Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-791/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən, hakim X3) ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünə əsasən ## ######## 2000-ci il tarixdə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Xolmili Ə/D, Xolmili kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 67/25 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə xərcləri məsələsi də həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 04 radələrində X5 vətəndaşı X1 yaşadığı ünvan 1 ünvanında olarkən X1 əynindən çıxararaq masanın üzərinə qoyduğu şalvarın cibindən sonuncuya məxsus 539 manat məbləğində nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxs X1 539 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, cinayət prosesi iştirakçılarının çıxışları, sübutların təsviri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək ona təyin olunmuş cəzanın dəyişdirilməsini, barəsində ictimai işlər və ya islah işləri cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ilk dəfə cinayət törətməyi, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyi, əməlindən səmimi peşiman olmağı, ona qarşı şikayət və tələbin olmaması nəzərə alınmamış, barəsində ədalətsiz olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hesab edir ki, barəsində daha yüngül ictimai işlər və yaxud islah işləri cəzası təyin edilə bilərdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8-ci maddəsində qeyd edilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Hökmdən dövlət ittihamçısı apellasiya protesti, zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etməklə əlavə olaraq göstərdilər ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. Vətən müharibəsində iştirakına görə «Vətən müharibəsi iştirakçısı» medalı və «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Bütün bu hallar nəzərə alınmaqla ona Amnistiya aktının təyin olunmasını, bu mümkün olmadıqda isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişdirilməsini, şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Dövlət ittihamçısı İsmayıl oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü cəza təyini hissədə dəyişdirlməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalıdır. Apellyasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası ona təyin edilmiş cəzanın ədalətliliyini müzakirə edərək hesab edir ki, cinayət işinin apellyasiya icraatı zamanı müəyyən olunmuş halları nəzərə alındıqda birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmiş və cəzanın yüngülləşdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almamış, məhkumun islah olunması və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almadan cəza təyin etmişdir. Belə ki, cinayət işinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları, iş yerinin olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının onun işinə və ailəsinin dolanışığına təsirini kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növü ilə razılaşmayaraq qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, iş üzrə yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən qəti cəzanın həddi ağır olmaqla törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətinə uyğun deyil, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamışdır. Təqsirləndirildən şəxs tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. Vətən müharibəsində iştirakına görə «Vətən müharibəsi iştirakçısı» medalı və «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, apellyasiya baxışı zamanı nəzərə alınmış cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına dəyişdirilməklə yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, sonuncunun ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü dörd (dörd) gün islah işləri cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmalar başlandığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 04 (dörd) gün islah işləri cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulmağa başlandığı andan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi ilə bağlı müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün, cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-791/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-791/2026
07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver