Məhkəmə qərarları › İş №1(3-6)-677/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-677/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-677/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun nümayəndəsi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə İmaməli oğlunun, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, ## ###### 1982-ci il tarixdə Ağcabədi rayonu, Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 186.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)- **/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər Eldar İsmayılov, Səbinə Məmmədzadə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 260.4-cü maddəsinin Təqsirləndirilən şəxs ittihamından çıxarılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının # #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiasının tam təmin edilməsi, 583.393 manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulması, iş üzrə məhkəmə xərcləri və maddi sübutun olmamasının nəzərə alınması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs alkoqolizmdən müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və onun ərazi nakoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozunun ərazisində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi ilə məxsus olan, meşə fonduna daxil olmayan 20 hektar sahəsi olan zeytun bağına hasardan aşıb daxil olduqdan sonra orada olan quru otları bağın içərisində bir yerə toplayıb özü ilə gətirdiyi alışqanla qəsdən yandırıb həmin otlardan çıxan alovun küləkli hava şəraitində bir-birindən təxminən 4-5 metr məsafədə əkilmiş 7 illik bar verən zeytun ağaclarına yayılıb ağacların yanmasını gözləməklə 5092 ədəd (beş min doxsan iki) ədəd zeytun ağac və tinglərindən 4154 (dörd min yüz əlli dörd) ədədini qəsdən yandıraraq məhv edib zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ümumilikdə 582.520 (beş yüz səksən iki min beş yüz iyirmi) manat, xüsusilə külli miqdarda ziyan vurub əmlakını qəsdən məhv etmişdir. Hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı ##.##.2026-cı il tarixli hökmünü dəyişdirib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.3-cü maddəsində göstərilən cəzanın son həddinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Məhkəmənin təyin etdiyi cəza cinayətin ağırlığına və Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun deyil. Məhkəmə məhkuma aşağı həddə cəza təyin etdiyinə görə bu hissədə hökmlə razı deyildir və hesab edir ki, hökm dəyişdirilərək Təqsirləndirilən şəxs CM-nin 186.3- cü maddəsində göstərilən son həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 186.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 186.1 və 186.2- ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmadığını müəyyən etmişdir. Lakin Təqsirləndirilən şəxs törətdiyi cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Nəzərə alınmalıdır ki, cinayətin ağır nəticələrə səbəb olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən edərkən qanunverici konkret cinayət nəticəsində ictimai münasibətlərə eyni növdən olan digər cinayətlərə nisbətən daha ağır ziyanın vurulmasını, bu zaman cinayətkar qəsdə məruz qalan obyektin mühümlüyünü və digər amilləri nəzərə almışdır. Ağır nəticələr konkret cinayət tərkiblərinə alternativ əlamət kimi daxil edildikdə və təqsirkarın əməlində bu əlamətlərdən iki və ya daha çoxu mövcud olduqda, məhkəmə cəza təyin edərkən bu əlamətləri məsuliyyəti ağırlaşdıran bir hal kimi qiymətləndirir. Ağır nəticələr həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə ola bilər. Ona görə də qəsdin formasından asılı olmayaraq törədilmiş cinayət ağır nəticələrə səbəb olmuşsa və əməllə nəticə arasında səbəbli əlaqə mövcuddursa və belə nəticə təqsirkarın şüuru ilə əhatə olunmuşdursa, bu, ağırlaşdırım hal hesab oluna bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət ağır nəticələrə səbəb olmuşdur.O, cinayət törədərkən sərxoş vəziyyətdə olduğunu göstərmişdir. Cinayəti sərxoş halda törətməsi təqsirkarın şəxsiyyətinin təhlükəliliyini xarakterizə edən hal kimi nəzərə alına bilər və buna görə də cəza ağırlaşdırıla bilər. Bundan başqa bildirir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu fərdi evdə yaşayan şahid2 İbtidai istintaq zamanı şahid qismində dindirilərək ifadə vermiş, ifadəsində mənə məxsus bağa qulluq etdiyini, bağdakı mənə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşadığını, bağın Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını, onun hərəkətlərinin video kameradan aöründüvünü bildirmişdir. ##.##.2026-cı il tarixdə keçirilən prosesindən sonra şahid2 Bakı Ağır Cinayətlər Məhkəməsinin qapısından çölə çıxan zaman məhkum Təqsirləndirilən şəxs Teymur oğlunun anası, arvadı və özünü Təyyarın dayısı kimi təqdim edən şəxs Elməddinə hədə qorxu gəldilər, dayısı Elməddinin yaxasından tutub ona dedi ki, “Sən həmin bağdan çıxmalısan, bir daha oraya qayıtmamalısan, mənim 7 oğlum var, başına oyun açaeağıq, bağdan rədd ol get, əks halda sənin də, uşaqlarının başını kəsəcəyik”. Ağır Cinayətlər Məhkəməsinin ətrafında olan video kameralarda bu görüntülər vardır. Həmin cinayət işi üzrə digər şahid. Gəncə şəhəri, Kəpəz rayonu. İstambul küçəsi ** nömrəli evdə qeydiyyatda olan, mənə məxsus bağın qonşuluğunda yerləşən fərdi yaşayış evində yaşayan Babayev İmran Nəriman oğlu və taksi sürücüsü da bizim yanımızda idi və hadisənin şahididirlər. Bundan sonra ## ##### 2026-cı il tarixdə səhər 7:30-da Təqsirləndirilən şəxs anası *** *** ** ** nömrəli mobil telefondan şahid2 istifadəsində olan *** *** ** ** nömrəli telefona zəng edərək mənə məxsus bağdan onun ailə üzvləri ilə birlikdə çıxıb getməyini tələb etmiş, əks halda xarici ölkə vətəndaşları vasitəsilə onun, ailə üzvlərinin başına oyun açacağını, onun və uşaqlarının başlarını kəsdirəcəyini demişdir. şahid2 məhkum Təqsirləndirilən şəxs Teymur oğlunun anası, arvadı və özünü dayısı kimi təqdim etmiş şəxsin hədələrini real təhlükə kimi qəbul edərək həmin şəxslər haqqında qanuni tədbir görülməsinə dair ərizə ilə ##.##.2026cı il tarixdə Nəsimi rayon polis idarəsinə müraciət etmişdir. Qeyd etdikləri Təqsirləndirilən şəxs şəxsiyyətinin təhlükəliliyini xarakterizə edən hal olduğunu sübut edir və bu ağırlaşdırım hal kimi nəzərə alınaraq onun cəzası artırılmalıdır. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmənin hökmü ədalətsiz olmuş, araşdırılma düzgün aparılmamışdır. Qeyd etmiş olduğu hallar nəzərə alınmamış, barəsində verilmiş ittiham qanunsuz və əsassızdır. Onun tərəfindən qeyd edilən həcmdə zərər törədilməmişdir. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə İmaməli oğlu apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək, məhkəmədən tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, təqsirləndirilən şəxs və müdafiəçisi təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərəçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini, həmçinin dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının cəza təyininə dair təklifi nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun təmin edilməsinə etirazının olmadığını bildirdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini CM-in 186.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın müddətinin artırılmasına, yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən halların mövcudluğunu, eləcə də ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayətində təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmamasını mübahisələndirməmiş, yalnız ona təyin edilmiş cəza məsələsini mübahisələndirmişdir. Təqsirləndirilən şəxsə təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, şikayət təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək törətdiyi cinayətin halları haqda ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə vermişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 186.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs CM-in 186.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar