Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-527/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Məhkum edilmiş şəxs – Mislimov İlqar Səmid oğlunun, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ######## 1968-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, əvvəllər Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyinin Şamaxı rayon icra və probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən həmin 1500 manat cərimə cəzasından azad edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, ## #### 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Mislimov İlqar Səmid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Emin Fətəliyev) Mislimov İlqar Səmid oğlunun Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Mislimov İlqar Səmid oğlunun ## #### 2025-ci il tarixdə saat 01:00-dan ## #### 2025-ci il tarixə saat 18:20-dək tutulduğu 2 (iki) gün müddətinin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Mislimov İlqar Səmid oğlunun üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə, Mislimov İlqar Səmid oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Beyləqan rayon sakini Zərərçəkmiş şəxs qohumu Aytəkin Süleymanova üçün tibbi sertifikat düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2024-cü ilin yay aylarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sofran" restoranında Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulunu əlbəəl alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini, şəxs barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mislimov İlqar Səmid oğlu istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı verilmiş ittihamı qəbul edərək, səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəməyə ittiham olunduğu əməl ilə bağlı geniş şəkildə ifadə vermiş, dəymiş zərəri ödəmiş, zərərçəkmişlə barışıq əldə etmişdir. Məhkəmə baxışı gedişində bir neçə dəfə ağır xəstəliklər keçirmiş, cərrahiyyə əməliyyatları olmuşdur. Şəxsdə mövcud olan xəstəliklə bağlı daimi həkim müşahidəsi altında olması zərurəti vardır. Qeyd olunanlar Mislimov İlqar Səmid oğlu barəsində olan yüngülləşdirici hallardır. Mislimov İlqar Səmid oğlunun istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsi, əməlindən səmimi peşmançılıq hissi çəkməsini, ağır xəstəlikdən əziyyət çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri ödəməsi halları təqsirləndirilən şəxs Mislimov İlqar Səmid oğlunu əhatə edən amillər kimi nəzərə alıb ona təyin olunacaq cəzaya təsir edəcək hallar kimi qiymətləndirilib. CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza təyin edilə bilərdi. Göründüyü kimi qeyd edilənlərin heç biri məhkəmə tərəfindən nəzərə alınmamış, ittiham olunduğu maddənin sanksiyasında alternativ cəza olduğu halda daha ağır cəza növü təyin edilmişdir. Məhkəmə işin hüquqi hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cinayət işi üzrə çoxsaylı yüngülləşdirici halın olmasına, o cümlədən, hər hansı ağırlaşdırıcı halın müəyyən edilməməsinə baxmayaraq, normanın sanksiya hissəsi üzrə işin hallarına müvafiq hökm çıxarmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin Mislimov İlqar Səmid oğlu barədə gəldiyi nəticə ədalətsizdir. Təqsirləndirilən şəxs Mislimov İlqar Səırıid oğlunun cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməməsinə baxmayaraq məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir, özü də yuxarı həddə. Məhkəmə dörd min manatdan yeddi min manatadək cərimə növündə cəza təyin edə biləcəyi halda, əsaslandırmadan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Mislimov İlqar Səmid oğlu və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini, məhkum edilmiş şəxs barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən və müdafiə tərəfinin apellyasiya baxışı zamanı çıxışlarından göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Mislimov İlqar Səmid oğlunun ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, xəstəlikləri ilə əlaqədar cərrahiyyə əməliyyatlarına məruz qalmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Belə ki, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mislimov İlqar Səmid oğluna cəza təyin edərkən qanunun tələblərinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Hazırkı halda məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddə üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Mislimov İlqar Səmid oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat pul dövlət büdcəsindən tutularaq “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-527/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-527/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver