Məhkəmə qərarları › İş №1(3-7)-160/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-160/2026

06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-160/2026 06.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü ilə (hakim Vəliyev Kazım) ##.##.2004-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum olunmuş, ##.##.2024-cü ildə cəzasının müddəti başa çatmış, Göygöl rayonu, Xaqani kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 05 (beş) ay 21 (iyimi bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və qəti olaraq o 2 (iki) il 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməsi, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasının icrası onun yaşayış yeri üzrə Icra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsi hökmü ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxsin yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə ## ####### 2025-ci il tarixdə saat təxminən 16:00 radələrində Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu, Meşəli kəndi ərazisində yerləşən kənarları tor şəklində dəmir məftil ilə toxunmuş otlaq sahəsinə qanunsuz daxil olub, otlaq sahəsində olan 1 620 (min altı yüz iyirmi) manat dəyərində 01 baş erkək cinsli iribuynuzlu heyvanını gizli yolla talayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 1 620 (min altı yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya protestinin dəlilləri: Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət qanununun müddəalarına uyğun daha ağır cəza, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş olunur. Apellyasiya protestində qeyd edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti mülkiyyət münasibətləri hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Hazırki halda təqsirləndirilən şəxs sexin ərazisinə qanunsuz daxil olub oğurluq etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Bundan başqa, Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Yəni, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətədə eyni xarakterli cinayət olan oğurluq cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətdiyi vaxt məhkumluğu ödənilməmiş (CM-in 18.4.4-cü maddəsinə əsasən residiv kimi nəzərə alınmayan), əvvəlki cinayət əməllərinə görə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq islah olunmamış, yenidən talama cinayət əməlini törətmişdir. Bundan başqa, məhkəmə onun törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cəza təyin edərkən bu yüngülləşdirici halların hansı qaydada onun cəzasına necə təsir etməsini hökmdə əsaslandırmamışdır. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsi ilə təklif olunan həddə, yəni 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş olunur. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Bəhruz Cabbarlı apellyasiya protestinin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etmiş, Təqsirləndirilən şəxs dəfələrlə iribuznuzlu heyvanları oğurladığına görə CM-nin 177-ci maddəsilə məhkum olunduğunu, ona təyin olunmuş əvvəlki cəzalardan heç bir nəticə çıxarmadığını və islah olunmadığını, buna görə də protestin təmin olunaraq ona azadlıqdan məhrum etmə ilə bağlı cəzanını təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi (vəkil) müdafiəçi2 protestin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin olunmamasını xahiş etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, o, üç dəfə «malqara» oğurluğuna görə məhkum olunmuşdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs protesin dəlillərinə münasibət bildirərək göstərdi ki, o, hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona görə də hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini apellyasiya tələbinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli və Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya protestinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin tövsifi və təqsirlilik məsələləri mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət vermiş, apellyasiya protestində işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri vardir. Cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Apellyasiya protestində yalnız Təqsirləndirilən şəxs təyin edilmiş cəza mübahisələndirilmiş və apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsi üsulunu, onun davranışını, törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi onun barəsində cəzanın növü və həddini müəyyən edərkən onun şəxsiyyətini xarakterizə edən halları düzgün qiymətləndirməmiş və ona yüngül cəza təyin etmişdir. Belə iş materialında olan ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Goranboy Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 01 il 02 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş; Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Məhkəmə kollegiyası yuxarıda təsvir olunan xüsusatlara əsasən onu qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mülkiyyət əleyhinə, xüsusilə də törətdiyi və məhkum olunduğu oğurluq cinayətlərinə görə barəsində həm azadlığın məhdudlaşdırılması, həm də müəyyən müddətə azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsinə baxmayaraq o, məhkumluğu ödənilmədən yenidən analoji xarakterli cinayət hadisəsi törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs törətdiyi və məhkum olunduğu oğurluq cinayət əməllərinə görə kriminal meyilli şəxsdir, onun əvvəllər məhkum olunmasına baxmayaraq islah yoluna qədəm qoyması işdə olan sənədlərdən və onun hərəkətlərindən öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsi cəzanı yüngüləşdirən hallar kimi təqsirləndirilən şəxsin əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərsədə belə, lakin hazırki vəziyyətdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəlki törətdiyi analoji xarakterli cinayət əməllərinə görə məhkum olunmasına baxmayaraq, yenidən oğurluq cinayətini törətməsi səbəbi ilə onun əməlindən peşman olması və eyni xarakterli cinayəti törətməməsi inandırıcı görünmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” # #### 2013-cü il tarixli Plenum qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Apellyasiya protestinin hüdudunda aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət qanunu normasının tələblərini pozmasa da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növünü cəzanın məqsədlərinə tam olaraq çatımlılıq baxımından məqbul hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan əsassız olaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin etmiş, bununla da Qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin cəza təyini ilə bağlı tövsiyələrinin ziddinə qərar qəbul etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasına görə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsə təyin edilmiş cəzanın ümumilikdə cəzanın məqsədlərinə nail olunmasına kifayət qədər əsaslar olsun. Birinci instansiya məhkəməsi əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ona görə ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətlərin ağırlığına, ictimai təhlükəliliyinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını göstərməsini Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı hal olduğunu göstərir. “Azərbaycan Respublikası CM-nin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CPM-nin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası dedikdə dövlətin cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin etməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdrən hallar yalız ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına əsas verir. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası onun islah olunmasına, gələcək davranışlarında ictimai qaydaya, birgəyaşayış qaydalarına əməl edəcəyinə əsaslı şübhələr yaradır və ona daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qənaətinə gəlinməsinə məhkəmə kollegiyasına əsas verir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə çatmaqda əsaslı görünmür, buna görə də ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin olunmuş cəza çəkilməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ona görə də kollegiya hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində 1 (bir) il 6 (altı) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ##.##.2026-cı il tarixdən hesablanmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-nin 397, 398, 399, 404, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya protesti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində 1 (bir) il 6 (altı) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ##.##.2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Istintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar