Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-194/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Əliyev İlqar İsmayıl oğlunun və xüsusi ittihamçı Xüsusi ittihamçı iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Əliyev İlqar İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Göygöl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Göygöl rayon Quşçu kənd sakini Əliyev İlqar İsmayıl oğlunun barəsində ona böhtan atdığına və onu təhqir etdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2ci və 148-ci maddələri ilə cinayət işinin başlanılmasına dair qərar qəbul edərək onu cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində azadlıqdan məhrum etmə cəzasının verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən Leyla Hüseynzadə) Əliyev İlqar İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsi qərarında əsassız şəkildə istinad etmişdir ki, guya onun tərəfindən şikayətin forma və məzmununa riayət edilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında olan şikayətdə hadisənin baş verdiyi yer, tarix və həmçinin ittiham etdiyi maddələr üzrə ayrı-ayrılıqda şikayət etdiyi şəxsə qarşı olan dəlillər, hadisələr sadalanmamışdır. Həmçinin, ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarda göstərilir ki, guya onun tərəfindən şikayət etdiyi şəxsi konkret olaraq nəylə ittiham etdiyi və göstərdiyi təhqir və böhtanların hansı maddəyə uyğunluğu sadalanmamış, əsaslandırılmamış və şikayət xüsusi ittiham qaydasında olan şikayətin tələblərinə riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Xüsusi ittihama dair şikayətin hər hansı konkret forması və ya məzmunu ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyində və yaxud da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və yaxud da Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumunda şikayətin forması ilə bağlı konkret cədvəl və ya şikayət forması foto-şəkil formasında Məhkəmə internet portalında yerləşdirilməmiş və ya hər hansı qərara əlavə edilməmişdir. Konkret olaraq, Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyində xüsusi ittihamçı və xüsusi ittiham üzrə şikayət edilən şəxs və həmin şəxslərə dair şikayət edən və şikayət olunanın rekvizitləri və məlumatları göstərildiyi əks olunmuşdur. Həmçinin Cinayət Prosessual Qanunvericiliyində şikayət edilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri üzrə verilmiş ittiham üzrə dəlillərin göstərilməsi əks olunmuşdur Digər tərəfdən Cinayət Prosessual Qanunvericiliyində xüsusi ittiham qaydasında şikayət verilərkən xüsusi ittiham qaydasında şikayət edilən şəxsin etdiyi konkret hərəkətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə uyğunluğu və həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin şikayət edilən şəxs tərəfindən tərkib əlamətlərinin olmasının şikayət edən şəxs tərəfindən şikayətdə göstərməsi əks olunmuşdur. Onun tərəfindən birmənalı şəkildə şikayətdən xüsusi ittiham qaydasında şikayət etdiyi şəxsin adı, soyadı, atasının adı, onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, doğulduğu tarix və ünvan göstərilmişdir. Həmçinin şikayətdə konkret olaraq, həmin şəxs tərəfindən ona qarşı olunan təhqirlər sözbəsöz şikayətdə göstərilmiş və həmçinin həmin təhqir və böhtana dair məlumatlar fotoşəkil formasında çıxardılaraq şikayətə əlavə edilmiş, şikayət etdiyi şəxsin etdiyi təhqir və böhtana dair sosial şəbəkədə yerləşdirdiyi video müraciət və video yazı CD diskə köçürülərək şikayətə əlavə edilmişdir. Tərtib etdiyi şikayətdə konkret olaraq, məhkəmənin göstərdiyinin əksinə İlqar Əliyevin barəsində verdiyi ittiham üzrə konkret olaraq qara qurğulanmış hərflərlə təhqiredici və böhtan xarakterli ifadələri göstərmiş və hər bir ifadədən sonra şikayət etdiyi şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsinin tərkibini yaratdığı və əməlində Cinayət Məcəlləsinin hansı maddəsinin tərkibi olduğu sözbəsöz, cümləbəcümlə göstərmiş və “xahiş edirəm” hissəsində isə birmənalı şəkildə onun konkret maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş və Cinayət Prosessual Qanunvericiliyinin mövcud tələblərini, xüsusi ittiham qaydasında şikayətin mövcud tələblərini hamısına riayət etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və xüsusi ittiham qaydasında verdiyi şikayətin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən, yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsi vəziyyətini protestin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini məhkəmə kollegiyasının iclasında dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 302.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunvericiliyin tələblərindən görünür ki, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə, şikayətin məzmunu CPM-in 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət başa düşülür. Qərarın 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmçinin qeyd olunmalıdır ki, həmin Qərarın 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Qərarın 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan və ya barəsində şikayət verilən şəxsin hərəkətlərində cinayət tərkibinin olubolmamasından asılı olmayaraq belə şikayətlərin məhkəmə icraatına qəbul edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl edilməlidir. Lakin iş materiallarından görünür ki, məhkəmə şikayətin məhkəmə icraatına qəbulu məsələsini müzakirə edərkən xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair CPM-nin müvafiq maddələrinə istinad etsə də, şikayəti və şikayətə əlavə edilmiş materialları kifayət qədər nəzərdən keçirməmiş, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş şikayətin icraata qəbul ediməsindən imtina edilməsinin konkret əsaslarını müəyyən etməmiş, bir sözlə bir sıra cinayət-prosessual normaları formal olaraq qərarda qeyd etsə də, sadalanan prosessual normalarla iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirməmiş və nəticədə araşdırılmamış səthi qərar qəbul etmişdir. Ona görə də, kollegiya yuxarıda qeyd olunanlara diqqət çəkərək hesab edir ki, məhkəmənin qərarı ləğv olunmalı, xüsusi ittiham qaydasında şikayət üzrə iş materialları məhkəmə icraatına qəbul edilərək baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. CPM-nin 391.2-ci maddəsinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı hər bir halda apellyasiya instansiyası məhkəməsi daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün həmin birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmalıdır. CPM-in 391.9-cu maddəsinə görə bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Qeyd edilənlərə əsasən və CPM-in 391 və 392-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin iş üzrə ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Əliyev İlqar İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılsın. Qərardan bir ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-194/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-194/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver