Məhkəmə qərarları › İş №1(3-6)-614/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-614/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-614/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlunun iştirakları ilə, # ##### 1982-ci il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzası 01 il endirilmiş, ## ###### 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Kamal Babayev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkmələ, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, mülki iddia, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə X4 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi ** saylı ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki ümumi sahəsi 121m2 olan ** saylı iki otaqlı mənzilin özünə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat verib, həmin mənzili ona sərfəli qiymətə satacağına dair yalan vəd verərək aldatmaqla, ## #### 2024- cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu'’ metrosu yaxınlığında yerləşən “Bazar Store” super marketin qarşısında tanışı şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulun və növbəti dəfə ## #### 2024cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən restoranda yenidən şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulun nağd alınaraq, şahid2 tərəfindən Bakı şəhəri ərazisindən istifadəsində olan bank hesab kartına köçürülməsinə nail olmaqla, ümumilikdə 22000 (iyirmi iki min) pul vəsaitini ələ keçirdikdən sonra, cinayət əməlini davam etdirib, 2024-cü ilin mart ayının 19-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi **** saylı ünvanda yerləşən “Al market” adlı marketdəki “MPAY” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs məxsus 1000 manat pul vəsaitini sonuncu tərəfindən ona məxsus “Leobank”a aid 4098- 5844-6727- **** nömrəli bank hesab kartına köçürülməsinə nail olmaqla ələ keçirib, cinayət əməlini davam etdirərək, Zərərçəkmiş şəxs onun təkidi ilə ## #### 2024-cü il tarixdə “xxxx” MMCnin direktoru kimi özünü təqdim etmiş X4 “Kapital Bank”a aid ****-****-****-**** nömrəli bank hesab kartına ünvan 4 ünvanında yerləşən “Bravo ekspress” marketində yerləşən ödəmə terminalı vasitəsilə 9900 manat köçürülməsinə nail olmaqla, həmin pul vəsaitini ələ keçirib, qeyd olunan tarixdə həmin ünvana gəlmiş Ceyhun Əhmədovun göndərdiyi kuryer vasitəsilə 100 manat pulu həmin ünvanda sonuncu tərəfindən əldə edilərək, ələ keçirməklə, yenidən cinayət əməlini davam etdirib ## #### 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Rahat” marketin içərisində olan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Ceyhun Əhmədovun “Kapital Bank”a aid ****- ****-****-**** nömrəli hesab kartına 450 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, həmin pul vəsaitini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 33.450 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətində qeyd edilmişdir ki, dəymiş ziyanı aradan qaldırması üçün barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən və müdafiə tərəfinin apellyasiya baxışı zamanı çıxışlarından göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı məhkum edilmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmişə vurulan xeyli miqdarda maddi ziyanın ödənilməməsini, təqsirkarın şəxsiyyətini, onun əvvəllər məhz analoji cinayətə görə məhkum olmasını lakin bundan nəticə çıxarmayaraq yenidən qəsdən eyni növ cinayət törətməsini, cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Belə ki, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları müəyyən edilmişdir. İş materiallarına əsasən təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Göründüyü kimi Təqsirləndirilən şəxs münasibətdə ən aşağı həddə cəza növü kimi 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, ziyanının ödənilməməsini və cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs münasibətdə aşağı hədlərdə ədalətli cəza təyin etmişdir. Məhkum edilmiş şəxsin apellyasiya şikayətindən irəli gələn xahişinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələblərinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azdlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Hazırkı halda məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddə üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlu tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar