Məhkəmə qərarları › İş №1(3-6)-615/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-615/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-615/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10nın, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi “Alfa” Vəkil Bürosunun vəkilli müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim X5) *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs (## #### 1972-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ####### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli şəkildə talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə ## ######## 2025-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 317 ünvanında yerləşən “Milli Onkologiya Mərkəzi”-nə yaxınlaşıb xəstə ziyarətinə gəldiyini bildirib binaya daxil olduqdan sonra, binanın 4-cü mərtəbəsinə qalxıb həmin mərtəbədə onu görə biləcək şəxs və ya şəxslərin olmadığına əmin oluqdan sonra işçilərə məxsus xidməti otağa daxil olaraq həmin otaqda yerləşən zərərçəkmiş şəxs2 istifadəsində olan şəxsi əşyaları saxladığı dolabın kilidini qanunsuz olaraq açaraq dolabın içərisində olan sonunucuya məxsus qara çantanın içərisindəki pul qabından dəyəri 200 (iki yüz) manat olan 01 ədəd qızıl üzük və 50 (əlli) manat nağd pulu götürüb gizli yolla talayaraq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə, ## ######## 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 317 ünvanında yerləşən “Milli Onkologiya Mərkəzi”-nə yaxınlaşıb xəstə ziyarətinə gəldiyini bildirib binaya daxil olduqdan sonra, binanın 4-cü mərtəbəsinə qalxıb daha sonra 2-ci mərtəbəyə enərək həmin mərtəbədə onu görə biləcək şəxs və ya şəxslərin olmadığına əmin oluqdan sonra işçilərə məxsus xidməti otağa daxil olaraq həmin otaqda yerləşən zərərçəkmiş şəxs1 istifadəsində olan şəxsi əşyaları saxladığı dolabın kilidini qanunsuz olaraq açaraq dolabın içərisində olan sonunucuya məxsus qara çantanın içərisindəki pul qabından dəyəri 398 (üç yüz doxsan səkkiz) manat nağd pulu götürüb gizli yolla talayaraq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 398 (üç yüz doxsan səkkiz) manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə ## ######## 2025-ci il tarixdə təxminən saat 10 radələrində ünvan 1 ünvanında yerləşən "Medicare Hospital" tibb mərkəzinə yaxınlaşıb özünün analiz üçün müraciət etdiyini bildirib binaya daxil olduqdan sonra, binanın 3-cü mərtəbəsinə qalxıb həmin mərtəbədə yerləşən və zərərçəkmiş şəxs3 həkim kimi fəaliyət göstərdiyi xidməti otağa daxil olaraq, həmin otaqda olan iş masasının siyirməsində qoyulmuş pul kisəsinin içərisindən sonuncuya məxsus 530 manat pul götürüb gizli yolla talayaraq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə 530 (beş yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə, ## ######## 2025-ci il tarixdə təxminən saat 11 radələrində ünvan 2 ünvanında yerləşən X2 yaxınlaşıb özünün analiz üçün müraciət etdiyini bildirib binaya daxil olduqdan sonra, binanın giriş hissəsində sağ tərəfdə yerləşdirilmiş üçnəfərlik oturacağın yanında zərərçəkmiş şəxs4 məxsus əl çantasının qoyulmasını görüb, həmin oturacağın çanta tərəfində əyləşib kənar şəxslərin onun əməlini dərk etmədiklərinə əmin olduqdan sonra, çantanın içərisində olan zərərçəkmiş şəxs4 məxsus 20 (iyirmi) manat dəyərində pul qabını, həmin pul qabının içərisindən həmin dövrdə Azərbaycan manatına nisbətdə məzənnəsi 595 (beş yüz doxsan beş) manat təşkil edən 350 ABŞ dolları, 50 (əlli) manat pul, 02 (iki) manat dəyərində avtobus kartı götürüb gizli yolla talayaraq, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 667 (altı yüz altmış yeddi) manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib daha az cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlindən peşmandır, qeyri-rəsmi ailəlidir, himayəsində bir azyaşlı uşağı var. Ailəsinin sosial vəziyyəti ağırdır, həyat yoldaşı evdar qadındır, müharibə iştirakçısıdır, şikayətiçisi yoxdur, ziyan tam ödənilməklə barışıq əldə olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X10 apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsi mübahisələndirməmiş, ona təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, videogörüntülər, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, videogörüntülər, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya gəldikdə, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların tələblərini və apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 177.2.2 və 177.2.3-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını və vurulmuş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində nəzərdə tutulmuş aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işi materiallarından aydın olur ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi var və birinci instansiya məhkəməsi CM-in 65.2-ci maddəsinin tələblərinə riayət etməklə şəxisn təqsirli bilindiyi maddənin sanksiyasının daha ciddi cəza növünün son həddinin yarısında yaxın həddində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir və məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Təqsirləndirilən şəxs himayəsində bir övladının olmasını, dəymiş zərəri tamamilə ödədiyini və zərərçəkmiş şəxslərlə barışdığını göstərsə də, cinayət işinin materiallarından görünür ki, o, subay olmuş, övladının olmasına dair məlumat olmamışdır. Elektron Məhkəmə Informasiya Sistemində olan məlumatlarda təqsirləndirilən şəxsin azyaşlı övladının olması müəyyən edilməmişdir. Həmçinin, cinayət işinin materiallarından o da görünür ki, təqsirləndirilən şəxs dəymiş zərəri tam ödəməmiş, bütün zərərçəkmiş şəxslərlə barışmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ailə vəziyyətinin ağır olmasını, ailəsinə onun baxdığını, müharibə iştirakçısı olmasını göstərsə də, qeyd olunanlar CM-nin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalı olan hallarda göstərilməməklə nəzərə alınması imperativ olmamışdır. Həmin hallar CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən başqa hallar qismində nəzərə alına bilərdi ki, nəzərə alınsa belə Təqsirləndirilən şəxs daha yüngül cəzanın təyin edilməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan onun barəsində CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi yalnız CM-nin 62-ci maddəsinin tətbiq edilməsi ilə mümkündür ki, Təqsirləndirilən şəxs barəsində həmin maddənin tətbiqi üçün əsaslar yoxdur. Belə ki, CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, apellyasiya şikayətində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Alfa” Vəkil Bürosunun vəkilli müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Alfa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar