Məhkəmə qərarları › İş №1(3-6)-735/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-735/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-735/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi3 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən, hakim X5) ## ### 1974-cü il tarixdə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ikinci qrup əlil, Göygöl şəhəri A.Ələsgər küçəsi, ev 16-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ## ### 2024-cü il tarixdən ## ### 2024cü il tarixədək bir gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Işin halları: təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ##.##.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Azər Manafov küçəsində yerləşən “Unibank” Biznes Mərkəzinin qarşısında onun tapdığı X1 məxsus “Redmi 9T” markalı mobil telefondan təqsirləndirilən şəxs1 “ABB Mobile” tətbiqi ilə Rəvaz Məlikova məxsus ****-****- ****-**** saylı əmək haqqı kartından ##.##.2023-cü il tarixdə saat 21:12 və 21:19-da iki bank əməliyyatı apararaq kartdan 1155,75 manat və 41 manat məbləğlərində pul vəsaitlərini onların cinayətkar niyyətlərindən xəbərsiz olan tanışları X2 məxsus “xxxx” ASC-yə aid ****- ****-****-**** saylı plastik kart hesabına köçürüb elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talamaqla Elman Bəşirovun vasitəsi ilə həmin kartdan pulu nağdlaşdırıb əldə edərək təqsirləndirilən şəxs1 ilə öz aralarından bölüb zərərçəkmiş şəxs X1 ümumilikdə vahid niyyətlə 1196,75 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini və təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, təqsirləndirilən şəxs2 telefonu oğurlamamışdır. Telefonu 90 manata almış və bu faktı zərərçəkmiş şəxs də telefonunu itirməsini deməsi ilə təsdiq edir və ibtidai istintaq da da belə izahat vermişdir. Telefonda aşkar edilmiş pulu mənimsəmək niyyəti olmamış və təqsirləndirilən şəxs1 təklif etmişdir ki, gəl gözləyək və telefonun sahibi tapılar və telefon sahibi telefonu ona qaytardığımıza görə onlara hədiyyə verər. Telefon sahibi tapıldıqdan dərhal sonra təqsirləndirilən şəxs2 zərərçəkmişə dəyən zərəri dərhal ödəmiş və istintaq orqanına pulu təhvil vermişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, müstəntiqə təhvil verdiyi pul müstəntiq tərəfindən mənimsənilmişdir. Baş vermiş "cinayət əməlinə" görə müstəntiq təqsirləndirilən şəxs2 heç vaxt ittiham verilməsi barədə məlumat verməmişdir və bildirmişdir ki, ziyan ödənilməklə işin icraatına xitam veriləcəkdir. Qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, digər məhkum edilmiş şəxs və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişdir. Işdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi3 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini və təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün təqsirləndirilən şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər-bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin, «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən: a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətlərinin əsas dəlili onun əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonunun ərazisində lotereya satışı ilə məşğul olur. təqsirləndirilən şəxs2 bir neçə dəfə görmüş, yaxın münasibətləri olmamışdır. ##.##.2023-cü il tarixdə, saat 19:30 radələrində metronun “Qara Qarayev” stansiyasının çıxışında lotereya satan zaman Ayaz ona yaxınlaşaraq telefon tapdığını bildirmiş, həmin telefona baxıb vəziyyəti barədə məlumat verməyini xahiş etmişdir. Ayaz ona “Redmi 9T” markalı mobil telefonu vermiş, telefona baxmış, telefon təzə və yararlı vəziyyətdə olmuşdur. Telefonu yoxlayan zaman telefonda Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi olmuş, lakin şifrəli olmuşdur. Telefonda “qalereya” tətbiqinə girmiş və orada şəxsiyyət vəsiqənin şəkli olduğunu görmüş, həmin şəxsin təvəllüdünü şifrə kimi yazmış və düz çıxmışdır. Bank tətbiqini yoxlayan zaman bank kartının balasında təxminən 1200 manat pul olduğunu görmüşdür. Ayaza həmin pulu çıxartmağı və pulu aralarında yarı bölməyi təklif etmiş, Ayazla razılaşmışdır. O, Ayaza izlərini itirmək üçün başqa bir bank kartı olan şəxsi tapmağı təklif etmiş. Ayaz da tanışına zəng etmiş və həmin şəxs onlara öz bank kartının nömrəsini vermişdir. Həmin gün saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonunun ərazisində “X3” qarşısında Ayazın ona verdiyi telefonda olan bank tətbiqindəki təxminən 1200 manat pulu Ayazın tanışının kartına köçürmüşdür. Bundan sonra telefonu sındırıb atmışlar. Ayaz tanışına zəng edərək pulu Bakı şəhərinə gələn taksi ilə onlara göndərməyi xahiş etmişdir. Ayazın tanışı Elman da həmin pulu taksi ilə Bakı şəhərinə göndərmiş, taksi sürücüsünə 10 manat yol pulu verilmişdir. O və Ayaz təxminən 1140 manat pulu öz aralarında yarıya bölmüşlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib. Himayəsində 2 azyaşlı uşağı vardır. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ##.##.2023-cü il tarixdə, saat 19:30 radələrində metronun “Q.Qarayev” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 90 manata “Redmi 9T” markalı mobil telefon almışdır. Təxminən saat 21 radələrində metronun “Q.Qarayev” stansiyasının çıxışında lotoreya biletləri satan Yusif adlı şəxsə yaxınlaşıb aldığı telefonu ona göstərərək, yalandan telefonu tapdığını bildirmiş və telefonu yoxlamağını xahiş etmişdir. Yusif telefonu yoxlamış və telefona qoşulmuş bank kartında təxminən 1200 manat pul olduğunu bildirmişdir. Yusif ona həmin pulu çıxara biləcəyini bildirmiş və pulu bank kartı olan tanışının hesabına köçürməyi təklif etmişdir. O, tanışı Elmana zəng edib bank kartının nömrəsini istəmiş, Elman da vermişdir. Yusif həmin gün Nizami rayonunun ərazisində X3rşısında telefonda olan mobil tətbiq vasitəsi ilə kartda olan təxminən 1200 manat pulu Elmanın kartına köçürmüşdür. Sonra telefonu sındırıb atmışlar. Yusif tanışına zəng edərək həmin pulu taksi vasitəsi ilə onlara göndərməyini xahiş etmiş, tanışı da pulu onlara göndərmişdir. Yusiflə həmin pulu öz aralarında yarıya bölmüşlər. Əməlindən peşmandır. Himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı vardır. Qarabağ müharibəsi iştirakçısıdır, 2-ci qrup əlildir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 1997-ci ildən “Neft Daşları” NQÇI-də operator işləyir. ## #### 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonunda yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında ona məxsus dəyəri 300 manat olan “Redmi 9 T” markalı mobil telefonunu naməlum şəraitdə itirmişdir. Həmin vaxt tək olmuş və qeyd olunan həmin ərazidə yerləşən xəstəxanaların birinə uşağına baş çəkmək üçün getməli imiş. Telefonunu itirdiyini aşkar etdikdən sonra mobil telefonun sənədləri Qusar rayonu Piral kəndində yerləşən evində olduğu üçün rayona qayıtmışdır. ## #### 2024-cü il tarixdə Qusar şəhərində bazarlıq edən zaman ona məxsus 4127 2081 1389 **** saylı əmək haqqı kartından pulun çıxarıldığını görmüşdür. Əmək haqqı kartında 1196 manat 75 qəpik pul olmuş və həmin pul kartından çıxarılmışdır. Bundan sonra Bakı şəhərinə qayıdıb “Beynəlxalq Bank”ın filialına yaxınlaşmış və orada ona məlum olmuşdur ki, naməlum şəxs onun kartından 1196 manat 75 qəpik pulu başqa bir karta köçürmüşdür. Həmin vaxt bankda özünə məxsus kartını bloklatdırmış, lakin həmin kart sahibinin anket məlumatlarını ona verməmişlər. Bundan sonra qeyd olunan məsələ ilə bağlı polisə müraciət etmişdir. “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli *-*-**/*- *****/**** saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs adına olan ****-****-****-**** saylı plastik kartdan ##.##.2023-cü il tarixdə “ABB Mobile” mobil tətbiqi ilə iki əməliyyat nəticəsində 1155,75 manat və 41 manat olmaqla, ümumilikdə 1196,75 manat məbləğində pul vəsaiti “xxxx” ASC-yə aid ****-****-****-**** saylı plastik karta köçürülmüşdür. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər-hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, yəni təqsirləndirilən şəxs2 telefonu oğurlamamasına, 90 manata tanımadığı şəxsdən almasına, telefonda aşkar edilmiş pulu mənimsəmək niyyətinin olmamasına, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 gözləmələrini, telefoon sahibi tapıldıqdan sonra həmin pulu qaytarmalarına dair dəlillərini qəbul etmir və bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, əksinə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 həmin pulun kartdan çıxarılması üçün təqsirləndirilən şəxs1 ilə birlikdə kartın şifrəsini açmaq üçün zərərçəkmiş şəxsin telefonun şəkillər bölümündə olan şəxsiyyət vəsiqəsində olan doğum tarixindən şifrə kimi istifadə etməklə karta qanunsuz olaraq daxil olmuş və həmin pulu məhz təqsirləndirilən şəxs2 tanışının kartına köçürməklə talamışlar. Digər tərəfdən təqsirləndirilən şəxslərdən heç biri kartdan çıxardıqları həmin pulu qaytarmaları üçün heç bir tədbir görməmiş və belə bir niyyətləri də olmamışdır. Belə ki, təqsirləndirilən şəxslərin özlərinin də dediyi kimi telefonda zərərçəkmiş şəxslə bağlı bütün məlumatlar olmuş, zərərçəkmiş şəxsə məxsus şəxsiyyət vəsiqəsinin şəkli telefonun qalareya bölümündə olmuşdur. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxslər istəsə idilər həmin telefonun və kartın sahibini qısa bir müddətdə tapa bilərdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2015- ci il tarixli Qərarına əsasən qeyd olunan maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir: oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi; oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi. Bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayətində məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu qeyd etsə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən ibarət olmaqla, heç bir mötəbər sübuta əsaslanmır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2005-ci il tarixli, * saylı qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Apellyasiya şikayətində istinad etdiyi xüsusatlara dair müdafiə tərəfindən hər-hansı sübut ibtidai istintaq, birinci instansiya məhkəməsində məhkəmə istintaqı və apellyasiya baxışı zamanı təqdim edilməməklə yanaşı, əksinə həmin dəlillərin mövcudluğu cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə digər sübutlarla təkzib edilmişdir. Bununla da məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi və təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən, düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hərhansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar