Məhkəmə qərarları › İş №1(3-6)-903/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-903/2026

20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-903/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Universal vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN: *******), subay, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.B.Əliyev küçəsi, ev 7, mənzil 54-də qeydiyyatda olan, Ağır Cinayətlərə dair Işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2014cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək və həmin Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 16 (on altı il) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## #### 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə iş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs 2023-cü ildə Iran Islam Respublikasının X5 Korpusu (SEPAH) tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, həmin xüsusi xidmət orqanının tapşırığı ilə 12.000 ABŞ dolları məbləğində şəxsi borcunun silinməsi və 4.000 ABŞ dolları məbləğində mükafatın verilməsi müqabilində vətəndaşlıq statusundan bu xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etmək, Azərbaycan Respublikası ilə X6 arasında mövcud olan dövlətlərarası münasibətlərə ziyan vurmaq məqsədilə ## ###### 2023-cü il tarixdə Iordaniyaya Azərbaycan Respublikası vətəndaşı kimi gəlib burada yerləşən hərbi obyektlər, hərbi dəniz qüvvələri, digər hərbi təyinatlı obyektlər, onların mövqeləri, bölgədəki təhlükəsizlik vəziyyəti, Iordaniya- Israil sərhədində yerləşən Iordaniyanın Aqaba şəhəri istiqamətindən Israilin strateji xarakterli Eylat şəhəri barədə məlumatlar, eyni zamanda gələcəkdə məxfi əməkdaşlığa cəlb etmək üçün həmin şəhərə səfər edən Iordaniya vətəndaşları barədə məlumatları “SEPAH” nümayəndələrinə vermək məqsədilə toplamaqla casusluq formasında, habelə xarici ölkənin xüsusi xidmət orqanının tapşırığı ilə onun nümayəndlərinə digər qanunsuz hərəkətlərin həyata keçirilməsində kömək etməklə dövlətə xəyanət etmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə yenidən baxılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayəti əsaslandırılmamışdır. Tərəflərin Izahatları: Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kollegiya ilk növbədə Təqsirləndirilən şəxs tərəfindən verilmş apellyasiya şikayətinə münasibət bildirərək, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Ağır Cinayətlərə dair Işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, cəzasını ** saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Cəza çəkən zaman namaz qılmağa başlamışdır. Müəssisədə Cinayət Məcəlləsinin 274 və digər maddələri ilə məhkum olunmuş Səid Dadaşbəyli və Elşən Ağayevlə tanış olmuşdur. Elşən ona Iran Islam Respublikasında və X7 yaxşı əlaqələrinin olduğunu, həmin əlaqələri vasitəsilə həmişə böyük ticarətlə məşğul olduğunu demişdir. ## #### 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün o, buraxılmış, bir müddət işsiz qaldıqdan sonra dəmir sexində işləmişdir. Eyni zamanda, sosial şəbəkə vasitəsilə Rusiya Federasiyasının Moskva şəhər sakini X4 ilə tanış olmuş, münasibətləri daha da yaxşılaşandan sonra sonuncu onu işləmək üçün Moskvaya dəvət etmişdir. ## #### 2021-ci il tarixdə o, Moskvaya getmişdir. Moskvada o, Valeriya ilə birgə yaşamağa başlamış, ilk əvvəl tikintidə fəhlə, sonra ərzaq çatdırılması xidməti göstərən şirkətdə kuryer işləmiş, daha sonra onlayn ticarət mağazalarından uşaq geyimləri və telefon aksessuarlarının satışını həyata keçirərək pul qazanmışdır. 2021-ci ilin oktyabr ayında Elşən onunla “WhatsApp” mobil tətbiqi ilə əlaqə saxlayaraq Moskvada olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O da növbəti günü Elşənlə “Food city” bazarında görüşmüşdür. X2 satış məqsədi ilə 2 yük avtomobili kivi gətirdiyini deyərək malın satışında ondan kömək istəmiş, o da etiraz etməmişdir. 2021-ci ilin noyabr ayında Elşən Irana qayıtmış, 2022-ci ilin iyun ayının sonlarında isə ona zəng edərək Meysəm Gahri, Şəhruz Sani və Cavad adlı 3 Iran vətəndaşının ticarət məqsədilə Moskvaya gəldiyini deyib onlara kömək etməsini xahiş etmişdir. O, həmin şəxslərlə görüşərkən onlar 1.500 ABŞ dolları pul qarşılığında ondan un, buğda və quş yemi almaqda yardım etməsini istəmiş, o da buna etiraz etməyib 2 gün müddətində qeyd olunan malları araşdıraraq bu məhsulları münasib qiymətə hansı zavoddan almağın sərfəli olduğunu bildirmişdir. Şəhruz Sani ona 1.500 ABŞ dolları pul verəcəyini vəd etsə də, pulu verməmişdir. O, Elşənə zəng edərək Şəhruzun hərəkəti barədə məlumat vermiş, Elşən də Yekaterinburq şəhərində olduğunu söyləyərək onun adından üzrxahlıq edibn ona bu pulun özünün göndərəcəyini demişdir. Iki gün sonra Elşən Irandan olan dostu Siyavuş Aslani ilə birlikdə onunla Moskvada görüşmüş və söhbət zamanı Yekaterinburq şəhərində taxta istehsalı fabriki açmaq niyyətinin olduğunu deyib ona orada işləməyi təklif etmiş, o isə həmin müəssisə açıldıqdan sonra fikrini bildirəcəyini demişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Elşən “WhatsApp” mobil tətbiqi ilə ona zəng edərək dostu Elxan adlı şəxslə birlikdə biznes qurmaq istədiyini bildirmiş, bunun üçün onun Rusiyada un, yağ və düyünün qiymətlərini və həmin malların daşınmasına görə yol xərclərini öyrənib söyləməsini tapşırmış, həmçinin bildirmişdir ki, bu malları Rusiyadan alıb Irana gətirəcək, oradan da Iraq vasitəsilə X6 idxal edəcək. Elşən bu ticarətin əsas sahibinin Elxan adlı dostunun olduğunu bildirmiş, bu işləri həll etməsi üçün Ayaz adlı şəxsi Iordaniyaya göndərmək istədiyini, lakin sonradan fikrindən daşındığını və ingilis dilini bildiyini üçün onu Iordaniya gedib orada yaradılacaq biznes işlərinə nəzarət etməsini istəmişdir. Eyni zamanda, Elşən onun Iordaniyaya gedib orada göndərilən mallar üçün saxlanc yerlərinin düzəlməsi üçün yaxın əlaqələr qurub torpaq sahəsi almağı, həmçinin Aqaba şəhərinə gedərək oradan X3 bölgəsinə dair məlumatlar əldə edib bölgənin fotoşəkillərini çəkib ona tapşırmışdır. O bu şəkilləri nə üçün istədiyini soruşduqda, Elşən Israil və Fələstin arasında gedən silahlı münaqişəyə görə Eylat bölgəsində hazırda ruslara məxsus turizm agentliklərinin fəaliyyətini dayandırdığını və gələcəkdə orada agentlik açıb ticarəti daha da genişləndirmək istədiklərini bildirmişdir. Sonra o, Rusiyadan Iordaniyaya hansı qaydada getməyin, orada qalmağın xərclərini internet vasitəsilə öyrənib Elşənə zəng edib bildirmiş, bu zaman Elşən telefonuna “Trust Wallet” proqamını yükləməsini və kodunu söyləməsini istəmişdir. O da bu proqramı yükləyib kodu Elşənə söyləmişdir. Elşən bu işləri görməsi üçün ona lazım ola biləcək məbləği soruşanda, o, təxminən yol və orada 15 gün qalmaq xərci ilə birlikdə 1.500 ABŞ dollarının kifayət edəcəyini bildirmişdir. ## ###### 2023-cü il tarixdə Elşən onun “Trust Wallet” proqramındakı hesabına 3.000 ABŞ dolları pul köçürmüşdür. O pulu nağlaşdırıb Elşənlə danışmış, sonuncu da Dubayda olduğunu deyərək göndərdiyi pulun 1.500 ABŞ dolları məbləğindəki hissəsi onun Iordaniyaya getməsi ilə bağlı xərclərinə görə, qalan 1.500 ABŞ dolları məbləğindəki hissəsinin isə Şəhruzun ona borcu ilə bağlı olduğunu söyləmişdir. ## ###### 2023-cü il tarixdə Elşənə “WhatsApp” mobil tətbiqi ilə zəng edərək biletləri aldığını və otel bron etdiyini bildirmiş, sonuncu da Amman və Aqaba şəhərlərindən başqa Irana yaxın Əsraq şəhərinə də gedib orada ticarətlə məşğul olan şəxslərlə yaxın əlaqə yaratmasını tapşırmışdır ki, orada torpaq alaraq anbarlar quraşdırıb Irana satılacaq malları saxlasınlar. O, 18 noyabrda Iordaniyaya getmək üçün Türkiyənin Antalya şəhərinə, oradan da X6 Amman şəhərinə uçmuş və “Nobel” otelində qalmışdır. 20 noyabrda Elşən onunla “WhatsApp” mobil tətbiqi ilə əlaqə saxlayaraq Əsraq şəhərinə getməsini və bunun üçün taksidən istifadə etməməsini tapşırmış, hətta ora gələcək tanışların qarşılanması və gedəcəkləri istiqamətlərə aparması üçün taksi sürücüsü ilə yaxın münasibət yaratmasını demişdir. O, 22 noyabrda Əsraq gedib “Əsraq Resort” otelində yerləşib 5 gün orada qalmışdır. Orada qaldığı müddətdə oteldə adam az sayda olduğu üçün vaxtını əsasən otelin müdiri Məjdi və Məjdinin köməkçisi ilə söhbət edərək keçirmişdir. O, Məjdiyə şəhərə gəlmə səbəbini izah edərək Irandan Rusiya istehsalı yağ idxal etmək istədiyini və ona bu işdə kömək lazım olduğunu söyləmişdir. Məjdi də bu işin çox gəlirli olduğunu və lazım olan köməyi edəcəyini bildirmişdir. O, Məjdi ilə aralarında olan söhbətləri Elşənə zəng edərək bildirmişdir. 29 noyabr tarixdə Amman şəhərinə qayıdaraq “City Citadel” adlı oteldə 3 gün qalmış və bu müddət ərzində otelin meneceri Əhməd adlı şəxslə tanış olmuş, ondan gəzməli olan yerlər barədə söhbət etmişdir. Amman şəhərinə gəldiyi gün Elşən ona zəng edib Aqaba şəhərinə getməsini və şəhər barədə gömrük mallarının hansı qaydada keçməsi, torpaq sahəsinin qiyməti haqqında məlumat əldə etməsini tapşırmışdır. 30 noyabrda ona istifadəsində olan “Telegram” proqramından tanımadığı istifadəçidən zəng gəlmiş və o, zəngə cavab verəndə digər tərəfdən bir nəfər şəxsin özünü Elxan kimi təqdim edərək Elşənlə ticarət məsələsində birlikdə olduğunu, işi maliyyələşdirdiyini və Elşənin həmin məsələdə icraçı olduğunu bildirib Elşənin kənar yerdə olduğuna görə onunla əlaqə saxlaya bilmədiyini demişdir. Elxan ticarət işində nə kimi yeniliklər olduğunu ondan soruşduqda, o yeni bir hadisənin baş vermədiyini və indiyə qədər gördüyü hər bir işi Elşənə söylədiyini bildirmişdir. Danışıq zamanı o, Elxana pulunun bitdiyini və 2.000 ABŞ dollarına ehtiyacının olduğunu demiş, Elxan da ona “Trust Wallet” proqramı vasitəsilə həmin günü pul göndərmiş, o da bu vəsaiti Amman şəhərində yerləşən ofislərin birində pasportunun surətini verərək nağlaşdırmışdır. Bundan sonra o, Aqaba şəhərinə gedərək “Seeview” otelində 4 gün qalmış və otelin meneceri Yunus adlı şəxslə tanış olaraq şəhərindəki turizm obyektləri barədə məlumat əldə etmişdir. Orada olarkən rus dilində bilən şəxslərin çoxluq təşkil etdiyini görmüş, turizm agenti kimi çalışan Olesa adlı Rusiya vətəndaşı ilə tanış olmuşdur. Olesaya Aqabada ticarətlə məşğul olmaq istədiyini bildirəndə, sonuncu ticarət üçün oranın əlverişli ərazi olmadığını demişdir. Təxminən 2023-cü ilin dekabr ayının əvvəli o, Elxana zəng edərək Olesadan aldığı məlumatları söyləmiş, Elxan isə Aqaba şəhərinin Israilin Eylat şəhərinə həmsərhəd yerləşdiyini bildirərək gələcək ticarət işi üçün onun lazım olacaq ərazi olduğunu bildirib Olesadan Eylat şəhəri barədə məlumatlar əldə etməsini tapşırmışdır. O da Olesaya zəng etsə də, sonuncu artıq başqa şəhərdə olduğunu söylədiyi üçün otelin meneceri Yunusdan Eylat bölgəsi barədə məlumatlar almağa başlamışdır. Yunus da bölgədə müharibə olması səbəbilə hazırda turizmin zəif olduğunu, bundan başqa ora barəsində çox məlumatlı olmadığını demişdir. Elxan ona Eylat şəhərinə getmək getməsini deyib orada yük gəmiləri limanının olduğunu və gələcəkdə yük daşımaq üçün əlverişli ərazi olması barədə xəbərdar etmişdir. Bundan başqa, Elxan limanda vəziyyətin necə olmasını maraqlandıqda o, Elxana polis və mülki qayıqların sayının çox olduğunu qeyd etmişdir. Elxan mülki qayıqların nə olduğunu soruşduqda o, həmin qayıqların turistlər üçün nəzərdə tutulduğunu söyləmişdir. Ona qayıqla üzməsini və oradakı vəziyyəti, yəni sərhəddə polis nəzarətinin necə olmasını öyrənməyi tapşırsalar da, o, dənizdə üzə bilmədiyini, buna görə də qorxub qayığa minə bilməyəcəyini Elxana bildirmişdir. Bundan sonra Elxan ona Eylat şəhərinin görünüşü barədə sual verərək oranın Aqabadan necə göründüyü ilə maraqlanıb video zəng etmiş və həmin şəhərin uzaqdan fotoşəkillərini çəkib ona göndərməsini tapşırmış, o da bunu etmişdir. Daha sonra Elxan ona zəng edərək Aqaba şəhərində yerli əhali ilə yaxın münasibət qurmağı, onların vasitəsilə orada Eylat şəhəri barəsində və orada olan yük gəmiləri, eyni zamanda dənizdə olan hərbi gəmilərin olub-olmaması barədə məlumatları əldə edib söyləməsini, eyni zamanda Əzraq şəhərinə gedib orada biznes üçün lazım ola biləcək torpaq sahələri ilə maraqlanmasını və bu işdə “Nobel” otelinin müdiri Məjdinin kömək edə biləcəyi üçün ona hədiyyə almağı tapşırmış, həmçinin Elşənin Macarıstanda tutulduğunu və ciddi məsələ olmadığını, tezliklə azadlığa çıxacağını bildirmişdir. O, Elxanın dediyi qaydada hədiyyə alaraq Əzraq şəhərinə gedib onu Məjdiyə çatdırmışdır. Əzraq şəhərində “Əzraq Wildland“ adlı qoruqda gəzərkən oranın müdiri Cəfər adlı şəxslə tanış olmuş, sonuncunun dəvəti əsasında onun xalası oğlunun kafesinə getmişlər. Orada o, Iordaniyaya gəlişi, xüsusilə Rusiyadan yağ idxal edib satışının həyata keçirilməsi barədə planlarını danışmışdır. Cəfər də yaxın ətrafında bizneslə məşğul olan dostlarının çox olduğunu deyib bu işdə kömək edə biləcəyini söyləmiş və Əzraq şəhərində torpaq almaq üçün imkanlarının olduğunu bildirib onu bələdiyyənin nüfuzlu şəxsi ilə görüşdürməyə aparacağını demişdir. Növbəti gün Cəfərlə görüşərkən sonuncu bələdiyyədəki nüfuzlu şəxsin vaxtının olmadığını, ancaq buna baxmayaraq özündə olan Əzraq şəhərindəki torpaq sahələrinə dair cizgiləri ona göstərmiş və yalnız Iordaniya vətəndaşının adına şirkət açılacağı təqdirdə göstərdiyi torpaq sahələrinin biznes məqsədilə istifadə etməyin mümkün olduğunu qeyd etmişdir. O, Elxana zəng edərək Cəfərlə olan söhbəti danışmış, Iordaniyanın vətəndaş pasportu əsasında biznes üçün torpaq sahəsinin verildiyini bildirmiş, Elxan da pasportla bağlı problemin olmadığını, məsələni özünün həll edəcəyini demişdir. O da bunu Cəfərə dedikdən sonra, onlar 4 torpaq sahəsinə baxmağa getmişlər. Eyni zamanda, Cəfər torpağa dair sənədləşmə işlərinə hərbçilərin nəzarət etdiyini qeyd edib buna kömək edəcək olan xalasıoğlunun şəklini göstərib onun kəşfiyyat orqanında çalışdığını demişdir. Bundan sonra o, Elxanla əlaqə saxlayaraq Cəfərlə olan bütün danışıqları, yəni bələdiyyənin torpaq sahələri, hərbiçilər tərəfindən əmlaklara nəzarətlə bağlı, eyni zamanda Cəfərin qohumunun kəşfiyyat orqanında çalışması haqqında məlumatları demişdir. Elxan da Cəfər və onun yaxın ətrafının lazımlı şəxslər olduğunu deyərək onunla daha yaxı n əlaqə saxlamağı nı və ondan gələcək dövrdə ora külli miqdarda yat ı rı m edəcəyi t əqdirdə hərbçilər tərəfindən hansısa problemin olubolmayacağını, habelə yüksək maaş müqabilində Cəfərin onlarla işləyib-işləməyəcəyini maraqlanmağını tapşırmışdır. O da bunu Cəfərdən soruşanda, sonuncu heç bir problemin olmayacağını bildirib işə razı olmuşdur. Növbəti gün Elxanın nömrəsindən Elşən ona zəng edərək Cəfərlə münasibəti davam etdirməsini tapşırmışdır. 2023-cü ilin 12-14 dekabr tarixlərində Elşən zəng edərək Elxanın Iordaniyaya duru yağ idxal edilməsi bağlı külli miqdarda pul yatıracağını, buna görə də Elxanın planlarını doğrultmaq üçün Əzraq şəhərində iki ünvanda yerləşən torpaq sahəsinin əlverişli olduğunu söyləyərək oraya Cəfərlə getməsini istəmişdir. Bundan sonra o, Cəfərlə görüşüb Elşən ona dediyi qaydada əvvəlcə “Zubi” otelin yanındakı sahəyə, sonra “3 Zeytun” deyilən əraziyə getmişlər. Yolda olarkən o, Elşənə zəng edərək ərazini göstərmiş, bu zaman onlara polislər yaxınlaşaraq orada olmasının səbəbini soruşub pasportlarını istəmiş, daha sonra geri qaytarıb ərazinin tərk etməsini tələb etmişlər. Elşən də nə baş verdiyini soruşanda o, məsələni danışmış, sonuncu həmin ərazilərin icarəyə götürülmə qaydasının Cəfərdən öyrənilməsini istəmişdir. O da bunu Cəfərə demişdir. Cəfər də məsələni öyrənib yerlərin dövlətə məxsus olduğu üçün icarəyə götürülməsinin qeyri-mümkün olduğunu demişdir. Elşən də bu planı kənara qoymağı söyləyib Aqabadakı vəziyyətin öyrənilməsini istəmiş, xırda detalları həll etməyin lazım olduğunu bildirərək fotoaparatın almasını tapşırmışdır. Sonra 15 dekabrda Elşən onunla saxlayaraq ilk öncə Iranda olan dostlarının ona olan maddi dəstəyindən danışmış, onların sayəsində varlı həyat tərzində yaşadığını qeyd etmiş, onun da varlı ola biləcəyini demişdir. O da bunun necə olacağını soruşduqda, sonuncu ticarətlə deyil, yalnız “din qardaşlar”ının elədiyi maddi dəstək əsasında mümkün olduğunu söyləyib Aqaba şəhərinə gedib oradan Islam dinin düşmənləri olan Israilin Eylat bölgəsində yerləşən gəmi limanlarına hansısa qaydada ciddi zərər vurmağın və ya orada yanğın törətməyin yollarını öyrənməyini istəmişdir. Bu zaman o, Elşənin dediyi təklifə əsəbiləşərək onu təhqir etmiş və beləliklə aralarında mübahisə başlamışdır. Elşən və Elxanın bu istəklərini biznes adı altında pərdələdiklərini və Eylat bölgəsində terror aktına hazırlıq planı qurduqlarını o, son anda anlayıb bu barədə Azərbaycan Respublikasının Iordaniyadakı Səfirliyinə gedib məlumat vermək istəsə də, Elşənlə danışığından bir neçə saat sonra polis əməkdaşları oteldə qaldığı otağa daxil olub onu tutmuşlar. O da saxlanılmasının səbəbini öyrənmək istədikdə, ona qanunsuz pul mübadiləsi etdiyi üçün tutulduğu deyilmişdir. Polis məntəqəsinə gətirildikdən sonra bu ölkənin qanunlarını pozduğuna görə onu deportasiya və cərimə edəcəklərini bildirmişlər. Bu zaman dərhal səfirlik və konsulluq əməkdaşlarının çağırılmasını tələb etsə də, onlar bunu etməyəcəklərini söyləmişlər. O polis əməkdaşlarına Iordaniyaya ticarət etmək məqsədilə gəldiyini bildirmiş, onlar isə ona vergidən yayındığına görə barəsində prokurorluğa müraciət edəcəklərini söyləyib ona fiziki zoraklıq edib döymüşlər. Bir gün sonra isə onu həbsxanaya bənzər bir yerə aparmışlar. Orada 6 gün ərzində su və yeməkdən məhrum edilmiş, fiziki təzyiq göstərilmişdir. Tərtib edilmiş sənədlərə təzyiq altında imza çəkməsini istəsələr də, o bundan imtina etdiyi üçün onun sağ əlini tutaraq məcburi şəkildə bilmədiyi dildə olan sənədlərə baş barmağının izini qoymuşlar. Beləliklə, 8 ay müddətində orada saxlanılmış və ##.##.2024-cü il tarixdə Azərbaycana təhvil verilmişdir. Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətində ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi açılsa da, buna dair sübutlar mövcud olmamışdır. O, Iordaniyada qeyri-qanuni hərəkətlər etməmiş, oraya ticarət məqsədi ilə getmiş, hansısa dövlətin xüsusi xidmət orqanına işləməmiş, Elşəngilin planlarından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacı oğludur. Azər ilk dəfə 2009-cu ildə qəsdən adam öldürməyə cəhdə görə məhrum edilib. Bundan başqa o, cəza çəkdiyi müəssisədə başqa cinayət törətdiyi üçün cəzası uzadılıb. Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayında cəzasının sona çatması ilə bağlı azadlığa çıxmış, sonra işləmək üçün Rusiyaya getmişdir. Bu müddət ərzində o, Azərlə daim “WhatsApp” tətbiqi ilə əlaqə saxlayaraq danışmışdır. 2023-cü ildə Azərin Iordaniyaya işləmək məqsədi ilə getdiyini bilmişdir. “Təqsirləndirilən şəxs barəsində” tərtib edilmiş ##.##.2024-cü il tarixli arayışa əsasən o, Iran Islam Respublikasının xüsusi xidmət orqanı X5 Korpusunun (SEPAH) maraqları naminə X8 ərazisində kəşfiyyat tapşırıqlarını icra etmiş, Iordaniya vətəndaşlarının cəlb olunması, oranın hərbi obyektləri, hərbi dəniz mövqeləri, Israilin Eylat bölgəsi barədə məlumatların əldə edilməsi, həmin bölgəyə səfər etmək imkanı olan şəxsin cəlb edilməsi və digər kəşfiyyat xarakterli hərəkətlər törətmişdir. Təqsirləndirilən şəxs Rusiyada olarkən onun 12.000 ABŞ dolları məbləğində borcu Iran xüsusi xidmət orqanı tərəfindən ödənilmiş və Iordaniyaya səfər etməzdən əvvəl xərclərin qarşılanması üçün ona 4.000 ABŞ dolları məbləğində pul verilmişdir. Bununla da o, Azərbaycan vətəndaşı kimi üçüncü ölkələr ərazisindən yuxarıda qeyd olunan hərəkətləri törətmək üçün göndərilmiş, bununla da Azərbaycan Respublikası və X6 arasında mövcud olan münasibətlərə və Azərbaycanın milli maraqlarına zərər vurmaq məqsədi ilə Iran xüsusi xidmət orqanı ilə razılaşmışdır (İ cild, i.v.09); Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş Idarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri zamanı əldə olunmuş məlumatlara görə 2022-ci ildə Rusiya ərazisində Elşən Ağayevin vasitəçiliyi ilə “SEPAH” əməkdaşları ilə əlaqələndirilmiş Təqsirləndirilən şəxs Iran Islam Respublikasının xüsusi xidmət orqanlarının maraqları naminə “SEPAH” əməkdaşlarından aldığı tapşırıqların icrasını yerinə yetirmək məqsədilə 2023-cü ildə lordaniya Haşimilər Krallığına səfər etmişdir. Elşən Ağayev “SEPAH” əməkdaşlarından lordaniya Haşimilər Krallığında kəşfiyyat məlumatlarının toplanılması istiqamətində aldığı tapşırıqları həmin ölkənin Amman şəhərində səfərdə olan Təqsirləndirilən şəxs ötürmüşdür. Təqsirləndirilən şəxs isə “SEPAH” əməkdaşlarının tapşırıqları əsasında Iordaniyanın hərbi obyektləri, hərbi dəniz qüvvələri, digər hərbi təyinatlı obyektlər, onların mövqeləri, bölgədəki təhlükəsizlik vəziyyəti, Iordaniya-Israil sərhədində yerləşən Iordaniyanın Aqaba şəhəri istiqamətindən Israilin strateji xarakterli Eylat şəhəri barədə kəşfiyyat məlumatları toplamış və “SEPAH” əməkdaşlarına təqdim etməsi üçün Elşən Ağayevə ötürmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs lordaniya ərazisində gələcəkdə əlavə kəşfiyyat məlumatların toplanılması üçün lordaniya vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilməsinə səylər göstərmişdir. Əldə olunmuş əsaslı məlumatlara görə Təqsirləndirilən şəxs “SEPAH” tərəfindən Iordaniyaya məhz Azərbaycan Respublikası vətəndaşı kimi üçüncü ölkələr ərazisində yuxarıda qeyd olunan cinayətləri törətmək üçün göndərilmiş, bununla da Azərbaycan Respublikası və lordaniya Haşimilər Krallığı arasında mövcud olan münasibətlərə və Azərbaycan Respublikasının milli maraqlarına zərər vurmaq məqsədilə IIR XXO ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ##.##.2021-ci ildə Rusiya Federasiyasına səfər etmiş, 2023-cü ilin sentyabr ayına qədər həmin ölkədə yaşamışdır (İ cild, i.v.236-239); X6 Baş Kəşfiyyat Xidmətinin ##.##.2024-cü il tarixli məlumatına əsasən Azərbaycan Respublikasının vətəndaşı, C******** nömrəli pasporta malik Təqsirləndirilən şəxs IIMK-nin mənafeyi üçün ölkəmizdə kəşfiyyat tələblərini yerinə yetirmək məqsədilə ##.##.2023-cü il tarixdə ölkə ərazisinə daxil olmuş və aşağıdakı tapşırıqları yerinə yetirmişdir: lordaniya vətəndaşlarının cəlb olunması, Iordaniya daxilində kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirmək məqsədilə təhlükəsiz evlərlə təminat daxil olmaqla, lordaniyanın hərbi obyektləri, onların yerləşdiyi koordinatorlar, lordaniya hərbi dəniz mövqeləri, digər hərbi təyinatlı obyektlər və bölgədəki təhlükəsizlik vəziyyətinin müəyyənləşdirilməsi; iş adı altında Israilin Eylat bölgəsinə səfər edə bilən şəxsin iranlıların mənafeyi üçün mənbə kimi cəlb edilməsi və Eylat bölgəsi barədə çoxlu məlumatların toplanılması; Aqabadakı əsas sahili nəzərdən keçirmiş və Israil tərəfindəki həssas yerlərin çəkilişini etmişdir; Iranlılar adı çəkilən şəxsin Rusiyadakı 12.000 dollar məbləğindəki borcunu ödəmiş, həmçinin, o, lordaniyaya səfər etməzdən əvvəl xərclər kimi onlardan 4.000 dollar almışdır (II cild, i.v.119); “Baxış keçirilməsi barədə” ##.##.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş əşyalar aşağıdakılardan ibarətdir: Təqsirləndirilən şəxs məxsus şəxsiyyəti təsdiq edən şəkilli sənəd; Təqsirləndirilən şəxs məxsus Rusiya Federasiyası ərazisində işləmək üçün ********** saylı şəkilli icazə sənədi; Təqsirləndirilən şəxs məxsus C******** saylı pasport (ümumilikdə 50 səhifədən ibarətdir, vərəqlərdə ölkələrə girişçıxış haqqında bu qeydlər var: ##.##.2021 - ##.##.2024 Azərbaycan Respublikası, ##.##.2021 - ##.##.2023 Rusiya Federasiyası, ##.##.2023 - ##.##.2023 Türkiyə Respublikası, ##.##.2023 - ##.##.2024 X6, ##.##.2022 - ##.##.2022 Qazaxıstan Respublikası, ##.##.2022 - ##.##.2022 Qazaxıstan Respublikası, ##.##.2023 - ##.##.2023 Qazaxıstan Respublikası, ##.##.2023 - ##.##.2023 Qazaxıstan Respublikası); 07 ədəd 100, 01 ədəd 50, 01 ədəd 20, 02 ədəd 10, 02 ədəd 05, 04 ədəd 01 - ümumilikdə 804 ABŞ dolları, 05 ədəd 50, 01 ədəd 20, 02 ədəd 10, 01 ədəd 05, 10 ədəd 01 - ümumilikdə 304 Iordaniya dinarı; Təqsirləndirilən şəxs adına olan 02 ədəd Rusiya Federasiyasına məxsus “Tinkoff” adlı onlayn 5536914071634392 və **************** saylı plastik bank kartı; 01 ədəd Rusiya Federasiyasına məxsus “SBER Bank”a aid Təqsirləndirilən şəxs adına olan **************** saylı plastik bank kartı; 01 ədəd “xxxx” ASC-yə məxsus Təqsirləndirilən şəxs adına olan **************** saylı plastik bank kartı; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin Təqsirləndirilən şəxs müəyyən müddətdə azadlıq məhrumetmə cəzasına məhkum edildiyi üçün hərbi qeydiyyatda alınmaması ilə bağlı ##.##.2021-ci tarixli *** nömrəli arayışı; üzərində karandaşla şərti olaraq nömrələnmiş əlyazma mətinlərindən ibarət kağızlar (kağızların məzmunu aşğıdakı kimidir: 01) Avtobus bileti, Azərbaycan vətəndaşı - Təqsirləndirilən şəxs - bilet nömrəsi 14-15-08-45-4, biletin verilmə tarixi ##.##.2023, saat 04:07. Istiqamət: Abdali-Aqaba. Oturacaq yer 8. Avtobusla səfər tarixi ##.##.2023 saat 11:00. Biletin arxa hissəsində sərnişinin ümumi davranış qaydaları öz əksini tapmışıdır. Biletin qiyməti 10 Iordaniya dinarı. 02) Avtobus bileti, Azərbaycan vətəndaşı - Təqsirləndirilən şəxs - bilet nömrəsi 15-14-54-487, biletin verilmə tarixi ##.##.2023, saat 12:05. Istiqamət: Aqaba-Abdali. Oturacaq yer 4. Avtobusla səfər tarixi ##.##.2023 saat 11:00. Biletin arxa hissəsində sərnişinin ümumi davranış qaydaları öz əksini tapmışıdır. Biletin qiyməti 10 Iordaniya dinarı. 03) X6 Amman şəhəri, Nobel oteli. Otelə daxil olma tarixi ##.##.2023. Qaldığı otaq 121. Oteldə gecələmə üçün məbləğ 15 Iordaniya dinarı. Faktura nömrəsi 3619. Fakturada mister Azər Akif sözləri qeyd olunmuşdur. 04) Quds restoranına məxsus qaimə faktura. Restoranda yeməyə dair ödəniş qəbzi. Ümumi 6 Iordaniya dinarı məbləğində ödəniş qəbzi. 05) Əzraq otelə dair ***** saylı qəbz. Fakturada 03 gün gecələmək üçün 81 Iordaniya dinarı ödəniş, ##.##.2023-cü ildə daxil olma. Fakturada Azər adı qeyd olunmuşdur. 06) Üzərində Azərə aid nömrələr və yapışdırılmış sim kartlar olan kağız parçası. 07) Taxi, North Bus station AlAzraq sözləri qeyd olunmuş kağız parçası. 08) 500Gb ********** yazısı olan kağız parçası. 09) 0790931818 Ramzi 50 JOD 45 yazısı olan kağız parçası. 10) Rusiya Federasiyasının Moskva şəhərindən Türkiyə Respublikasının Antalya şəhərinə uçmaq üçün ## ###### 2023-cü il tarixli təyyarə bileti. 11) 23.11.23 tarixli tək tarixli “Wild Jordan” otelində tarix: 23.11.23, saat:16:54, otaq 12, 5 gecə üçün ödəniz qəbzi (İ cild, i.v.77-78); “Baxış keçirilməsi barədə” ##.##.2024-cü il tarixli protokol, ona əlavə edilmiş fotoşəkillər və diskə görə Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi 9T” və “Samsung S22” markalı mobil telefonlara baxış zamanı “Xiaomi 9T” markalı mobil telefonun adlar bölümündən Elşən 050-449-50-35, 070-267- 81-20, +79625316104,+79990375793, **********,+79855140022, 905348237332, **********,+79519237488,+905318575415,+33680656302, 77028549581, +79014273516,+79213121142,+79919516127,+9899388585649,+791635242 42, +989111832987, Ayaz +380636450707,+79315375014 nömrələr aşkar olunmuş, mobil telefonun yaddaşında olan qovluqlara və ümumi menyusunda olan proqramlarda isə iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış, “Samsung S22 Ultra” markalı mobil telefonun yaddaşında olan iş üçün əhəmiyyət kəsb edən şəkillər “Hp” markalı printerdən çap edilərək və videolar “CD” diskə yazılaraq protokola əlavə edilmişdir (İ cild, i.v.175-188); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2024-cü il tarixli, **** nömrəli rəyinə görə Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, halhazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur (II cild, i.v.06-07); “Fotoşəkil üzrə tanıma” protokola əsasən Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotoşəkillərdə “3” şərti nömrəli şəkildəki şəxsi tanıyaraq onun Elşən Ağayev olduğunu, bu şəxslə eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, azad olunduqdan sonra onunla Rusiyada görüşdüyünü, Elşənin tapşırığı ilə Iordaniyaya gedərək müəyyən ərazilərin icarəsi ilə maraqlandığını, bəzi ərazilərin foto və video çəkilişlərini edərək ona göndərdiyini bildirir (II cild, i.v.73- 74); “Maddi sübut kimi tanınmaq haqqında” ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və cinayət yolu ilə əldə etdiyi 305 Iordaniya dinarı və 804 ABŞ dolları pul vəsaiti maddi sübut kimi tanınaraq saxlanılması üçün Dövlət Təhlükəsizlik Xidmətinin Maliyyə idarəsinə göndərilmiş, ona məxsus 01 ədəd qara rəngli “Xiaomi Redmi 9T” markalı və 01 ədəd ağ rəngli “Samsung 22 Ultra” markalı mobil telefonlar, Rusiya Federasiyası ərazisində işləmək üçün ********** saylı şəkilli icazə sənədi, 02 ədəd Təqsirləndirilən şəxs adına olan Rusiya Federasiyasına məxsus “Tinkoff” adlı onlayn 5536914071634392 və **************** saylı plastik bank kartları, 01 ədəd Rusiya Federasiyasına məxsus “SBER Bank”a aid Təqsirləndirilən şəxs adına olan **************** saylı plastik bank kartı, 01 ədəd “xxxx” ASC-yə məxsus Təqsirləndirilən şəxs adına olan ***************** saylı plastik bank kartı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin Təqsirləndirilən şəxs müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi üçün hərbi qeydiyyata alınmaması ilə bağlı ##.##.2021-ci il tarixli *** nömrəli arayışı, **-**-**- *** nömrəli istiqaməti üzrə ##.##.2023-cü ilə aid avtobus bileti, **-**-**-*** nömrəli Aqaba-Abdali istiqaməti üzrə ##.##.2023-cü il tarixə avtobus bileti, X6 Amman şəhəri, Nobel otelində gecələməyə dair ödəniş qəbzi, “Quds” restoranına məxsus qaimə faktura, “Əzraq” otelə dair ***** saylı ödəniş qəbzi, üzərində Təqsirləndirilən şəxs aid nömrələr və yapışdırılmış sim kartlar olan kağız parçası, Taxi, North Bus station AlAzraq sözləri qeyd olunmuş kağır parçası, 500Gb ********** yazısı olan kağır parçası, 0790931818 Ramzi 50 JOD 45 yazısı olan kağız parçası, Rusiya Federasiyasının Moskva şəhərindən Türkiyə Respublikasının Antalya şəhərinə uçmaq üçün ## ###### 2023-cü il tarixli təyyarə bileti, 23.11.23 tarixli “Wild Jordan” otelində 5 gecə gecələməyə dair ödəniş qəbzi iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (İ cild, i.v.79-80, 189-190, II cild 120-121); Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən ********* saylı cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs X6 saxlanılaraq ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasına gətirilmişdir (İ cild, i.v.43); Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ##.##.2025-ci il tarixli arayışı və hökmlərə görə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə, sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1- ci maddəsi ilə təqsirli bilinərək və həmin Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.10-11, 169- 172, 192-214); Kollegiya, iş materiallarını, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib X6 yalnız ticarət məqsədi ilə səfər etdiyini, Iran Islam Respublikasının xüsusi xidmət orqanları, o cümlədən X5 Korpusu (SEPAH) ilə hər hansı əməkdaşlığının olmadığını, Elşən Ağayev və Elxan adlı şəxslərin məqsədlərinin əsl mahiyyətini sonradan anladığını və onların X3 bölgəsinə münasibətdə terror xarakterli planlarının olduğunu başa düşdükdən sonra isə bu barədə Azərbaycan Respublikasının Iordaniyadakı diplomatik nümayəndəliyinə məlumat vermək niyyətində olduğunu söyləmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzası çəkdiyi dövrdə sonradan Iran xüsusi xidmət orqanları ilə əlaqəli olması iddia edilən Elşən Ağayevlə tanış olmuş, cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra da həmin şəxslə əlaqələrini davam etdirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əsasən o, 2021-ci ilin oktyabr ayından etibarən Elşənlə Rusiya Federasiyası ərazisində dəfələrlə görüşmüş, sonuncunun vasitəsilə Iran vətəndaşları Meysəm Gahri, Şəhruz Sani və Cavad adlı şəxslərlə tanış olmuş, onların müxtəlif kommersiya xarakterli tapşırıqlarını yerinə yetirmiş, sonradan isə Elşən tərəfindən X6 göndərilmişdir. Həmçinin, Iordaniyaya səfər etməzdən əvvəl Elşən ona “Trust Wallet” tətbiqi vasitəsilə ümumilikdə 3.000 ABŞ dolları məbləğində pul köçürmüş, həmin vəsaitin bir hissəsinin səfər xərcləri, digər hissəsinin isə əvvəlki borc münasibətləri ilə bağlı olduğu bildirilmişdir. Sonradan “Elxan” kimi təqdim olunan şəxs tərəfindən də əlavə olaraq ona 2.000 ABŞ dolları məbləğində vəsait göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, hər hansı real kommersiya müqaviləsi, əmək münasibəti və ya hüquqi əsas olmadan, xarici ölkədə müəyyən tapşırıqların yerinə yetirilməsi müqabilində təqsirləndirilən şəxsə davamlı maliyyə təminatının göstərilməsi onun sadəcə “biznes əlaqələri” çərçivəsində fəaliyyət göstərməsi barədə müdafiə mövqeyini şübhə altına alır. Iş materiallarında olan baxış protokolları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş pasport məlumatları onun ##.##.2023-cü il tarixdə X6 daxil olduğunu və ##.##.2024-cü il tarixədək həmin ölkədə qaldığını təsdiq edir. Həmçinin, onun istifadəsində olmuş mehmanxana qəbzləri, avtobus biletləri, telefon nömrələri qeyd edilmiş kağız parçaları, xarici valyuta və müxtəlif bank kartları aşkar edilmişdir. Həmin sənədlər təqsirləndirilənin ifadəsində göstərdiyi səfər marşrutunu - Amman, Əzraq və Aqaba şəhərlərinə hərəkət etməsini obyektiv qaydada təsdiq edir. Təqsirləndirilən şəxsin ifadəsində Iordaniyada olarkən ona müxtəlif istiqamətlər üzrə məlumat toplamaq tapşırıqlarının verildiyini göstərmişdir. Belə ki, Elşən Ağayev və sonradan Elxan adlı şəxs tərəfindən ona Əzraq şəhərində torpaq sahələrinin əldə olunması imkanlarının araşdırılması, yerli şəxslərlə münasibətlərin qurulması, gələcək fəaliyyət üçün münasib şəxslərin müəyyənləşdirilməsi, Aqaba şəhərində logistika və gömrük imkanlarının öyrənilməsi, X3 şəhəri barədə məlumatların toplanılması, həmin əraziyə dair foto və video görüntülərin əldə edilərək göndərilməsi, limanda vəziyyət, polis nəzarəti, hərbi və mülki qayıqlar barədə məlumatların müəyyən edilməsi tapşırılmış və o, həmin tapşırıqların mühüm hissəsini faktiki icra etmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə və apellyasiya şikayətində özünü Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsinə və apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir, onun ifadəsinin və şikayətinin həqiqəti əks etdirməməsi özünü müdafiə xarakteri daşımaqla, iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Qeyd edilənlərə əsasən, kollegiya, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etdiklərini əsassız hesab etməklə, təqsirli bilindiyi cinayət əməllərinin törədilməsini inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə apellyasiya şikayətinin dəlillərini özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıdığı qənaətinə gəlir. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə tövsif olunmuş və onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılmasına dair birinci instansiya məhkəməsinin qərarı qanunu və əsaslı olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, onun əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq cəza təyin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinməsinə dair *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinmələrinə dair *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Universal vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 31 (otuz bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 341 manat dövlət büdcəsindən tutularaq Universal vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar