Məhkəmə qərarları › İş №1(3-6)-928/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-928/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-928/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlunun və onun müdafiəçisi Presedent Vəkil Bürosunun vəkili müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirqayayeva İsmət Nəsib qızının iştirakları ilə, İsmayılov Elçin Rasif oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Teymur Qurbanov) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ## ##### 1989-cu il tarixdə Zəngilan rayonu Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Mincivan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, Qobu Park yaşayış kompleksi 1, ev 5, mənzil 32-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İsmayılov Elçin Rasif oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalından dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi hökm edilmişdir. Hökmə əsasən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi və maddi zərər görə 1660 (bir min altı yüz altmış) manat, mənəvi zərə görə 1000 (bir min) manat pul İsmayılov Elçin Rasif oğlundan tutularaq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ödənilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirqayayeva İsmət Nəsib qızı tərəfindən verilmiş mülki iddiaya dair ərizənin baxılmamış saxlanılması müəyyən edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələsi də həll olunmuşdur. İşin halları: İttihama əsasən İsmayılov Elçin Rasif oğlu ## ### 2025-ci il tarixdə, saat 16.00 radələrində BB****** nömrəli, “B1,B, C1, C” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Mədən küçəsi ilə Lökbatan qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə riayət etməklə, yəni avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı, qarşı əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamaqla və «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən artıq sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini cinayətkarcasına etinasızlıq edib pozaraq həmin küçədə əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxaraq hərəkət üçün təhlükə yaradıb avtomobili 50 km/saat sürətdən artıq sürətlə idarə edərək qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan şahid3 idarə etdiyi Kamaz 53212 markalı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət istiqamətində toqquşaraq ehtiyyatsızlıqdan öz avtomobilində olan sərnişin zərərçəkmiş şəxs2 “qapalı kəllə beyin travması, baş beyin yüngül dərəcəli əzilməsi və baş beyninə qansızma, sol qasıq və oturaq sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ gicgah sümüyünün xətti sınığı, beldən aşağı çanaq nahiyəsinin əzilməsi” olmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, sərnişin Dəmirqayayev Coşqun İlham oğlunun “baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ gicgah, alın sağ təpə sümüklərinin xətti sınıqları, sağ almacıq, sağ orbita və burun sümüklərinin sınıqları, sağdan VI-VII-VIII- IX qabırğaların sınıqları, sağ körpücük və sağ kürək sümüklərinin sınıqları, dalağın travmatik cırılması” olmaqla dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs2 sağlamlığına ağır zərər vurulmasına və Coşqun Dəmirqayayevin isə baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sağ gicgah, alın və sağ təpə sümüklərinin sınıqları xəsarətlərindən ## ### 2025-ci il tarixdə ölümünə səbəb olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlu apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, ona təqsirli bilindiyi maddəsinin sanksiyasının aşağı həddində və ya CM-nin 62-ci maddəsi tətbiq olunmaqla alternativ cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qarabağ Müharibəsinin iştirakçısıdır. Ailəlidir və himayəsində 3 (üç) azyaşlı övladı vardır. Ailəyə qazanc gətirən başqa şəxs yoxdur və ailəsi ağır sosial vəziyyətdədir. Həmçinin zərərçəkmişin dəfn mərasiminə köməklik göstərmişdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxs barəsində yüngülləşdirici halları nəzərə almaqla məhkəmə kollegiyasından şikayətin təmin edilərək ona daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Dəmirqayayeva İsmət Nəsib qızı təqsirləndirilən şəxs tərəfindən barışıq üçün hər hansı cəhd edilmədiyindən tərəflər arasında barışığın mövcud olmamasını, buna görə də apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 mübahisələndirilən hökmdə müdafiə tərəfinin istinad etdiyi halların İsmayılov Elçin Rasif oğlunun cəzasını yüngülləşdirən hallar kimi göstərildiyini, habelə təqsirləndirilən şəxslə zərərçəkmişin hüquqi varisi arasında barışığın olmamasını nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və İsmayılov Elçin Rasif oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən İsmayılov Elçin Rasif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı etirafedici ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinin, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərinin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar məcmusunun artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən həmin sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə istintaq zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb aydınlaşdırmaqla İsmayılov Elçin Rasif oğlunun ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlu iş üzrə birinci instansiya məhkəməsinin hökmünü ona cəza təyin edilməsi hissəsində mübahisələndirərək barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə İsmayılov Elçin Rasif oğluna təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyələri nəzərə alınaraq qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, bu zaman işin faktiki halları və cinayətin ictimai təhlükəliliyi düzgün qiymətləndirilmiş, nəticədə ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlunun ilk dəfə cinayət əməli törətməsini, himyəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədən təqsirləndirilən şəxsin 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə islah olunmasını mümkün hesab etmişdir. Hazırki işin faktiki halları və iş materialları araşdırıldıqda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlunun yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunması mümkündür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayəti ilə razılaşmır və hesab edir ki, müdafiə tərəfinin istinad etdiyi dəlillər əsassızdır. Belə ki, apellyasiya şikayətində göstərilmiş yüngülləşdirici hallar birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə cəza təyin edilərkən nəzərə alınmış və ona kifayət qədər güzəşt olunmuş, habelə apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlu tərəfindən barışıq əldə edilməsinə hər hansı cəhdin olunmadığını qeyd etmişdir. Bundan başqa, təqsirləndirlən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin CMnin 62-ci maddəsi tətbiq olunmaqla ona alternativ cəza təyin edilməsi xahişinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hallara və yaxud bu cür halların məcmusuna sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar Cinayət Məcəlləsinin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və İsmayılov Elçin Rasif oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayılov Elçin Rasif oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Presedent Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs İsmayılov Elçin Rasif oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına üçün 11 manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Presedent Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar