Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(3-6)-60/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi X8, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X16 və X2 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-198/2025 saylı, 16 dekabr 2025-ci il tarixli qərarından xüsusi ittihamçılar X16 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X16 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmünün çıxarılmasını xahiş etmişdirlər. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 18:35 radələrində Qaradağ rayonu, Qobu qəsəbəsində yaşadıqları binanın qarşısında X14 onları ağır formada təhqir etmiş, ailə heysiyyətlərinə toxunan sözlər söyləmiş, ictimaiyyət arasında nüfuzlarını alçaltmışdır. Təhqir zamanı Rüxsarə Məmmədova şəxsən onun ünvanına "biqeyrət" sözünü işlətmiş, anam X2 ünvanına da nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Söyüş və təhqirlər camaat arasında baş vermiş, bu isə onların şərəf, ləyaqət və nüfuzuna ciddi zərbə vurmuşdur. X16 xx.xx.2025-ci il tarixində iki ayrı vaxtda X7 təhqir və böhtan xarakterli hərəkətləri ilə üzləşmişdir. Birinci hadisə həmin gün, saat 12:00 radələrində Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin qarşısında X14 camaatın, polislərin və digər şəxslərin gözü qarşısında onu ağır söyüşlərlə təhqir etmiş, əsassız olaraq böhtan xarakterli ifadələr işlətmişdir. Bu hərəkətlərlə Məmmədova Rüxsarə onun şərəf və ləyaqətini alçaldaraq, cəmiyyət qarşısında nüfuzuna xələl gətirmişdir. İkinci hadisə-həmin gün, saat 18:35 radələrində yaşadığı ünvanda - Qaradağ rayonu, Qobu Park 2 yaşayış massivində, binalarının qarşısında Rüsxarə Məmmədova onu yenidən camaatın gözü qarşısında ağır söyüşlərlə təhqir etmiş, böhtan xarakterli ifadələr işlətmiş, həmçinin onu vurmaqla hədələyərək hədəqorxu gəlmişdir. Bu halın video görüntüsü də mövcuddur. Qeyd edir ki, X14 onun anasını da əvvəllər döymüş və təhqir etmişdir. Bu fakt üzrə hazırda Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində araşdırma aparılır. Bu, onun barələrindəki qərəzli davranışlarının davamlı xarakter daşıdığını göstərir. xx.xx.2025-ci il tarixində, saat 12:00 radələrində Qaradağ RPİnin 10-cu Polis Bölməsinin qarşısında Rüxsarə Məmmədova camaatın və polis əməkdaşlarının gözü qarşısında onu ağır söyüşlərlə təhqir etməklə yanaşı, həm də "cinayətkar" adlandırmışdır. Halbuki, onun barəsində heç bir məhkəmə qərarı və ya cinayət təqibi barədə əsaslandırılmış qərar yoxdur. Bu ifadə ilə Rüxsarə Məmmədova açıq şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və CPM-in 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını pozmuşdur. Rüxsarə Məmmədovanın bu hərəkətləri onun şərəf və ləyaqətimin alçaldılmasına yönəlib və Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini tam olaraq yaradır. X9 yuxarıda təsvir edilmiş hərəkətləri ilə onun şərəf və ləyaqəti, cəmiyyət qarşısında nüfuzu açıq şəkildə alçaldılmışdır. Rüxsarənin ona qarşı söylədiyi "cinayətkar" ifadəsi təqsirsizlik prezumpsiyasının pozulması ilə yanaşı, mənim şərəf və ləyaqətimə ağır xələl gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, onların alçaldılmasına yol verilmir. X7 ona qarşı səsləndirdiyi təhqir və böhtan xarakterli ifadələr yalnız şəxsi ləyaqətimə deyil, həm də cəmiyyət içində - yaşadığım məhəllədə və polis bölməsində mənim reputasiyama ağır zərbə vurmuşdur. Rüxsarənin hərəkətləri nəticəsində o, qonşuları və ətraf mühitdə əsassız olaraq mənfi təsəvvürlərlə üzləşmiş, bu isə onun ictimai nüfuzunun alçaldılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə mənim şǝrǝf, ləyaqət və nüfuzumun qorunması dövlətin təmin etdiyi əsas hüquqlardandır. Rüxsarə Məmmədovanın hərəkətləri bu hüquqlarını pozmuş, ona həm mənəvi zərər yetirmiş, həm də cəmiyyət qarşısında şərəf və ləyaqətimi alçaltmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-198/2025 saylı qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan narazı qalan xüsusi ittihamçılar apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 269.2, 299 və 302-ci maddələrinə əsasən iş üzrə xüsusi ittiham qaydasında şikayətin məhkəmə icraatına qəbul edilməsini və mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-2120/2025 saylı qərarı ilə X16 və X6 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtinaya dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün material Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-198/2025 saylı qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan narazı qalan xüsusi ittihamçılar X16 və X6 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər. Xüsusi ittihamçı X10 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsaslı şikayəti təmin olunmur, qərarı eyni iş üzrə ləğv olunmuş hakim eyni iş üzrə yenidən hakim təyin edilir. Hakimə edilən etirazları baxlmamış saxlanılır. Xüsusi ittiham qaydasında şikayətində X7 onu və X3 dəfələrlə fərqli vaxtlarda, yaşadığı binanın qarşısında ictimai yer hesab olunan və bir neçə şəxsin qarşısında təhqir etməsini bildirmişdir. İşə əlavə edilmiş diskdəki videolar X7 ona və X4 nalayiq ifadələr işlətməsini təsdiq edir. Xüsusi ittihamçı X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə verdiyi izahatında X14 barəsində qanuni tədbirlər görülməsini xahiş etsə də, tədbir görülməyib, əksinə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilib və qərarla qəti razılaşmır. Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X16 və X6 apellyasiya şikayətlərinə uyğun izahatlar verərək, apellyasiya şikayətlərinin təmin olunmasını, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-198/2025 saylı qərarının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi X15 apellyasiya şikayətlərinin təmin olunmamasını, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-198/2025 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Birinci instansiya məhkəməsi şikayətin icraata qəbulundan imtina edərkən belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan videogörüntüdən aydın olur ki, X14 qarşı tərəfin ona davamlı psixoloji təsirindən əsəbləşərək bir neçə nalayiq ifadə işlətmişdir. X5 qeyd olunan nalayiq ifadələri qəsdlə törədilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Bundan başqa həmin ifadələr hətta qəsdlə törədilmiş olsaydı belə bu hərəkətlər kütləvi çıxışlarda edilmiş təhqir kimi qiymətləndirilə bilməz. Çünki təqdim edilmiş videogörüntüdən də göründüyü kimi qeyd olunan hadisə zamanı kənarda bir neçə şəxsin hərəkəti müşahidə olunsa da, həmin ifadələr hər hansı yığıncaq və toplantıda işlədilməmiş, eləcə də bu ifadələr həmin vaxtı kənardan keçən şəxslərin diqqətini cəlb etməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı X7 cinayət məsuliyyətinə səbəb olan böhtan xarakterli ifadələr işlətməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi şikayət ərizəsində və ona əlavə edilmiş sübutlarda X11 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri olması sübutlarla müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qərarında birmənalı mövqe sərgiləməyərək, ilk öncə hadisənin qəsdlə törədilmədiyini əsaslandırmış, lakin daha sonra eyni qərarı ilə həmin halı təkzib edərək, hətta qəsdlə törədilmiş olsaydı belə bu hərəkətlərin kütləvi çıxışlarda edilmiş təhqir kimi qiymətləndirilə bilməyəcəyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin təqdim edilmiş videogörüntüdə hadisə zamanı kənarda bir neçə şəxsin hərəkətinin müşahidə olunmasını həmin ifadələrin hər hansı yığıncaq və toplantıda işlədilməməsi ilə əsaslandırmasına münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında kütləvi çıxış anlayışı bu formada ifadə edilmişdir. “Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.” İş materiallarında mövcud olan videogörüntülər isə qeyd olunan anlayışda əks olunan əsasların mövcudluğunu təsdiq edir. X1 qarşı tərəfin davamlı psixoloji təsirinə məruz qaldığı zaman pozulmuş hüquqlarının müdafiəsi üçün qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə müvafiq orqanlara müraciət etmək əvəzinə həmin psixoloji təsir nəticəsində qarşı tərəfi təhqir etməsi, bir neçə nalayiq ifadə işlətməsi onun hərkətlərinin doğruluğuna dəlalət etmir. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətlərinin dəlillərini xüsusi ittiham qadasında icraat materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(002)- 198/2025 saylı qərarı ləğv edilməli və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, və 408-412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qәraraalır: Xüsusi ittihamçılar X16 və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 və X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(002)-198/2025 saylı qərarı ləğv edilsin və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi məsələsinə baxılması üçün material Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılsın. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə və iş materialları ilə tanış olmağa görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20(iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qərardan Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Habil Məmmədov Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-60/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-60/2026
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver