Məhkəmə qərarları › İş №1(3-6)-629/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-629/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-629/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs İsmayılov Əlvan Heybət oğlunun iştirakları ilə, ## #### 2004-cü il tarixdə Lerik rayonu Şivlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Şivlə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, İsmayılov Əlvan Heybət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin *(*- ***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs İsmayılov Əlvan Heybət oğlunun müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünə əsasən (hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi ilə) İsmayılov Əlvan Heybət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübut və digər məsələlər də həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən İsmayılov Əlvan Heybət oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, İsmayılov Əlvan Heybət oğlu ## ###### 2025-ci il tarixdə, saat 12:16 dəqiqədə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Hongqi E- QM5" markalı **YJ*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə 8 Noyabr prospekti istiqamətində yolun hərəkət hissəsinin birinci zolağı ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, həmçinin həmin Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pozub dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda həmin tələblərə əməl etməyib, mövcud şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Rəşid Behbudov küçəsinə dönmək üçün hərəkətdə olduğu zolaqdan yolun dördüncü zolağına keçmək məqsədilə hərəkətini davam etdirib Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ** saylı ünvanın qarşısında həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan ##.##.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «Zontes» markalı, 99C236 dövlət qeydiyyat nişanlı motosikllə avtomobilin sol ön qanadı ilə ehtiyatsızlıqdan toqquşmuş, nəticədə sonuncunun motosikldən yerə yıxılaraq motosikllə birlikdə asfalt üzərində sürüşüb beton maneələrə çırpılması nəticəsində baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, kəllə sümüklərinin sınıqları, başın alın nahiyəsində yumşaq toxumalar altına qansızmalar, alın və qaşarası nahiyələrin qançırları və sıyrıqları, sağ ağciyərə, sağ böyrəkətrafı yumşaq toxumalara və böyrəyə qansızmalar, sol körpücük sümüyünün sınığı, üst çənədə sağdan l-lll, soldan 1-11 dişlərin tac hissələrinin sınıqları və həmin dişlərin diş ətinə qansızmalar, üst dodağın selikli qişasına qansızma, burun nahiyəsinin əzilmiş yarası, qançır və sıyrıqları, sağ göz orbitasının iç hissəsinin sıyrığı və hər iki üst göz qapaqlarının qançırları, sol bazu oynağı nahiyəsinin, hər iki bazunun, hər iki diz oynağı nahiyəsinin, döş qəfəsinin ön səthinin, sağ əlin II, III, IV barmaqlarının, sağ milbilək oynağı nahiyəsinin, sağ budun, sağ baldırın, sağ ayağın İ, III, IV, V barmaqlarının, sağ ayağın bayır topuğunun sıyrıqları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, cinayət prosesi iştirakçılarının çıxışları, sübutların təsviri Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, İsmayılov Əlvan Heybət oğluna təyin olunmuş cəzanın dəyişdirilməsini, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını xahiş etmişdir. İsmayılov Əlvan Heybət oğlunun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi iş üzrə təqsirlilik nəticəsinin deyil, təyin edilmiş cəzanın həddən artıq sərt olmasının, cəzanı yüngülləşdirən halların lazımi qaydada nəzərə alınmamasının, Azərbaycan 2 Respublikası Cinayət Məcəlləsinin 59.1.11, 60.1 və 70-ci maddələrinin düzgün tətbiq edilməməsinin, habelə Ali Məhkəmə Plenumunun izahlarının gözardı edilməsinin apellyasiya qaydasında yoxlanılmasını xahiş edir. Əlvan İsmayılov hadisə törədilən anda hadisə yerini tərk etməmiş, əksinə dərhal «103» X1 Xidmətinə zəng etmişdir. Bu hal onun hadisədən sonrakı davranışını xarakterizə edən ən mühüm hallardan biridir. Hadisədən sonra onun tapşırığı ilə atası Heybət İsmayılov və digər qohumları mərhumun dəfn mərasiminə yollanmış, sonrakı hüzr məclislərində iştirak etmiş, zərərçəkmiş tərəflə barışıq əldə olunması və dəymiş zərərin kompensasiya edilməsi üçün bütün mümkün cəhdləri göstərmişlər. Məhkəmə iclasında zərərçəkmişin hüquq varisi Hüquqi varis bu halları təsdiq etsə də, barışmayacağını və heç bir pul qəbul etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Heybət İsmayılov və şahid2 da dəfn və hüzr mərasimlərində iştirak etdiklərini, həmçinin maddi yardım göstərilməsi ilə bağlı dəfələrlə müraciət edildiyini təsdiq etmişlər. Məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Heybət İsmayılov tərəfindən zərərçəkmişin hüquq varisinə 3500 manat məbləğində vəsait göndərilmiş, lakin həmin məbləğ qəbul edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə əlavə olaraq bildirmişdir ki, onlar bundan artıq məbləğ ödəməyə də hazırdırlar, sadəcə zərərçəkmiş tərəf bunu qəbul etmir. Bundan başqa, iş materiallarında Əlvan İsmayılovun əvvəllər məhkum olunmaması, təqsirini etiraf etməsi, səmimi peşmançılıq göstərməsi, eləcə də sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar mövcuddur. Bütün bu hallar birlikdə qiymətləndirildikdə onun şəxsiyyətini mənfi deyil, əksinə, ehtiyatsızlıqdan törədilmiş hadisəyə görə səmimi peşman olan və nəticələri mümkün qədər yüngülləşdirməyə çalışan şəxs kimi xarakterizə edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab olunur. Hazırkı işdə Əlvan İsmayılov hadisə yerindən yayınmamış, dərhal X1 çağırmış, beləliklə zərərçəkmişin həyatının xilas edilməsinə yönəlmiş mümkün ilkin addımı atmışdır. Buna görə də CM-nin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal iş üzrə tam şəkildə mövcuddur və məhkəmə bunu yalnız formal qaydada qeyd etməklə kifayətlənməməli, cəzanın konkret həddinə təsir edən hüquqi nəticəyə çevirməli idi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında daha ciddi cəza növü kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8 və ya 59.1.10–59.1.13-cü maddələrindən hər hansı birində nəzərdə tutulan hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar olmadıqda, təyin edilən cəzanın müddəti daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş üzrə CM-nin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş hal mövcuddur və hökm üzrə hər hansı ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Belə olan halda 263.2-ci maddə üzrə nəzərdə tutulan 6 il azadlıqdan məhrum etmə cəzasının dörddə üçü 4 il 6 ay təşkil edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Əlvan İsmayılova 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu isə CM-nin 60.1-ci maddəsinin imperativ tələbinə ziddir. Deməli, mübahisə təkcə cəzanın sərtliyi ilə bağlı deyil; eyni zamanda, maddi hüquq normasının düzgün tətbiq olunmaması nəticəsində qanunla yol verilən həddən artıq cəza təyin edilmişdir. Əlvan İsmayılovun əməli qəsdən törədilmiş zorakı cinayət deyil, ehtiyatsızlıqdan törədilmiş yolnəqliyyat hadisəsidir. Hadisədən sonra onun davranışı isə məsuliyyətdən yayınmağa deyil, yardım göstərməyə, peşmanlığını ifadə etməyə və nəticələri kompensasiya etməyə yönəlmişdir. Belə şəraitdə cəzanın maksimum həddə yaxınlaşdırılması cəzanın məqsədlərinin düzgün dərk edilməməsindən xəbər verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq müəyyən nəticəyə gəldikdə təyin olunmuş əsas cəzanı şərti hesab edə bilər. Hazırkı işdə Əlvan İsmayılov əvvəllər məhkum olunmamış şəxsdir, təqsirini etiraf etmiş, səmimi peşmançılıq bildirmiş, hadisə yerindən qaçmamış, təcili yardım çağırmış, zərərçəkmiş tərəfə maddi yardım və kompensasiya ödənilməsi üçün real addımlar atmışdır. Bu hallar onun islah olunmasının cəmiyyətdən təcrid edilmədən də mümkün olduğunu göstərir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-nin 70-ci maddəsinin tətbiqi və təyin edilmiş əsas cəzanın şərti hesab edilməsi həm qanuna, həm də ədalət prinsipinə uyğun olardı. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, İsmayılov Əlvan Heybət oğlunun Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu cür sürücülər küçələrdə gəzə bilməz. Onun tərəfindən verilmiş apellyasiya şikayətindəki tələbini - hökmün cəza hissəsində dəyişdirilməsini, təyin edilmiş cəzanın şərti hesab edilməsini isə bir daha əməlindən peşman olmadığı kimi qiymətləndirir. Kimsə zəmanət verməyəcək ki, eyni hadisə İsmayılov Əlvan Heybət oğlu tərəfindən yenidən törədilməyəcək. Onun bu tələbi cəzasızlıq hissi yaradır. Bildirir ki, məhkəmənin hökmü ilə razı deyil. Ona verilmiş bu cəza yüngüldür. İsmayılov Əlvan Heybət oğlu CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək qanunla nəzərdə tutulmuş ən sərt cəza ilə cəzalandırılmalıdır. Çünki, bu yalnız bir cinayət deyil - bu yollarda hökm sürən laqeydliyin, özbaşınalığın və insan həyatına qiymət verməməyin simvoludur. Xüsusilə vurğulayır ki, barışıq təqsirləndirilən şəxsin peşmançılığını, zərərçəkmiş tərəfə hörmətini və ziyanın adekvat ödənilməsi istəyini əks etdirməlidir. Burada isə belə bir niyyət yoxdur. 3000 manat formal və simvolik cəhddir. Təqsirləndirilən şəxs nə üzr istəyib, nə də itkinin ağırlığını anlamağa cəhd göstərib. Bu məsuliyyətdən yayınmaq cəhdidir və zərərçəkmiş ailəyə qarşı əlavə hörmətsizlikdir. Lakin, bütün qeyd edilənlərə baxmayaraq, məhkəmə təqsirləndirilən İsmayılov Əlvan Heybət oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ki, bu cəzanı yüngül cəza hesab edir. Yekun olaraq bildirir ki, İsmayılov Əlvan Heybət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yüngüldür və məhkəmə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan maksimal cəza olan 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o cəzasını cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmdən dövlət ittihamçısı apellasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs İsmayılov Əlvan Heybət oğlu və onun müdafiəçisi müdafiəçi1 tərəflərindən verilən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilməsini, məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməsini xahiş etdilər. Əlavə olaraq göstərdilər ki, hazırki mərhələdə zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsi üçün 20.000 manat pul təklif edirlər və həmin məbləği məhkəmə iclas zalında qarşı tərəfə təqdim etməyə hazırdırlar. Bundan əlavə əgər zərərçəkmiş şəxsin hüquqi varisinin vurulmuş ziyanla bağlı hansısa tələbləri varsa, onu da dinləməyə hazırdırlar. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəflərindən verilən şikayətin təmin edilməsini, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhər Şəbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün ləğv edilməsini və Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdilər. Əlavə olaraq göstərdilər ki, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyan maddiyatla ölçülmür, hər hansı bir məbləğ ona vurulan ziyanı ödəyə bilməz. Təqsirləndirilən şəxslə barışmır və ona etdiyi cinayətə görə ən ağır cəza verilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayətinin qismən, yəni birinci instansiya məhkəməsində dövlət ittihamçısının irəli sürdüyü cəza həddində cəza təyin olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçinin fikirlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Əlvan Heybət oğlunun müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən İsmayılov Əlvan Heybət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdən verilən hər iki apellyasiya şikayətinin əsas dəlilləri təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İsmayılov Əlvan Heybət oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi İsmayılov Əlvan Heybət oğluna törətdiyi cinayət əməlinə görə qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarları). Məhkəmə kollegiyası ilk olaraq müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, birinci instansiya məhkəməsinin əksinə olan mövqedən çıxış etməyi, bununla da birinci instansiya məhkəməsinin apellyasiya qaydasında mübahisələndirilən hökmünün dəyişdirilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar şəxs barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. Cinayət Məcəlləsinin 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır:

1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü;

2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi;

3. məhkumun şəxsiyyəti;

4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş hallar, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, İsmayılov Əlvan Heybət oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunmuş cəzanı şərti hesab edilməsi cəzanın məqsədlərinə xidmət edə bilməz. Məhkəmə kollegiyası onu da xüsusi olaraq qeyd edir ki, müdafiə tərəfinin əsas dəlili olan təqsirləndirilən şəxsin vurulmuş ziyanla bağlı 20.000 manat pulun zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi ilə bağlı dəlilidir. Həmin dəlillə bağlı məhkəmə kollegiyası işin hazırki hallarına münasib qiymət verərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasları dəfələrlə təxirə salınmaqla tərəflərə barışıq üçün şərait yaradılmasına baxmayaraq, zərərçəkmiş şəxsin hüquqi varisi olan anası məhkəmə iclasları zamanı qəti şəkildə təqsirləndirilən şəxslə barışmadığını, ona bu hadisə nəticəsində vurulan ziyanın çox ağır olduğunu, itirdiyi övladının itkisinin yerini maddi şəkildə doldura bilmədiyini qeyd etmişdir. Eyni zamanda hər məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi olan anası kənar şəxlərin fiziki köməkliyi ilə məhkəmə iclaslarında iştirak etmiş, onun bu hadisə nəticəsində səhhətində ciddi zədələr vurulduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə məhkum edilmiş şəxsə törətdiyi cinayət əməlinin sanskiyasında nəzərdə tutulmuş ən yuxarı həddə əsas və əlavə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsə törətdiyi cinayət əməlinin sanskiyasında nəzərdə tutulmuş ən yuxarı həddə əsas və əlavə cəza təyin edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ## ###### 2025-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, İsmayılov Əlvan Heybət oğlunun əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 90) Binə bələdiyyəsi və qonşular tərəfindən verilmiş xasiyyətnamələrindən görünür ki, İsmayılov Əlvan Heybət oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 98-99) Həmçinin, İsmayılov Əlvan Heybət oğlunun əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsinə cəhd etməsini, sağlamlıq vəziyyətini, yaşayış yeri üzrə müsbət xarakteriə olunmasını və gənc olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmiş, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfi zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmiş, hətta apellyasiya icraatı zamanı əvvvəlki məhkəmə baxış iclası gedişində müdafiə tərəfi barışıq üçün 20.000 manat pul ödənilməsini təklif etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi buna razı olmamış, heç cür barışıq əldə edilə bilinməyəcəyini qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İsmayılov Əlvan Heybət oğluna ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, bu zaman işin faktiki halları və cinayətin ictimai təhlükəliliyi düzgün qiymətləndirilmiş, nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Göründüyü kimi apellyasiya şikayətində göstərilən hallar artıq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq, İsmayılov Əlvan Heybət oğluna ədalətli əsas və əlavə cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İsmayılov Əlvan Heybət oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzasnın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə İsmayılov Əlvan Heybət oğluna təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir, təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum olunmuş şəxs İsmayılov Əlvan Heybət oğlunun hüquqları məhkəmə ilkin baxış iclasında və ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə baxış iclasında müdafiə edilmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALIR:

Məhkum edilmiş şəxs İsmayılov Əlvan Heybət oğlunun müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İsmayılov Əlvan Heybət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum olunmuş şəxs İsmayılov Əlvan Heybət oğlunun hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar