Məhkəmə qərarları › İş №1(3-6)-566/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-566/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-566/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ## ###### 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2(iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə ## ##### 2025-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** nömrəli ünvanda yerləşən “OBA” marketə müştəri qismində daxil olub vitrindən hər birinin qiyməti 7 manat 54 qəpik olan ümumilikdə 22 manat 62 qəpik dəyərində 03 ədəd qutuda 380 qramlıq “Anchor” kərə yağını götürüb əynində olan gödəkcənin cibinə qoyaraq pulunu ödəmədən marketdən çıxmaq istəyərkən marketdə baş satıcı işləyən zərərçəkmiş şəxs2 video müşahidə kamerasından hərəkətlərini görüb ona yaxınlaşaraq götürdüyü yağları geri qaytarmasını tələb etdikdə o, qəsdən zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə üz nahiyəsinə bir dəfə əli ilə vurub özündən kənara itələyərək sonuncuya fiziki ağrı yetirdikdən sonra marketin digər işçiləri onu saxlamağa cəhd göstərsələr də o, marketin giriş qapısından çıxıb qaçaraq ümumilikdə 03 ədəd qutuda 380 qramlıq “Anchor” kərə yağlarını açıq talayıb zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 22 manat 62 qəpik maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və barəsində azadlıqdan məhrumetməyə aid olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Hüseyn isə həm istintaqda, həm də məhkəmədə özünü həmin maddə ilə deyil, CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan sözügedən hökm ləğv edilməli, ona CM-nin 180.1-ci maddəsi ilə cəza verilməlidir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs Hüseyn ## ##### 2025-ci il tarixində 17:50 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev P/Tİ *** nömrəli ünvanda yerləşən “OBA” marketə müştəri qismində daxil olub, vitrindən hər biri 12 manat olmaqla, ümumilikdə 36 manat dəyərində olan 3 ədəd 400 qr Ankor kərə yağı qutusunu gizli olaraq talayıb əynində olan gödəkçənin cibinə qoyub marketdən çıxmaq istəyir. Həmin vaxt marketin baş satıcısı işləyən zərərçəkmiş şəxs2 video müşahidə kamerasından Hüseynin oğurluq etdiyini görüb onu tutub saxlamışdır. Hüseyn isə Şabikəni özündən kənara itələyərək marketin giriş qarışından çıxıb qaçaraq oğurladığı yağı da həmin ərazidə yerə tullamışdır. Göründüyü kimi Hüseynin həmin xanımı zor tətbiq etmək niyyəti olmayıb. Sadəcə həmin xanım tərəfindən mağazadan çıxmağına mane yarandığını görən Hüseyn həmin maneəni keçmək məqsədi ilə onu tutub saxlamaq istəyən həmin xanımı bir əli ilə itələyərək onu özündən kənaraşdırmaq istəyib. Həmin hərəkəti ilə xanıma xəsarət yetirmək və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək kimi bir niyyəti də olmayıb. Sadəcə o bu hərəkəti ilə xanımdan yaxasını qurtarmağa və mağazadan uzaqlaşmağa cəhd edib. Bu video görüntüdə də çox aydın şəkildə görünür. İş üzrə zərərçəkmiş şəxs kimi tanınan Şabikə baş vermiş hadisəni onun göstərdiyi kimi danışmışdır. Həmçinin xanım məhkəmədə Hüseynlə barışdığını və ona qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Mağazaya dəymiş 36 manat ziyan da Hüseyn tərəfindən ödənilmişdir. Hüseyn gəncdir, ali təhsillidir və ailənin tək övladıdır. Hüseyn ilk dəfə idi ki, cinayət törətmişdi. Cinayəti də maddi imkansızlıq zəminində törədib. Valideynləri maddi cəhətdən çətin həyat yaşayırlar. Atası yataq xəstəsidir. Anasının da sağlamlığında problemlər var. Buna baxmayaraq Hüseynin anası iş olandan-olana ev təmizliyinə gedir. Hüseyn özü də tutulanda işsiz olub. Göründüyü kimi ailə maddi cəhətdən çox çətin vəziyyətdə yaşayır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Hazırki işə baxan birinci instansiya məhkəməsi iş materiallarında olan sübutların məcmusuna əsasən belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgə əmlakını açıq talayaraq soyğunçuluq etməsi tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Həmin hökmlə razılaşmayan müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törədərkən onu saxlamağa çalışan zərərçəkmiş şəxsə xəsarət yetirmək və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək kimi bir niyyəti olmadan zərərçəkmişdən yaxasını qurtarmağa və mağazadan uzaqlaşmağa cəhd etməsi göstərilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə deyil, CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, etdiyi əmələ görə üzr istəyir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** nömrəli ünvanda yerləşən “OBA” marketdən yağları götürmüşdür. Zərərçəkmiş şəxs gəlib onu arxadan tutmaq istəyəndə, bu zaman əli ilə itələmək istəyəndə əli xanıma dəymişdir, o da xəsarət almışdır. Marketdən yağı götürüb ödəniş etmədən çıxmaq istəmişdir. Zərərçəkmiş şəxs ona heç nə demədən arxadan yaxınlaşaraq demişdir ki, qapılarl bağlayın, nəsə götürüb. O, çıxmaq istəyəndə arxadan gödəkcəsindən tutmuşdur. O, sağ əli ilə onu uzaqlaşdırmaq istəyəndə əli onun sifət nahiyəsinə, ağzına dəymişdir. Sonra qaçıb marketdən çıxmışdır. Dəymiş ziyan ödənilmişdir. Əvvəl demişdir ki, heç nə götürməmişdir, ona görə yağları verməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə hökm çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs bildirmişdir ki, 2024-2025-ci ilin yanvar ayına kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” ticarət mərkəzində sürücü vəzifəsində işləmişdir. Həmin vaxtdan iş axtarsa da tapa bilməmişdir. ## ##### 2025-ci il tarixdə saat 17:30 radələrində onun pulu olmadığı üçün qərara gəlmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində hər hansı marketə müştəri qismində girib kiçik ölçülü kərə yağı qutusunu oğurlayar və marketlərin birində satıb pul əldə edər. Bu məqsədlə o, ## ##### 2025-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** nömrəli ünvanda yerləşən “OBA” marketə müştəri qismində girib vitrinlərə baxmağa başlamışdır. O, yağ şöbəsinə gəlmiş, ətrafa baxmış və görmüşdür ki, heç kim yoxdur. Bundan sonra o, yağ şöbəsində soyuducunun qapısını açmış və vitrindən 3 ədəd 400 qram olan “Anchor” markalı kərə yağı qutusunu götürmüş, marketin giriş qapısına tərəf getməyə başlamış və götürdüyü 3 ədəd kərə yağ qutusunu gödəkcənin sağ yan cibinə 1 ədəd, sol yan cibinə isə 2 ədəd kərə yağı qutusunu qoymuşdur. O, marketin giriş qapısına tərəf gələn zaman arxadan bir nəfər qız ona yaxınlaşıb gödəkcəsindən tutmuş və satıcıya demişdir ki, marketin qapısını bağlayın. O, həmin qıza demişdir ki, əlini burax. Qız əlini onun gödəkcəsindən çəkmədiyi üçün o, qızı özündən kənara itələmiş və həmin vaxtı o, istəmədən əli qızın ağız nahiyəsinə dəymişdir. O, qızdan ayrılıb marketin giriş qapısına tərəf gedən zaman marketin satıcısı olan cavan oğlan onun qarşısına keçmiş və əli ilə onu geri itələmiş ki, marketdən çölə çıxa bilməsin. Həmin vaxtı özündən kənara itələdiyi qız yenə gəlib onun sağ qolundan tutmuşdur. Həmin vaxtı kənarda dayanmış və qolu qısa ağ köynək geyinmiş bir nəfər cavan oğlan da onun sağ qolundan tutmuşdur. O, görmüşdür ki, onu tutub saxlayırlar, o, həmin şəxsləri özündən kənara itələmiş, marketin giriş qapısından çölə çıxmış və üzü “Xalqlar Dostluğu” körpüsü istiqamətinə tərəf qaçmışdır. Həmin vaxtı qolu qısa köynək geyinmiş cavan oğlan onun arxasınca qaçaraq gəldiyi üçün o, cibindən 3 ədəd kərə yağ qutusunu yerə atmış və bundan sonra yaşadığı evə getmişdir. O, marketdə etdiyi hərəkət barədə heç kimə bir söz deməmişdir. ## ##### 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 7, ** nömrəli mənzildə olan zaman qapıya Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları gəlmiş, onu 24-cü Polis Şöbəsinə dəvət etmişlər, o da etiraz etməyib Polis Şöbəsinə getmiş və marketdə etdiyi hərəkəti səmimi olaraq etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, soyğunçuluq cinayətinin obyekti öz sosial-iqtisadi məzmununa görə özgə əmlakını talamanın digər formalarının obyektəri ilə üst-üstə düşür. Lakin nəzdən qaçırmaq olmaz ki, CM-nin 180.2.4-cü maddəsinə görə özgənin əmlakını açıq talama insaların həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə də törədilə bilər. Buna görə də cinayətdən zərərçəkmiş şəxsin sağlamlığı təhlil edilən cinayətin əlavə obyekti kimi qəbul ediləməlidir. İnsaların həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə dedikdə, insan orqanizminə həyat və ya sağlamlıq üçün təhlükəli olmayan maddələr yeridilməsi, vurma, döymə və ya qəsdən sağlamlığa yüngül zərər vurma, zərərçəkmişin azadlığını məhdudlaşdırma (əl-ayağını bağlama, qollarına qandal keçirmə, qapısı bağlı otaqda saxlama və.s) həyat və ya sağlamlıq üçün təhlükəli olamayan fizki ağrılar yetirmə başa düşülməlidir. Belə zor həm əmlakın götürülməsinə maneçilik edən şəxslərin müqavimətini qırmaq, həm də götürülmüş, götürülmüş əmlakı əldə saxlamaq və aradan çıxmaq məqsədilə tətbiq edilə bilər. Ona görə də əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) həm də kənar şəxslərə belə zor tətbiq edilməsi təhlil edilən ağırlaşdırıcı tərkib əlamətini əmələ gətirəcəkdir. Təqsirkar oğurluq formasında talamanı başa çatdırdıqdan sonra tutulmaqdan qurtarmaq və ya gizlənmək məqsədi ilə zorakılıq hərəkətləri edirsə, onun əməli təhlil edilən ağırlaşdırıcı tərkib əlamətilə soyğunçuluq kimi CM-nin 180.2.4-cü maddəsi üzrə tövsif olunacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2005-ci il tarixli qərarının üçüncü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın dördüncü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin Qərarın beşinci bəndinə əsasən Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın yeddinci bəndinə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materiallarında olan digər sübutlarla, habelə həmin ifadələrlə uzlaşan zərərçəkmiş şəxs və şahid ifadələri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayətini törətməsi tam şəkildə sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ##.##.2025-ci il tarixdə işlədiyi “OBA” marketdə inzibatçının otağında təhlükəsizlik kamerasına baxan zaman görmüşdür ki, bir cavan oğlan soyuducu vitrinin qapısını açmış və oradan yağ qutusunu götürüb əynində olan gödəkcənin cibinə qoyub giriş qapısına tərəf getmişdir. O, tez inzibatçının otağından çıxıb həmin şəxsin arxasınca qaçmış və marketdə olan ödəmə terminalının yanında ona çatmışdır. O, cavan oğlana cibindəki yağı çıxardıb verməsini demiş, o isə heç nə götürmədiyini bildirmişdir. O, əlini oğlanın əynində olan gödəkcənin cibinə salmaq istəyən zaman həmin cavan oğlan onun əllərindən tutub geri itələmişdir. O, yenə onun əllərindən tutmuş və şahid2 demişdir ki, marketin qapısını bağla, oğru qaçmasın. Həmin cavan oğlan onun əllərini geri itələyən zaman cavan oğlanın əli onun üst dodağına dəymiş, dodağı ağrıdığı üçün əli ilə dodağını tutmuş və həmin cavan oğlan marketin giriş qapısına tərəf iti addımlarla gedən zaman şahid2 həmin cavan oğlanın qabağına keçib saxlamışdır. O, tez həmin cavan oğlanın yanına gəlib onun əlindən tutub saxlamağa çalışmışdır. Bu zaman marketə “Binə çörək” zavodunun işçisi çörək gətirmişdir. Həmin işçi görmüşdür ki, o və Fərid cavan oğlanı tutub saxlamaq istəyirlər, çörək zavodunun işçisi də həmin cavan oğlanın əlindən tutub saxlamışdır. Bu zaman həmin cavan oğlan onların əlindən çıxmış və marketin giriş qapısından çıxaraq “Xalqlar Dostluğu” körpüsü istiqamətinə tərəf qaçmışdır. Bu zaman çörək zavodunun işçisi həmin cavan oğlanın arxasınca qaçmışdır. 1-2 dəqiqədən sonra çörək zavodunun işçisi əlində bir ədəd “Anchor” markalı kərə yağ qutusunu gətirib vermiş və demişdir ki, o, həmin cavan oğlanın dalınca düşən zaman kərə yağını atıb qaçmış, o, həmin kərə yağını götürmüşdür. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub məlum hadisə barədə məlumat vermişdir. O, 102-ə zəng edəndə oğurluq edən şəxsin onu vurub qaçdığını demişdir. Onlar əsas oğurluqla bağlı şikayət etmişlər. Dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 İmam oğlu ifadəsində bildirmişdir ki, “OBA” marketdə satıcı-kassir işləyir. ## ##### 2025-ci il tarixdə saat 18:30 radələrində görmüşdür ki, zərərçəkmiş şəxs2 marketdə olan ödəniş terminalının yanında bir nəfər cavan oğlanın qolundan tutub saxlamış və həmin cavan oğlana demişdir ki, yağları cibindən çıxart. Həmin cavan oğlan demişdir ki, onda yağ yoxdur və zərərçəkmiş şəxs2 əli ilə geri itələyib iri addımlarla marketin giriş qapısına yaxınlaşmışdır. O, həmin şəxsin qarşısına keçib saxlamış və zərərçəkmiş şəxs2 tez gəlib həmin şəxsin sağ qolundan tutmuşdur. Həmin vaxtı marketə “Binə” çörək zavodunun işçisi çörək gətirmişdir. Həmin işçi görmüşdür ki, o və zərərçəkmiş şəxs2 həmin cavan oğlanı tutub saxlamaq istəyirlər, çörək zavodunun işçisi də həmin cavan oğlanın əlindən tutub saxlamışdır. Bu zaman həmin cavan oğlan onun, zərərçəkmiş şəxs2 və çörək zavodunun işçisinin əlindən çıxmış və marketin giriş qapısından çıxaraq “Xalqlar dostluğu” körpüsü istiqamətinə tərəf getmişdir, 1-2 dəqiqədən sonra çörək zavodunun işçisi əlində bir ədəd “Anchor” markalı kərə yağ qutusunu gətirib vermiş və demişdir ki, həmin cavan oğlan bir ədəd kərə yağını atıb qaçmış, o da həmin kərə yağını götürmüşdür. Bundan sonra zərərçəkmiş şəxs2 marketin inzibatçısına və DİN-nin 102 Xidmətizəng mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. Diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, ## ##### 2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** nömrəli ünvanda yerləşən “OBA” marketə girib vitrindən 3 ədəd kərə yağı götürüb cibinə qoyub marketdən çıxmaq istəyən zaman satıcı zərərçəkmiş şəxs2 gəlib onun qolundan tutub saxlayır, Təqsirləndirilən şəxs əli ilə zərərçəkmiş şəxs2 ağız nahiyəsindən vurub geri itələyib marketin giriş qapısına yaxınlaşır, qolundan tutub saxlayırlar, zərərçəkmiş şəxs2 da gəlib Təqsirləndirilən şəxs qolundan tutub saxlayır, Təqsirləndirilən şəxs qeyd olunan şəxsləri özündən kənara itələyib marketdən çıxıb qaçıb gedir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və işin sübuta yetirilmiş faktiki hallarına əsasən apellyasiya şikayətinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törədərkən onu saxlamağa çalışan zərərçəkmiş şəxsə xəsarət yetirmək və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək kimi bir niyyəti olmadan zərərçəkmişdən yaxasını qurtarmağa və mağazadan uzaqlaşmağa cəhd etdiyindən əməlin CM-nin 180.1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə dəlillərini əsassız hesab edir, həmin dəlillərin işin faktiki halları ilə uzlaşmadığını qeyd edir və buna görə də müdafiə tərəfinin mövqeyini təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş mövqe kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı iş materiallarında olan sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış və həmin sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair düzgün nəticəyə gəlinmiş və apellyasiya baxışı nəticəsində işin hallarının şübhə altına alınması, o cümlədən təqsirləndirilən şəxsin əməlinin tövsifinin dəyişdirilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq təqsirləndirilən şəxsin özünümüdafiəsi və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığını hesab edir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə yekun qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıkarı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyyələri rəhbər tutaraq təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs münasibətdə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran hal müəyyən etmədən, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza tədbirinin növü və həddi ilə razılaşaraq cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Prospekt Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Prospekt Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Faiq Qəniyev Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar