Məhkəmə qərarları › İş №1(3-7)-121/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-121/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-121/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin (hakim X1) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə, ##.##.1998-ci il tarixdə Bərdə rayonu, Bala Qəcər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Probasiya şöbəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverənlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 2.6-cı bəndində əsasən həmin cəzadan azad edilmiş, Bərdə rayonu, Bala Qəcər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəs, Karvan küçəsində yaşamış, barəsində “həbs” hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin ## ####### 2025-ci il tarixdən hesablanması, cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonu, Bala Qəcər kəndində gəlib həmin kəndin mərkəzi hissəsində yaşayan X2 məxsus fərdi yaşayış evinin yola tərəf hissəsində inşa edilmiş və sonuncu tərəfindən istifadəsinə razılıq verilmiş Qəşəng Səfərovanın qardaşı qızı Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasının dam örtüyünü əli ilə mexaniki təsir göstərib sındıraraq oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq mağazanın içərisinə quraşdırılmış piştaxtanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 490 manat pul əskinaslarından və 60 manat məbləğində qəpik pullardan ibarət ümumilikdə 550 manat nağd pulu və dəqiq sayları istintaqla müəyyən edilməsi mümkün olmayan 24 manat məbləğində 1 və 3 manatlıq «Azercell» ödəniş danışıq kartlarını gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 ümumilikdə 574 (beş yüz yetmiş dörd manat) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili müdafiəçi2 apellyasiya şikayəti verərək Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-ci il tarixli hökmünün dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilənərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilənərək Bərdə rayon məhkəməsinin l(***)-***/**** saylı ##.##.2026-cı il tarixli hökmünə əsasən 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmü haqsız,ədalətsiz,qeyri-obyektiv hesab edir.Qəbul edilmiş hökm heç də Təqsirləndirilən şəxs islah olunmasına xidmət etmir. Hörmətli məhkəmə kollegiyası,hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallarla bağlı qeyd etmək istəyir ki,o, ##.##.1998-ci ildə Bərdə rayon Balaqəcər kəndində anadan olmuşdur, ailəlidir,bir uşaq atasıdır,ailənin yeganə qazanc gətirən şəxsidir,yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Zərərçəkmiş şəxsə dəymiş ziyan bütünlüklə ödənilmişdir, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə bildirir ki,hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Qarabağ müharibəsi iştirakçısıdır,qazidir.Belə ki,N №li hərbi hissə komandirinin travma haqqında arayışında göstərilir: ##.##.1998-ci il təvəllüdlü əsgər Təqsirləndirilən şəxs ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının brazi bütövlüyü uğrunda-Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə-yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində ’’Partlayış travması.Sağ gözdə alt qapağın yad cismi (metal qəlpə) intravitrial hemoragiyası” diaqnozu ilə xəsarət almışdır. Ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzinin” diaqnozuna əsasən Təqsirləndirilən şəxs “Postravmatik stress pozuntusundan-F 43.1" əziyyət çəkir. Əlavə olaraq bildirir ki,Təqsirləndirilən şəxs tutduğu əməldən çox peşmançılıq çəkir. Səhhəti ilə bağlı mütamadi müalicələr alır.Həbsdə olması onun səhhətinə ağır göstərir və göstərməkdədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə" medalı ilə “Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham uzrə ozunu özünü tam təqsırli bilir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur,məhkəmə qərar qəbul edərkən yuxarıda sadalanan halları məsuliyyəti yüngülləşdirən hal kımı qəbul etməmiş,nəzərə almamışdır. Belə hesab edir ki, azadlıqdan məhrum etmə cəzası haqqın,ədalətin bərpası demək deyildir.Azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən islah olunmasına xidmət etmir.Bu hal əməlindən peşmançılıq çəkən bir şəxsin,yəni torpaqlarımız uğrunda sağlamlığını itirən,xalqımıza baş ucalığı gətirən,azadlıq bəxş edən bır şəxsin azadlıqdan məhrum edilməsi yolverilməzdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını bildirərək, Bərdə rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-ci il tarixli hökmünün dəyişdirilməsini, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilənərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Bərdə rayon məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2026-ci il tarixli hökmünü dəyişib onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkum apellyasiya şikayətində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədəyini, zərərçəkmiş şəxslə barışdığını bildirmiş, bu səbəbdən ona yüngül cəza təyin edilməli olduğunu göstərmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs eyni əmələ görə məhkum olunmuşdur. Belə olan halda isə məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən daxil olmuş ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixli Sabunçu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Probasiya şöbəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverənlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 2.6-cı bəndində əsasən həmin cəzadan azad edilmişdir. Birinci insasniya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində himayəsində 01 azyaşlı uşağının olması, anlaqlılığı istisna etməyən pisixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı tamamilə könüllü olaraq ödəməsi və 59.2-ci maddəsinə əsasən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alır. Bütün bunlara baxmayaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər anoloji cinayət törətmiş, məhkəmə tərəfindən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamış, yəni islah olunmamışdır. Məhkəmə göstərilən əsaslardan irəli gələrək, təqsirləndirilən şəxsin barəsində həmin maddənin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının minumum həddinin təyin edilməsini əsaslı, qanuni və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş digər cəza növlərinin təyin edilməsi, məhkum olunduğu maddəyə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar