Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-730/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “Fides” Vəkil Bürosunun vəkili müdafiəçi2 və tərcüməçi X7 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 (bundan sonra – müdafiəçi) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər: Əsgərova-X8 (sədrlik edən), X1 və X4 ibarət tərkibdə) ## ### 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbirlər təyin edilməsi qərara alınmış, həmçinin maddi sübutlar və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 5,639 qram, yəni külli miqdar təşkil edən psixotrop maddə metamfetamini əldə etmiş, əynindəki şalvarın sol yan cibində saxlayıb, Bakı şəhəri, Nizami rayonu ərizisinə daşımışdır. Həmin kütlə Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarix, saat 19:40da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra – BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanı yaxınlığında saxlanılıb, BMCMİ-yə gətirilməsindən sonra orada həmin tarix, saat saat 21:49-dan başlayaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı saxladığı göstərilmiş yerdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Müdafiəçi həmin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətində onun ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəarət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin milliyətcə rus olmasına və ana dilinin rus dili olmasına baxmayaraq, ibtidai istintaq dövründə ona azərbaycan dilini mükəmməl səviyyədə bilməyən və ali təhsilini rus dilində alan Gürcüstan Respublikasının vətəndaşı Djemal Badalov təyin olunmuşdur. Buna görə də sonuncunun ittihamın mahiyyətini və digər prosessual sənədlərin məzmununu tam şəkildə təqsirləndirilən şəxsə tərcümə edərək çatdırması mümkün olmamış, onun təyin olunması formal xarakter daşımışdır. Həmçinin, cinayət işinin materiallarında Djemal Badalovun azərbaycan dilini mükəmməl səviyyədə bilməsini təsdiq edən sənəd mövcud deyildir. Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin saxlanılması zamanı orada üzərinə şəxsi axtarışın keçirilməsinin qeyri-mümkün olmasını konkret səbəblərini göstərməklə əsaslandırmamışdır. Şəxsin saxlanılmasından 2 saat sonra ibtidai istintaq orqanının inzibati binasında şəxsi axtarışa məruz qalması həmin müddət ərzində ona kənar müdaxilə edilməsi ehtimalını istisna etmədiyinə və aşkar edilmiş narkotik vasitənin mənşəyi ilə bağlı əsaslı şübhə yaratdığına görə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol mötəbər sübut hesab edilə bilməz və ittihamın əsasını təşkil edə bilməz. Şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntüdən görünür ki, təhqiqatçı bütün prosessaul hərəkətləri Azərbaycan dilində aparmış, lakin deyilənlər və tərtib olunan sənədlərin məzmunu təqsirləndirilən şəxsə tərcümə edilməmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxsə dövlət hesabına təyin edilmiş müdafiəçinin mövcudluğu da formal xarakter daşımış, keçmiş müdafiəçi istintaq orqanın yol verdiyi prosessual pozuntulara müdaxilə etməmiş, təqsirləndirilən şəxsə lazımi və effektiv hüquqi yardım göstərməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş, onu və barəsində toplanmış cinayət işi materiallarını həmin maddə ilə məhkəməyə vermiş, birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsin törətməsini müəyyən etdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edib, onu sonuncu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, ittiham tərəfi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir. Beləliklə, müdafiəçinin verdiyi apellyasiya şikayətinin dəlillərini ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçinin hüquqi yardımından və tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqlarının pozulması, birinci instansiya məhkəməsinin bu halı nəzərə almaması, sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlinə münasibətdə təqsirini sübuta yetirməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işi materiallarından görünür ki, iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin milliyyətcə rus olmasını nəzərə alıb, ## #### 2025-ci il tarixli qərarlarla təqsirləndirilən şəxsə Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X2 müdafiəçi qismində, Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilən X6 isə tərcüməçi qismində təyin etmiş, təqsirləndirilən şəxslə bağlı onun həm şübhəli, həm də təqsirləndirilən şəxs statusunda olarkən aparılmış bütün istintaq hərəkətləri və prosessual məcburiyyət tədbirlərində müdafiəçisi və tərcüməçinin iştirakını təmin etmiş, beləliklə də, təqsirləndirilən şəxsin müdafiəçinin hüquqi yardımından və tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqlarını pozmamışdır. Bu hallar müdafiəçi və tərcüməçinin cinayət işi materiallarında olan, məhkəməyədək icraat dövründə tərtib edilmiş sənədləri şəxsən imzalamaları ilə təsdiq edilir. Məhkəməyədək icraat dövründə tərcüməçi qismində iştirak etmiş X6 Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməsi ## ###### 2019-cu il tarixli sertifikatda onun ## ###### 2015-ci il tarixdən ## ###### 2018-ci il tarixədək “Şəms Tərcümə Xidmətləri Mərkəzi”ndə Azərbaycan-Rus-Gürcü dilləri üzrə qarşılıqlı yazılı və şifahi ardıcıl tərcümə xidmətlərinin ixtisaslaşdırılmış tərcüməçilik kursunu müvəffəqiyyətlə bitirməsinin və müvafiq əmək müqaviləsi bildirişində onun ## ###### 2015-ci il tarixdən “Şəms Tərcümə Xidmətləri Mərkəzi”ndə tərcüməçi işləməsinin göstərilməsi ilə sübut edilir. İş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsi təqsirli bildiyi əməl üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddədir. Metamfetaminin külli miqdarının aşağı həddi 2,0 qramdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən bir ədəd bükümdə aşkar edilmiş, təmiz çəkisi 5,639 qram olan metamfetaminin özünə aid olması birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, hər hansı qanun pozuntusuna yol verilmədən cinayət işi materiallarına əlavə edilmiş, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etdiyi, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən,: - təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçisinin iştirakı ilə, hər hansı qanunsuz təsir olmadan ## #### 2025-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən şübhəli şəxs qismində şifahi qaydada verdiyi izahatı və bundan sonra verdiyi izahatı (İ cild, səh. 57-59), ## #### 2025-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (İ cild, səh. 78-81, 104-107) iş üzrə üzərindən bir ədəd bükümdə aşkar edilmiş metamfetamini ## #### 2025-ci il tarix, axşam saatlarında yaşadığı ünvan 1 ünvanının yaxınlığında məişət tullantıları olan sahənin yanından keçərkən tapması, gələcəkdə istifadə etmək üçün şalvarının cibinə qoyması, iş üzrə saxlanılması anına qədər üzərində saxlaması və uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan, bəzi hallarda metamfetamindən istifadə etməsini bildirməsi ilə yanaşı, - məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş BMCMİ-nin əməliyyat müvəkkilləri şahid2 və X5 verdikləri ifadələri, - “Şəxsi axtarış və götürmənin keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü (İ cild, səh. 40-43), - materialların məhkəmə ekspertizasının ## #### 2025-ci il tarixli, */**** nömrəli rəyi (İ cild, səh. 62, 63) (məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), - məhkəmə-narkoloji ekspertizasının ## #### 2025-ci il tarixli, **** nömrəli rəyində (İ cild, səh. 188, 189) müayinə zamanı təqsirləndirilən şəxsdə kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranmış asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar edilməsi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasının göstərilməsi və - iş üzrə maddi sübut qismində tanınmış metamfetamin qalığı ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs verdiyi bütün ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı fiziki formada zor tətbiq edilmədiyini göstərdiyinə, birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində isə məhkəməyədək icraat dövründə etirafedici ifadələr verməsinin polis əməkdaşlarının onu üzərinə qoyulmuş metamfetaminin özünə məxsus olmasını etiraf etməzsə, qardaşlarının da cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələməsi ilə bağlı olmasına dair özünü müdafiə etmək üçün dəlil irəli sürsə də, özü və ya müdafiəçiləri birinci və apellyasiya instansiyası məhkəmələrinə bu dəlili təsdiq edən sübutu təqdim etmədiyinə, eləcə də, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs və ya onun müdafiəçisi həmin dəlili irəli sürmədiklərinə, əksinə, təqsirləndirilən şəxs verdiyi ifadələrində polis əməkdaşlarının ona psixi formada qanunsuz təsir etmədiklərini bildirdiyinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi bütün etirafedici izahat və ifadələri, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokolu haqlı olaraq mötəbər sübutlar kimi qiymətləndirib, təqsirliliyinin müəyyən edilməsində nəzərə almışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı hər hansı pozuntuya yol verməmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Beləliklə, apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş faktiki halları və onlara dair verilmiş hüquqi qiymətləndirmə ilə tam təkzib edilir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 234.1-1-ci maddəsinin sanksiyasında müvafiq cinayət əməlinin üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını 3 il müddətə, yəni qanunun yol verdiyi ən aşağı həddə təyin etməklə, həmin Məcəllənin 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyası həm yuxarıdakı sonuncu abzasda göstərilənlərə, həm də təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasın mövcud olmamasına görə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində təyin etdiyi cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və ya həddinə münasibətdə yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-730/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-730/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver