Məhkəmə qərarları › İş №1(3-6)-642/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-642/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-642/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X2), ## ###### 2000-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Mirzə Əsədulla küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində 1 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, sonuncu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun məhkəmə iclas zalında həbs edilməsi, barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmış, maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq hər biri bir ədəd bükümdə, müvafiq olaraq təmiz çəkiləri 1,046 qram və 1,404 qram olmaqla, xeyli miqdar təşkil edən, kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamin və narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən *** saylı orta məktəbin yaxınlığına daşımışdır. Həmin kütlələr ## ###### 2024-cü il tarix, saat 01:40-da təqsirləndirilən şəxsin həmin yerdə özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirilməsindən sonra orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Müdafiəçi müdafiəçi2 həmin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətində onun təqsirləndirilən şəxs barəsində daha yüngül cəza növü təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun iş üzrə törətdiyi cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olması, əvvəllər məhkum olunmaması, evli olması, arvadının hamilə olması və yaşlı valideynlərinə qayğı göstərməsini nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib dəyişdirilməklə təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi müdafiəçi2 verdiyi apellyasiya şikayətinin dəlilini yalnız təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ədalət və humanizm prinsiplərinə uyğun olmaması təşkil edir, orada iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması, düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi və ya törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı hər hansı hal mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin hüduduna uyğun olaraq, birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin yuxarıda göstərilən dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən hal müəyyən etməmiş, onun evli olması və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqının əvvəlində verdiyi ifadələrində iş üzrə törətdiyi cinayət əməlini etiraf edib, ondan səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Birinci instansiya məhkəməsi bu halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun ibtidai istintaq zamanı və məhkəmə istintaqının əvvəlində verdiyi ifadələrində iş üzrə törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almasa da, həmin Məcəllənin 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni həmin əməlin təmiz çəkiləri müvafiq olaraq 1,046 qram və 1,404 qram təşkil edən metamfetamin və heroinə münasibətdə törədilməsini, şəxsiyyətini, evli olması və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirləndirilən şəxs barəsində məhz azadlıqdan məhrum etmə cəzasını 1 il 4 ay müddətə təyin edərkən haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Göstərilənlərə əsasən müdafiəçi müdafiəçi2 verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçi müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 20 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 220 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar