Məhkəmə qərarları › İş №1(3-6)-893/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-893/2026

01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-893/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ## #### 1988-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi, ** saylı cəzaçəkmə müəssisəsinin inzibati binasında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyası yaxınlığında fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Hökmlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə ## #### 2025-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 1 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlib giriş qapısının açıq vəziyyətdə olmasından və ətrafda digər şəxslərin olmamasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub evin həyətində enerjiyə qoşulmuş Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 300 manat dəyərində 01 ədəd 29 ölçülü “Velostrim" markalı velosipedi, həmin velosipedə aid ümumilikdə 1200 manat dəyərində 01 ədəd mühərriki, 01 ədəd mühərrikin qidalandırıcı adapterini və 100 manat dəyərində üzərində “Wolt” yazısı qeyd edilmiş 01 ədəd çantanı gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs şəxs apellyasiya şikayəti verib hökmdən narazı olduğunu, zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığını bildirərək işinə yenidən baxılmasını və barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxs apellyasiya şikayətinin tələbini dəqiqləşdirərək onun cəzasının yüngülləşdirilməsini, cəzaçəkmə müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum edilmiş şəxs rəsmi nikahı olmasa da qeyri-rəsmi münasibətdən az müddət əvvəl övladı dünyaya gəlməsini, ailəsinin və uşağının ondan başqa kimsələri olmadığını bildirərək ona köməklik göstərilməsini, apellyasiya şikayətinin təmin edilməsini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxsin cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı məhkum edilmiş şəxsin əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum edildiyini, azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyini, hazırkı iş üzrə də cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alındığını, şəxsin əməlində cinayətlərin təhlükəli residivi olduğunu, ona maddənin sanksiyasının yuxarı həddinin üçdə iki hissəsindən az olmayan cəza təyin edildiyini bildirərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlkin olaraq qeyd olunmalıdır ki, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin əsas dəlili barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsindən ibarət olmuş, törədilən cinayətin hüquqi tövsifi və təqsirliliyi ilə bağlı məsələ mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-birilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Apellyasiya şikayətində müdafiə tərəfi məhkəmənin təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət-Prosessual Məcəllənin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəllənin 399.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkum edilmiş şəxsin ittiham olunduğu cinayət əməli onun özünün həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Cinayət-Prosessual Məcəllənin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək məhkum edilmiş şəxsi 177.2.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Müdafiə tərəfi məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin qismən ödənilməsini həmin Məcəllənin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əvvəllər iki dəfə qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayəti törətdiyindən cinayətin təhlükəli residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona mümkün minimum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, "cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkum edilmiş şəxsin əməlində cinayətlərin təhlükəli residivi olduğundan Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri də nəzərə alınmaqla, onun barəsində Məcəllənin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün, yəni azadlıqdan məhrum etmə cəzasının son həddinin (beş ilədək) üçdə ikisindən az olmayan, yəni 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən hallarla yanaşı, həm də təqsirləndirilən şəxsin kriminal meyilliyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən ## ######## 2025-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Tərtər Hərbi Məhkəməsinin ## ### 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1 və 334.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3, 68.1 və 68.1.1-ci maddələrinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3 və 67.1-ci maddələrinə əsasən 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 04 ay 20 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuş, ## ###### 2021-ci il tarixdə cəza müddəti bitdiyindən idarənin qeydiyyatından çıxarılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 20 (iyirmi) gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. ## ###### 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, o hazırkı iş üzrə cinayət əməlini məhkumluğu ödənilmədən ## #### 2025ci il tarixdə törətmişdir. Məhkum edilmiş şəxs məhz eyni xarakterli əmələ – oğurluq cinayətinə əsasən yaranmış əvvəlki məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən eyni xarakterli, hətta eyni maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində tələbnamədən də göründüyü kimi ilkin məhkumluqlarına görə məhkumluğu ödənilməsinə baxmayaraq, o, 2017-ci ildən etibarən məhz eyni xarakterli cinayət əməllərinə görə müxtəlif vaxtlarda eyni maddələrlə – 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum edilmişdir. Məhkum edilmiş şəxsin apellyasiya baxışı zamanı qeyd etdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınaraq ona sanksiya həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür ("açıq-aydın” yüngül və yaxud "açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası əlavə əsaslandırmaya zərurət görmədən məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab etmir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə məhkum edilmiş şəxsə cəza təyin edilərkən ona kifayət qədər güzəşt olunmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi, eləcə də cinayət məsuliyyətindən azad edilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar