Məhkəmə qərarları › İş №1(3-7)-214/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-214/2026

27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-214/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X5, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən zərəçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə (X8 (sədrlik edən), hakimlər X1 və X2) ##.##.1991-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəmkir şəhəri, R.Əliyev küçəsi, ev 56-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə saat 23:55 radələrində ünvan 1 ünvanında yerləşən “Baba Lounge” kafesində spirtli içki qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt orada olan X3 bacısının azyaşlı qızı X4 və istintaqa məlum olan digər şəxsləri Təqsirləndirilən şəxs qardaşı Fuad Məmmədovun qəsdən öldürməyə cəhd etməsi səbəbindən əvvəldən aralarında yaranmış qərəzli şəxsi münasibətlər olmasına görə Təqsirləndirilən şəxs onu nəzərdə tutub nalayiq ifadələr işlətməsini düşünərək üzərində olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağı və kafenin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə kafenin * nömrəli otağına daxil olaraq silahdan və silah qismində istifadə olunan əşyadan istifadə etməklə özünü digər şəxslərin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından fərqləndiyini təsdiq etmək məqsədilə ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri edərək Təqsirləndirilən şəxs bir dəfə bıçaq zərbəsi vurub sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran sol üçbaşlı əzələnin kəsilməsi və sol əlin V barmağının adduksion funksiyasının pozulması ilə müşayiət olunan, sol bazunun orta üçdə birinin arxaiç səthinin deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirmiş, həmin vaxt Anar Süleymanov ictimai qaydanın pozulmasının qarşısını alan şahid7 bıçaqla bir dəfə zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran və şahid6 isə bıçaqla bir dəfə zərbə vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran deşilmiş-kəsilmiş yara xəsarətləri yetirib otaqdan kafenin dəhlizinə çıxmış və əlindəki soyuq silah hesab edilən ümumi təyinatlı qatlanan ov bıçağı yerə düşmüş, Təqsirləndirilən şəxs ondan qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədilə dəhlizə çıxaraq Anar Süleymanovun əlindən döşəməyə düşmüş ov bıçağını döşəmədən götürüb sağ əlində saxlamaqla Anar Süleymanovun arxasınca qaçaraq onunla əlbəyaxa olmuş və sonuncunun həyatı üçün mühüm əhəmiyyət daşıyan nahiyəsinə bir dəfə bıçaqla zərbə vurmaqla arteriya və venanı zədələyən kəskin qanitirmə ilə müşayiət olunan və sonuncunun ölümünə səbəb olan sağ qoltuqaltı nahiyəsinin ön hissəsində sağ bazu-döş qəfəsi büküşü səviyyəsində 3x0,2sm ölçüdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək X3 qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hökm çıxararkən cinayətin doğurduğu ağır nəticələri, zərərçəkmiş tərəfin məruz qaldığı mənəvi əzabları, azyaşlı uşağın atasız qalmasını və ailənin üzləşdiyi faciəvi vəziyyəti lazımi səviyyədə nəzərə almamışdır. Hesab edir ki, iş üzrə mövcud olan ağırlaşdırıcı xarakterli hallar hökm çıxarılarkən kifayət qədər qiymətləndirilməmişdir. Belə ki, cinayət nəticəsində bir insan həyatını itirmiş, azyaşlı uşaq atasız qalmış, bir ana kimi övladını itirmiş, ailə ağır mənəvi sarsıntıya məruz qalmış, hadisə ictimai yerdə və insanların gözü qarşısında baş vermiş, hadisə zamanı digər şəxslər də xəsarətlər almışlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş olunur. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hadisənin baş verməsində təşəbbüs birbaşa zərərçəkmiş şəxsdən gəlmişdir. Belə ki, zərərçəkmiş şəxs ilk əvvəl təqsirləndirilən şəxsin əyləşmiş olduğu kabinetə daxil olaraq orada ona xəsarət yetirmiş, daha sonra onu tutub saxlamaq istəyən digər şəxsə xəsarət yetirmiş, bu azmış kimi hərəkətlərini restoranın koridorunda davam etdirərək bıçaq zərbələrini təqsirləndirilən şəxsə atmağa davam etmiş, həmin bıçaq zərbələri nəticəsində təqsirləndirilən şəxsə yenidən xəsarət yetirmiş, yalnız bundan sonra təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra yerdə olan bıçağı götürərək zərərçəkmiş şəxsdən özünü müdafiə etmək üçün onu bir dəfə vuraraq xəsarət yetirmişdir. Bundan sonra A.Süleymanov qolunu tutub arxaya çəkilmiş, Təqsirləndirilən şəxs da yerdən götürmüş olduğu bıçağı yerə atıb “əl çək, icazə ver çıxaq gedək" desə də, Anar Süleymanov Təqsirləndirilən şəxs əlindəki bıçağı yerə atdığını görüb yenidən üzərinə gələndə, Təqsirləndirilən şəxs kassanın yanındakı qəlyanı götürüb A.Süleymanova atmış, həmin vaxt ətrafdakı şəxslər yanlarına toplaşmışlar. Anar bir də X,Məmmədovun üzərinə gələndə təqsirləndirilən şəxs digər qəlyanı da götürüb ona atmışdır. Bu zaman Ramin arxadan təqsirləndirilən şəxsi itələmiş və birlikdə pilləkəndən aşağı yıxılmışlar. Bundan sonra Anar bir də üzərinə gələndə Ramin qalxıb onu tutmuş və kafedən çıxarmışdır. Həmin vaxt qolundan çox qan axdığı üçün huşunu itirmək üzrə olmuş, dostları onu yerdən qaldırıb qolundakı yaranı bağlamış, sonra da avtomobillə xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxsin davaya təşəbbüs göstərməsi iş materialları ilə tam təkzib edilir. Bunu hətta hadisə şahidləri də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrlə tam təsdiq edirlər. Bu səbəbdən təqsirləndirilən şəxsin əməlində CM-nin 120.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, təqsirləndirilən şəxslə barışmır, ondan şikayətçidir, ona görə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi (vəkil) müdafiəçi1 tərəflərin verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı Bəhruz Cabbarlı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni istintaq hərəkətləri protokolları, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıda qeyd olunan mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -##.##.2024-cü il tarixli təqrirdən görünür ki, ##.##.2024-cü il tarixdə saat 00:26-da Şəmkir RPŞ-dən Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəminində bir dəfə bıçaqla vuraraq X3 qəsdən öldürməsi barədə məlumat daxil olmuşdur; -##.##.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolu və protokola əlavə olunmuş fotocədvəl; -##.##.2024-cü il tarixli məhkəmə tibbi ekspertizası rəyində göstərilir ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir. Anar Süleymanovun ölümünə səbəb sağ qoltuqaltı arteriya və venanı zədələyən, kəskin qanitirməyə səbəb olmuş sağ qoltuqaltı nahiyənin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur; -##.##.2024-cü il tarixli məhkəmə tibbi ekspertizası rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər ağırlıq dərəcəsinə görə sol üçbaşlı əzələnin kəsilməsi və sol əlin V barmağının adduksion funksiyasının pozulması ilə müşayiət olunan sol bazunun orta üçdə birinin arxa-iç səthinin deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sol əlin ovuc səthinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, döş qəfəsinin sağ yarısının arxa-yan səthinin yumşaq toxumalarının qançır və ağrı halında əziniyi isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir; -##.##.2024-cü il tarixli məhkəmə -tibbi kriminalistik ekspertizasının rəyi; -##.##.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi; -Məhkəmə Psixiatrik Ekspertizası PHŞ-nin ##.##.2025-ci il tarixli rəyi; -##.##.2024-cü il tarixli “paltarlara baxış keçirilməsi haqqında” protokolları və protokollara əlavə olunmuş fotocədvəllər; -##.##.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, X3 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir; -##.##.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokolları və protokollara əlavə olunmuş fotocədvəllər; -##.##.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokol və protokola əlavə olunmuş fotocədvəl; -##.##.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokol və protokola əlavə olunmuş informasiya daşıyıcısı olan fləşkart; -Şəmkir RPŞ-nin ##.##.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu; -##.##.2025-ci il tarixli məhkəmə kompyuter-texniki ekspertizasının rəyi; -##.##.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərar; -Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə şübhəli şəxs qismində, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində, həmçinin ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmə istintaq hərəkətinə dair verdiyi ifadələri; -Cinayət işi üzrə şahid qismində dindirilmiş şahid1, şahid2, Emin Hüseynov, Günel Əsgərova, Osman Mustafayev, Kəmalə Mustafayeva, Azər heydərov # ###### 2024-cü il tarixdə saat 24 radələrində Şəmkir şəhəri 13-cü küçə adlanan yerdə yerləşən Baba lounge adlı kafedə X3 aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilərək qəsdən adam öldürülüməsini təsdiq etmişlər (İ cild, i.v.94-98, 173-176, 186- 189, 195-197, 198-201, 202-205, 206-208); -Zərərçəkmiş şəxsin hüquqi varisinin və digər şahidlərin ifadələri. Yuxarıda qeyd olunan mötəbər sübutlarla yanaşı, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilmiş və tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ekspertiza rəyləri, istintaq hərəkətləri protokolları və işə əlavə edilmiş mötəbər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs mərhum Anar Süleymanova bir dəfə bıçaqla zərbə vurmaqla arteriya və venanı zədələyən kəskin qanitirmə ilə müşayiət olunan və sonuncunun ölümünə səbəb olan sağ qoltuqaltı nahiyəsinin ön hissəsində sağ bazu-döş qəfəsi büküşü səviyyəsində 3x0,2sm ölçüdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək onu qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Təqsirləndirilən şəxs zərərçəkmiş Anar Süleymanovu hadisə vaxtı öldürmək niyyətində olmadığını, özünü müdafiə etdiyini və məhz özünü müdafiə məqsədi ilə Anar Süleymanova bıçaqla xəsarət yetirdiyini göstərməsi xüsusatlarını məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ ## ###### 2002-ci il tarixli Plenum qərarının 1-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı və digər hallar hərtərəfli araşdırılmalıdır. Işin faktiki hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs mərhum Anar Süleymanovun ailələri arasında əvvəlcədən münaqişə və düşmənçilik münasibətlərinin olması istisna olunmasa da belə, hadisənin aktiv təşəbbüskarı olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kafedə ünvansız nalayiq ifadələr işlətməsi səbəbindən mərhum zərərçəkmiş şəxs Anar Süleymanov bu nalayiq ifadələrdən əsəbiləşərək Təqsirləndirilən şəxs bıçaq zərbəsi vuraraq ona müxtəlif dərəcəli həyatı üçün təhlükəli olmayan bədən xəsarətləri yetirmiş, hadisə baş verən vaxtı kabinetdə olan Təqsirləndirilən şəxs dostları Anar Süleymanovu kabinetdən dəhlizə çıxarmışlar.Anar Süleymanovun bu hərəkətlərindən hiddətlənən Təqsirləndirilən şəxs dostlarının gözü qarşısında olan şəxsi nüfuzunu aşağı salmamaq üçün sonuncuların təkidinə və qarşısını almağa yönəlmiş aktiv hərəkətlərinə baxmayaraq, kabinetdən çıxaraq Anar Süleymanovun arxasınca getmək istəmiş, bu zaman dəhlizdə yerdə olan qana ayağı bulaşdığı üçün yerə yıxılmış, yerdə Anar Süleymanovun əlindən düşmüş bıçağı görüb götürmüş və ayağa qalxaraq dostlarının əlindən çıxıb yenidən Anar Süleymanovun dalınca getmiş, pilləkənin baş tərəfində sonuncu ilə qarşılaşdıqdan sonra Təqsirləndirilən şəxs Anar Süleymanovu bir dəfə bıçaqla vurmaqla arteriya və venanı zədələyən kəskin qanitirmə ilə müşayət olunan və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla onu qəsdən öldürmüşdür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ ## ###### 2002-ci il tarixli Plenum qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə etmək üçün yerdən bıçaq götürdüyünü qeyd etsə də, işin faktiki hallarına əsasən Anar Süleymanov birinci dəfə kabinetə daxil olaraq Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirib kabinetdən çıxaraq dəhlizdəki pilləkənin baş tərəfinə getməsinə, yəni artıq Təqsirləndirilən şəxs olduğu kabinetdən uzaqlaşmasına və təhlükənin aradan qalxmasına, eləcə də sonuncunun yanında bir neçə dostunun olmasına, yəni özünü kifayət qədər təhlükəsiz şəraitdə hiss etməsi üçün zəmin yaratmasına baxmayaraq, Təqsirləndirilən şəxs həmin vaxt ərzində yanında olan dostlarının köməkliyi ilə olduqları kabinetdə qalaraq aldığı bədən xəsarəti ilə bağlı özünə yardım etmək əvəzinə, kabinetdən çıxaraq və yerdən götürdüyü bıçağı götürüb dostlarının təkidinə və aktiv hərəkətlərinə müqavimət göstərib sonuncuların əlindən çıxaraq Anar Süleymanovun arxasınca getməsi və rastlaşdıqda sonuncuya üzünün tutub “niyə məni bıçaqla vurdun?” deməsi, ardınca da ölümünə səbəb olan xəsarət yetirməsi məhz elə Təqsirləndirilən şəxs Anar Süleymanovdan qisas almaq məqsədi ilə sonuncunun arxasınca getməsinə və onu qəsdən öldürmək niyyətində olmasına dəlalət edir. Həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələrindən, eləcə də iş materiallarında olan digər sübutlardan irəli gələn halları, yəni zərərçəkən Anar Süleymanovun əlində iki bıçıqla birinci dəfə Təqsirləndirilən şəxs olduğu kabinetə daxil olaraq sonuncuya xəsarət yetirib otaqdan çıxdıqdan və çıxarkən də əlindəki bıçaqlardan biri yerə düşdükdən sonra oradan uzaqlaşmasına, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs təhlükənin artıq aradan qalxdığını görməsinə, eləcə də kabinetdə qalaraq yanında olan dostlarının köməkliyi ilə özünə yardım etmək imkanın olmasına baxmayaraq, hadisə yerindən uzaqlaşmağa kifayət qədər imkanı olduğu halda bunu etməyib cinayətkar niyyətini davam etdirərək və buna lüzum olmadığı halda, yəni artıq zərurətlə şərtləndirilməyən hərəkətlərə yol verib müdafiə etmək üçün deyil, qarşı tərəfdən əvəz çıxmaq üçün səy göstərib kabinetdən çıxaraq hadisə yerində zərərçəkən Anar Süleymanovun əlindən yerə düşmüş bıçağı planlı şəkildə, yəni qabaqcadan düşüncəli hərəkət edərək əlinə götürməsi, ardınca da ona aktiv şəkildə müqavimət göstərərək Anar Süleymanovun yanına getməsinə maneə olan dostlarının hərəkətlərinə məhəl qoymayaraq və sonuncuların əlindən çıxaraq Anar Süleymanovun üzərinə getməsi və nəticədə zərərçəkənlə qarşılıqlı bıçaqlaşma zamanı sonuncuya ölümünə səbəb olan xəsarət yetirməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən mövcud olan situasiyada üstün vəziyyətdə olmasına dəlalət edir. Odur ki, hadisənin gedişində Təqsirləndirilən şəxs hərəkətlərinin belə məzmun alması (gedişatda özünün hücum edən tərəfə çevrilməsi) onun əməlinin zəruri müdafiə kontekstində qiymətləndirilməsini və zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs birinci instasniya məhkəməsində verdiyi ifadəsində zərərçəkən mərhum Anar Süleymanovu öldürmək niyyətində olmadığını və özünü müdafiə etmək üçün sonuncuya bıçaqla xəsarət yetirdiyini göstərməsi dəlilləri zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətləri protokolları və işdə olan digər mötəbər sənədlər birinci instansiya məhkəməsində ətraflı araşdırılmış və tədqiq edilmiş, eyni zamanda apellyasiya məhkəməsində müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, sənədlər, ekspertiza rəyləri və digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Anar Süleymanovu qəsdən həyatdan məhrum etmiş, bununla da Cinayət məcəlləsinin 120.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə cəza ilə bağlı hissədə düzgün nəticəyə gəlsə də belə, hökmlə təyin edilmiş cəza müddətinin törədilmiş cinayətin ictimai təhlükəliliyi və xarakteri, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmaması və işin digər halları nəzərə alınmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq kollegiya cəza ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi cəza ilk növbədə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı kateqoriyaya aid olmasından ibarətdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində zərərçəkən Anar Süleymanovu öldürmək niyyətində olmadığını, məhz elə özünü müdafiə etmək üçün sonuncuya bıçaqla xəsarət yetirdiyini göstərsə də, nə iş materialları ilə, nə də ki şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs iddia etdiyi həmin xüsusata uyğun olaraq hərəkət etməsi, yəni hadisədən sonra ağır dərəcəli bədən xəsarəti almış Anar Süleymanova ilkin tibbi yardım göstərmək üçün hər hansı bir hərəkət etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, hazırki iş üzrə zərərçəkmiş mərhum Anar Süleymanovun həyatdan məhrum olunmasına baxmayaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işinin başlandığı ilk gündən bugünə kimi törətdiyi cinayət əməli üzrə özünü müdafiə xarakterli ifadələr verməsi və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa belə cəhd etməməsi konteksində mənəvi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını nəzərə almaması, onun törətdiyi cinayətin xüsusilə ağır cinayətlər təsnifatına aid olması təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki vəziyyətdə cəmiyyət üçün təhlükəli olmasının və islah yoluna qədəm qoya bilməməsinin göstəricisidir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis birinci instansiya məhkəməsinə təqdim etdiyi ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamış, sonuncudan şikayətçidir və ona ən ağır cəza verilməsini xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya məhkəməsində təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olmasını və ona ömürlük azadlıqdan məhrumetmə cəza növünün təyin edilməsini xahiş etmişdir. Ümumbəşəri sosial dəyərlər içərisində insanın həyatı, təhlükəsiz yaşaması ilə bağlı ictimai münasibətlər ən ali dəyərlər hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci («azadlıq hüququ») və 31-ci («təhlükəsiz yaşamaq hüququ») maddələri insanın həyatı və təhlükəsizliyi ilə əlaqədar olan ictimai münasibətlərin aliliyini və toxunulmazlığını təsbit edir. CMin 120-125-ci maddələri, o cümlədən 135-ci maddəsi insanın həyatı əleyhinə yönəlmiş ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyəti və cəza nəzərdə tutur. Adam öldürmə cinayətinin obyektini başqa şəxsin həyatı təşkil edir. Obyektiv cəhətdən başqa şəxsi qanunsuz olaraq qəsdən həyatdan məhrumetmədə ifadə olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət “Həyat və Sağlamlıq” əleyhinə qəsdən törədilən cinayət olmaqla xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş, ##.##.2019-cu il tarixdə cəriməni tam olaraq ödəmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini yetəri qədər nəzərə almadan ona nisbətən az cəza təyin etmişdir. Göründüyü kimi məhkəmə həm cinayətin özünün kifayət qədər təhlükəli olmasını nəzərə almamış, nəticədə təyin edilmiş cəza müddətinin cinayətin ağırlığına, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza müddəti ilə bağlı hissədə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. CM-nin 120.1-ci maddəsinin sanksiyasına görə- doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəza növünün təyin edilməsini xahiş etsə də belə, hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəza növü nəzərdə tutulmamışdır, belə ki, həmin maddənin sanksiyasında ən yuxarı cəza həddi on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası dedikdə, dövlətin cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin etməsi başa düşülür. CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CPM-in 405.1 və 405.1.4-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılmalı, yəni CM-nin 120.1-ci maddəsi ilə ona təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 12 (on iki) il müddətə artırılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmü cəza hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndiriləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 12 (on iki) il müddətə artırılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar