Məhkəmə qərarları › İş №1(3-7)-132/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-132/2026

21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-132/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən müdafiəçi və təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli (sədrlik edən Hafiz Əliyev) hökmü ilə ##.##.1977-ci ildə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Kəlbəcər rayonu Keşdək kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Qaradağlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3 cü maddəsinə əsasən, faktiki olaraq ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək saxlanıldığı 02(iki) gün müddət ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması qərara alınmış,maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə keçən gecə tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə Goranboy rayonu Qaradağlı kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gəlib qanunsuz olaraq həyətyanı sahəsinə daxil olmuş, sonra isə həyətyanı sahədə yerləşən tövlənin qapısını açaraq qanunsuz daxil olub oradan təmiz əti 35 kiloqram olan 600 manat dəyərində bir baş erkək toğlunu, hər birinin təmiz əti 25 kiloqram olan və hər birinin dəyəri 300 manat, cəmi 600 manat dəyərində 2 baş keçini və hər birinin təmiz əti 15 kiloqram olan və hər birinin dəyəri 150 manat, cəmi 300 manat dəyərində olan 2 baş keçini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verərək barəsində yüngül cəza seçilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs və müdafiəçi apellyasiya şikayətlərinin dəlillərini dəqiqləşdirərək təqsirləndirilən şəxsin özünü verilmiş ittihamla təqsirli bilmədiyini bildirdi, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədi və göstərdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət daşıyan bütün hallar araşdırılmış və qanuni hökm çıxarılmışdır. Iş materiallarında olan sübutlarla təqsirləndirilən şəxsin verilmiş ittihamla tam təqsirliliyinin sübut olunduğunu bildirdi, həmçinin qeyd etdi ki, cəzanın yüngülləşdirilməsi və ya daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, məhkəmənin barəsində şikayət verilən hökmü cəza ilə bağlı hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk olaraq məhkuma bəraət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs bəraət verilməsi ilə əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DIN-nin Kriminalistik Tədqiqatlar Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-*****/**** nömrəli məktubundan görünür ki, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (IAMAS məlumat bankında olan) ##.##.1977-ci ildə Kəlbəcər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs (qapının üzərindən) sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan o, ##.##.2025ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur; Goranboy rayon mərkəzi bazarı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli arayışdan görünür ki, ## ####### 2025-ci il tarixdə 35 kiloqram təmiz əti olan 1 baş erkək cinsli xırdabuynuzlu heyvanın qiyməti 600 manat, 25 kiloqram təmiz əti olan 1 baş keçin qiyməti 300 manat və 15 kiloqram təmiz əti olan 1 baş keçinin isə qiyməti 150 manat civarında olmuşdur. Beləliklə, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsə dəymiş zərər tam olaraq ödənilmiş, yəni oğurlanmış heyvanlar könüllü olaraq sahibinə-zərərçəkmiş şəxsə qaytarılmışdır, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, məhkəmə əlavə olaraq onun ailənin yeganə qazanc gətirən şəxs olmasını, həmçinin çətin maddi vəziyyətini və onun həbsdə qalacağı təqdirdə ailəsinin maddi və məişət şəraitinin çətinləşəcəyini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi Azərbaycan Respubliksınım cinayət qanunu cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah edilməsinə və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 177.2.3-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Kollegiya Təqsirləndirilən şəxs barəsində müəyyən etdiyi cəzanı yüngülləşdirən halların məcmusunu qiymətləndirərkən qeyd edir ki, təqsirkarın təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması ədalətli cəza anlayışı ilə ziddiyyət təşkil edir. Buna görə də məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanunamüvafiqdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hökmlə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, azadlıqdan məhrumetmə növündə çəkdiyi cəza təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 405.1 və 405.1.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə apellyasiya şikayətləri qismən təmin olunmalı, hökm Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPMnin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və ## ##### 2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi 1(bir) ay 8(səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, cəmi 2(iki) ay 20 (iyirmi) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 9 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar