Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-912/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(5-103)-99/2026 saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim X2) 1(5-103)-99/2026 saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ## ### 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, nömrəsiz ünvanda yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, onun ## ######## 2025-ci il tarixindən ## ######## 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 24 saatı keçdiyinə görə 2 (iki) gün müddət təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## ### 2026-cı il tarixdən hesablanması, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,159 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla ## ######## 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi * saylı ünvanın yaxınlığına kimi daşımış, həmin gün orada saat 02:48-də piyada hərəkətdə olarkən Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq orada videoçəkilişlə üzərində aparılan yoxlanılan zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 1,159 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd şəffaf bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəzanın hansı məqsədlər üçün təyin olunduğunu nəzərə almamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş, səmimi peşmançılıq hissi keçirmişdir. Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət törədir, cinayəti törətdiyindən səmimi peşmançılıq hissi keçirmiş, ibtidai və məhkəmə istintaqı zamanı özünün ifşa olunmasına hər hansı maneçilik törətməmiş, əksinə köməklik göstərmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, daha yüngül cəza verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsi mübahisələndirməmiş, ona təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində vermiş olduğu ifadələri, şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Təqsirləndirilən şəxs müdafiəçisi təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia etmişdir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların tələblərini, apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 234.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirici hallar olduğunu göstərsə də, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3 və 66.5-ci maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(5-103)-99/2026 saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-912/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-912/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver