Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-664/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Zamanlı İsmayıl Rafail oğlu və onun müdafiəçisi – “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Zamanlı İsmayıl Rafail oğlu və onun müdafiəçisi müdafiəçi2 (bundan sonra – müdafiəçi) ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər: X10 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) ## ###### 1992-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Sədərək” Ticarət Mərkəzinfə satıcı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu, ev 37a ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı istintaq təcridxanasında saxlanılan Zamanlı İsmayıl Rafail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 16 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin ## ######## 2024-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, maddi sübutlarla bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə Zamanlı İsmayıl Rafail oğlu (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, İran İslam Respublikasının Qəzvin şəhərində yerləşən "İmam Xomeyni” adına Beynəlxalq Universitetdə təhsil aldığı dövrdə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin "ETTELAAT” nümayəndəsi X1 tərəfindən 2018-ci ilin oktyabr ayında məxfi əməkdaşlığa cəlb olunaraq, sonuncudan 2018-2023-cü illər ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün Azərbaycan Respublikasında yerləşən hərbi təyinatlı obyektlər, xidmət etdiyi hərbi hissələrin dislokasiyası, şəxsi heyətin sayı, hərbi texniki və silah təchizatı, Azərbaycan-İsrail əlaqələri barədə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə müraciət etməklə könüllü adı altında hərbi xidmətə cəlb olunaraq tətbiq olunan silah və ağır döyüş texnikaları, əks-hücum əməliyyatlarının vaxtı və istiqamətləri, əhalinin, xüsusən də cənub bölgəsindən olan sakinlərin müharibəyə dair fikirləri, xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası tərəfindən müharibədə iştirak edib-etməmələrinə dair, habelə ## ###### 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının Tehran şəhərində yerləşən Səfirliyinə və həmin ilin 28 mart tarixində dövlət xadimi Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktına cəmiyyətin münasibəti, həmin cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar haqqında məlumatları toplayıb İran İslam Respublikası vətəndaşı X3 vasitəsilə xarici xüsusi xidmət orqanına ötürülməsi, eyni zamanda hərbçi tanışlarının İran İslam Respublikası ərazisində məxfi əməkdaşlığa cəlb olunmaları məqsədilə onların əlaqəsinə verilməsinə dair tapşırıqlar almışdır. İsmayıl Zamanlı xarici xüsusi xidmət orqanının nəzarəti altında aldığı həmin tapşırıqların icrası istiqamətində tamah niyyəti ilə gizli fəaliyyət göstərərək 2018-ci ilin oktyabr ayında İran İslam Respublikasının Qəzvin şəhərində olarkən xarici xüsusi xidmət orqanı əməkdaşı X1 ilə görüşərək orada təhsil alan azərbaycanlı tələbələrin həmin ölkə ilə bağlı fikirlərinə dair əldə etdiyi məlumatları ona vermiş, 2019-cu ilin ortalarında Dövlət Sərhəd Xidmətinin Zaqatala və Yevlax rayonlarına dislokasiya olunmuş "N" saylı hərbi hissələrində xidmət etdiyi dövrdə mobil telefonunun "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı "ETTELAAT"la əlaqəli X3 həmin hərbi hissənin şəxsi heyətinin sayı, hərbçilərin silah-sursat təchizatı və hərbi qulluqçuların hərbi şəhərcikdə yerləşən mənzilləri barədə topladığı məlumatları ötürmüş, o cümlədən əsgər şahid2 maddi qazanc vəd edərək məxfi əməkdaşlığa cəlb olunması üçün İran İslam Respublikasında həmin ölkənin xüsusi xidmət orqanları nümayəndələri ilə görüşməyi təklif etmiş, hərbi hissədə R rütbəsində xidmət edən X7 xarici xüsusi xidmət orqanının əlaqəsinə verilməsi üçün mobil telefon nömrəsini əldə edərək eyni üsulla 2020-ci ilin iyul ayında X3 təqdim etmiş, 2022-2023-cü illərdə Bakı səhərinin Qala qəsəbəsində yerləşən Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodromun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə Nazirliyinin, Milli Məclisin inzibati binalarının, o cümlədən digər strateji obyektlərin foto və video çəkilişlərini apararaq həmin görüntüləri, eləcə də İran İslam Respublikasının Tehran şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirliyinə və dövlət xadimi Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktları ilə əlaqədar ölkədəki ictimai-siyasi vəziyyət, baş vermiş terror hadisələrinə cəmiyyətin münasibəti və sair barədə topladığı məlumatları 2023-cü ilin mart ayının sonlarında Bakı şəhərində mobil telefonunun "WhatsApp" ani mesajlaşma tətbiqi və "Telegram" sosial şəbəkəsi üzərindən X3 vasitəsilə xarici xüsusi xidmət orqanı olan "ETTELAAT”a ötürməklə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirib casusluq edərək qəsdən dövlətə xəyanət etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində həmin məhkəmə hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmü işin faktiki hallarının tam araşdırılmaması, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış, hər hansı hüquqi əsası olmayan sübutlara və şahid ifadələrinə əsaslanması səbəbindən qanunsuz və ədalətsiz hesab edir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsinin motivi müəyyən edilməmiş, onun məhkəmə istintaqı zamanı verdiyi vəsatətlər təmin edilməmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin əcnəbi şəxslərdən pul vəsaitləri almaması, xarici ölkəyə rəğbətinin, öz millətinə və dövlətinə isə nifrəti olmamasını təkzib edən hər hansı sübut mövcud deyildir. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş əməlləri 2018-2023-cü illərdə törətməsi qeyd edilsə də, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarında sonuncu barəsində əməliyyat-axtarış tədbirlərinin 2024cü ilin avqust ayında başlanıldığı göstərilmişdir. Bu hal təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını şübhə altına alır. İbtidai istintaq orqanının maddi sübut kimi tanıdığı, təqsirləndirilən şəxsə məxsus olan “Samsung Galaxy S24” markalı mobil telefondan aşkar edilmiş, sonuncunun İran İslam Respublikasının XXO əməkdaşı olan X8 müxtəlif tarixlərdə müxtəlif sosial şəbəkələr vasitəsilə göndərdiyi məlumatların həcmi həmin məlumatların ittiham aktında qeyd edilən videogörüntülər və fotoşəkillərdən ibarət olmasını ehtimal etmək üçün kifayət qədər azdır. İş üzrə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 274cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxsr və onun müdafiəçisi apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməsi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlinə münasibətdə təqsirini sübuta yetirməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3cü maddələrində nəzərdə tutulmuş gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin məhkəmə hökmü ilə təqsirli bilindiyi cinayət əməlini törətməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, hər hansı qanun pozuntusuna yol verilmədən cinayət işi materiallarına əlavə edilmiş, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etdiyi, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən,: - təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hər hansı təsirə məruz qalmadan, müdafiəçisinin iştirakı ilə ## ######## 2024-cü il tarixdə şübhəli şəxs, 21 sentyabr, 24 sentyabr, 25 oktyabr və ## ###### 2024-cü il, 06 yanvar və ## ##### 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələri (İ cild, səh. İ cild, səh. 45-49, 64-68, 95- 100, 155-157, 170-172, 224-226, II cild səh. 65-70), barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimata ## ######## 2024-cü il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında verdiyi izahatı (həmin məhkəmənin ## ######## 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı əsasında - İ cild, səh. 78-81) və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələri və ## ######## 2024-cü il tarixli ərizəsi (İ cild, səh. 22) ilə yanaşı, - şahidlər şahid2 və şahid1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri, ibtidai istintaq zamanı şahid2 təqsirləndirilən şəxslə üzləşdirilərkən, şahid qismində dindirilmiş şahid3 isə dindirilərkən verdikləri, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri (İ cild, səh. 151-153), - “Baxış keçirilməsi haqqında” və “Əşyanın təhvil verilməsi haqqında” ## ######## 2024cü il tarixli protokollar (İ cild, səh. 12-15, 23), “Baxış keçirilməsi haqqında” 07 oktyabr, ## ###### 2024, 21 yanvar, 05 fevral, ## #### 2025-ci il tarixli protokollar (İ cild, səh. 128-132, 201, II cild, səh. 5-30, 39, 58), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Səbail rayon İdarəsinin ## ######## 2024-cü il tarixli arayışı, 10 oktyabr, 18 oktyabr, 28 noyabr və ## ###### 2024-cü il, 15, 16 və 21 yanvar, ## ###### 2025-ci tarixli məktubları (İ cild, səh. 9, 10, 139, 140, 143, 144, 189, 208, 252, 253, II cild, səh. 1, 4, 31, 40, 42), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Hərbi Əks-Kəşfiyyat baş idarəsinin ## ###### 2024-cü il tarixli məktubu (İ cild, səh. 198), fotoşəkil üzrə tanınma haqqında ## ####### 2024 və ## ###### 2025-ci il tarixli protokollar (İ cild, səh. 158-161, 220-223) (məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur) ilə müəyyən edilmiş hallar və maddi sübutlarla tam sübuta yetirilmişdir. Buna görə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Təqsirləndirilən şəxsin və müdafiəçinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlilləri yuxarıda iş materiallarında olduğu qeyd edilən sübutlar və onlar əsasında müəyyən edilmiş işin faktiki halları ilə tam təkzib edildiyinə görə əsassızdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 274-cü maddəsinin sanksiyasında müvafiq cinayət əməlinə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsindən ibarət cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 274-cü maddəsinin yol verdiyi orta həddə təyin etdiyinə, ona daha aşağı həddə və ya qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində təyin etdiyi cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və ya həddinə münasibətdə yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və müdafiəçisinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli Qərarının 1-ci bəndinə əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı əsasında dövlət hesabına müdafiəçi təyin edilmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi, ağlabatan qaydada müəyyən edilmiş cəmi 10 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 110 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Zamanlı İsmayıl Rafail oğlu və onun müdafiəçisi X9 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Zamanlı İsmayıl Rafail oğluna göstərdiyi hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-664/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-664/2026
18.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver