Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-799/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## ###### 1970-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, himayəsində 01 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, * nömrəli Zeytun sovxozu, ailəvi yataqxanada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fərid Namazov (sədrlik edən), hakimlər Telman Hüseynov və Aygün Qurbanova) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, hazırki iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasının hesablanması və təyin edilmiş cəzadan çıxılaraq üzərində 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniya tibbi xarakterli məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi və maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib, daşıyıb saxlamaqla, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyıb saxlamışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X2 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edib təqsirləndirilən şəxsin əməlinin tövsif edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilməsini, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası verilmiş cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu, qabaqcadan əlbir olan şəxs halında narkotik vasitələrin satışını həyata keçirmədiyi bildirilməklə faktiki olaraq törətmiş olduğu əməlin tövsifini, yəni əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasını mübahisələndirmişdir ki, belə olan halda məhkəmə kollegiyası həmin hallara qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs əməlinin tövsifini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində, əməlini tam etiraf edərək, hadisənin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, daha sonra verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Göründüyü kimi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini düzgün olaraq əsas götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əvvəl verdiyi ifadələrini dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirib əsaslı hesab etməyərək məsuliyyətini yüngülləşdirmək üçün planlaşdırılmış formada verilmiş, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq zamanı tərtib edilmiş və birinci instansiya məhkəməsində tədqiq olunmuş ##.##.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, ##.##.2025-ci il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin qərar elan olunduqdan sonra götürülməli olan əşya və sənədləri könüllü şəkildə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs razılığını bildirib geyindiyi boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmiş və üzərində başqa heç bir əşya və ya predmetin olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs geyindiyi paltarlarında şəxsi axtarış nəticəsində gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs geyindiyi boz rəngli şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi siqaretin şəffaf rəngli sellofan bükümü açıb içərisinə baxarkən orada ağ rəngli, kristalşəkilli və spesifik qoxuya malik psixotrop maddəyə oxşar maddə aşkarlanmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin gün saat 10:00 radələrində Nəsimi rayonundakı “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul vəsaiti müqabilində əldə edərək geyindiyi şalvarın cibində saxlayıb daşımaqla gəzdirdiyini bildirmiş, həmin büküm götürülmüşdür. (Cild 1, iş vərəqi 164; 166-168; Cild 2, iş vərəqi 5) Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən halların, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinməsinə dair ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 14 (on dörd) saat üçün cəmi 154 (yüz əlli dörd) manat dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-799/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-799/2026
20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver