Məhkəmə qərarları › İş №1(3-6)-764/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-764/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-764/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Məhkum edilmiş şəxs – Məmmədov İntiqam Baloğlan oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Məmmədov İntiqam Baloğlan oğlunun və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov İntiqam Baloğlan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq ilkin baxış iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (hakim Rauf Daşdəmirov) Məmmədov İntiqam Baloğlan oğlunun və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Məmmədov İntiqam Baloğlan oğluna 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 4 (dörd) ay 6 (altı) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə 4 (dörd) ay 6 (altı) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilməsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Məmmədov İntiqam Baloğlan oğlu apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədən onu barəsində ədalətsiz məhkəmə hökmü çıxarmışdır. Məhkəmənin ilkin baxış iclasında məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlamaq məqsədi ilə iş materialları ilə tanış olaraq və apellyasiya şikayətinin sonrakı aqibəti ilə bağlı tərəflərin fikrini öyrənərək hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildiyindən apellyasiya şikayətinə baxılmasına xitam verilməli və cinayət işi birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən aparılmış, iş üzrə Məmmədov İntiqam Baloğlan oğlu və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddə ilə nəzərdə tutulmuş ittihamlar verilmiş və iş üzrə tərtib olunmuş ittiham aktı Yasamal rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası ##.##.2026-cı tarixdə keçirilmiş, təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi, iş üzrə məhkəmə baxışının təyin edilməsi və təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, həmin Məcəllənin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyi halda cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2ci maddələrinin tələblərinə uyğun olmaması, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. İstintaq orqanı tərəfindən isə prosessual normaların yuxarıda qeyd olunan tələbləri kobud şəkildə pozularaq təqsirləndirilən şəxslər İntiqam Məmmədov və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə anlaşılmaz və natamam ittihamlar irəli sürülmüşdür. Həmin ittihamların məzmununa əsasən hər iki təqsirləndirilən şəxs tərəfindən onların yalnız adı, soyadı və ata adı dəyişdirilməklə cinayətlərin obyektiv tərəfinə aid tamamilə eyni hərəkətlər törədilmişdir. İş üzrə tərtib edilmiş ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər müvafiq olaraq ittiham olunmuşlar və məhkum olunmuşlar ondan ötrü ki: “Məmmədov İntiqam Baloğlan oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanusnuz olaraq daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ## ###### 2025-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 1 ünvanında yerləşən zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin plastik pəncərəsini açaraq içəri qanunsuz daxil olmaqla yataq otağında olan dolabın üzərindəki qutunun içərisindən 1550 manat, həmin yerdə olan digər qutudan 300 manat və pul kisəsinin içərisindən 200 manat nağd pulu gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 2050 (iki min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ## ###### 2025-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanında yerləşən zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin plastik pəncərəsini açaraq içəri qanusnuz daxil olmaqla yataq otağında olan dolabın içərisindən bir ədəd 500 manat dəyərində 585 əyarlı qadın qızıl üzüyü, bir ədəd 190 manat dəyərində 585 əyarlı qadın qızıl boyunbağısı, bir ədəd 6 manat dəyərində gümüş üzük, bir ədəd 8 manat dəyərində qızılı rəngli sırğa, bir ədəd 30 manat dəyərində gümüş klon, bir ədəd 10 manat dəyərində qızılı rəngli sırğa və klon, bir ədəd 15 manat dəyərində qolbaq sırğa və üzük dəsti, bir ədəd 18 manat dəyərində gümüş qolbaq, bir ədəd 16 manat dəyərində gümüş sırğa və klon, bir ədəd 5 manat dəyərində qızılı rəngli klon, bir ədəd 28 manat dəyərində gümüşü rəngli üzük, hər biri 3 manatq olmaqla cəmi 6 manat dəyərində iki ədəd ayaq üçün qızılı rəngli sep, bir ədəd 10 manat vdəyərində qızılı rəngli boyunbağı və klon, bir ədəd 8 manat dəyərində qızılı rəngli qolbaq və dolabda asılmış gödəkçənin cibindən 106 manat nağd pulu gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 956 (doqquz yüz əlli altı manat) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin ittiham aktına və məhkəmənin hökmünə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanusnuz olaraq daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Məmmədov İntiqam Baloğlan oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ## ###### 2025-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 1 ünvanında yerləşən zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin plastik pəncərəsini açaraq içəri qanunsuz daxil olmaqla yataq otağında olan dolabın üzərindəki qutunun içərisindən 1550 manat, həmin yerdə olan digər qutudan 300 manat və pul kisəsinin içərisindən 200 manat nağd pulu gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 2050 (iki min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Məmmədov İntiqam Baloğlan oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ## ###### 2025-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanında yerləşən zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin plastik pəncərəsini açaraq içəri qanusnuz daxil olmaqla yataq otağında olan dolabın içərisindən bir ədəd 500 manat dəyərində 585 əyarlı qadın qızıl üzüyü, bir ədəd 190 manat dəyərində 585 əyarlı qadın qızıl boyunbağısı, bir ədəd 6 manat dəyərində gümüş üzük, bir ədəd 8 manat dəyərində qızılı rəngli sırğa, bir ədəd 30 manat dəyərində gümüş klon, bir ədəd 10 manat dəyərində qızılı rəngli sırğa və klon, bir ədəd 15 manat dəyərində qolbaq, sırğa və üzük dəsti, bir ədəd 18 manat dəyərində gümüş qolbaq, bir ədəd 16 manat dəyərində gümüş sırğa və klon, bir ədəd 5 manat dəyərində qızılı rəngli klon, bir ədəd 28 manat dəyərində gümüşü rəngli üzük, hər biri 3 manatq olmaqla cəmi 6 manat dəyərində iki ədəd ayaq üçün qızılı rəngli sep, bir ədəd 10 manat vdəyərində qızılı rəngli boyunbağı və klon, bir ədəd 8 manat dəyərində qızılı rəngli qolbaq və dolabda asılmış gödəkçənin cibindən 106 manat nağd pulu gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 956 (doqquz yüz əlli altı manat) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.” Göründüyü kimi təqsirləndirilən şəxslər İntiqam Məmmədov və təqsirləndirilən şəxs2 tamamilə eyni məzmunlu ittihamlar verilmişdir. Təqsirləndirilən şəxslərə verilmiş ittihamların məzmunundan görünür ki, ibtidai istintaq orqanı tərəfindən onların ikisinə də ittiham olunduqları cinayətlərin hər iki epizodu üzrə tamamilə eyni məzmunlu ittiham verilərək təqsirləndirilən şəxslərin hər birinin əməlləri fərdiləşdirilməmiş, cinayətin törədilməsində iştirakları və rolları bölüşdürülməmiş, yalnız təqsirləndirilən şəxslər tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə istinad olunmaqla hər iki evə plastik pəncərəni açmaqla hər bir təqsirləndirilən şəxs tərəfindən fərdi olaraq daxil olunması və zərərçəkmiş şəxslərə məxsus əmlakların fərdi qaydada talanması göstərilmişdir. Məhkəmə hər iki təqsirləndirilən şəxs tərəfindən eyni anda cinayətlərin obyektiv tərəfinə daxil olan eyni hərəkətlərin törədilməsinin mümkünsüz olduğunu vurğulamaqla yanaşı, istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, istintaq orqanı 2 epizoddan ibarət oğurluq cinayətinin bilavasitə icraçısı kimin olmasını, qrupun digər iştirakçısının rolunun nədən ibarət olmasını, bilavasitə evə kimin daxil olması, pusquda isə kimin durmasını verilmiş ittihamlarda göstərməklə hər bir təqsirləndirilən şəxsin əməlini fərdiləşdirməmişdir. Halbuki, ilkin baxış iclasından əvvəl məhkəmə kollegiyasının tanış olduğu cinayət işinin müəyyən olunmuş faktiki hallarından görünür ki, oğurluq cinayətinin hər iki epizodu üzrə plastik pəncərəni açaraq bilavasitə evə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 daxil olmuş, İntiqam Məmmədov isə onların aralarında əvvəlcədən müəyyən edilmiş rol bölgüsünə əsasən pusquda duraraq gələn şəxslər barəsində məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2022-ci il tarixli Qərarını rəhbər tutaraq qeyd edir ki, həmin qərara əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Plenumun mövqeyinə görə icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir və cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Göründüyü kimi təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda istintaq orqanı tərəfindən istintaqla müəyyən edilməli olan, əməlin tövsifinə və cinayətdə iştirakçılıq dərəcəsinə təsir edən hallar öz əksini tapmamış, həmçinin təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirli bilindirkləri halda isə onlara cəza təyin edilməsi üçün zəruri olan əlamətlər ittihamda qeyd edilmədən istintaq orqanı təqsirləndirilən şəxslərə səthi və formal ittihamın irəli sürülməsi ilə kifayətlənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ da istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Qeyd olunan bu və digər pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» ##.##.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, # ###### 2010-cu il) Birinci instansiya məhkəməsi isə məhkəmənin hazırlıq iclasından əvvəl cinayət işinin materiallarını öyrənib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən məhkəmənin hazırlıq iclasında, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilməsi halını müəyyən etmədən təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi çıxardığı ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsvirini əks etməli olduğu halda, ibtidai istintaq orqanının irəli sürdüyü natamam, ziddiyyətli və anlaşılmaz ittihamları hər iki təqsirləndirilən şəxslərə münasibətdə hökmdə təsvir etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.2.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.8.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı həmin Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Qanunvericiliyin qeyd olunan normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məmmədov İntiqam Baloğlan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hazırlıq iclasının qərarı və ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ləğv edilməli, Məmmədov İntiqam Baloğlan oğlunun və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298.6-cı maddəsinə əsasən məhkəmə hazırlıq iclasına qədər həmin Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğunu araşdıraraq, həbs və ya ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 391.2 və 391.2.4-cü maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı hər bir halda apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını araşdırmalıdır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Məmmədov İntiqam Baloğlan oğlunun və təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 391.8, 391.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş şəxs Məmmədov İntiqam Baloğlan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8.1-ci maddəsinə əsasən xitam verilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hazırlıq iclasının qərarı və ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ləğv edilsin. Məmmədov İntiqam Baloğlan oğlunun və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3cü maddəsinin tələbləri pozulmaqla keçirildiyindən, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılsın. Məmmədov İntiqam Baloğlan oğlunun və təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkum edilmiş şəxs Məmmədov İntiqam Baloğlan oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 5 (beş) saat üçün cəmi 55 (əlli beş) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qətidir, kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar