Məhkəmə qərarları › İş №1(3-7)-217/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-217/2026

01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-217/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair Gəncə Şəhər Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən işə təkbaşına baxan məhkəmə sədrinə və Gəncə Şəhər Məhkəməsinə edilmiş etiraza baxaraq MÜƏYYƏN ETDI: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılarkən iş üzrə təqsirləndirilən şəxslər Gəncə Şəhər Məhkəməsinin sədrinə və həmin məhkəmənin hakimlərinə etiraz verərək işə həmin birinci instansiya məhkəməsində baxılmasını istəmədiyini bildirmiş və işin baxılması üçün başqa məhkəməyə göndərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onlara etirazın verildiyi gün məlum olmuşdur ki, hazırkı işə baxan məhkəmə sədrinin oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşıdır. Onların fikrinə görə, bu səbəbdən sədrlik edən öz-özünə etiraz verməli idi. Etirazda qeyd olunur ki, sədrlik edənin oğlu Araz Tağıyevin Baş Prokurorluğun əməkdaşı olması onlarda işin aparılması ilə bağlı real şübhələr yaradır. Vəsatətləri təmin olunmur, şahid şahid18 təkrar dindirilməsi onlarda müəyyən narahatlıq yaratmışdır. Ona görə işə sədrlik edən tərəfindən və Gəncə Şəhər Məhkməsində baxılmasına etiraz edirlər. Göstərilənləri nəzərə alaraq, etirazın müzakirə olunması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edirlər. Hakimə etirazın əsasları Azərbaycan Respublikası CPM-nin 109-cu maddəsində nəzərdə tutulmuşdur. Hazırki ərizədə göstərilən hakimə etirazın əsasları isə CPM-nin 109.1.8-ci maddədə nəzərdə tutulmuşdur. Həmin maddədə deyilir ki, hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda ona etiraz edilə bilər. Cinayət işinin materiallarını nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, etirazın təmin edilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1.8ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından etiraz təmin olunmamalıdır. Belə ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin etiraz ərizəsindən görünür ki, etirazda CPM-nin 109.1-ci maddəsində sadalanan əsaslardan hər hansı biri yoxdur. CPM-nin 109.1.8-ci maddəsinə görə hakimə etirazın təmin edilməsi üçün konkret və mötəbər sübut təqdim olunmalıdır. Hazırki işdə belə sübutlar və ya onların mövcudluğuna dəlalət edəcək hallar müəyyən olunmamışdır. “Kipriani Kiprə qarşı” və “Hauşild Danimarkaya qarşı” iş üzrə Qərarlarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əksini göstərən sübut mövcud olmadıqca hakimin şəxsi qərəzsizliyi prezumsiyası vardır. Hakimin əvvəllər məhkəmə nəzarəti qaydasında həmin işlə bağlı başqa materiallara baxması və bu zaman ola bilsin ki, ərizəçinin ziyanına qərarlar qəbul etməsi də sonradan işə mahiyyəti üzrə baxan hakimə etiraz edilməsinə əsas vermir. Belə ki, “Fey Avstriyaya qarşı”, “Sen-Mari Fransaya qarşı” işlər üzrə Qərarlarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, cinayət işləri üzrə məhkəmədə hər hansı hakimin məhkəməyədək bəzi qərarlar, o cümlədən həbs qətimkan tədbiri seçməsi özü-özlüyündə qərəzsizliklə bağlı şübhələri əsaslandıra bilməz, əsas bu qərarların həddi və mahiyyətidir. Odur ki, təqsirləndirilən şəxsin etiraz ərizəsində göstərilən əsaslara dair sübutlar olmadığından, habelə onun irəli sürdüyü dəlillər hakimin şəxsi qərəzsizliyinə dair şübhə yaratmadığından edilmiş etiraz əsassızdır. Hazırki işdə Gəncə Şəhər Məhkəməsinin hakimlərinin işə qeyri-obyektiv və qərəzli baxa biləcəyi qənaətinə gəlməyə əsaslar yoxdur. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə haqqında qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005ci il tarixli qərarının 2.1-ci bəndində göstərilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz Azərbaycan Respublikasının CPM-də müəyyən olunmuş şəxslər tərəfindən və həmin Məcəllədə göstərilən əsaslara və qaydalara uyğun edilə bilər. Qərarın 2.2-ci bəndində isə göstərilmişdir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 109.3 və 109.3.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 107, 109 və 321-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair Gəncə Şəhər Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən Gəncə Şəhər Məhkəməsinin sədrinə və həmin məhkəmənin hakimlərinə edilmiş etiraz əsassız olduğundan təmin edilməsin. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar