Məhkəmə qərarları › İş №1(3-6)-753/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-753/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-753/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9nın, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ekol vəkil bürosunun vəkili müdafiəçi1 Rübail oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1 və X3 ibarət tərkibdə,) ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə, ##.##.1957-ci il tarixdə Gədəbəy rayonu, D.Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləmiş, məhkum olunmayan, Göygöl rayonu, A.Fərzəliyev qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 263.3-cü maddəsi ilə təqsirli bilinmiş, onun barəsində 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2026-cı il tarixdən, saat 09:30dan hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 13:40 radələrində “xxxx” MMC tərəfindən verilmiş yol vərəqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Axor” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə saatda 50-60 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Böyükşor gölü, yeni yolda üzü Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman «X2» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmişdir. Belə ki, o, həmin qaydaları pozub anidən idarəetməni itirib yolun əks hərəkət zolağına çıxaraq, həmin zolaqda Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan zərərçəkmiş şəxs1 idarə etdiyi “Volkswagen Passat” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobili ön hissəsi ilə vuraraq həmin yolun torpaq hissəsinə çıxardıb dayanmışdır. Nəticədə sürücü zərərçəkmiş şəxs1 çoxlu qanitirmə, iki tərəfli hemotoraks (hər iki plevra boşluğuna səbəst qanın yığılması, sağ III-IV-V-VI-VII-VIII-IX-X, sol IV- V-VI-VII-VIII-IX qabırğaların yerini dəyişən çox qəlpəli sınıqları və həmin səviyədə döş plevrasının cırılması, ağ ciyərlərin, qara ciyərlərin və dalağın əzilmiş-cırılmış yaraları, daxili üzvlərdə azqanlılıq, sol bud sümüyünün açıq qəlpəli sınığı və səviyədə budun əzilmiş-cırılmış yarası, sol said və sol baldır sümüklərinin yerinidəyişən qapalı qəlpəli sınıqları, döş qəfəsinin əzilmiş-cırılmış yaraları dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Bundan başqa həmin sonuncunun avtomobilində ön oturacağında sərnişin qismində əyləşmiş zərərçəkmiş şəxs2 çoxlu qanitirmə, iki tərəfli hemotoraks (hər iki plevra boşluğuna səbəst qanın yığılması, sağ III-IV-V-VI-VII-VIII-IX-X, sol IV-V-VIVII-VIII-IX qabırğaların, yerini dəyişən çox qəlpəli sınıqları, ağ ciyərlərin əzilmiş-cırılmış yaraları, daxili üzvlərdə azqanlılıq, döş qəfəsi, sağ bazu və sol baldır nahiyələrinin sıyrıqları dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin həmin avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş zərərçəkmiş şəxs3 çoxlu qanitirmə, iki tərəfli hemotoraks (hər iki plevra boşluğuna səbəst qanın yığılması, sağ II-III-IV-V-VI-VII-VIII-IX sol IV-V-VI-VII-VIII-IX-X qabırğaların, yerini dəyişən çox qəlpəli qapalı sınıqları, ağ ciyərlərin əzilmiş-cırılmış yaraları, ürəyin zədələnməsi, daxili üzvlərdə azqanlılıq, baş nahiyəsinin əzilmiş yaraları, sol budun qançırı dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən xəsarətlər isə ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 ölümünə səbəb olmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində CM-nin 62-ci maddəsinin maddəsinin tətbiq edilməklə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxslərə köməklik göstərmişdir. O, şəkərli diabet xəstəsidir və bir böyrəyi ilə yaşayır. Hazırda 69 yaşı var, 3 övladı və 5 nəvəsi var. Bir sıra xəstəliklərdən əziyyət çəkir. Həyat yoldaşı yer xəstəsidir. Müdafiəçi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs kifayət qədər yaşlıdır və eyni zamanda bir neçə xəstəlikdən əziyyət çəkir. O, şəkərli diabet xəstəsidir və bir böyrəyi ilə yaşayır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 Rübail oğlu apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X9 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirmiş, bu səbəbdən də birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işinin materiallarına əsasən, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Verilmiş apellyasiya şikayətindən görünür ki, müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadəsini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətindən görünür ki, sonuncu təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmiş, təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda müdafiəçinin apellyasiya şikayətindən görünür ki, sonuncu təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmiş, təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sonuncuya cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və yaşlı olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə görə istənilən kateqoriya cinayətə görə şəxs barəsində müstəsna hallar müəyyən edildiyi halda CM-nin 62-ci maddəsinin tətbiqi istisna edilmir. CM-nin 62.1-ci maddəsinin məzmunundan belə aydın olur ki, konkret olaraq törədilmiş cinayətlə bağlı təqsirləndirilən şəxs barəsində müstəsna hallar müəyyən edilərkən cinayətin məqsədi və motivi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra təqsirkarın davranışı, habelə törədilmiş cinayətin üstünün açılmasına fəal kömək etməklə əlaqədar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların mövcudluğu, iştirkçılıqla törədilmiş cinayətlərin açılmasında təqsirləndirilən şəxsin rolu nəzərə alınmalıdır. Məhkəmə iş üzrə müstəsna halları müəyyən edərkən həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. CM-nin 62.1-ci maddəsinin məzmununda qeyd edilmiş “habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar” dedikdə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və aradan qaldırılması, zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi və s. başa düşülməlidir. Cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi, könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, digər iştirakçıların ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə və s. kimi hərəkətlər də nəzərə alına bilər. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, fərdiləşdirilməli və müstəsna hal kimi nəzərə alınıb qiymətləndirilməsinin səbəbləri hökmdə mütləq əsaslandırılmalıdır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını, apellyasiya şikayətində göstərilən halların isə həmin hallara aid olmadığını nəzərə alaraq onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün də əsasların olmadığı qənaətinə gəlir. Müdafiə apellyasiya şikayətində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası razılaşır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmuş, cəzasını ağırlaşdıran hallar olmamışdır. Lakin, cəzanı yüngülləşdirən halların olması öz-özlüyündə CMin 70-ci maddəsinin tətbiq edilməli olması anlamına gəlməməlidir. Həmin yüngülləşdirici hallar Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sankasiyasında nəzərdə tutulmuş yeganə cəza növü olan azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərdə təyininə əsas olmaqla eyni yüngülləşdirici halların yenidən sadalanaraq istinad etməklə cəzanın şərti tətbiq edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Bu qaydada, yəni CM-in 8, 58.3, 70-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - CM-in 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı real olaraq çəkmədən və cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab etmir. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilən şəxsin islah olunması məqsədinə cavab verməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş şərti məhkum etmə isə cinayət qanunvericiliyində təsbit edilmiş cəzanın sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasını mümkünsüz etməklə, əksinə qeyd olunan cinayət hadisələrini müşahidə etmiş digər şəxslərdə, belə bir cinayət əməlini törətmiş şəxsin yekun etibarı ilə cəzasız qalması düşüncəsi yaratmaqla, sonuncularda zərərli sosialpsixoloji meyillərin və kriminogen xüsusiyyətlərin formalaşmasına yol aça bilər. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Ekol” Vəkil Bürosunun vəkili müdafiəçi1 Rübail oğlu tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar