviləsi üzrə müvafiq icra hakimiyyəti orqanının balansında olan həmin torpaq sahəsinin şahid3 uzunmüddətli icarəyə verilməsi məcburi köçkün Təqsirləndirilən şəxs hüquqlarını pozmamış və ya məhdudlaşdırmamışdır. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə bölməsinin ## ###### 2024-cü il tarixli, ***/** nömrəli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ## ###### 1992-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni sahədə müvəqqəti məskunlaşmışdır. Həmin arayış qonşuların imzaladıqları, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ## ###### 2024-cü il tarixli akt əsasında verilmişdir (II cild, səh. 60). - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ## ###### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Xocavənd rayonundan məcburi köçkün olduğuna görə Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Onun məcburi köçkün statusu qüvvədədir, ləğv edilməyib. O, dövlət tərəfindən evlə təmin olunmayıb (III cild, səh. 50). Azərbaycan Respublikası Konstitusiyasının: - 27.İ maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. - 43.İ maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. - 4-cü maddəsinə əsasən məcburi köçkünlər barəsində, həmçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsindən ibarət sosial müdafiə tədbiri tətbiq edilir. - 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərə başqa yaşayış sahəsi təklif etməlidirlər. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ######## 1998-ci il tarixli, *** nömrəli Sərəncamın 16-cı bəndində məcburi köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi preyudisial əhəmiyyətə malik, qanuni qüvvədə olan Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə müəyyən edildiyi yuxarıda göstərilmiş faktiki hala, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə bölməsinin ## ###### 2024-cü il tarixli, ***/** nömrəli arayışında göstərilmiş məlumata, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə yanaşı, şahid qismində dindirilmiş X3, X5 və şahid1 verdikləri ifadələrə əsaslanaraq, 1992-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ailə üzvləri ilə yaşadıqları Xocavənd rayonundan məcburi köçkün olduqdan sonra başqa yaşayış yerinin olmaması və alternativ yaşayış sahəsi ilə təmin edilməməsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 27.İ maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnu və minimal yaşayış ehtiyaclarını təmin etmək məqsədilə, məcburi köçkün statusunda mübahisəli torpaq sahəsində inşa etdirdikləri tikilidə yaşamağa başladıqlarını, faktiki yaşayıb, təsərrüfat apardıqlarını, yəni, həmin ərazidən yaşayış və təsərrüfat məqsədləri üçün istifadə etdiklərini, bu hala göstərilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, hər hansı dövlət orqanının, o cümlədən mübahisəli torpaq sahəsinin balansında olduğu Abşeron rayon İcra Hakimiyyətinin hər hansı formada etiraz etmədiyini, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin mübahisəli torpaq sahəsindən çıxarılmaları ilə bağlı hər hansı tədbir görmədiyini, beləliklə də, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin mübahisəli torpaq sahəsindən göstərilən sosial zərurət səbəbindən 1992ci ilin dekabr ayından başlayaraq birlikdə inşa etdirdikləri evdə yaşayıb, təsərrüfatı idarə etməklə istifadə etmələrindən təxminən 21 il sonra, yəni ## ###### 2013-cü il tarixdə mübahisəli torpaq sahəsinin də daxil olduğu həmin torpaq sahəsinə dair sahiblik və istifadə hüququnun Abşeron rayon İcra Hakimiyyəti tərəfindən *** nömrəli icarə müqavilə ilə şahid3 verildiyini, qeyd edilən səbəblərdən Təqsirləndirilən şəxs mübahisəli torpaq sahəsi üzərində balansına verildiyi Abşeron rayon İcra Hakimiyyətinin mülkiyyət hüququnu, şahid3 isə icarə hüququnu Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət hüquqi mənada pozmadığını müəyyən edərkən haqlı olmuşdur. İşin faktiki hallarının göstərilən məzmunda olması Təqsirləndirilən şəxs əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmasını tamamilə istisna edir. Məhkəmə kollegiyası yuxarıda göstərilən sonuncu abzasda qeyd edilənlər barədə nəticəyə gələrkən, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin balansında olduğu Abşeron rayon İcra Hakimiyyətinin deyil, onun tərəfindən icarəsinə verilmiş şahid3 nümayəndəsinin müraciəti əsasında başlandığını, Abşeron rayon İcra Hakimiyyətinin iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmü apellyasiya şikayəti verməməklə mübahisələndirmədiyini, bunun isə həmin hökmlə müəyyən edilmiş işin faktiki halları ilə razılaşmasını ifadə etdiyini, şahid3 hazırki iş üzrə oxşar məzmunlu müraciətinə əvvəllər Bakı şəhəri Suraxanı rayon prokurorluğunun ## ####### 2021-ci il tarixli, ***-ş-** nömrəli məktubu ilə müraciətdə göstərilən məsələnin mülki xarakterli olması barədə cavab verildiyini, göstərilən səbəblərdən iş üzrə ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində şahid3 deyil, yalnız Abşeron rayon İcra Hakimiyyətinin müvafiq müraciəti olmadan, formal olaraq zərərçəkmiş şəxs qismində tanındığını, həmçinin, Təqsirləndirilən şəxs məcburi köçkün statusunda olduğunu və dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmədiyini də nəzərə alır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını Azərbaycan Respublikası CPMin 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, cinayət işi materiallarına sübut qismində əlavə edilənləri həmin Məcəllənin 143- 146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etmə, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etmə, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb qiymətləndirmə nəticəsində düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. - 125-ci maddəsinin Vll hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in: - 1.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. - 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. - 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. - 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. - 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. - 28-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. - 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 139.0.1 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. - 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. - 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. - 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmadığı ehtimallardan irəli gələ bilər (Avşar v.Turkey, no. 25657/94, § 282, ECHR 2001-VII). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Yuxarıda göstərilənlərdən aydın olur ki, iş üzrə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğundur. İbtidai istintaq orqanı və zərərçəkmiş şəxs şahid3 Təqsirləndirilən şəxs mübahisəli torpaq sahəsindəki tikililəri onun da daxil olduğu həmin torpaq sahəsinin ## ###### 2013-cü il tarixdə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən *** nömrəli icarə müqavilə ilə şahid3 verilməsindən sonra inşa etdirdiyini iddia etsələr də, bunu təsdiq edən və ya Təqsirləndirilən şəxs həmin tikililəri mübahisəli torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən şahid3 icarəyə verilməsindən bir neçə əvvəl inşa etdirməsinə dair əsaslı şübhələri istisna edən sübutu cinayət işi materiallarına əlavə etməmiş, həmçinin, şahid3 bu barədə sübutu birinci və apellyasiya instansiya məhkəmələrinə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsindəki icraatda iştirak etmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, məhkəmə hökmündən apellyasiya protesti verməmişdir. Buna görə də iş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilmiş, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsində Azərbaycan Respublikası CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində aradan qaldırılması mümkün olmayan şübhələri həmin Məcəllənin 21.2 və 145.3-cü maddələrinə əsasən haqlı olaraq onun xeyrinə həll etmişdir. Bu hal ibtidai istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasının qarşısını almışdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavə əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs şahid3 nümayəndəsi nümayəndə1 verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavə təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar