Məhkəmə qərarları › İş №1(3-7)-190/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-190/2026

13.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-190/2026 13.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X7 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər X6 (sədrlik edən), hakimlər X1 və X5) ##.##.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,807 qram psixotrop maddə metamfetamini, xeyli miqdarda, yəni təmiz çəkisi 1,141 qram narkotik vasitə heroini və 1 (bir) ədəd 1ml-lik şprisdəki məhlulun tərkibində həll olunaraq qarışmış təmiz çəkisi 0,039 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, onlardan xeyli miqdarda 1,004 qram psixotrop maddə metamfetamini və 1 (bir) ədəd 1ml-lik şprisdəki məhlulun tərkibində həll olunaraq qarışmış təmiz çəkisi 0,039 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamini üzərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,004 qram, 1,949 qram, 4,511 qram, 0,455 qram, 0,325 qram, 0,267 qram, 0,296 qram olan külli miqdarda psixotrop maddə metamfetamini və 1,141 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini isə bükümlərə bölərək yaşadığı ünvan 2 ünvanında saxlamış, ## ###### 2025-ci il tarixdə saat 14:55 radələrində Azərbaycan Respublikası DIN-in BNMI-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində, yaşadığı ünvanda saxlamasında, daşımasında şübhəli bilinərək Gəncə şəhəri, ünvan 1 ilə piyada hərəkət edən zaman saxlanılmış və üzəri yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən üzərində qanunsuz olaraq saxlayaraq daşıdığı 1 (bir) ədəd sarı kağız bükümdə olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,004 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarın sağ yan cibindən 1 (bir) ədəd 1ml-lik şprisdəki məhlulun tərkibində həll olunaraq qarışmış təmiz çəkisi 0,039 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 15:25 radələrində yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən yataq otağına qoyulmuş çantanın içərisindən 2 (iki) ədəd iç-içə torbacıqda olan təmiz çəkisi 1,141 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd torbacıqda və 4 (dörd) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 1,949 qram, 4,511 qram, 0,455 qram, 0,325 qram, 0,267 qram və 0,296 qram olmaqla, ümumi təmiz çəkisi 7,803 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və ya törədilmiş əməlin CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməklə minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materialında olan və məhkəmə istimtaqında tədqiq edilmiş ##.##.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə olunmuş bir ədəd informasiya daşıyıcısı olan disk, ##.##.2025-ci il tarixli raport, ##.##.2025ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəmi hər hansı satmaq məqsədi, ümumiyyətlə satış məqsədi olmamış və müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə yaşadığı evindən aşkar olunmuş narkotik vasitə ilə psixotrop maddənin ona məxsus olmadığını və polislər tərəfindən evinə qoyulduğunu iddia etsə də, məhkəməyədək icraat zamanı psixotrop maddənin bir qisminin, yəni 3.5 qramının özünə məxsus olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir, sadəcə narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olmadığını göstərmişdir. Lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. Bundan başqa, hökmlə təyin olunmuş cəza sərtdir, ona görə də cəzanın yüngülləşdirilməsini xahiş edir. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Zərniyar Abdullayeva şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Bəhruz Cabbarlı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Belə ki, iş üzrə zəruri istintaq hərəkətləri keçirilmiş, şahid ifadələri və ekspert rəyləri var. Odur ki, şikayətin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini törətməsi istisna olunmasa da belə, lakin onun təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi və ya törədilmiş əməlin CMnin 234.1-1-ci maddəsinə tövsif edilməklə minimum həddə cəza təyin edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. -Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinə axtarış keçirilməsi haqqında ## ### 2025-ci il tarixli protokol və protokola əlavə edilmiş videoçəkiliş; -Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin evinə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokol və protokola əlavə edilmiş videoçəkiliş; -Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli rəyi; -Şübhəli şəxsin tutulması haqqında ##.##.2025-ci il tarixli qərar; -Məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli rəyi; -Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ##.##.2025-ci il tarixli qərar; -Baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokol və protokola əlavə olunmuş bir ədəd informasiya daşıyıcı olan disk; -Baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokol və protokola əlavə olunmuş bir ədəd informasiya daşıyıcı olan disk; -Gəncə şəhəri Narkoloji Dispanserinin ##.##.2025-ci il tarixli rəyi; -Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsinə dair qismən etirafedici ifadələri; -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxs müdafiəçisinin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası CPM-nin 42-ci maddəsinin tələbini əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində, yaşadığı ünvanda saxlamasında, daşımasında şübhəli bilinərək saxlanılmış və üzəri yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən üzərində qanunsuz olaraq saxlayaraq daşıdığı təmiz çəkisi 1,004 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarın sağ yan cibindən 1 (bir) ədəd 1ml-lik şprisdəki məhlulun tərkibində həll olunaraq qarışmış təmiz çəkisi 0,039 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün yaşadığı ünvana baxış keçirilərkən yataq otağına qoyulmuş çantanın içərisindən təmiz çəkisi 1,141 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 7,803 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi təqsirləndirilən şəxsin ibtidai istintaq orqanında CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, əməliyyat axtarış tədbirlərinə dair videoçəkilişlər, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni onlayn yolu ilə tanımadığı şəxsdən aldığını göstərmişdir. Eləcə də iş materiallarında həbsdə saxlama müddətinin uzadılmasına dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, artıq dörd aya yaxın ibtidai istintaqı davam edən cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, sadəcə narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olmadığını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında da narkotik vasitə ilə psixotrop maddənin özünə məxsus olmasını bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanın zaman və polis şöbəsinə gətirilərkən ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa yol verilməsi dəlilləri iş materiallarında, xüsusilə də əməliyyat-axtarış tədbirlərinə dair videoçəkilişlərdə, məhkəmə-tibbi ekspertizasının rəyində, o cümlədən digər tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə əməliyyat-axtarış tədbirlərinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs əməliyyatçının sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir, əksini sübut edə biləcək mötəbər sübutlar müdafiə tərəfindən təqdim olunmamışdır. Birinci instansiya məhkməsi və apellyasiya məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək saxlanılan zaman ifadəsində yaşadığı evindən aşkar edilmiş narkotik vasitə ilə psixotrop maddənin özünə məxsus olmadığını, həmin maddələri onun evinə polislərin qoyduğunu iddia etsə də, məhkəməyədək icraat zamanı ##.##.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində yaşadığı evindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin 3,5 qramının özünə məxsus olduğunu, həmin maddəni ##.##.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Iran Islam Respublikası vətəndaşı Səccad adlı şəxsin dediyi ünvandan əldə etdiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisi Ramil Həsənovun iştirakı ilə alınmışdır. Həmin ifadələrdə nə müdafiəçisi, nə də Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin hamısının özünə məxsus olmadığını və polis əməkdaşları tərəfindən evinə qoyulduğunu göstərmiş, əksinə psixotrop maddənin 3,5 qramının özünə məxsus olduğunu və tanımadığı Iran vətəndaşından əldə etdiyini göstərmişdir. Həm müdafiəçisi, həm də Təqsirləndirilən şəxs qeyd edilən ifadələri imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadələrini oxuduğunu və imzası ilə doğruluğunu təsdiq etdiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmədə yaşadığı evindən aşkar edilmiş narkotik vasitə ilə psixotrop maddənin ona məxsus olmadığını və polislər tərəfindən evinə qoyulduğunu iddia etsə də, məhkəməyədək icraat zaman psixotrop maddənin bir qisminin, yəni 3,5 qramının özünə məxsus olduğunu göstərmişdir. Həmçinin iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, saxlanılan zaman üzərində narkotik vasitə ilə şprisin olmadığını, həmin maddə ilə şprisi onun üzərinə polislərin qoyduğunu, tutulmamışdan bir gün əvvəl yaşadığı evinə 3 qram metamfetamin və 2 qram heroini qoyduğunu, evinə baxış zamanı narkotik vasitənin aşkarlanmasına baxmayaraq, həmin vasitənin daha az çəkidə olduğunu göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında da yaşadığı evində narkotik vasitə ilə psixotrop maddənin olmasını, həmin maddələri də evə özünün qoyduğunu bir daha təsdiq etmişdir. Göstərilən dəlillər əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə və ya bəraət verilməsinə dair heç bir hüquqi əsası yoxdur. Eyni zamanda həmin əməlin düzgün tövsif olunmamasını təsdiq edən mötəbər sübutlar müdafiə tərəfindən təqdim olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni ##.##.2024-cü il tarixdən 02 (iki) ay 26 (iyirmi altı) günü hesabladıqda ##.##.2025-ci il tarixdə onun cəzası tam olaraq başa çatmışdır. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs ##.##.2025ci il tarixdə tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqda məhrum etmə növündə cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni ##.##.2024-cü il tarixdən hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətdiyi üçün Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab olunur və onun əməlində Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əssən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin sadə residivi vardır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar qismində cinayətlərin sadə residivi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2013-cü il tarixli qərarına əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran hal kimi əvvəllər CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə ilə bağlı cəzaya məhkum olunmasını və məhkumluğunun ödənilmədən yenidən onun tərəfindən analoji xarakterli cinayət törətdiyinə görə əməlində cinayətlərin sadə residivi müəyyən edilmiş, o cümlədən CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən halların olması müəyyən edilməmiş, ona görə də təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət – hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs daha aşağı həddə və ya daha yüngül cəza növü təyin olunması üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar