Məhkəmə qərarları › İş №1(3-7)-127/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-127/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-127/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(061)-57/2025 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin (Hakim: X1) ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə, ##.##.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 67.1 və 68.1-ci maddələri ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli qərarı ilə 01 ay 17 gün müddətə şərti olaraq azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3cü maddəsinə əsasən iş üzrə ibtidai istintaq zamanı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılmaqla ona 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək haqqında “həbs” qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksməsi, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ##### 2025-ci il tarixdə saat 03:40 radələrində sürücülük hüququ olmaqla etibarnaməsiz idarə etdiyi “Kia Rio” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə cinayətdən xəbərsiz Yevlax rayon, Aran qəsəbə sakini Şahidməxsus “VAZ- 2107” markalı avtomobilə aid, **-ME-*** seriyalı dövlət qeydiyyat nişanını qanunsuz olaraq oğurlayaraq bağlamaqla Tərtər rayonu, Sarov kəndi ərazisinə gəlmiş və Zərərçəkmiş şəxs məxsus “Zamiq market” adlı mağazanın qapısının kilidini qanunsuz olaraq açmaq yolu ilə mağazaya daxil olub həmin mağazadan hər birinin dəyəri 04 manat olan 10 qutu “Kent-4” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik 10 qutu “Winston” markalı, hər birinin dəyəri 03 manat 20 qəpik olan 10 qutu “Winston compakt” markalı, hər birinin dəyəri 03 manat olan 10 qutu “LD” markalı, hər birinin dəyəri 02 manat olan 15 qutu “Maqna” markalı, hər birinin dəyəri 02 manat 50 qəpik olan 15 qutu “Winchester” markalı, hər birinin dəyəri 02 manat olan 10 qutu “Prima” markalı, hər birinin dəyəri 02 manat 20 qəpik olan 10 qutu compakt “Imperial Classic” markalı, hər birinin dəyəri 02 manat 20 qəpik olan 10 qutu göy “Ipmerial Classic” markalı, hər birinin dəyəri 02 manat 20 qəpik olan 10 qutu boz “Imperial Classic” markalı, hər birinin dəyəri 04 manat olan 05 qutu göy “SOBRANIE” markalı, hər birinin dəyəri 04 manat olan 05 qutu boz “SOBRANIE” markalı, hər birinin dəyəri 04 manat olan 05 qutu compakt “SOBRANIE” markalı, hər birinin dəyəri 04 manat olan 05 qutu qalın “SOBRANIE” markalı siqaretləri, hər birinin dəyəri 50 qəpik olan 10 ədəd “Silverer” markalı, hər birinin dəyəri 01 manat olan 10 ədəd “1000 DIAMOND” markalı alışqanları və 100 manat pul vəsaitini gizli yolla talayıb, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 482 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək onun işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünü ədalətsiz hesab edir. Odur ki, onun işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ən aşağı həddə, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətindən bir günə bir gün hesabı ilə çıxılmaqla üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Aşağıdakı göstərilənlərə əsasən Tərtər Rayon Məhkəməsinin hökmünü verilən cəzanın ağır olması baxımından ədalətsiz hesab edir. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmiş, zərərçəkmiş şəxslə barışmış və iş üzrə dəyən bütün ziyanı ödəmişdir. Həmçinin təqsirləndirilən şəxsin anasının vəziyyəti hazırda çox ağırdır və məlıkəmə müddətində bir çox əməliyyat keçirmişdir. Törətdiyi əməldə cinayətlərin residivi olsa da, məhkəmə yuxarı həddə cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünü ləğv edərək təqsirləndirilən şəxs barəsində bəraət çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, özünü təqsirli bilmədiyini bildirdi və şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünü ləğv edərək onun barəsində bəraət çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya məhkəməsinin iclasında cinayət hadisəsinin onun tərəfindən törədilməməsini qeyd etmiş, bu səbəbdən də əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Bununla əlaqədar məhkəmə CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətlərində göstərilən xüsusatlar digər danılmaz sübutlarla - iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutlar, şahid ifadəsi, istintaq hərəkətlərinin protokolları habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, ## ##### 2025-ci il tarixdə gecə vaxtı icarə əsasında idarə etdiyi “Kia Rio” markalı avtomobilin üzərinə Yevlax rayon, Aran qəsəbəsində olan “VAZ-2107” markalı avtomobilə aid nömrəni taxıb Tərtər rayonu, Sarov kəndi ərazisinə gəlmiş və yolun kənarında yerləşən “Zamiq market” adlı mağazanın qapısını açaraq mağazaya daxil olub həmin mağazadan siqaret, alışqan və pul götürüb geri qayıtmış, Aran qəsəbəsində “VAZ-2107” markalı avtomobilə aid nömrəni yerinə qoyub Mingəçevir şəhərinə getmişdir. Iki gün sonra polis əməkdaşları gəlib onu Tərtər rayon Polis Şöbəsinə aparmışlar. O, verilən suallara cavab olaraq bildirmişdir ki, “Kia Rio” markalı avtomobil özünün olmuş, izi itirməyə görə “VAZ-2107” markalı avtomobilə aid nömrəni götürmüş, mağazanın plastik qapısını “atverka” ilə aralayıb içəri girmiş, götürdüyü siqaretləri və alışqanları dəyərindən aşağı qiymətə tanımadığı şəxslərə satmışdır. Dəymiş ziyanı ödəyəcəkdir. Əməlindən peşimandır Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Sarov kəndində yaşayır. Kənd ərazisində yol kənarında özünə məxsus “Zamiq market” adlı mağazanı işlədir. ##.##.2025-ci il tarixdə səhər tezdən mağazanın qarşısına gəldikdə mağazanın plastik qapısının açıq olduğunu görüb, içəri daxil olduqda siqaret qutularının və alış-veriş zamanı toplanmış pulların yerində olmadığını görmüşdür. Mağazanın içərisində və qarşısında quraşdırılmış müşahidə kamerlarına baxan zaman ##.##.2025-ci il tarixdə saat 03:40 radələrində bir ədəd avtomobilin mağazanın qarşı tərəfində qaranlıq yerdə dayandığını və içərisindən bir nəfər kişi cinsinə məxsus şəxsin düşərək mağazanın qarşısına gələrək əlindəki əşya ilə mağazanın plastik qapısına müdaxilə edərək qapını açıb mağazaya daxil olduğunu, mağazanın içərisində olan pulları, siqaretləri və alışqanları oğurlayaraq çıxdığını və gəldiyi avtomobil əyləşərək hadisə yerindən uzaqlaşdığını görmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir, ziyan 482 manat təşkil edir, mağazadan siqaret, alışqan və pullar oğurlanmışdır. Pullar qəpik və kağız manatlıqdan ibarət olmaqla 100 manat olardı. Dəymiş ziyanı ödənilməsini tələb edir. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, nə təqsirləndirilən şəxsi, nə də ki, zərərçəkmiş şəxsi tanımır. Yevlax rayonu, Aran qəsəbəsində yaşayır və Yevlax rayonu, Aran qəsəbəsi ** saylı körpələr evində gecə növbəsində gözətçi işləyir. Işə gedərkən özünə məxsus “VAZ-2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili ** saylı körpələr evinin qarşısında saxlayır. ##.##.2025-ci il tarixdə səhər tezdən körpələr evinin qarşısına çıxdıqda idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanlarının sökülərək avtomobilin alın şüşəsinin üzərinə qoyulduğunu, maqnitafonun isə yerində olmadığını görüb, dərhal telefonla sahə müvəkkilinə məlumat vermişdir. Sonra dəvət edildiyi üçün Tərtər rayon Polis Şöbəsinə gedərək izahat vermişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, kamera görüntülərinə baxdıqda “Kia Rio” markalı avtomobilin sürücüsünün ona məxsus “VAZ-2107” markalı avtomobilin nömrəsini götürdüyü məlum olmuş, həmçinin üzləşmə zamanı məlum olmuşdur ki, hazırkı təqsirləndirilən şəxs Məhəmməd onun avtomobilinin nömrəsindən istifadə edərək mağazadan oğurluq etmişdir. Iş materiallarında olan «baxış aparılması haqqında» ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən “Zamiq” market adlı mağazaya baxış keçirilmişdir. Mağaza yol kənarında yerləşir, mağazanın qarşısında içərisində içki və enerji içkiləri olan soyuducular vardır, mağazanın qarşısında dəmir barmaqlıqlar ilə örtülmüş pəncərələr vardır, mağazanın giriş qapısı ağ rəngli plastikdəndir və giriş qapısının yarıdan çox hissəsi şüşədən ibarətdir, mağazanın giriş qapısının kilidləri sındırılmayıb, daha yaxın məsafədən baxdıqda aydın seçilir ki, qapının kilidinə hər hansı iti uclu alətlə müdaxilə olunub, həmin alətin izləri kilidin ətrafında müşahidə olunur, mağazanın ön tərəfində müşahidə kameraları quraşdırılmışdır, mağazanın içərisində müxtəlif ərzaq məhsulları və fərqli çeşidli əşyalar vardır, mağazanın içərisində də müşahidə kamerası quraşdırılmışdır, müşahidə kamerlarına baxış keçirilərkən məlum olur ki, ## ##### 2025-ci il tarixdə saat 03:40 radələrində başında qara rəngli qış papağı, əllərində ağ rəngli əlcəklər olan bir nəfər kişi cinsinə məxsus şəxs avtomobildən düşərək cibindən çıxardığı naməlum əşya ilə mağazanın giriş qapısını qanunsuz olaraq açaraq mağazanın içərisinə daxil olur və mağazanın kassasından kağız əskinazlardan ibarət və qəpik pulları, siqaretləri oğurlayaraq mağazadan çıxır və əvvəllcədən gəlmiş olduğu avtomobilə əyləşərək oradan uzaqlaşır. Baxış zamanı çəkilmiş fotoşəkillər və müşahidə kamerasının görüntülərini özündə əks etdirən videogörüntü 1 ədəd «DVD» diskə köçürülməklə protokola əlavə edilmişdir. «Baxış aparılması haqqında» ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yaşayan Şahid iştirakı ilə sonuncunun idarə etdiyi özünə məxsus «VAZ-2107» minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilə məxsus dövlət qeydiyyat nişanın sökülərək avtomobilin ön alın şüşəsinin tərs üzünə qoyulması müəyyən edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Iş materiallarında olan «avtomobilə baxış aparılması haqqında» ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törədərkən idarə etdiyi qırmızı rəngli «Kia Rio» minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön salon hissəsinə baxış keçirilmiş, baxış zamanı 01 qutu ağzı bağlı olan «Keno» markalı, içərisində 07 ədəd olan 01 qutu «Winston» markalı, 01 ədəd «Winston» markalı siqaret aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin əşyaları Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən mağazadan götürdüyünü bildirmiş, avtomobilin ön sağ hissəsindəki ləvazimatlar qutusuna baxış keçirilən zaman 1 ədəd qara rəngli yapışqanlı lent aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin qara rəngli lentlə avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını dəyişərkən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş siqaretlər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı çəkilmiş fotoşəkillər və aparılan istintaq hərəkətlərini özündə əks etdirən videogörüntü 1 ədəd «DVD» diskə köçürülməklə protokola əlavə edilmişdir. Iş materiallarında olan «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» ##.##.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa əvvəl vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək ##.##.2025-ci il tarixdə saat 03 radələrində etibarnaməsiz idarə etdiyi «Kia Rio» minik markalı, 99- VZ-250 dövlət qeydiyyat nişanlı avtomobil ilə mağazanın yaxınlığına gəldiyini, avtomobili qaranlıq yerdə saxlayaraq avtomobildən düşdüyünü, mağazanın qarşısına gəldiyini, mağazanın giriş qapısının kilidini özü ilə gətirdiyi vintaçan ilə açdığını, içəriyə daxil olaraq əvvəlcə kassadan qəpik və kağız əskinaslarla birlikdə ümumilikdə 100 manat pul vəsaitini, «Kent-4», «Winston», «Sobranie», «LD», «Winchester», «Keno», «Maqna», «Classik» markalı təxminən 100 qutu siqareti, 20 ədəd spirallı alışqanları oğurlayaraq mağazadan götürdüyü torbalara yığdığını və mağazadan çıxaraq idarə etdiyi avtomobilə əyləşib oradan Mingəçevir şəhərinə getdiyini bildirmişdir. Ifadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Iş materiallarında olan «baxış aparılması haqqında» ## #### 2025-ci il tarixli protokoldan görünür ki, baxışın aparıldığı yer Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən ** saylı uşaq bağçasıdır, bağça yol kənarında yerləşir. Baxış zamanı Şahid həmin bağçada qarovulçu işlədiyini və sutkanın qaranlıq vaxtlarında həmin bağçada növbə çəkdiyini, növbədə olduğu vaxt özünə məxsus “VAZ-2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili də bağçanın qarşısında saxladığını, ## ##### 2025-ci il tarixdə növbəyə daxil olmamışdan qabaq avtomobili bağçanın qarşısında saxladığını, ## ##### 2025-ci il tarixdə bağçanın qarşısına çıxdıqda avtomobilin qeydiyyat nişanlarının açılaraq avtomobilin ön şüşələrinin altına qoyulduğunu, avtomobilin içərisinə baxdıqda isə 01 ədəd əl fənərinin avtomobilə məxsus maqnitofonun yerində olmadığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Iş materiallarında olan müstəqil ekspert Ixtiyar Quliyev tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Rəydən görünür ki, Tərtər rayonu, Sarov kəndində yerləşən «Zamiq» market və «VAZ2107» minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə oğurluq nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi üçün qiymətləndirmə həyata keçirilmiş və müəyyən edilmişdir ki, dəymiş zərər ümumilikdə 491 manat təşkil edir. Iş materiallarında olan Tərtər rayon “xxxx” MMC tərəfindən verilmiş ** saylı, ##.##.2025ci tarixli arayışdan görünür ki, 2025-ci ilin aprel ayı üçün boz “Imperial Classic” markalı siqaretin 01 qutusunun orta bazar qiyməti 02 manat 20 qəpik olmaqla 10 qutusunun qiyməti 22 manat təşkil edir. Iş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Surxay oğlu tərəfindən məhkəməyə göndərilən ##.##.2026-cı il tarixli ərizədən məlum olur ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəzsə qarşı şikayət və tələbi yoxdur. Iş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında » ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törədərkən istifadə etdiyi “Kia Rio” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut qismində tanınaraq qəbz ilə mülkiyyətçisinə təhvil verilmiş; hadisə yerinə baxış keçirilərkən götürülmüş və oğurluq edilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk, avtomobilə baxış keçirilməsinin videogörüntüsün özündə əks etdirən 01 ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş; oğurluq hadisəsini törədərkən oğurlayaraq idarə etdiyi avtomobilin üzərinə bağladığı, mülkiyyət hüququ üzrə Şahid məxsus “VAZ-2107” markalı avtomobilin **-ME-*** seriyalı qeydiyyat nişanı cinayət işi üzrə maddi sübut qismində tanınaraq baxış keçirildikdən sonra avtomobil ilə birlikdə mülkiyyətçisinə təhvil verilmiş; oğurluq hadisəsini törədərkən idarə etdiyi avtomobilə baxış keçirilən zaman götürülmüş 01 qutu “Winston" markalı, içərisində 08 ədəd olan “KENO” markalı siqaret və cinayətin törədilməsində köməkçi vasitə kimi istifadə olunan 01 ədəd qara rəngli yapışqanlı lent cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanması üçün maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyrimümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkum apellyasiya şikayətində ona bəraət verilməsini xahiş etsə də, iş materialları ilə onun CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübut olunur. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs olduğundan və məhkumluğu götürülməmiş və ya ödənilməmiş yenidən qəsdən hazırkı cinayəti törətmişdir. Belə olan halda isə məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını qeyri-mümkün hesab edir. Məhkəmə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan başa çatmış; 6) Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 67.1 və 68.1-ci maddələri ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2024-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır hökmlərin surətlərindən, Azərbaycan Respublikası DIN BƏSII-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Tərtər Hərbi Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının qalan 03 ay 03 gün müddətindən vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2012-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır; 2) Mingəçevir şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır; 3) Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2, 66.6-ci maddələri ilə təqsirli bilinərək hökmlərin məcmusu qaydasında 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2018-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin dəyişiklik edilməsi haqqında qanuna əsasən CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilərək cəzası 05 il 02 aya endirilmiş, ##.##.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş; 4) Gəncə şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudllaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzası çəkilmiş hesab ediilmiş, 5) Ağdaş Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ##.##.2023-cü ildə cəza müddəti başa çatmış; 6) Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 67.1 və 68.1-ci maddələri ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2024cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəylərinə, işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs olduğundan və məhkumluğu götürülməmiş və ya ödənilməmiş yenidən qəsdən hazırkı cinayəti törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş digər cəza növlərinin təyin edilməsi, məhkum olunduğu maddəyə CM-nin 62ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə görə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azəbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətlərə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Birinci insansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən hesab etmişdir ki, Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də 06 dəfə (eləcə də eyni əmələ görə) məhkum olunmasına baxmayaraq bundan nəticə çıxarmayaraq, yenə də qəsdən hazırkı cinayət əməli törətməsini, vicdanlılığın tələb etdiyi tərzdə davranmayaraq planlaşdırdığı və həyata keçirdiyi cinayət əməlinin gizlətmək məqsədi ilə digər şəxsə - Şahid məxsus avtomobilin dövlət nömrə nişanını özünün idarə etdiyi avtomobilin üzərinə vurmaqla gələcəkdə cinayət məsuliyyətindən kənarda qalmağa çalışmasını, həmçinin bu hərəkəti ilə diqqəti cinayət əməlindən xəbərsiz olan digər şəxsə - Şahid yönəltməyə cəhd etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, ictimai faydalı şəxs olmamaqla yanaşı lazımı əxlaqi dəyərə malik deyildir, onun öz əməlinə və ətrafa heç bir tənqidi münasibəti yoxdur və ona aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkün deyildir. Bu səbəbdən cəzanın məqsədlərinə nail olunması üçün ona mümkün qədər yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli,Təqsirləndirilən şəxs 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(061)- 57/2025 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(061)- 57/2025 saylı hökmü məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar