Məhkəmə qərarları › İş №1(3-7)-167/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-167/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-167/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5-162)-15/2026 saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tərtər Rayon Məhkəməsinin (hakim X1) ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə ##.##.1990-cı il tarixdə Tərtər rayon Azadqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər rayon Azadqaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli səxsin tutultuğu iki gün nəzərə alınaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzaçəkmə müddətinin əvvəli Tərtər rayon Icra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Tərtər rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmiş, həmçinin hökmlə maddi sübuta aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə ##.##.2025-ci il tarixdə saat 21 radələrində Tərtər rayon Azadqaraqounlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz olaraq gizli yolla daxil olaraq otaqdakı dolablardan və sandıqdan 500 manat dəyərində “Tarşan” markalı qazan dəstini, ümumilikdə 340 manat dəyərində “Karolina” markalı üç cüt yataq dəstini, 50 manat dəyərində olan markası istintaqa məlum olmayan sini dəstini, 300manat dəyərində olan xrustal çay dəstini, ümumilikdə 60 manat dəyərində 04 ədəd əlüz məhrabasını, 45 manat dəyərində 01 ədəd stol örtüyünü, 150 manat dəyərində 01 ədəd adyalı və 40 manat dəyərində hamam məhrabasını gizli yolla talayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1485 manat dəyərində məişət əşyalarını gizli yolla talayıb oğurluq etmişdir. Apellyasiya protestinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü, Təqsirləndirilən şəxs daha ağır cəza - təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Dövlət ittihamçısı kimi məhkəmə çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məhkəməyə təklif edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ona daha ağır cəza-təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Habelə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət az ağır cinayət olmaqla mülkiyyət əleyhinə cinayət hesab edilir, sanksiyasında 1-3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 2- 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən CM-in Ümumi hissəsinin esxeş müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir Həmçinin, məhkəmə hökmdə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxse vurulmuş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Halbuki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, habelə həmin halların törədilən cinayətlə əlaqəsini, ictimai təhlükəliliyinə hansı həcmdə təsir etməsini əsaslandırmadan formal sadalamaqla kifayətlənmişdir. Habelə, təqsirləndirilən şəxsin evindən aşkar edilərək iş üzrə maddi sübut kimi tanınan və Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan təqirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayon Azadqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinin mətbəx otağında olan zirzəmidən aşkar edilərək götürülən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladığı 01 ədəd adeyal, 01 ədəd stol üzlüuü, 01 ədəd yataq dəsti, 04 ədəd əl məhrabası, 01 ədəd hamam məhrabası və xrustal çaydəstindən ibarət qab-qacaq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır Belə olan halda məhkəmənin təqsirləndirilən şəxsin zərəçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini yüngülləşdirici hal kimi nəzərə alması məqsədə müvafiq hesab olunmamalıdır, çünki qeyd edilən əşyalar polis əməkdaşları tərəfindən aşkar edilərək təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin ağırlığına və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Habelə, məhkəmənin təyin etdiyi cəzanın növü, yəni azadlığın məhdudlaşdırılması cəzası düzgün müəyyən edilsə belə, təqsirləndirilən şəxsə təyin edilən cəzanın həddi, yəni 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası cinayətin ağırlığına və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya apellyasiya protestini müdafiə etdi, protestin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü, Təqsirləndirilən şəxs daha ağır cəza - təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya protestinə etiraz etdi, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya protestinə etiraz etdi, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti qismən təmin edilməli və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü cəza hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya protestinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, dövlət ittihamçısı tərəfindən Nazir Quliyevə istinad edilən əməlin tövsifi mübahisələndirilmir, o yalnız cəza hissəsindən narazıdır. Belə ki, dövlət ittihamçısı hesab edir ki, Nazir Quliyevə yüngül cəza təyin edilmişdir və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə apellyasiya protestinin dəlillərində göstərilməsə də, CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış edərək, protestin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, şahidlərin ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, məhkəmə həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək, apellyasiya protestinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cəza təyininin müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi hallar kimi nəzərə almış, onun barəsində ağırlaşdıran halların olmamasını nəzərə almış, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni və ədalətli hesab etmişdir. Apellyasiya protestinin təyin edilmiş cəzanın yüngül olması ilə bağlı dəlilini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının tələbləri baxımından müzakirə edən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın ümumi məqsədinə xidmət etməyən yüngül cəza təyin etmiş, cəzanın həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təyin olunması barədə qanunvericiliyin tələblərini diqqətdən qaçırmışdır və ona görə də apellyasiya protestinin dəlilləri əsaslıdır, protestə əsasən məhkum edilmiş şəxsə təyin edilmiş cəza ağırlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01( bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-ci maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və agırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, işin hallarından gõrünür ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını talamaq qərarına gəlmiş, bu məqsədlə ## ###### 2025ci il tarixdə saat 21 radələrində Tərtər rayon Azadqaraqounlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin pəncərəsini sındırmaq yolu ilə evə qanunsuz olaraq gizli yolla daxil olaraq oğurluq etmişdir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, Nazir Quliyevin cinayət əməlini məhz yuxarıda sadalanan şəraitdə və üsullarla törətməsinə baxmayaraq, ona təyin etdiyi cəza təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş cəza 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının həddi artırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protseti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməklə, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının həddi artırılmalı və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Apellyasiya protesti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə əsasən cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinədək artırılsın. Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli səxsin tutultuğu iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar