Məhkəmə qərarları › İş №1(3-6)-542/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-542/2026

18.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-542/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Bəraət almış şəxs – İsmayılov Vasif Vaqif oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, həbs olunandək Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik kirayədə yaşayan. İsmayılov Vasif Vaqif oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Kamil Əliyev, hakimlər Nigar İmanova, Vüqar Seydiv) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə, İsmayılov Vasif Vaqif oğluna Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilməsi,onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İsmayılov Vasif Vaqif oğlu CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, İsmayılov Vasif Vaqif oğlu istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,686 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2024-cü il tarixdə saat 14:00-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 02 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,264 qram və 2,422 qram olmaqla ümumi təmiz çəkisi 4,686 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs İsmayılov Vasif Vaqif oğlunun CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlib hesab etmişdir ki, onun qeyd olunan cinayət əməllərini törətməsi sübuta yetirilməmişdir. Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verib İsmayılov Vasif Vaqif oğlunun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və onun CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cinayət qanunvericiliyin normalarına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarına obyektiv qiymət verməmiş, təqsirləndirilən şəxs Vasif İsmayılovun üzərində aşkar olunmuş xəsarətlərin hansı şəraitdə əmələ gəlməsinə öz mülahizələrinə görə qiymət verməklə V.İsmayılov barəsində əsassız bəraət hökmü çıxarmışdır. Belə ki, ibtidai araşdırma zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Vasif Vaqif oğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, heç bir psixiatrik dispanserdə qeydiyyatda olmamışdır. Hərəkətlərini sərbəst ölçüb-biçmək iqtidarındadır. Bakı şəhərində avtomobil icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. Bəzən Bakı şəhəri ərazisində gündəlik evlərdə kirayədə qalmış, bəzən isə taksi fəaliyyəti ilə məşğul olduğu avtomobildə gecələmişdir. ## ###### 2024-cü il tarixdə, saat təxminən 14 radələrində Nəsimi rayonu 28 May küçəsində idarə etdiyi “Toyota Prius” markalı **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra ondan özünü təqdim etməyi tələb etmiş, özünü təqdim edərək "Toyota Prius” markalı, 77-GQ- 984 dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsində olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və bununla əlaqədar olaraq Nəsimi rayon Polis İdarəsinin inzibati binasına getməli olduğu bildirilmişdir. Etiraz etməyərək istifadəsində olan “Toyota Prius” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra Nəsimi rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı tərəfindən ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra əynində olan qara rəngli gödəkçənin cibindən üzərində 055- 273-77-02 GSM nömrəsi olan mobil telefonu, əynində mavi rəngli cins şalvarın cibindən özünə məxsus, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik “Bakı kart”, 1 ədəd vizit kart və iki şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin iki şəffaf sellofan büküm açıldıqda içərisində kristalşəkilli maddənin olduğu müəyyən edilmiş, həmin iki şəffaf sellofan bükümdə olan maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manat nağd pula aldığı bildirmiş, üzərindən aşkar edilərək götürülən iki şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin içərisi boş olan kağız zərfə qoyularaq onun və orada olan digər şəxslər tərəfindən imzalanaraq üzəri möhürlənmiş, adına olan rəsmi sənədlər və digər əşyalar ona qaytarılmışdır. Üzərində 055-273-77-02 mobil nömrə olan bir ədəd "Samsung A10” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi ona izah olunaraq təhqiqatçı tərəfindən götürülmüş, bundan başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı olaraq təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolla tanış olmuş, protokolun düzgün tərtib olunduğuna əmin olduqdan sonra həmin protokola imza atmış, təhqiqatçı tərəfindən ona istifadəsində olan ‘Toyota Prius" markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş və buna etirazının olub-olmadığı soruşulduqda videoçəkilişlə qeyd edilən avtomobilə baxış aparılmasına etirazının olmadığını bildirmiş, bundan sonra onun, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə istifadəsində olan “Toyota Prius” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videçəkilişlə baxış aparılmış, baxış aparılmadan qabaq ondan avtomobilin açarının harada olduğu və avtomobildə dövriyyəsi qanunla qadağan edilən hər hansı əşya və ya predmetin olduğu soruşulduqda açarın avtomobilin salonunda olduğunu və avtomobildə dövriyyəsi qanunla qadağan edilən hər hansı əşya və ya predmetin olmadığını bildirmiş, bundan sonra videoçəkilişlə qeyd edilən avtomobilə baxış aparılmış, baxış zamanı avtomobildən dövriyyəsi qanunla qadğan edilən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuş, protokolla tanış olmuş, protokolun düzgün tərib olunduğuna əmin olduqdan sonra həmin protokola imza etmişdir. Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilərkən və Nəsimi rayon Polis İdarəsinin inzibati binasında olduğu zaman, o cümlədən üzərində şəxsi axtarış aparılmadan öncə və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı psixoloji təzyiq və fiziki zorakılıq göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetamini ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manat nağd pula əldə etmişdir. Narkotik vasitə aludəçisidir, üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini külli miqdarda almağında məqsəd ağrıları olduqda narkotik vasitə və psixotrop maddə tapmaq üçün yenidən narkotik vasitə və psixotrop maddə satan şəxs axtarmamaq və polis əməkdaşları tərəfindən özünün tutulmaq təhlükəsi yaranmaması olmuşdur. İş üzrə şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayılov Vasif Vaqif oğlunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, o və Nəsimi RPİ-nin Cinayət- axtarış şöbəsinin kiçik inspektoru, R şahid1 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatı əsasında o və şahid1 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsinə yollanmış, ## ###### 2024-cü il tarixdə saat 14:00-da ünvan 1 ünvanının yaxınlığında “Toyota Prius” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında İsmayılov Vasif Vaqif oğluna zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, o və şahid1 özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi xahiş etmiş, həmin şəxs özünü ##.##.1973-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri ərazisində gündəlik evlərdə kirayədə yaşayan İsmayılov Vasif Vaqif oğlu kimi təqdim etmiş və Toyota Prius” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamış, İsmayılov Vasif Vaqif oğlunu istifadəsində olan “Toyota Prius” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Nəsimi RPİ-nin inzibati binasına gətirmiş, həmin İdarənin inzibati binasında İsmayılov Vasif Vaqif oğlu barəsində araşdırma aparılması üçün Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, R Babək Mirzəyevə təhvil vermiş, sonuncu İsmayılov Vasif Vaqif oğlunun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra o, şahid1 və müdafiəçinin iştirakı ilə İsmayılov Vasif Vaqif oğlunun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmadan öncə V.İsmayılova üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra V.İsmayılov əynində olan qara rəngli gödəkçəsinin cibindən üzərində 055-273- 77-02 GSM nömrə ilə birlikdə bir ədəd “Samsung A10” markalı mobil telefonu, mavi rəngli cins şalvarının cibindən adına olan sürücülük və şəxsiyyət vəsiqəsini, bir ədəd “Bakı kart"-ı, bir ədəd üzərində öz fotosu olan vizit kartını və iki şəffaf sellofan bükümünü çıxararaq təqdim etmişdir. Qeyd edilən iki şəffaf sellofan bükümü açıldıqda içərisində kristalşəkilli maddənin olduğu müəyyən edilmiş, V.İsmayılov həmin iki şəffaf sellofan bükümündə olan maddənin “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni ## ###### 2024cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manat nağd pula əldə edərək üzərində saxladığını bildirmiş, bundan sonra V.İsmayılovun üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. V.İsmayılovun üzərindən aşkar edilərək götürülmüş iki şəffaf sellofan bükümündə olan maddə içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanaraq möhürlənmiş, sonuncunun üzərindən aşkar edilən bir ədəd “Samsung A10” markalı mobil telefon götürülmüş, üzərindən aşkar edilən adına rəsmi sənədlər özünə qaytarılmış, V.İsmayılov Nəsimi RPİ-nin inzibati binasına gətirilərkən və inzibati binada olduğu zaman ona qarşı hər hansı psixi təzyiq və fiziki zorakılığın olmadığını bildirmişdir. Bununla bağlı olaraq təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmiş, V.İsmayılovun istifadəsində olan “Toyota Prius” markalı, 77- GQ-984 dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılmasına etirazı olmadığını bildirdikdən sonra qeyd edilən “Toyota Prius” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları və müdafiəçinin işitrakı ilə videoçəkiliş aparılmış, videoçəkilişlə “Toyota Prius” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılmağa başlamadan öncə V.İsmayılova istifadəsində olan qeyd edilən avtomobilin açarının harada olduğu və avtomobilin içərisində dövriyyəsi qanunla qadağan edilən hər hər hansı əşya və ya predmetin olduğu soruşulduqda V.İsmayılov avtomobilin açarının avtomobilin salonunda olduğunu və avtomobildə qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və ya predmetin olmadığını bildirmiş, bundan sonra qeyd edilən avtomobilə baxış aparılmış və baxış zamanı avtomobildə dövriyyəsi qanunla qadağan edilən hər hansı əşya və predmetin olmadığı müəyyən edilmişdir. Bununla bağlı protokol tərtib edilmiş, protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra həmin protokola imza etmişdir. İsmayılov X2 rayon Polis İdarəsinin inzibati binasına gətirilən zaman, o cümlədən onun üzərində şəxsi axtarış aparılmadan öncə və göstərilməsinin şahidi olmamış, İsmayılov Vasif Vaqif oğlunu əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. İş üzrə şahid qismində dindirilmiş şahid1 şahid2 ilə eyniməzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdi etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, İsmayılov Vasif Vaqif oğlu ##.##.2024-cü il tarixdə ekspert müayinəsindən keçmiş, müayinə zamanı bildirmişdir ki, bundan 2-3 gün əvvəl taksi sürücüsü ilə dalaşmışdır. Onda qeyd olunan xəsarətlər - sol göz altı, sol bazu və sol diz oynağı nahiyyələrinin qançırları küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələrinin təyin olunmur. Hazırkı işə baxan məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizanın ##.##.2025- ci il tarixli yuxarıda şərh olunan **** saylı rəyə əlavə ** saylı ekspert rəyindən görünür ki, V.V.İsmayılovda aşkar olunmuş, yuxarıda qeyd olunan xəsarətlər üzərinə baxış keçirildiyi ##.##.2024-cü il tarixdən təxminən 3-5 gün əvvəl yetirilməyə uyğun gəlir. Həmin xəsarətlərin həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilə bilmələri mümkündür. Bu məsələnin daha dəqiq qiymətləndirilməsi hüquqi müstəvidə həll edilə bilər. Həmçinin, rəydə göstərilmişdir ki, “müayinə olunanın deməsinə görə, ##.##.2024-cü il tarixdə, saat 14 radələrində Nəsimi rayonu, 28 May küçəsində saxlanılaraq Nəsimi RPİ-nə aparılmışdır. Əlavə olaraq o qeyd etmişdir ki, 2-3 gün əvvəl taksi sürücüsü ilə dalaşmışdır, tibbi yardın üçün müraciət etməmişdir, şikayəti yoxdur, (bax ##.##.2025-ci il tarixli ** saylı ekspert rəyinə). Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, İsmayılov Vasif Vaqif oğlunun Nəsimi rayon Polis idarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansından daxil olmuş məlumat əsasında aparılmış araşdırmanın nəticəsinə dair ***-C-** nömrəli material üzrə polis əməkdaşlarının əməllərində cinayət tərkibi olmaması əsası ilə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması hissəvi rədd edilmişdir. Həmçinin İsmayılov Vasif Vaqif oğlunun dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Baş Prokurorluqdan daxil olmuş HK-*** nömrəli material üzrə İsmayılov Vasif Vaqif oğlunun aldığı xəsarətlərin kənar şəxslər tərəfindən yetirilməsi xüsusatı üzrə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, həmin hökmün 12 vərəqinin 4-cü abzasında qeyd olunmuşdur ki: “Hazırkı iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həm ibtidai araşdırmanın ilkin mərhələsində, yəni ilk dəfə polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilərkən, daha sonra polis şöbəsində olarkən döyüldüyü, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin isə ona aid olmadığı, onun cibinə qoyulduğu, həm də ibtidai araşdırmanın sonrakı mərhələsində polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadələr verdiyi haqqında məsələ qaldırdığından və sübutlar bazasının məhz bu yolla yaradıldığını bildirdiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin isə bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir....” Cinayət işinin materiallarında Vasif İsmayılovun Yevlax rayon Polis şöbəsinə gətirilməsi barədə heç bir məlumat yoxdur. Lakin hazırki iş üzrə məhkəmə iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən nəzərə almamış, işin faktiki hallarını nəzərə almadan,sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan yalnış nəticəyə gəlmişdir. Beləliklə Bakı Ağır Cinayətlər Məhkəməsi ## #### 2026-cı il tarixli hökmündə cinayət və cinayətprosessual qanunu normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş Vasif İsmayılov cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalmışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı İlkin Yusifov verilmiş apellyasiya protestinin dəlilərinə uyğun çıxış edərək, protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs İsmayılov Vasif Vaqif oğlu və müdafiəçisi apellyasiya protestinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya protestində İsmayılov Vasif Vaqif oğluna CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq bəraət almış şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və şəxsin təqsirləndirildiyi cinayət əməli üzrə təqsirinin sübuta yetirilməməsi qənaətinə gələrək İsmayılov Vasif Vaqif oğlunun barəsində CM-nin 234.1-1-ci maddəsi ilə bəraət hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İsmayılov Vasif Vaqif oğlunun cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutların qəsdən saxtalaşdırıldığını, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunduğunu, təqsirləndirilən şəxs Vüsal Vəlizadə qanunsuz olaraq azadlıqdan məhrum edildiyini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündə iş üzrə ibtidai istintaq zamanı yol verilmiş pozuntular ətraflı şəkildə şərh edildiyindən məhkəmə kollegiyası eyni halların yenidən təkrarlanmasına zərurət olmadığı qənaətinə gəlir. Apellyasiya protestindən göründüyü kimi protestdə təqsirləndirilən şəxs İsmayılov Vasif Vaqif oğlunun, şahidlər Nəsimi RPİ-nin Cinayət-axtarış şöbəsinin əməkdaşları şahid2 və şahid1 ibtidai araşdırma zamanı verdikləri ifadələrinə, məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyinə, həmçinin ibtidai araşdırma zamanı toplanmış digər sübutlara istinad olunaraq birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan yalnış nəticəyə gəlməsi, ## #### 2026-cı il tarixli hökmündə cinayət və cinayət-prosessual qanunu normalarının tələblərini pozulması, bunun nəticəsi olaraq ağır cinayət törətmiş Vasif İsmayılov cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalması göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təsbit etdiyi ziddiyyətli məqamlar iş üzrə toplanmış ilkin sübutarın, yəni ## #### 2023-cü il tarixli raport, ## #### 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar, eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokol, ## #### 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun mötəbərliyini əhəmiyyətli dərəcədə şübhə altına alır və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir ki (CPM 21.2), belə olduğu təqdirdə həmin sübutlar İsmayılov Vasif Vaqif oğluna elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya protestinin yuxarda qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, İsmayılov Vasif Vaqif oğlu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən yalnız 1- 2 dəfə marixuna istifadə etmiş, heroin, metamfetamin isə qətiyyən qəbul etməmişdir. Göründüyü kimi bəraət almış şəxs narkotik vasitədən yalnız 1- 2 dəfə istifadə etdiyini bildirmişdir ki, bu da protestin bu dəlillərinin əsassız olduğuna dəlalət edir. Həmçinin qeyd olunmalıdır ki, rəyə əsasən İsmayılov Vasif Vaqif oğlunun narkotik vasitələrlə əlaqəsinin olmasının aşkar olunması hal-hazırda ona istinad olunan cinayəti törətməsini təsdiq edən hal kimi nəzərdə keçirilə bilməz. Şəxsin cinayəti əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, hazırda Vasif İsmayılova münasibətdə toplanmış sübutların məcmusu ona istinad olunan əməlin onun tərəfindən törədilməsini təsdiq etmir. Digər tərəfdən protestdə onun ifadəsinin qeyri-səmimi olduğu, məhkəmənin əsassız olaraq həmin ifadələri nəzərə alaraq şəxsə əsassız olaraq ittiham olunduğu maddə ilə bəraət verilməsinə istinad olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarında da əks olunan hüquqi mövqeyə görə məhkəmənin təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı olduğu təsbit edilmişdir ki, hazırkı cinayət işi materiallarından birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə əsaslanmaqla həmin ifadənin düzgünlüyünü hərtərəfli yoxlayaraq və şahidlərin verdikləri ifadələr ilə müqayisəli təhlilini apararaq digər sübutlarla birlikdə tədqiq etdiyi aydın olur ki, bu da protestin həmin dəlilinin də əsassız olmasına dəlalət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ali Qanunun 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır (CPM-nin 42.1.4-cü mad.). CPM-nin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır (CPM-nin 42.2.4-cü mad.). Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (CPM-nin 55.1-ci mad.). Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (CPM-nin 350.1 və 350.2-ci mad.). Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı və düzgün olaraq ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla İsmayılov Vasif Vaqif oğlunun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirininin sübuta yetirilə bilməməsinə əsaslanaraq və CPM-nin 42.1.4-cü və 42.2.4-cü maddələrini rəhbər tutaraq təqsirləndirilən İsmayılov Vasif Vaqif oğluna CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Odur ki, İsmayılov Vasif Vaqif oğluna CM-nin 234.1-1-ci maddəsilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilməsin. İsmayılov Vasif Vaqif oğluna CM-nin 234.1-1-ci maddəsilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən bəraət almış şəxs İsmayılov Vasif Vaqif oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 17 (on yeddi) saat üçün cəmi 187 (yüz səksən yeddi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar