Məhkəmə qərarları › İş №1(3-6)-714/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-714/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-714/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi ilə), ## #### 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, hazırda məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası ## ###### 2026-cı il tarixli amnistiya qərarı nəzərə alınmaqla Səbail rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 01 ay 05 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəmi 18 gün azadlıqdan məhrum etmə cəzası ilə tam toplanmaqla 02 il 18 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və çəkilmiş 18 gün azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor, silah və ya silah qismində istifadə edilən əşyanı tətbiq etməsi ilə müşayiət edilən qərəzli hərəkətlər–xuliqanlıq etmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 01:25 radələrində alkoqol sərxoşluğu vəziyyətdə ünvan 2 ünvanda yerləşən «Flay Bar» restoranın qarşısına gələrək sərxoş vəziyyətdə həmin restorana daxil olmaq istəyərkən restoranda mühafizəçi işləyən Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olması və restoranın qaydalarına əsasən ailəli şəkildə gələ biləcəyini dedikdə, bunu özü üçün qəbuledilməz hal hesab edib, əsassız mübahisə yaradaraq öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai yerdə digər müştərilərin də narahatçılığına, habelə həmin restoranın normal iş fəaliyyətinin pozulmasına səbəb olan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə üzərində gəzdirdiyi mətbəx bıçağını silah qismində istifadə edərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs müqavimət göstərib həmin bıçaqla sonuncuya bir dəfə vuraraq döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq olunaraq dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə Səbail rayon məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzanı (01 il 09 ay azadlığın məhdudlaşdırılması) tam və qismən toplamalı olduğu halda, CM-in 66.5-ci maddəsinin tələblərini pozaraq yalnız çəkilmiş cəzanı (01 ay 5 gün) tam toplamışdır. Məhkəmə tərəfindən CM-in 66.5-ci maddəsinin tətbiqində yuxarıda qeyd olunan pozuntuya yol verilməklə yanaşı, topladığı çəkilmiş cəzanın hədləri müəyyən edilərkən də, səhvə yol verilmişdir. Belə ki, məhkəmə ## ####### 2025-ci il tarixli hökm üzrə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) həbsdə saxlanıldığı 2 günü CM-in 69.3-cü maddəsinə əsasən qəti cəza müddətinə hesablamamışdır. Məhkəmə həmçinin, hökmdə cəzanın çəkilmiş hissəsi kimi yalnız ## ###### 2025-ci il tarixə qədər olan müddəti hesablamışdır. Halbuki, təqsirləndirilən şəxs barəsində amnistiya aktı faktiki olaraq ## ###### 2026-cı il tarixdə tətbiq edilmiş, yəni ## ###### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək çəkilmiş real cəza müddəti hesaba alınmamışdır. Bununla da, məhkəmə tərəfindən cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Protest müəllifi birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 221.3cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Protest müəllifinin iddiası birinci instansiya məhkəməsi tərəfindən cəza müddətlərinin hesablanması zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə bağlı olmuşdur. Protestin dəlillərini cinayət işinin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 2 gününə 1 gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 il 8 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, “Amnistiya aktının tətbiq edilməsi haqqında” Ədliyyə Nazirliyi Bakı Şəhəri Probasiya Idarəsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixədək çəkilməmiş 01 il 07 ay 21 gün azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Həmin tarixə məhkum Təqsirləndirilən şəxs çəkilmiş cəzası isə 01 ay 05 gün azadlığın məhdudlaşdırılması cəzası təşkil edir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Səbail Rayon məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzanı tam və qismən toplamalı olduğu halda, CM-in 66.5-ci maddəsinin tələblərini pozaraq yalnız çəkilmiş cəzanı (01 ay 5 gün) tam toplamışdır. Məhkəmə tərəfindən CM-in 66.5-ci maddəsinin tətbiqində yuxarıda qeyd olunan pozuntuya yol verilməklə yanaşı, topladığı çəkilmiş cəzanın hədləri müəyyən edilərkən də, səhvə yol verilmişdir. Belə ki, məhkəmə ## ####### 2025-ci il tarixli hökm üzrə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) həbsdə saxlanıldığı 2 günü CM-in 69.3-cü maddəsinə əsasən qəti cəza müddətinə hesablamamışdır. Məhkəmə həmçinin, hökmdə cəzanın çəkilmiş hissəsi kimi yalnız ## ###### 2025-ci il tarixə qədər olan müddəti hesablamışdır. Halbuki, təqsirləndirilən şəxs barəsində amnistiya aktı faktiki olaraq ## ###### 2026-cı il tarixdə tətbiq edilmiş, yəni ## ###### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək çəkilmiş real cəza müddəti hesaba alınmamışdır. Bununla da, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 21-ci bəndinə görə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Plenumun qərarından bəlli olur ki, həbs qətimkan tədbirinin seçilməsi cəza müddətinin axımını dayandırır. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Odur ki, verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini məhkəmə kollegiyası rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəmi 10 ay 15 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası əhatə etmək yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 02 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzası 02 günü 01 gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəmi 01 ay 04 gün 2 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində 1 il 10 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 4 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 10 (on ) ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar