Məhkəmə qərarları › İş №1(3-7)-182/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-182/2026

09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-182/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə (sədrlik edən hakim Quliyev Ilqar) ##.##.1986-cı ildə Rusiya Federasiyasının Amur vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkomaniyadan məcburi müalicə edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ## ####### 2025-ci ildə Şəmkir şəhəri, “Dörd yol” adlanan ərazidən Şəmkir rayonu, Dəllər qəsəbəsi istiqamətində piyada hərəkətdə olarkən asfalt yolun kənarındakı səkinin üzərindən siqaret falqasına bükülmüş vəziyyətdə tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in II siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı II siyahısı ilə müəyyən edilən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonunun ərazisində daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 20:45-də Şəmkir rayonu,Təzəkənd kəndi ərazisində yerləşən “Gold Palace” şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olarkən yolun kənarında Şəmkir rayon polis şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili, R şahid4 tərəfindən saxlanılaraq üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın sol arxa cibindən siqaret falqasına bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,453 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü ədalətli hesab etmir, ona görə də onun işinə yenidən baxılaraq ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 şikayətin dəlillərini dəqiqləşdirərək göstərdi ki, müdafiə etdiyi şəxsə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini xahiş etdi. Belə ki, müdafiə etdiyi şəxsə törətdiyi cinayət əməlinə görə təyin olunmuş cəza sərtdir, eyni zamanda 3 aya yaxındır ki, istintaq təcridxanasında saxlanılır və hesab edir ki, o, islah olunmuşdur. Bundan başqa, əməlindən peşmandır, törətdiyi əməli etiraf etmişdir, himayəsində xəstə anası var, gənc olmasını və ailədə yeganə gəlir gətirən şəxs olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin dedikləri ilə razılaşmış və əməlindən peşman olduğunu göstərmişdir. Dövlət ittihamçısı Bəhruz Cabbarlı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bir dəfə 2017-ci ildə oğurluq cinayətinə görə məhkum olunmuş, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu ödənilsə də lakin o, cinayət törətməyə meyilli şəxs olduğuna görə törətdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinə münasibətdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun gələcəkdə cinayət törətməməsinə əsas verə bilməz. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin etirafedici ifadəsini və özünü təqsirli bilməsini, istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspert rəyi və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası müdafiə tərəfinin dəlilləri əsasında təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddəyə əsasən təyin edilmiş cəzanın növünə və həddinə CM-in norma və prinsiplərinin tələbləri baxımından qiymət verərək hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı deyil və bununla bağlı kollegiya aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı alternativ azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirilən hallar kimi qəbul olunmuş və həmin xüsusatlarla məhkəmə kollegiyası razılaşır. Apellyasiya məhkəməsində iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs izahatında törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq saxlanılmış 01 il 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini və onun tərəfindən yenidən qəsdən az ağır cinayət törətməsini cəza təyini zamanı nəzərə alsa da, lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 83.6-cı maddəsinin tələbini nəzərə almamış, yəni məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ####### 2025-ci ildə təqsirli bilindiyi cinayəti əməlini törətdiyi zaman əvvəlki törətdiyi və məhkum olunduğu oğurluq cinayət ilə bağlı məhkumluğu ödənilmiş və məhkumluqla bağlı bütün hüquqi nəticələr ləğv olunduğundan o, hazırda məhkum olunmayan şəxs hesab edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin növü və çəkisi, yəni ümumi təmiz çəkisi 0,453 qram xeyli miqdarda psixotrop maddə olan metamfetaminin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasını təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını və satış məqsədi olmadan üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisinə mütənasib sərt cəza növünün təyin edilməsi ədalətli deyil. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddə ilə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasını təyin edərkən cəzanı yüngülləşdirən halları sadalamış, ağırlaşdıran halların olmadığını göstərmiş və son nəticədə onun yalnız azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi yolu ilə islah olunmasının mümkün olmasını qeyd etmişdir. CM-in 58.1-ci maddəsinin son cümləsində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qanunun mənasından da göründüyü kimi məhkəmə hökmündə şəxsə daha ciddi cəzanın təyin edilməsi əsaslandırılmalıdır. Əsaslandırma dedikdə qanun normalarının və ya işin faktiki hallarının sadəcə olaraq sadalanması başa düşülməməli, ən azından bu əsaslandırma kənar müşahidəçini qane edəcək səviyyədə olmalıdır. Yəni şəxs Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, ona nə üçün təqsirləndirildiyi maddənin sanksiyasında yüngül cəza növü-azadlığın məhdudlaşdırılması cəzası təyin edilmədiyini, nə üçün ən ağır cəza təyin edildiyini açıq şəkildə görməli və bu təyin edilən cəzanın ədalətliliyi inandırıcı olmalıdır. Bu fikir CM-in 58-ci maddəsində və CPM-in 349-cu maddəsində ətraflı əks olunmuşdur. CM-in 58.3-cü maddəsindən də göründüyü kimi məhkəmə cəza təyin edərkən 1) törədilmiş cinayətin xarakterini; 2) ictimai təhlükəlilik dərəcəsini; 3) təqsirkarın şəxsiyyətini; 4) cəzanı yüngülləşdirən və ağırlaşdıran halları; 5) təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası CM-nin norma və prinsiplərindən çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı o, halda ədalətli hesab etmək olardı ki, onun törətdiyi əməlin ictimai təhlükəliliyini və şəxsiyyətinin təhlükəliliyini sübuta yetirən hallar olsun. Lakin hazırkı işin materiallarından görünür ki, onun əməlinin ictimai təhlükəliliyini artıran hallar mövcud deyildir. Şəxsiyyətinin təhlükəliliyinə münasibətdə qeyd olunmalıdır ki, onun ilk dəfə az ağır cinayət məsuliyyətinə cəlb olunması şəxsiyyətinin təhlükəli olmadığını göstərir və bu halda CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş alternativ yüngül cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi yolu ilə onun islah olunması mümkündür. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı düzgün nəticəyə gəlməmiş, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alsa da, onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinə adekvat cəza növü müəyyən etməmişdir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunması mümkündür. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlandığı 3 (üç) ay 8 (səkkiz) gün - cəmi 3 (üç) ay 10 (on) gün olan müddət, CM-nin 52- 1.5-ci maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 6 (altı) ay 20 (iyirmi) gün ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, cəza çəkdiyi müddətdə onun üzərinə yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, qərarın icrası Şəmkir Rayon Icra və Probasiya şöbəsinə həvalə edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 175, 397, 398.1.4, 399.1.5, 407- 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin olunsun. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlandığı 3 (üç) ay 8 (səkkiz) gün - cəmi 3 (üç) ay 10 (on) gün olan müddət, CM-nin 52-1.5-ci maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 6 (altı) ay 20 (iyirmi) gün ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Şəmkir Rayon Icra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar