Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-213/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «2» iyun 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «2» iyun 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə (hakimlər M.M.Məmmədzadə (sədrlik edən), B.F.Müslümov və E.Y.Vəliyevdən ibarət tərkibdə) ##.##.1973-cü il tarixdə Gəncə şəhərində anadan olan, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, məhkum olunmayan, Gəncə şəhəri, Nigar Rəfibəyli küçəsi, ev 34-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ## #### 2025-ci il tarixdən # ######## 2025-ci il tarixədək, yəni 2 (iki) ay 21 (iyirmi bir) gün həbsdə saxlanılması müddətinin azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclası zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin # #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfinə dair məsələ həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs onunla kobud zarafat edərək təhqir etməsi səbəbindən mübahisə edib həmin küçədən keçən su arxından götürdüyü taxta parçası ilə iki dəfə Zərərçəkmiş şəxs bel nahiyəsindən qəsdən vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid daxili qanaxma, dalağın cırılması və hematoması ilə müşahidə olunan qarının qapalı küt travması xəsarətləri yetirməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ailə vəziyyətinin və səhhətində olan xəstəliklərin nəzərə alınmasını və cəzasının qalan hissəsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, Təqsirləndirilən şəxs əməlindən peşmandır, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmişdir və zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmişdir, əvvəllər məhkum olunmamışdır, himayəsində 12 yaşında yetkinlik yaşına çatmamış bir övladı vardır. Odur ki, şikayətə dəqiqləşmə edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tədbiq edilməsini və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, onun barəsində CM-nin 62-ci maddəsinin tədbiq edilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «2» iyun 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «2» iyun 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsinin tədbiq edilməsi və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş edilir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan digər mötəbər sübutlarla tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 126.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. Kollegiya həmin sübutları hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən, az ciddi cəza növü cəzanın məqsədlərinə nail olmaq üçün yetərli olmadıqda, məhkəmə daha ciddi cəza növünü tətbiq etməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 9 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları yetəri qədər nəzərə alaraq, cəzanın məqsədlərini təmin edən həddə, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci madəsinin tətbiqi ilə bağlı xahişinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Lakin iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müstəsna hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «2» iyun 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «2» iyun 2026-cı il tarixli, *(*-*)- **/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «2» iyun 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-213/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-213/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver