Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-161/2026 29.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, M Ü Ə Y Y Ə N E T D İ: ##.##.1982-ci Ermənistanın Icevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir nəfər uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, ev 40, mənzil 105-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, onun narkomaniyadan məcburi müalicə olunması və narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Məhkum apellyasiya şikayətində işinə yenidən ədalətli baxılmasını, dövlət ittihamçısı apellyasiya protestində hökmün dəyişdirilməsini və təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, işinə yenidən baxılmasını xahiş edir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Həmçinin onun təqsirli bilindiyi əməl narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi və saxlanılmasıdır. Bu hal isə özlüyündə əməlin ictimai təhlükəliyini artırır və daha ciddi məsuliyyətə səbəb olur. Məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəycrlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biri olmaqla artıq qlobal miqyasda ictimai təhlükə yaradan ciddi sosial-hüquqi problem kimi çıxış edir. Bu cür əməllər yalnız ayrı-ayrı şəxslərin sağlamlığına zərər vurmaqla məhdudlaşmır, eyni zamanda əhalinin sağlamlığının qorunması sahəsində formalaşmış ictimai münasibət-lərə, ictimai asayişə və dövlətin təhlükəsizlik maraqlarına birbaşa və dolayı zərbə vurur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyətin sosial strukturuna mənfi təsir göstərməklə yanaşı, ailə institutunun zəifləməsinə, əmək qabi iyyətli əhalinin deqrada-siyasına və nəticə etibarilə iqtisadi itkilərin yaranmasına səbəb olur. Xüsusilə qeyd olunmalıdır ki, bu kateqoriyadan olan cinayətlər gənc nəslin fiziki və psixi sağlamlığını təhlükə altına alır, onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına mane törədir və beləliklə, cəmiyyətin gələcək inkişaf potensialını zəiflədir. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətlər əksər hallarda digər cinayətlərlə sıx bağlı olur, o cümlədən mülkiyyət əleyhinə cinayətlərin, zorakılıq hallarının artmasına şərait yaradır. Bu isə həmin əməllərin ictimai təhlükəlilik dərəcəsini daha da yüksəldir və onların sadəcə fərdi hüquq pozuntusu kimi deyil, kompleks ictimai təhlükə mənbəyi kimi qiymətləndirilməsini zəruri edir. Bundcin başqa, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliyim düzgün qiymətləndirməyərək cəza təyin edərkən onun səmimi peşman olub törətdiyi əməli etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Hesab edir ki, mötəbər və təkzibedilməz sübutlar qarşısında qalan təqsirləndirilən şəxsin əməlini etiraf etməsi onun şəxsiyyətini müsbət səciyyələndirmək üçün kifayət deyil. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü ittiham olundüğu CM-in 234.2-ci maddəsi ilə təqsirli bilməmiş, daha sonra məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlardan, o cümlədən dinlənilmiş şahid ifadələrindən sonra öz əməlini etiraf etmişdir. Bu isə hələ onun öz əməlinə tənqidi münasibət bəsləməsi, səmimi peşman olması kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterziə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada səciyyələndirən hansı cəhətlərin olmasını və hansı səbəbdən bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını hökmdə əsaslandırmamışdır. Nəticədə, məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan qeyd edilən halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş, amma bu halın cinayətin xarakteri ilə müqayisədə cüzi əhəmiyyət kəsb etdiyini nəzərə almamış, onların qəbul edilməsinin motivlərini ttiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Cəza təyin edərkən məhkəmə tərəfindən nəzərə alınmamış ən mühüm amil isə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi, həmin məhkumluqların birinin CM-nin 234 2-ci maddəsi ilə, digər ikisinin isə CM-nin 234.1-ci maddəsi ilə olmasıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini və məhkum barəsində daha ağır müddətə cəza təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işinin materiallarında olan kifayət qədər mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu bildirdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətində göstərilən məzmunda çıxış edərək və şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Odur ki, apellyasiya protestinin təmin edilməməsini, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə cəza təyin edilməsini xahiş edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apellyasiya şikayətində göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin təmin edilməsini və hökmün dəyişdirilərək təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və məhkuma həmin maddə ilə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda apellyasiya protestinə etiraz etdi, məhkum barəsində olan yüngülləşdirici halların nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkumun apellyasiya şikayətində əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə cəza təyin edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin III hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-nin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədiqi edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda. Həmçinin, CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). Bundan başqa, CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün qismən etirafedici ifadəsi, şahid2, şahid3 ifadələri, digər şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma isə həmin Məcəllənin 234.2-ci maddəsinin tərkib əlamətlərini yaradır və satış məqsədi və ya niyyəti olduğu halda əməl CM-nin 234.2-ci maddəsi ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə - heroini əldə edib üzərində saxlamış, onun bir hissəsini Qazax rayon Qarapapaq kənd sakini şahid2 və Qazax şəhər sakini şahid3 ## #### 2025-ci il tarixdə axşam saatlarında Qazax şəhəri N.Nərimanov qəsəbəsində 14 manat pul müqabilində satmış, qalan hissəsini isə üzərində saxlamış və tutularkən həmin narkotik vasitə üzərindən aşkar edilmişdir. Məhkəmə kollegiyası həm işin müəyyən edilmiş faktiki hallarını, həm də toplanmış sübutları məcmu halında təhlil edərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifi hissəsində qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli verdiyi ifadələrindən də görünür ki, o, şahid2 və şahid3 narkotik vasitə verməsini inkar etmir. Onun özünümüdafiə üçün gətirdiyi dəlillər ondan ibarətdir ki, şahid2 və şahid3 narkotik vasitə olan heroin satmamış, onların sifarişi ilə şəxsi istifadələri üçün aldığı heroindən hər üçü istifadə etmişlər. Lakin, məhkəmə kollegiyası onun irəli sürdüyü bu dəlillərlə razılaşmır və qeyd edir ki, həmin dəlillər toplanmış iş materialları ilə, xüsusilə də hazırkı iş üzrə şahidlər şahid2 və şahid3 ifadələri ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ... narkotik vasitəni əvvəllər tanıdığı Təqsirləndirilən şəxs az miqdarda özü istifadə etmək üçün maye şəklində birdəfəlik şpristdə almışdır. Bundan başqa Qazax şəhər sakini şahid3 təxminən 20 ildir ki, tanımış, onunla münasibəti həmişə yaxşı olmuşdur. ## #### 2025-ci il tarixdə yaşadığı ünvanda olan zaman istifadəsində olan mobil nömrədən Zamiqə məxsus olan mobil nömrəyə zəng vuraraq birlikdə narkotik vasitə əldə edib istifadə etməklərini təklif etmişdir. Zamiq isə onun təklifi ilə razılaşaraq idarə etdiyi “Opel” markalı minik avtomobili ilə yaşadığı ünvana gəlib onu götürəcəyini bildirərək yaşadığı ünvanda gözləmış, az sonra şahid3 idarə etdiyi avtomobillə gələrək onu avtomobilə götürmüş, ona narkotiki Qazax şəhəri N.Nərimanov qəsəbəsində yaşayan Elbrusdan alacağını bunun müqavilində 14 manat pul verəcəyini bildirmişdir. şahid3 də onun təklifi ilə razılaşmış və ona 7 manat pul vermiş və idarə etdiyi avtomobili Elbrusun yaşadığı ünvana yerləşdiyi əraziyə sürmüşdür. Həmin əraziyə çatdıqdan sonra isə avtomobildən düşərək Elbrusa telefonla zəng edərək narkotik vasitə olan heroini almaq üçün yaşadığı ünvanın qarşısında olduğunu, əgər varsa gətirməsini xahiş etmişdir. Təxminən 5-10 dəqiqədən sonra Elbrus evin qarşısına çıxmış ona 14 manat pul verərək bir ədəd “bayanı”, yəni birdəfəlik şpristə içərisində həll olunmuş şəkildə heroini almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, ... şahid2 ona idarə etdiyi avtomobillə birlikdə narkotik vasitə almalarını və birlikdə istifadə etmələrini bildirdikdə onun təklifi razılaşmışdır. Idarə etdiyi “Opel” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə şahid2 yaşadığı evə gəlib onu avtomobilinə əyləşdirmişdir. Bundan sonra şahid2 ona əldə edib istifadə edəcəyi narkotik vasitəni Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsində yaşayan Elbrus adlı şəxsdən alacağını bunun müqavilində ona 14 manat pul verəcəyini bildirdikdə onun təklifi ilə razılaşmış və Elvinə 7 manat pul vermişdir. Bundan sonra idarə etdiyi avtomobili işə salaraq şahid2 göstərməsinə əsasən Qazax şəhərində Elbrusun yaşadığı ünvana yerləşdiyi əraziyə sürmüş və avtomobili dayandırmışdır. şahid2 avtomobildən düşərək Elbrusun yaşadığı ümumi həyətə girərək təxminən 5-10 dəqiqədən sonra Elbrus evin qarşısına çıxmışdır. Elvin ona 14 manatı vermiş və bir ədəd “bayanı”, yəni birdəfəlik şpristə içərisində həll olunmuş şəkildə heroini alıb gətirmiş və avtomobilə əyləşmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs narkotik vasitəni satmadığını, şəxsi istifadələri üçün aldığı heroindən hər üçünün istifadə etdiklərini göstərsə də, onun bu dəlili dindirilmiş şahidlərin ifadələri ilə təkzib edilir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hökmdə göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən məhkumun CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, Insan Hüquqlarının və X3 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs əməlinin tövsif edilməsi və ya onun barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Apellyasiya protestinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası qeyd edir ki, hökmdən verilmiş apellyasiya protestində əməlin tövsifi və təqsirlilik məsələləri mübahisə doğurmamış, yalnız Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi mübahisələndirilmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CMin 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası işin hallarını, məhkum barəsində olan cəzanı yüngülləşdirən halları və apellyasiya protestinin dəlillərini əlaqəli şəkildə təhlil edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşimançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində cəzasını ağırlaşdıran halın olmamasını, nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumun törətmiş olduğu cinayət əməlinin törədilməsi üsulunu, məhkumun davranışını, törətmiş olduğu cinayət əməlinə münasibətini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışını nəzərə alaraq hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi artırılmalıdır. CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzaların təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanı aşağı həddə təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Qeyd olunanlarla yanaşı iş materiallarında olan DIN-in BƏSII-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 11 ay 27 gün azadlığının məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini isə məhz həmin cəzasını çəkdiyi dövrdə törətmişdir. Göründüyü kimi məhkum əvvəllər də eyni növ qəsdən az ağır cinayət törətməyə görə məhkum olunmuş, lakin cəzasını çəkdiyi dövrdə yenidən az ağır cinayət əməli törətmişdir. Düzdür, onun əməlində cinayətlərin residivi yaranmasa da qeyd edilən hal məhkumun şəxsiyyətini və ictimai təhlükəliliyini xarakterizə etməklə yanaşı cinayət törədərək əvvəllər məhkum olunmasına baxmayaraq öz əməllərindən nəticə çıxarmadığını, ona təyin edilmiş cəzanın islah təsirinin yetərli olması üçün kifayət etmədiyini göstərir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ona yalnız daha uzun müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və bu cəzanın real olaraq çəkilməsi yolu ilə cəzanın məqsədlərinə nail olmaq olar. Əks hal cəzasızlıq mühitinin yaranmasına və cəzanın məqsədlərinə nail olunmamasına gətirib çıxara bilər. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə nəticəyə gələrkən həmçinin birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif etməsini nəzərə alır. CPM-nin 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-161/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-161/2026
29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver