Məhkəmə qərarları › İş №1(3-6)-872/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-872/2026

03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-872/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ##.##.1959-cu ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Vüqar Seyidov, hakimlər Kamil Əliyev, Nigar İmanova) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının ## ### 2025-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs övladlarının qayğısına qalmayaraq tez-tez qohumlarıgilə baş çəkməsini ona irad bildirməsinə baxmayaraq sonuncunun onun iradlarına əhəmiyyət verməyərək belə hərəkətlərinə davam etməsi ilə əlaqədar aralarında ailəməişət zəminində əvvəllər də dəfələrlə mübahisə yaranmasından və şəxsi münasibətlərinin pozulmasından sonra, ##.##.2025-ci il tarixdə, saat 13 radələrində onunla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi ** nömrəli eyni ünvanda yaşayan gəlini Zərərçəkmiş şəxs yenə də evdən çıxaraq qohumlarıgilə baş çəkməyə getmək istəməsini görüb getməsinə irad bildirərkən aralarında yaranmış mübahisə zamanı onunla kobud danışması və onu evdən qovmasından hiddətlənərək bu hərəkətini özünə qarşı hörmətsizlik kimi qəbul edib şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək özünə məxsus fərdi evdən mətbəx bıçağı götürüb cinayətkar niyyətini həyata keçirmək üçün öz evi ilə eyni həyətdə yerləşən gəlininin yaşadığı evə daxil olduqdan sonra ona yaxınlaşıb qəsdən öldürmək məqsədi ilə aktiv müqavimət göstərməsinin qarşısını almaqla qısa zaman kəsiyində ölümünü tezləşdirmək üçün bıçaqla bədəninə bir neçə zərbə vuraraq və boyun nahiyəsini kəsərək ona qarının sol yarısının və sol ayağın arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə, sağ əlin 2 (iki) ədəd, döş və qarın boşluqlarına keçməyən döş qəfəsinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 1 (bir) ədəd, qarının sol yarısının 6 (altı) ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və hər biri ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə, boyunun arxa və sol yan qrup əzələlərinin, sol ümumi yuxu arteriyasının, sol daxili və xarici vidaci venaların tam kəsilməsi, boyunun arxa sol yan səthinin 1 (bir) ədəd kəsilmiş yarası ilə əlaqədar baş vermiş çoxlu qanitirmə nəticəsində ölümünə səbəb olan, yetirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib qeyd etmişdir ki, şikayətin törədilməsinə səbəb zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri olmuşdur. Baş vermiş hadisədən səmimi peşmandır. 67 yaşı var, ağır xəstəliyi var. Zərərçəkmiş şəxsin yaxınları ilə barışmışdır və ona qarşı şikayət və tələb yoxdur. Həmçinin cəzasını ağırlaşdıran hallar yoxdur. Ona görə də, barəsində ağır cəza təyin edildiyini nəzərə alınaraq təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, hökmün şikayətə uyğun dəyişdirilməsini, dövlət ittihamçısı şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmaldır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, o, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və II qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların müəyyən olunmadığını qeyd etməklə, sonuncuya təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarlar). Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs şiksyətində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinin azaldılmasını xahiş etsə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, onun barəsində təyin edilmiş cəzanın müddətinin azaltmaqla cəzanın CM-in 41.2ci maddəsində nəzərdə tutulmuş digər məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarıın müəyyən edilməsini və cəzanı ağırlaşdıran halların müəyyən olunmadığını, həmçinin, təyin edilən cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətə görə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar