Məhkəmə qərarları › İş №1(3-7)-146/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-146/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-146/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər B.F.Müslümov (sədrlik edən), D.H.İmanov və E.Y.Vəliyevdən ibarət tərkibdə) ##.##.1988-ci ildə Ağdam şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni # ######## 2025-ci il tarixdən hesablanması, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmaqla barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İŞİN HALLARI: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında'' ## #### 2005ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən külli miqdar olub ayrı-ayrılıqda təmiz çəkiləri 0,803 qram, 0,522 qram, 0,419 qram, 0,612 qram, 0,426 qram, yəni 01 (bir) ədəd ağ kağız bükümdə və 04 (dörd) ədəd gümüşü kağız bükümlərdə, ümumi təmiz çəkisi 2,782 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,062 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində olan şalvarın sağ yan cibində 0# ######## 2025ci il saat 18:35-dək, yəni Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində üzərindən aşkar olunub götürülənədək qəsdən satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni və narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona yüngül cəza təyin edilməsini xahiş edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Hepatit C spit - narkomaniya xəstəliklərindən əziyyət çəkir. Ailəsində bir xəstə anası və həyat yoldaşı vardır. Özü ailə başçısı olmaqla xəstə olsa da, fəhləlik edərək ailəsini dolandırır. Ağdam RPŞnin rəis müavini Rizvan Rüstəmov tərəfindən ona işgəncə verilmiş və ona aidiyyatı olmayan narkotik vasitə üzərinə qoyulmuşdur”. Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Gennadiy oğluna CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsini xahiş edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində narkotik maddələri şəxsi istifadəsi üçün özündə saxlamasını, həmin narkotik maddədən heç kimə satmamasını bildirərək, özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində narkotik istifadə etdiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, saxlanılan zaman üzərinə baxış keçirildiyini və üzərində heç nə çıxmadığını, sonrasında isə polis əməkdalarının onu şöbəyə apararaq təzyiq göstərdiklərini bildirmişdir. Həmin zaman ona “əgər narkotik vasitəni üzərinə götürməsən evinə qoyacıq” deyilmiş, həyat yoldaşı Şəhanə polis şöbəsinə gətirilərək uzaqdan ona göstərilmiş, o isə məcbur qalaraq vərəqə qol çəkmişdir. Həmçinin qol çəkən zaman ona üzərinə 2 qrama yaxın narkotik vasitə qoyulacağı deyilmişdir. İfadəsinə əlavələr edərək bildirmişdir ki, 10 il müddətində mütəmadi olaraq narkotik vasitədən istifadə etmiş, hər dəfə 10 manat dəyərində narkotik vasitə əldə etmişdir. Saxlanıldığı gün narkotik vasitədən istifadə etməmiş, ilk dəfə üzərinə Ağdamda yolun kənarında baxış keçirilmiş, daha sonra isə şöbədə üzərinə 4-5 büküm narkotik vasitə qoyulmuş və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Həmin zaman vəkilə narkotik vasitənin ona aid olmadığını bildirmiş, eyni zamanda polis işçiləri onu saxlayan zaman bıçaqla özünə xəsarət yetirmişdir. Xəstəxanaya isə şöbədə üzərinə baxış keçirildikdən sonra aparılmışdır. O, heroin və kakos adlanan narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs bu ifadəsi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş anası X2 ifadəsi ilə təsdiqlənmişdir. Belə ki, ifadədən görünür ki, həqiqətən Rəsulun anası Aygül və həyat yoldaşı Şəhanə polis şöbəsinə gətirilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürərək onun əməlini ittiham olunduğu CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Hesab edir ki, məhkəmə belə qənaətə gəlməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanıldığı gün üzərinə ilkin baxış keçirilmiş və həmin baxış zamanı üzərindən heç bir narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Buna baxmayaraq, sonradan polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Polis şöbəsində olduğu müddətdə ona psixoloji təzyiq göstərilmiş, narkotik vasitəni üzərinə götürmədiyi halda evinə narkotik vasitə qoyulacağı ilə hədələnmişdir. Həmçinin həyat yoldaşı Şəhanə polis şöbəsinə gətirilərək uzaqdan ona göstərilmiş, bu hal ona ciddi psixoloji təsir göstərmiş və ailə üzvləri ilə bağlı narahatlıq yaratmışdır. Göstərilən təzyiq və hədə-qorxuların təsiri altında məcbur qalaraq ona təqdim olunan sənədlərə imza atmağa məcbur olmuş, həmin sənədləri öz sərbəst iradəsi ilə imzalamadığını bildirmişdir. Ona görə də, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi ilə bəraət hökmü çıxarılmalıdır”. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək ona uyğun çıxış etdilər və Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsini, bu mümkün olmadığı təqdirdə təqsirləndirilən şəxsin cəzasının azaldılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, ona bəraət verilməsi və ya cəzasının yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmadan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəza hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə bəraət verilməsini, bu mümkün olmadığı təqdirdə təqsirləndirilən şəxsin cəzasının azaldılması xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətlərin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlayaraq müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə tərəfindən ittiham hökmü çıxarılarkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı ##.##.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində, ##.##.2025-ci tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən baxış və götürmə aparılması, həmçinin şəxsi axtarış aparılması haqqında protokollar və protokollara əlavə edilmiş videoçəkilişlərlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə cinayət hadisəsinin törədilməsi, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması, cinayət əməlinin təqsirli olaraq törədilməsi tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 234.1-1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqında verdiyi ifadəsində narkotik istifadə etdiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, saxlanılan zaman üzərinə baxış keçirildiyini və üzərində heç nə çıxmadığını, sonrasında isə polis əməkdalarının onu şöbəyə apararaq təzyiq göstərdiklərini bildirmişdir. Həmin zaman ona “əgər narkotik vasitəni üzərinə götürməsən evinə qoyacıq” deyilmiş, həyat yoldaşı Şəhanə polis şöbəsinə gətirilərək uzaqdan ona göstərilmiş, o isə məcbur qalaraq vərəqə qol çəkmişdir. Həmçinin qol çəkən zaman ona üzərinə 2 qrama yaxın narkotik vasitə qoyulacağı deyilmişdir. İfadəsinə əlavələr edərək bildirmişdir ki, 10 il müddətində mütəmadi olaraq narkotik vasitədən istifadə etmiş, hər dəfə 10 manat dəyərində narkotik vasitə əldə etmişdir. Saxlanıldığı gün narkotik vasitədən istifadə etməmiş, ilk dəfə üzərinə Ağdamda yolun kənarında baxış keçirilmiş, daha sonra isə şöbədə üzərinə 4-5 büküm narkotik vasitə qoyulmuş və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Həmin zaman vəkilə narkotik vasitənin ona aid olmadığını bildirmiş, eyni zamanda polis işçiləri onu saxlayan zaman bıçaqla özünə xəsarət yetirmişdir. Xəstəxanaya isə şöbədə üzərinə baxış keçirildikdən sonra aparılmışdır. O, heroin və kakos adlanan narkotik vasitələrdən istifadə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin saxlanıldığı gün üzərinə ilkin baxış keçirilməsi zamanı üzərindən heç bir narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməməsi, buna baxmayaraq, sonradan polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılması, polis şöbəsində olduğu müddətdə ona psixoloji təzyiq göstərilməsi, narkotik vasitəni üzərinə götürmədiyi halda evinə narkotik vasitə qoyulacağı ilə hədələnməsi, həmçinin həyat yoldaşı Şəhanənin polis şöbəsinə gətirilərək uzaqdan ona göstərilməsi, bu halın ona ciddi psixoloji təsir göstərməsi və ailə üzvləri ilə bağlı narahatlıq yaratması, göstərilən təzyiq və hədə-qorxuların təsiri altında məcbur qalaraq ona təqdim olunan sənədlərə imza atmağa məcbur olması, həmin sənədləri öz sərbəst iradəsi ilə imzalamadığını bildirməsinə tənqidi yanaşılaraq qeyd edilənləri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən, ifadələr kimi qiymətləndirilmişdir və digər iş materialları ilə öz təstiqini tapmadığından həmin qeyd edilənləri sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə yaradılmış əməliyyat qrupu tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilmiş və sağ cibindən 7 büküm marixuana adlanan narkotik vasitə və metamfetamin adlanan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Daha sonra özünün razılığı ilə yaşadığı evə və həyətyanı ərazidə olan yarımtikiliyə baxış keçirilmiş, lakin qanunsuz heç nə aşkar edilməmişdir. İfadəsinə əlavələr edərək bildirmişdir ki, əməliyyat məlumatı ona aid olmamış, əməliyyatda 4 nəfər iştirak etmiş, təqsirləndirilən şəxs onları görən zaman özünə xəsarət yetirməmiş, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində qan ləkəsi olmuş, səbəbi soruşulduqda isə yıxıldığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərinə videoçəkilişdən öncə baxış keçirilməmiş və tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya aparılmamışdır. Bundan başqa şahid qismində dindirilmiş şahid3, şahid2, şahid1 da şahid4 ilə eyni məzmunda ifadələr vermişlər. şahid3 həmçinin ifadəsində bildirmişdir ki, ... təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş, həmçinin təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan əlavə iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Gəncə Regional Bölməsinin ##.##.2025-ci il tarixli **/*** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər 7 büküm kütlə" yazı və imzalar olan kağız paketdəki: 1 (bir) ədəd kağız bükümdə və 4(dörd) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,803 qram, 0,522 qram, 0,419 qram, 0,612 qram, 0,426 qram, ümumi təmiz çəkisi 2,782 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,062 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,012 qram olan qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət maddənin təmiz çəkisi, tədqiqat aparılması üçün lazım olan çəkidən az olduğu üçün tədqiqatı aparılmamışdır. Metamfetamin və heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in siyahısına (1-ci siyahı) daxildir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə saat 18:23-də Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncunun üzərində olan şalvarın sağ yan cibindən 07 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və birinci bükümün 1.16 qram, ikinci bükümün 0.75 qram, üçüncü bükümün 0.70 qram, dördüncü bükümün 0.53 qram, beşinci bükümün 0.51 qram, altıncı bükümün 0.08 qram və yeddinci bükümün 0.19 qram olması müəyyən edilmişdir. Həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin əməliyyat-axtarış tədbirləri videoçəkilişlə keçirilərək, videoçəkiliş 1 ədəd diskə köçürülüb protokola əlavə olunmuşdur. ##.##.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Video görüntülərdən görünür ki, ##.##.2025-ci il tarixdə saat 18:23-də Təqsirləndirilən şəxs Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılıb narkotik vasitələrin dövriyyəsində şübhəli olması R şahid3 tərəfindən bildirilir. Daha sonra R şahid3 tərəfindən Təqsirləndirilən şəxs hüquqları elan edilir. Bundan sonra şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirəndə R şahid3 Təqsirləndirilən şəxs həmin narkotik maddəni təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs öz növbəsində üzərində olan şalvarın sağ yan cibindən bir ədəd kağız parçası çıxarıb polis əməkdaşlarına təqdim edir. Polis əməkdaşları tərəfindən həmin kağızın içərisinə baxış keçirilərkən oradan 1 ədəd ağ kağız büküm, 05 ədəd gümüşü kağız büküm və 01 ədəd sellofan büküm olmaqla ümumilikdə 07 ədəd büküm aşkar edilir. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilir və birinci bükümün 1.16 qram, ikinci bükümün 0.75 qram, üçüncü bükümün 0.70 qram, dördüncü bükümün 0.53 qram, beşinci bükümün 0.51 qram, altıncı bükümün 0.08 qram və yeddinci bükümün 0.19 qram olması müəyyən edilir. Həmin bükümlər müvafiq qaydada qablaşdınlaraq götürülür. Həmin diskdə olan videoçəkiliş 11 dəqiqə 48 saniyə davam edir və başa çatır. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərə məcmu halında qiymət verərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən, yəni Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitəni üzərində gəzdirməsi təsdiq edilmədiyindən, onun əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası yuxarıda əks olunanlara əsasən təqsirləndirilən şəxsə bəraət verilməsinə dair apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, həmin dəlillər formal özünü müdafiə xarakteri daşıdığından və iş materialları ilə öz təsdiqini tapmadığından təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına yönəlmişdir. Bununla belə məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi ona CM-nin 2, 8.1, 41 və 58-ci maddələrinin tələblərinə uyğun olmayan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarındakı tövsiyələrə yetərincə əməl etmədən nisbətən sərt cəza təyin etmişdir və Təqsirləndirilən şəxs təyin edilmiş cəza azaldılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs istinad edilən CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * nömrəli qərarının 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CMnin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngüllləşdirən hallar müəyyən edilməmiş, əməlində residiv olmasını onun cəzasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə 23 gün vaxtından əvvəl şərti azad olunub. Məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu qanuna müvafiq qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməli törətmişdir. Bu isə onun əməlində cinayətlərin residivini yaratmışdır. Apellyasiya baxışı zamanı müdafiəçinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məcburi köçkün olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırılan halla yanaşı, cəzasını yüngülləşdirən halın olması da nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 234.1-1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının orta həddinə yaxın cəza təyin edilməsi məqsədəmüvafiqdir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası humanistlik göstərərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsinin sanksiyası həddində nisbətən yüngül cəza təyin etməklə cəzanın məqsədinə nail olunacağı qərarına gəlir. CPM-in 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CPM-in 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş cəzanı yüngüləşdirən halı nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən cəza hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 4 (dörd) il 6 (altı) ay müddətə endirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «13» aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 4 (dörd) il 6 (altı) ay müddətə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X3 Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar