Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-703/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə (hakimlər: X5 (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və X3 ibarət tərkibdə) ## #### 1978-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, həmçinin maddi sübutlar və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd kisədə, cəmi 11 ədəd bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 1000 qram, 1005 qram, 1005 qram, 1015 qram, 1040 qram, 1045 qram, 1050 qram, 1050 qram, 1055 qram və 1090 qram olmaqla, ümumi təmiz çəkisi 11345,00 qram, yəni külli miqdar təşkil edən, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, idarə etdiyi “Ravon” markalı, **-UE-*** qeydiyyat nişanlı avtomobildə (bundan sonra – həmin avtomobil) saxlamaqla, Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı magistral yolu, Sulutəpə dairəsinin yaxınlığına daşımışdır. Göstərilən kütlələr ## #### 2025-ci il tarix, saat 22:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra - BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunmuş ünvanda saxlanılmasından sonra saat 22:48-dən başlayaraq onun razılığı və iştirakı ilə həmin avtomobilə baxış keçirilən zaman sağ arxa oturacağının üzərindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətində onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində şəxsi istifadəsi üçün əldə etdiyi 100 qram qurudulmuş marixuana olmuşdur. Lakin polis əməkdaşları guya onun istifadəsində olan avtomobildən ümumi təmiz çəkisi 11345,00 qram qurudulmuş marixuana aşkar edilməsi barədə uydurma videoçəkiliş aparmış, bu zamanı ona törətmədiyi əməli etiraf etməsi və müvafiq sənədlərə imza etməsi üçün təzyiq göstərmişlər. İbtidai istintaq zamanı onun narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmasına dair sübut əldə edilməmişdir. Birinci instansiya məhkəməsi ona cəza təyin edərkən himayəsində bir azyaşlı olması və onun ailəsinə yeganə qazanc gətirən şəxs olmasından ibarət yüngülləşdirici halları nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürüb, onu və barəsində toplanmış cinayət işi materiallarını həmin maddələrlə məhkəməyə vermiş, birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bağlı bəndi çıxartmış, sonuncunu həmin Məcəllənin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, ittiham tərəfi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir. Təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, onun təqsirli bilindiyi cinayət əməlinə münasibətdə təqsirini sübuta yetirməməsi və törətdiyi cinayət əməlini düzgün tövsif etməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarında göstərilmişdir ki,: - təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. - Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. - Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanıb, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi tam etirafedici izahat və ifadələrinin, eləcə də, onlara uyğun olaraq, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimata ## #### 2025-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən verdiyi izahatının məzmununu ibtidai istintaqın sonunda və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində dəyişdirməsinin səbəblərini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin, həmçinin, apellyasiya şikayətinin ibtidai istintaqın ilkin mərhələsində polis əməkdaşları tərəfindən ona qarşı psixi təsir edilməsinə görə məcburiyyət qarşısında qalıb, irəli sürülmüş ittihamda göstərilmiş narkotik vasitələrin özünə aid olması barədə etirafedici ifadələr verməsi, tərtib edilmiş ifadələrinə imza etməsi barədə olan dəlillərini cinayət işi materialları əsasında araşdıraraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi izahat və ifadələrində, həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli iclasında verdiyi izahatında polis əməkdaşlarının ona qarşı hər hansı formada təsir etməsini göstərməmiş, ibtidai istintaqın sonunda müdafiəçisi ilə birlikdə cinayət işi materialları ilə tanış olduqdan sonra bunun əksini təşkil edən vəsatət verməmiş, cinayət işi materialları ilə tanış olması barədə ## ###### 2026-cı il tarixli protokola (İ cild, səh. 206, 207) yalnız iş üzrə aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etdiyinə görə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi barədə şəxsən qeyd etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə polis əməkdaşlarının ona qarşı fiziki zor tətbiq etmədiklərini, onu avtomobilinə qoyduqları narkotik vasitələrin özünə aid olması barədə ifadə verməzsə, yalnız ailə üzvlərini də polis idarəsinə gətirəcəkləri ilə hədələdiklərinə görə məcburiyyət qarşısında qalıb, ibtidai istintaqın ilkin mərhələsində həmin narkotik vasitələrin özünə aid olması barədə etirafedici izahat və ifadələr verdiyini, bu barədə tərtib edilmiş protokolları imzaladığını göstərmiş, polis əməkdaşlarının ona etirafedici məzmunda ifadələr verməsi ilə bağlı psixi formada təsir göstərilməsi barədə hər hansı dövlət orqanına və ya məhkəməyə şikayət verməmişdir. Müdafiə tərəfi ibtidai istintaq orqanına və məhkəməyə polis əməkdaşlarının təqsirləndirilən şəxsə etirafedici ifadələr verməsi ilə bağlı psixi təsir etməsini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, R Namiq Məmmədovun ***-C-** nömrəli araşdırma materialı üzrə qəbul etdiyi ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Bakı istintaq təcridxanasının təqsirləndirilən şəxsin tibb-sanitar hissədə müayinəsi zamanı sağ çiyninin ön nahiyyəsi və kürəyinin sağ nahiyəsində qançırdan ibarət xəsarətlərin aşkar olunması barədə verdiyi məlumatı əsasında aparılmış araşdırma zamanı ona həmin xəsarətlərin BNMİ-nin əməkdaşları tərəfindən yetirilməməsi, ümumiyyətlə, BNMİ-nin əməkdaşlarının fiziki formada zor tətbiq etməməsinin müəyyən edilməsinə görə polis əməkdaşlarına münasibətdə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsə həmin xəsarətlərin hansı şəraitdə yetirilməsinin araşdırılması məqsədilə müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun aidiyyəti idarəsinə göndərilmişdir. Göstərilənlərə uyğun olaraq, apellyasiya şikayətinin və təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəsinin sonuncudan ibtidai istintaqın ilkin mərhələsində polis əməkdaşları tərəfindən psixi zor tətbiq edilməklə etirafedici izahat və ifadələrin alınması barədə olan dəlilləri iş materialları ilə tam təkzib edildiyinə görə əsassızdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi, yuxarıda göstərilən etirafedici izahat və ifadələrini, eləcə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələrini sübut kimi qiymətləndirməkdə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin isə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan, işin aşağıda göstərilən sübut növləri əsasında müəyyən edilmiş faktiki hallarına zidd olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq xarakterli kimi qiymətləndirib, sübut kimi nəzərə almamaqda haqlı olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməl üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuananın külli miqdarının (qramla) aşağı və yuxarı hədləri müvafiq olaraq 500 qram və 50000 qramdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin idarə etdiyi həmin avtomobildən aşkar edilmiş, ümumi təmiz çəkisi 11345,00 qram təşkil edən qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etməsi, həmin avtomobildə saxlaması və daşıması həmin narkotik vasitənin təmiz çəkisinin külli miqdarından 2 dəfədən çox və 11 ədəd bağlamalarda olması ilə yanaşı, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, hər hansı qanun pozuntusuna yol verilmədən cinayət işi materiallarına əlavə edilmiş, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etdiyi, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən,: - özünün ibtidai istintaqın ilkin mərhələsində hər hansı təsir olmadan müvafiq olaraq 18 və ## #### 2025-ci il tarixlərdə videoçəkiliş aparılmaqla həmin avtomobilə və təqdim edilmiş narkotik vasitələrə baxış keçirilərkən şifahi qaydada verdiyi izahatları (İ cild, səh. 10-12, 15-17), ## #### 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi yazılı ifadələri (İ cild, səh. 54-58, 69-73), barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimata Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən (həmin məhkəmənin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən – İ cild, səh. 89-93) verdiyi izahatında işin faktiki halları barədə qeyd etdiyi xüsusatlar, həmçinin, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələri, - məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin saxlanılması, həmin avtomobilə baxış keçirilməsində iştirak etmiş BNMİ-nin baş əməliyyat müvəkkili şahid4 verdiyi ifadələri, - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsinə dair” ## #### 2025-ci il tarixli və “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## #### 2025-ci il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər (İ cild, səh. 10-12, 15-17), - məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, */*** nömrəli rəyi (İ cild, səh. 42, 43) (məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur) və - iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın qalığı ilə tam sübut edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 234.4.3-cü maddəsinin sanksiyasında müvafiq cinayət əməlinin beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasından ibarət şəxsiyyətini xarakterizə edən halı, hazırki iş üzrə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, xüsusilə də, idarə etdiyi həmin avtomobildən aşkar edilmiş narkotik vasitənin təmiz çəkisinin 11345,00 qram olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün ona təqsirli bilindiyi 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını 6 il müddətə, yəni qanunun yol verdiyi ən aşağı həddə yaxın müddətə təyin etməklə, həmin Məcəllənin 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyası həm yuxarıdakı sonuncu abzasda göstərilənlərə, həm də təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasın mövcud olmamasına görə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində təyin etdiyi cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və ya həddinə münasibətdə yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 12 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 132 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-703/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-703/2026
29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver