Məhkəmə qərarları › İş №1(3-6)-809/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-809/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-809/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2, şahid Şahid iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-*/**** saylı qərarından iş üzrə şahid Şahid tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-*/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Qərarla, həmçinin maddi sübutların taleyi, məhkəmə məsrəflərinə dair məsələ də həll edilmişdir. Qərardan iş üzrə şahid Şahid apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcələsinin 398.1.2-ci maddəsinə əsasən iş üzrə yeni hökm qəbul edilməsini, onun şahid kimi yox, zərəçəkmiş şəxs qismində tanınmasını, Təqsirləndirilən şəxs onun sağlamlığına ağır zərər vurduğuna və aralarında barışıq ərizəsi olmadığına görə onun Cinayət Məcələsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Təqsirləndirilən şəxs "MAN" markalı nəqliyyat vasitəsinin sürücüsü kimi dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olarkən, sürətini azaltmadan idarə etdiyi avtomobili tam sola çəkərək hərəkəti davam etdirmiş, dairənin sonuna yaxınlaşaraq sola dönmüş və məhz sola döndükdən sonra dairənin orta hissəsində Şahid idarə etdiyi "Azsamand" markalı avtomobili "MAN" markalı nəqliyyat vasitəsinin sağ ön hissəsi ilə güclü zərbə ilə vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi "Azsamand" markalı avtomobil yolun əks istiqamətinə perpendikulyar keçərək piyadalar üçün nəzərdə tutulmuş hissəyə düşmüş, onun sağlamlığına ağır zərər vurulmuşdur. "MAN" markalı nəqliyyat vasitəsi isə yolun əks istiqamətində 180 dərəcə dönərək dayanmış, qoşqusu qayçılanaraq əks istiqamətdə olan "VAZ-2106" markalı avtomobilin ön hissəsinə çırpılmış və nəticədə həmin avtomobildə olan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Zərbədən sonra huşunu itirmiş, ayıldıqda isə artıq xəstəxanada olduğunu görmüşdür. Belə olan halda o, bu işdə necə şahid qismində iştirak edə bilərdi? "MAN" markalı nəqliyyat vasitəsi tərəfindən vurulduqdan sonra huşunu itirdiyinə görə o, heç nəyi görə və şahidlik edə bilməzdi. Lakin istər istintaq, istərsə də məhkəmə bu halları qərəzli şəkildə nəzərə almamışdır. Bu hadisə nəticəsində kəllə-beyin travması almış, beyninin sağ hissəsində 14 mm ölçüdə kontuzion sahə əmələ gəlmişdir. Təqsirləndirilən şəxs qərarın "müəyyən etdi" hissəsində (2-ci səhifənin 1-ci abzasının 7-ci sətrində) qeyd etmişdir ki, dairəyə təxminən 1 metr qalmış qarşısına ağ rəngli avtomobil çıxmış, o, tormoz vermiş və avtomobili sola yönəltmiş, nəticədə idarə etdiyi yük avtomobili fırlanaraq "VAZ-2106" markalı avtomobilə dəymişdir. O, hərəkət sürətinin təxminən 55-60 km/saat olduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs öz ifadəsində dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olmağa 1 metr qalmış ağ rəngli avtomobili, yəni idarə etdiyi "Azsamand" markalı avtomobili dairədə gördüyünü təsdiq edir. Belə olan halda Təqsirləndirilən şəxs "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən dairəyə daxil olmazdan əvvəl sürətini azaldaraq ona yol verməli idi. Belə ki, həmin bəndə görə dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qanunun tələbindən göründüyü kimi, bu göstəriş imperativ, yəni məcburi xarakter daşıyır. Təqsirləndirilən şəxs isə bunu etməmiş, gəldiyi sürətlə dairəyə daxil olmuş, sürətini azaltmadan idarə etdiyi avtomobili tam sola çəkərək hərəkəti davam etdirmiş, dairənin sonuna yaxınlaşaraq sola dönmüş və məhz sola döndükdən sonra dairənin orta hissəsində idarə etdiyi "Azsamand" markalı avtomobili sağ ön hissəsi ilə güclü zərbə ilə vuraraq onun və digər şəxslərin sağlamlığına ağır zərər vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs sözügedən qərarda onun idarə etdiyi avtomobili görərkən tormoz verdiyini qeyd etsə də, bu iddia tamamilə əsassız və yanlışdır. Belə ki, iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyinin "tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat" hissəsinin 4-cü abzasının 6-cı sətrində qeyd olunmuşdur ki, onun idarə etdiyi "Azsamand" markalı avtomobil dayandığı yerdən yolun soluna doğru istiqamətləndiyi andan "MAN" markalı avtomobil toqquşma yerindən 70 metr aralı məsafədə olmuşdur. Həmçinin rəyin 3-cü səhifəsində "Nəqliyyat Vasitəsi 1" haqqında məlumatda göstərilmişdir ki, "MAN" markalı nəqliyyat vasitəsi üçün hərəkət təhlükəsi yarandığı anda onun toqquşma yerinə qədər məsafəsi 70 metr olmuşdur, yəni toqquşma təhlükəsi yarandığı andan əvvəl Təqsirləndirilən şəxsla onun avtomobilləri arasında 70 metr məsafə mövcud olmuşdur. Eyni məlumatda qeyd edilmişdir ki, "MAN" markalı nəqliyyat vasitəsinin toqquşma baş verən ana qədər hərəkəti tormozsuz olmuş, yəni sürücü toqquşmaya qədər avtomobili saxlamaq üçün tormozdan istifadə etməmiş və heç bir tədbir görməmişdir. Orada, həmçinin "MAN" markalı nəqliyyat vasitəsinin saz vəziyyətdə olduğu, yəni tormoz verildiyi halda saxlanıla biləcəyi göstərilmişdir. Rəyin 4-cü səhifəsinin "2-ci sual üzrə" hissəsində qeyd olunmuşdur ki, mövcud yol şəraitinə uyğun olaraq "MAN" markalı nəqliyyat vasitəsi 50 km/saat sürətlə idarə edildiyi halda tormoz verilsəydi 35,5 metr, 60 km/saat sürətlə idarə edildiyi halda isə 46,8 metr məsafədə dayanardı və heç bir toqquşma baş verməzdi. Həmin hissədə həmçinin "MAN" markalı nəqliyyat vasitəsinin sürücüsünün toqquşmanın qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. Rəyin 5-ci səhifəsinin "tədqiqatın nəticəsi" hissəsində qeyd olunmuşdur ki, "MAN" markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddədə göstərilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə alaraq, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə isə onun sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, iş materiallarında olan videogörüntü, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və onun tərəfindən iş materiallarına əlavə edilmiş toqquşma anının və yerinin foto-şəkilləri bir daha təsdiq edir ki, o, bu hadisədə təqsirsizdir və zərərçəkmiş şəxsdir; "MAN" markalı nəqliyyat vasitəsi tərəfindən vurulduqdan sonra kəllə-beyin travması almış, beyninin sağ hissəsində 14 mm ölçüdə kontuzion sahə əmələ gəlmişdir. İstintaq və birinci instansiya məhkəməsinin araşdırması ona münasibətdə düzgün aparılmamış, ittiham aktı ona nisbətdə əsassızdır, bu səbəbdən o, bu işdə şahid kimi deyil, zərərçəkmiş şəxs kimi tanınmalı idi. İşə baxan məhkəmə bu halları görsə belə, hansısa səbəbdən onlara düzgün qiymət verməmiş və nəticədə maddi-hüquqi və prosessual pozuntulara yol verərək ədalətsiz qərar qəbul etmişdir. Müdafiəçi həmin şikayətə yazılı etiraz təqdim edərək göstərmişdir ki, həmin apellyasiya şikayəti qanunla belə hüquq verilməmiş şəxs tərəfindən təqdim edildiyindən apellyasiya instansiyası məhkəməsinin icraatına qəbul edilə bilməz. Belə ki, Cinayət-Prosessual Məcələnin 383.1-ci maddəsində apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsi qəti şəkildə müəyyən edilmişdir. Həmin normaya əsasən bu hüquq məhkum edilmiş və ya bəraət almış şəxsə, onların qanuni nümayəndələrinə və müdafiəçilərinə, zərərçəkmiş şəxsə (xüsusi ittihamçıya) və onun nümayəndəsinə, habelə mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə məxsusdur. Şahid isə iş üzrə zərərçəkmiş şəxs deyil, şahid qismində iştirak etmişdir. Şahid cinayət prosesinin tərəfi hesab edilmir və onun prosessual hüquqları sırasında məhkəmənin yekun qərarlarından apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Beləliklə, iş üzrə yalnız şahid statusuna malik olan Şahid apellyasiya şikayəti vermək hüququ olmadığından həmin şikayət apellyasiya instansiyası məhkəməsinin icraatına qəbul edilə bilməz. Şahid Şahid məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, bu hüququ ona Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2023-cü il Qərarı verir. Belə ki, sözügedən qərarın “qərara aldı” hissəsində göstərilir: “1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə uyğun olmayan hesab edilsin. Bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. 2. Azərbaycan Respublikası Konstitusiyasının 26cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilsin. 3. E.Axundovun apellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə, 60 cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində istinad olunan əvvəlki hüquqi mövqelərinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.1, 2.2, 10.1, 12.3 və 416.1.20-ci maddələrinə uyğun olmayan hesab edilsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın”. Həmin ərizəyə müdafiə tərəfi tərəfindən yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, Şahid tərəfindən təqdim edilmiş ərizədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# ####### 2023-cü il tarixli Qərarına istinad edilərək şahid qismində apellyasiya şikayəti vermək hüququnun mövcudluğu əsaslandırılmağa çalışılmışdır. Müdafiə tərəfi hesab edir ki, həmin qərarın məzmunu və hüquqi mahiyyəti hazırkı iş üzrə yanlış təfsir edilir. Hazırkı mübahisənin həlli üçün əsas hüquqi sual "şahidin apellyasiya şikayəti vermək hüququnun olub-olmaması" deyil, "şikayətçinin hansı konkret hüquq və ya qanuni marağının mübahisələndirilən məhkəmə aktı ilə pozulubpozulmaması" məsələsidir. Çünki Konstitusiya Məhkəməsinin 0# ####### 2023-cü il tarixli Qərarı şahidə müstəqil prosessual tərəf statusu verməmiş, onu cinayət təqibi funksiyasının daşıyıcısına çevirməmiş və dövlət ittihamçısının səlahiyyətlərini ona ötürməmişdir. Əks yanaşma qəbul edilərsə, onda cinayət prosesində iştirak etmiş istənilən şahid, özünün hər hansı hüququna toxunulubtoxunulmamasından asılı olmayaraq, məhkəmə qərarlarını mübahisələndirmək, cinayət təqibini davam etdirmək, təqsirləndirilən şəxsin məhkum edilməsini tələb etmək və faktiki olaraq ittiham tərəfinin əlavə subyekti kimi çıxış etmək imkanı əldə etmiş olar. Belə nəticə isə nə Azərbaycan Respublikası Konstitusiyasından, nə Cinayət-Prosessual Məcəllədən, nə də Konstitusiya Məhkəməsinin 0# ####### 2023-cü il tarixli Qərarından irəli gəlmir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi şahidin prosessual statusunun genişləndirilməsinə deyil, onun hüquq və qanuni maraqlarına toxunan məhkəmə aktlarından müdafiə olunmasına yönəlmişdir. Bu səbəbdən hazırkı iş üzrə həlledici məsələ Şahid şahid olub-olmaması deyil, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə onun hansı konkret subyektiv hüququnun və ya qanuni marağının pozulmasının müəyyən edilməsidir. Nə apellyasiya şikayətində, nə də ## #### 2026-cı il tarixli ərizədə belə bir hüquq göstərilməmişdir. Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsinə səbəb olmuş E.Axundov işində birinci instansiya məhkəməsinin hökmü ilə ərizəçinin mülkiyyət hüququnun taleyi həll edilmiş, onun sahib olduğunu iddia etdiyi daşınmaz əmlak digər şəxsin istifadəsinə verilmişdir. Məhz buna görə Konstitusiya Məhkəməsi həmin şəxsin məhkəməyə çıxış imkanının təmin edilməməsini Konstitusiyanın 26 və 60-cı maddələri baxımından yolverilməz hesab etmişdir. Hazırkı işdə isə Şahid nə apellyasiya şikayətində, nə də ## #### 2026-cı il tarixli ərizəsində birinci instansiya məhkəməsinin qərarı ilə onun hansı konkret hüququnun pozulduğunu göstərə bilmişdir. Əksinə, ərizədən görünür ki, o özünün zərərçəkmiş şəxs kimi tanınmasını, təqsirləndirilən şəxsin təqsirli bilinməsini və ona cinayət cəzası təyin edilməsini tələb edir. Bu tələblərin hər biri şəxsi hüququn müdafiəsinə deyil, cinayət təqibinin həyata keçirilməsinə yönəlmiş tələblərdir. Başqa sözlə, Şahid özünün hansı hüququnun pozulduğunu göstərmir, lakin başqa şəxsin hökmən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Cinayət-prosessual hüququn fundamental prinsiplərinə görə isə şəxsin başqa bir şəxsin cəzalandırılmasını tələb etmək hüququ yalnız həmin şəxsə qanunla verilmiş prosessual statusdan irəli gələ bilər. Hazırkı iş üzrə isə Şahid nə zərərçəkmiş şəxs, nə xüsusi ittihamçı, nə mülki iddiaçı, nə də dövlət ittihamçısıdır. Daha da diqqətəlayiq hal ondan ibarətdir ki, şikayətçi apellyasiya instansiyası məhkəməsindən özünün zərərçəkmiş şəxs kimi tanınmasını xahiş etməklə faktiki olaraq etiraf edir ki, hazırda belə statusa malik deyildir. Əgər şəxs zərərçəkmiş şəxs deyildirsə, onun əsaslandırmalı olduğu yeganə məsələ Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş mənada hansı konkret hüquq və ya qanuni marağına toxunulmasıdır. Lakin təqdim olunmuş ərizədə belə bir hüquq göstərilməmişdir. Məhkəmə tərəfindən bu cür şikayətin mümkün hesab edilməsi o nəticəyə gətirib çıxarar ki, cinayət prosesində iştirak etmiş istənilən şahid, öz hüquqlarının pozulub-pozulmamasından asılı olmayaraq, dövlət ittihamçısının protest vermədiyi, zərərçəkmiş şəxslərin şikayət etmədiyi hallarda belə, cinayət təqibini davam etdirmək səlahiyyəti əldə etmiş olar. Belə yanaşma isə Konstitusiya Məhkəməsinin 0# ####### 2023-cü il tarixli qərarının məqsədinə deyil, həmin qərarın mahiyyətinin genişləndirici və yolverilməz təfsirinə səbəb olar. Konstitusiya Məhkəməsi şahidə ittiham hüququ verməmiş, yalnız öz hüququnu müdafiə etmək imkanı tanımışdır. Hazırkı iş üzrə isə şikayətçi öz hüququnun müdafiəsini deyil, başqa şəxsin cəzalandırılmasını tələb edir. Şahid apellyasiya şikayətində və sonradan təqdim etdiyi ərizədə birinci instansiya məhkəməsinin qərarı ilə pozulduğunu iddia etdiyi hər hansı konkret hüququnu göstərmək əvəzinə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və özünün zərərçəkmiş şəxs qismində tanınmasını tələb edir. Halbuki hüquqi maraq institutu şəxsin başqa bir şəxsin cəzalandırılmasına olan marağını deyil, onun öz hüquq və qanuni mənafelərinin müdafiəsinə olan marağını nəzərdə tutur. Bu səbəbdən şikayətçinin irəli sürdüyü tələblər ilə Konstitusiya Məhkəməsinin 0# ####### 2023-cü il tarixli qərarında müdafiə olunan hüquqi maraq arasında hüquqi əlaqə mövcud deyildir. Beləliklə, Şahid təqdim etdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# ####### 2023-cü il tarixli Qərarında müəyyən edilmiş "hüquq və qanuni maraqlarına toxunulma" meyarına cavab vermir. Şikayətçi nə apellyasiya şikayətində, nə də sonradan təqdim etdiyi ərizədə birinci instansiya məhkəməsinin qərarı ilə pozulduğunu iddia etdiyi konkret subyektiv hüququnu və ya qanuni marağını göstərə bilmişdir. Əks təqdirdə, məhkəmə belə bir hüquqi nəticəni qəbul etmiş olar ki, konkret hüququnun pozulduğunu göstərməyən istənilən şahid yalnız təqsirləndirilən şəxsin cəzalandırılmasında maraqlı olduğunu bəyan etməklə cinayət prosesində müstəqil apellyasiya subyektinə çevrilə bilər. Halbuki nə Konstitusiya Məhkəməsinin 0# ####### 2023-cü il tarixli Qərarı, nə də cinayət-prosessual qanunvericiliyin sistemi belə nəticəyə gəlməyə hüquqi əsas vermir. Şahid istinad etdiyi həmin Qərar hazırkı iş üzrə tətbiq edilə bilən hüquqi əsas yaratmır, çünki şikayətçi Qərarda tələb olunan əsas şərti - birinci instansiya məhkəməsinin qərarı ilə onun konkret hüquq və ya qanuni marağına toxunulmasını nə apellyasiya şikayətində, nə də sonradan təqdim etdiyi ərizədə göstərə bilmişdir. Məhkəmənin ilkin baxış iclasında iştirak edən şahid verdiyi şikayətin məzmununa uyğun çıxış edib xəsarət aldığını bildirərək iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Şahid ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində baxış zamanı zərərçəkmiş şəxs qismində tanınması üçün müraciət etmədiyini və zərərçəkmiş şəxs qismində tanınmadığını, həmçinin xəsarətlər müəyyən edilmədiyini, şikayətin və bu hökm üzrə apellyasiya şikayəti verməsinin əsassız olduğunu bildirərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi verilmiş şikayətə yazılı etiraz təqdim edərək Şahid istinad etdiyi Konstitusiya Məhkəməsinin Qərarının düzgün təfsir edilmədiyini, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etdiyini və zərərçəkmiş şəxs qismində tanınmaq üçün müraciət etmədiyini, Konstitusiyanın müddəalarının tələblərinin pozulmadığını, Plenum Qərarında mülki və əmlak hüquqlarının pozulması halının nəzərdə tutulduğunu, hazırkı iş üzrə həmin halın müəyyən edilmədiyini, ittihamçı funksiyalarının Şahid ötürülmədiyini, şikayətin təmin edilməsinin digər şahidlər üçün də presedent hüququ yarada biləcəyini bildirərək apellyasiya şikayətinin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi ilə razı olduğunu bildirərək apellyasiya şikayətinin icraata qəbul edilməməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 383.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququna məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, bəraətin dəlil və əsaslarına aid hissədə bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair hissədə yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair hissədə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü, zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi, mülki iddiaya dair hissədə mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi malikdir. Göründüyü kimi, cinayət işləri üzrə yekun hökm və qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi qanunda konkret olaraq müəyyənləşdirilmişdir və digər şəxslər inzibati xəta haqqında qərardan şikayət vermək hüququna malik deyillər. Hazırkı iş üzrə Şahid iş üzrə yalnız şahid kimi keçir və istinad edilən normalara görə, şahidin apellyasiya qaydasında şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Müdafiə tərəfinin qeyd etdiyi kimi, o, ibtidai istintaq mərhələsində və birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmaq üçün müraciət etməmişdir və hazırda da onun zərərçəkmiş şəxs qismində tanınması üçün heç bir əsaslar müəyyən edilmir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, Şahid barəsində hazırkı işdən ayrıca cinayət işi ayrılmış və həmin cinayət hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmış və iş hazırda apellyasiya instansiya məhkəməsinin icraatındadır. Belə ki, Şahid barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixdə elan edilmiş *(*-**)-*/**** saylı hökmündə də istinad edimiş iş üzrə yol nəqliyyat hadisəsi ekspertizanın ## ######## 2025-ci il tarixli */**** nömrəli rəyinə görə, həm Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə, həm də Şahid hərəkətlərində həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə uyğunsuzluq olmuş və hər iki sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yəni rəyə əsasən, hər iki sürücü qayda pozuntusuna yol vermiş, barələrində cinayət işləri araşdırılmış, məhkəmənin yekun qərarları ilə təqsirli bilinmişlər. Şahid iddia etdiyi xəsarətlər qərarda (zərərçəkmişlərin xəsarətləri sırasında və tibbi ekspertizalarda) əks olunmamışdır, ekspertiza rəyi isə onun özünün də qayda pozduğunu göstərir. Belə ki, o özünün barəsində ## ##### 2026-cı il tarixdə elan edilmiş *(*-**)-*/**** saylı hökmü mübahisələndirmək hüququna malikdir. Bununla yanaşı, hazırkı halda Şahid əsas tələbi həm də Təqsirləndirilən şəxs təqsirli bilinməsi və ona 3 il cəza verilməsi ilə bağlı olmuşdur. Dövlət ittihamçısının protesti və ya zərərçəkmişlərin müvafiq şikayəti olmadan, şahidin şikayəti ilə təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılması (məhkumetmə və cəza) isə cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır və hazırda eyni yerdə, eyni vaxtda, eyni xarakterli cinayət əməlini törətməkdə təqsirləndirilən Şahid cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması üçün heç bir hal müəyyən edilmir. Odur ki, hazırkı halda şahid Şahid tərəfindən apellyasiya qaydasında şikayət verilməsi qanunvericiliyə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət vermiş şəxsin hazırkı qərardan şikayət vermək hüququ olmadığından, onun tərəfindən verilmiş şikayət hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qiymətləndirilməli və həmin şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 391.3.5-ci maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarı, həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklərə əsasən dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 391.3.5, 391.5 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-*/**** saylı qərarından şahid Şahid tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina olunsun. Vəkil müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən “Mirzəyev və partnyorları” Vəkil Bürosunun hesabına 132 (bir yüz otuz iki) manat pul köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar