Məhkəmə qərarları › İş №1(3-7)-208/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-208/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-208/2026 22.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(125)-64/2025 saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin ( hakim X3) ##.##.2026-cı il tarixli, 1(125)-64/2025 saylı hökmü ilə ##.##.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında qeydiyyatda olmaqla Şəmkir rayonunun Çaparlı kəndində yaşamış, barəsində “həbs” hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəli ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ##.##.2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən H2O express avtoyuma şirkətində mühafizəçi üçün ayrılmış yardımçı tikilinin giriş qapısını sındırma yolu ilə daxil olaraq otaqdan sonuncuya məxsus 293 (iki yüz doxsan üç) manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək onun cəzasının yüngülləşdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(125)-64/2025 saylı hökmü ilə o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Qeyd olunanlara əsasən Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- **/**** saylı hökmünün ləğv edilməsini və onun barəsində həbslə bağlı olmayan cəzanın tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, onun cəzasının yüngülləşdirilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, onun cəzasının yüngülləşdirilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, məhkum edilmiş şəxsə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkumun barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edərəkən ittiham olunduğu CM-in 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəzadan əlavə iki alternativ cəza növü nəzərdə tutulduğu halda onun əvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən təqdim edilmiş və cinayət işinə əlavə edilən tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dəfələrlə analoji cinayətlərdə yəni, Azərbaycan Respublikası CM-in 177.1, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və həmin ittihamlar üzrə təqsiri sübuta yetirilməklə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmışdır. Lakin o, barəsində hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarının heç birindən nəticə çıxarmayaraq islah yoluna qədəm qoymamış, cinayətkar hərəkətlərini mütəmadi şəkildə davam etdirmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı bu mühüm xüsusatı diqqətə alan məhkəmə bu qənaətə gəlir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə cəzanın güddüyü məqsədə nail olmaq mümkünsüzdür. Belə ki, azadlıqdan məhrumetmə cəzası cinayət qanunvericiliyində nəzərdə tutulmuş ən ağır cəza növüdür. Lakin bu cəza növü təqsirləndirilən şəxsə dəfələrlə tətbiq edilməsinə baxmayaraq yuxarıda da qeyd edildiyi kimi o islah olunmamış, cinayətkar hərəkətlərini davam etdirərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə zərər yetirmişdir. Halbuki, CM-in 83.6-ci maddəsinin tələbinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cəza məsələsinə gəldikdə isə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi ona CM-nin 2, 8.1, 41 və 58-ci maddələrinin tələblərinə uyğun olmayan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarındakı tövsiyələrə əməl etmədən ədalətsiz cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında maddəsinin sanksiyasındabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * nömrəli qərarının 4-cü bəndinə görə CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkumetmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) ** saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, Insan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ## ###### 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X1 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Iş materiallarında olan ##.##.2026-cı il tarixdə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyanın tam şəkildə ödənilmiş, ona qarşı şikayət və tələbinin yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinin müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsinin hökmdə cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan halları təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi qeyd etsə də, ona cəza edərkən təyin bunları nəzərə almamışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən cəza şəxsin ittiham olunduğu CM-in 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəzadan əlavə iki alternatif cəza növü nəzərdə tutulduğu və cəzasını yüngülləşdirən şəxsin əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və zərərçəkmiş şəxslə barışması olduğu, cəzasını ağırlaşdıran halın isə olmadığı halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalətli hesab oluna bilməz. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarı). Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədinə nail olunacağını məhkəmə hökmündə əsaslandırmamış, yalnız formal surətdə qanunun normalarını sadalamaqla kifayətlənmiş və Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının tövsiyyələrini nəzərə almamış, məhkum edilmiş şəxsin islah olunması üçün sərt cəza təyin etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə humanistlik göstərərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini, qanuni, ədalətli və əsaslı hesab etməklə cəzanın məqsədinə nail olunacağı qərarına gəlir. Azərbaycan Respublikası CPM-nin 398.1 və 398.1.4-cü maddələrinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məcəllənin 399.1 və 399.1.5-ci maddələrinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə göstərilənləri nəzərə alaraq, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən cəza təyini hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 6 (altı) gün, cəmi 8 (səkkiz) ay 12 (on iki) gün təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli, üzərinə cəzaçəkmə müddəti ərzində qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(125)-64/2025 hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, ## #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 6 (altı) gün, cəmi 8 (səkkiz) ay 12 (on iki) gün təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində Şəmkir rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası yaşıyış yeri üzrə Şəmkir Rayon Icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar