Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-187/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026cı il tarixli *(***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim O.Ə.Dəmirli) ##.##.2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri 20 Yanvar küçəsi ev 13 ünvanında yaşamış, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü mаddəsinə əsаsən, onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin оlunmuş cəzаdаn çıxılması və onun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzаsının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalında dərhal həbsə alınması, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmasının nəzərə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,353 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, ## ##### 2024-cü il tarixdə Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ## ##### 2024-cü il tarixdə saat 12:25-da Gəncə şəhəri, 20 yanvar küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov pr. 179 ünvanında yerləşən Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 0,353 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)- **/**** saylı hökmündən narazı olduğunu bildirmiş və işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, həmçinin şikayətə dəqiqləşmə edərək, narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmadığını, ona görə də təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, ona bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlayaraq müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi özünün səmimi olaraq verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkəti protokolları və məhkəmədə araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 234.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və ibitdai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədən görünür ki, ... Son 2 aydır narkotik vasitə kokos kimi tanıdığı narkotik vasitə olan heroin istifadə edir. ##.##.2024-cü il tarixdə səhər saatlarında evə gedən zaman Gəncə şəhəri 20 yanvar küçəsində yerləşən "Spartak Stadionu"nun yaxınlığında olan zibil qutusunun yanında, yerdə 1 ədəd siqarət qutusu görmüşdür. Siqaret qutusu diqqətini çəkdiyi üçün əyilib yerdən götürmüşdür və içərisində 1 ədəd gümüşü rəngli falqaya bükülmüş büküm görmüşdür. Bükümü açaraq baxan zaman içərisində kokos kimi tanıdığı narkotik vasitə olan heroin olmasını görmüşdür. Özü istifadəçisi olduğu üçün şəxsi istifadə məqsədi ilə götürərək üzərində saxlamışdır. ##.##.2024cü il tarixdə saat 12:25 radələrində Gəncə şəhəri, 20 yanvar küçəsindəki evinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və onlar xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər BPİ-nin 4-cü PB-nə gedəcəyini bildirmişdirlər. O da əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları avtomobilləri ilə onu Gəncə şəhərində yerləşən Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasınına aparmışdırlar. Bölmənin inzibati binasında xidməti iş otağında müdafiə olunması üçün müdafiəçi ilə təmin olunması üçün ona müdafiəçilərin siyahısı təqdim edilmişdir və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə, bu gün növbətçi olan vəkilin yardımından istifadə edə bilər. O təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün gəlməsini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi müdafiəçi3 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuşdur və düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə olub-olmaması barədə sual verilən zaman könüllü olaraq əynində olan yaşıl rəngli cins şalvarının ön sağ cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülmüş halda kokos kimi tanıdığı narkotik vasitə olan heroini təqdim etmişdir. Təqdim etdiyi kütləyə baxış keçirilmişdir, kütləni elektron tərəzidə çəkmişlər və narkotik vasitə olan heroin çəkisinin 0.51 qram olması müəyyən edilmişdir. Sonra 01 ədəd paketin üzərinə müvafiq qeydlər aparılmışdır, qeydlər uca səslə oxunduqdan sonra o və iştirakçılar onu imzalamışdır. Sonra narkotik vasitə olan heroin imzalanmış həmin zərfə qoyulmuşdur və bağlanc yerləri möhürlənərək götürülmüşdür. Əlavə suallara cavab olaraq bildirmişdir ki, onun narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. Hazırda yaşadığı evdə və digər evdə narkotik vasitə, narkotik vasitə olan və qanunla daşınması, saxlanması qadağan edilmiş maddəsi yoxdur. O polis bölməsində olarkən ona polis əməkdaşları tərəfindən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs son sözündə törədiyi əməldən səmimi peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 hadisənin üzərindən xeyli müddət keçdiyindən tam xatırlamadığını bildirərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədən görünür ki, ... Gəncə şəhəri, 20 yanvar küçəsi ev 25-də yaşayan qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10, 11, 12 maddələrinin və CPM-in 445-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin qərar Bölmə rəhbərliyinə məruzə edilərək, Bölmə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. ## ##### 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri Abbas Səhhət küçəsində yeri müəyyən edildi. Həmin günü saat 12:25-da Gəncə şəhəri 20 yanvar küçəsi “Spartak stadionu”nun yaxılığında olarkən saxlanılaraq o polis bölməsinə dəvət edilmişdir. Bölmədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və müdafiəçi3 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq vəzifələri izah edilmiş, şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamış və bildiriş protokolu ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli cins şalvarın ön sağ cibindən üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan narkotik vasitə olan “heroin” kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən götürərək istifadə etmədiyini, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroin” kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 0,51 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in *** saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Müdafiəçi müdafiəçi3 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin özünə məxsus olubolmadığını, ona qarşı hər hansı təzyiq, hədə qorxu olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatları yoxdur, lakin bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid2 da ibtidai istintaq dövründə verdiyi ifadəsində şahid X2 ifadəsində bildirdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, cinayət işinin materiallarında olan: ##.##.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra video kamera vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş kokos kimi tanınan narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. 1 ədəd gümüşü rəngli falqaya bükülmüş olan kütlənin çəkisi falqa ilə birlikdə 0.51 qram olduğu müəyyən edilmişdir. Həmin büküm qablaşdırılmış və möhürlənərək imzalanmışdır. ## ##### 2024-cü il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. Yaşadığı evdə və digər yerlərdə narkotik vasitə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli, **/*** nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2021-ci ildən opioidlərdən asılılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin “Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının ## ### 2024-cü il tarixli, *** №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitəlin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Göründüyü kimi iş materiallarında olan ifadələr və digər sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkib ələmətlərinin olması öz təsdiqini tapır. Bu baxımdan müdafiə tərəfinin təqsirləndirilən şəxsə bəraət verilməsini dair irəli sürdüyü dəlillər formal özünü müdafi xarakteri daşıyır və təqsirəndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına yönəlmiş hesab edilir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərdə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun narkotik vasitədən istifadə etdiyi üçün bundan səmimi peşman olmaqla əməlini könüllü olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, onun səmimi peşmanlığını, əvvəllər də iki dəfə eyni xarakterli cinayət törətməsini, onun islah olunmadığını, hüquq normalarına hörmətsiz yanaşdığını və əvvəllər ona təyin olunmuş azadlığın məhdulaşdırılması cəzalarının islah təsirinin nəticə vermədiyini nəzərə alaraq, ona cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 1 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən ilə cəzasının çəkilməmiş qalan hissəsi 1 il azaldılmışdır. ##.##.2022-ci il tarixdə cəza müddəti bitmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli cinayətə görə məhkum olunmuş, cəza çəkmiş və hətta amnistiya aktının tətbiqi ilə cəzadan azad edilmişdir. Lakin o, bundan nəticə çıxarmayaraq yenidən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-187/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-187/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver