Məhkəmə qərarları › İş №1(3-6)-922/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-922/2026

20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-922/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakim – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və D.Kişvəri küçəsi, ev 15, mənzil 15 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəxri Məmmədov (sədrlik edən), Leyla Əsgərova-Məmmədova və Mahirə Kərimova) ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,041 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 12:30-da ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin gətirilmiş, həmin tarixdə saat 14:23-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellefon bükümdə külli miqdarda 9,041 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün əsassız olduğundan, təqsirləndirilən şəxsə ittiham olunan əməl sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə bəraət hökmünün qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə (o cümlədən barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında) verdiyi ifadələrində əməlini etiraf edib, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu etirafedici ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları) da üst-üstə düşməklə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələri inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlib onun əməlini CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Cəza təyini məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin himayəsində 01 (bir) nəfər az yaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə aldığını qeyd edərək ona azadlıqdan məhrum etmə növündə cəza təyin etməkdə haqlı olsa da, məhkəmə kollegiyasının qənaətinə görə ona daha az müddətə cəza təyin etməklə də islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş ## ##### 2026-cı il tarixli məktubdan və məktuba əlavə edilmiş ## ###### 2026cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi” haqqında qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmiş və ##.##.2026-cı il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini cəzasını yüngülləşdirən hal kimi CM-nin 59.2-ci maddəsinə əsasən, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını da nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-nin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il, 6 (altı) aya endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar