Məhkəmə qərarları › İş №1(3-7)-236/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-236/2026

18.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-236/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Şəmkir rayon Könüllü kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Məhəmmədi Həvayət) ##.##.1992-ci ildə Şəmkir rayonu Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, onun ##.##.2025-ci tarixdə tutulduğu 01 (bir) gün müddət, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılaraq onun üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, onun üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin qoyulması, cəzanın icrası Şəmkir Rayon Icra və Probasiya Şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini torətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayından həmin ilin avqust ayınadək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Könüllü Bələdiyyəsinin mülkiyyətində olmaqla 4,95 hektarı icarə müqaviləsi əsasında şahid1 istifadəsinə verilmiş Şəmkir rayonu, Könüllü kəndində yerləşən ümumilikdə 14,20 hektar (38T X: 600826, Y:4515195) ərazisi olan kənd təsərrüfatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmaqla və həmin torpaq sahəsi üzərində şumlama işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini törətmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət hökmünü verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs istinad edilən əməlin obyektiv cəhəti odur ki, o torpaq sahəsini özbaşına tutmaqla və həmin torpaq sahəsi üzərində müxtəlif növ meyvə ağacı əkib becərmişdir. Torpağın yalnız şumlanması Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tərkibini yaratmır. Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddənin dispozisiyasına əsasən Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma həmin cinayətin tərkibini yaradır. Məhkəmənin verdiyi ittihama görə təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində şumlama işləri aparmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsə həmin ərazini bələdiyyə sədri özü göstərərək təklif etmiş, təqsirləndirilən şəxs torpaq sahəsinin bir hissəsində yalnız şumlama işi aparmış və dərhal ordan çıxmışdır. Bir sözlə nə torpaq sahəsinə faktiki sahiblik etməyə nə də ki, faktiki istifadə etməyə başlamamış torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkməmiş, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin əməli torpaq sahəsinin yalnız şumlanması, torpaq sahəsinin becərməsi kimi qəbul edilə bilməz. Təqirləndirilən şəxsin məqsədi həmin torpaq sahəsini yoxlayıb, oranı gələcəkdə icarəyə götürmək olmuşdur, yəni o torpaq sahəsini zəbt etmək olmamışdır, heç kim onu ordan zorla çıxarmamışdır, sadəcə özü torpağın ağac əkməyə yararsız olmasını görüb, torpağı icarəyə götürməkdən imtina etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, bələdiyyə sədri Kənan ona həmin toraq sahəsini göstərmiş, o, da torpağın yararlı olub-olmamasını bilmək üçün həmin torpaq sahəsini şumlamış, lakin həmin torpaq sahəsi yararsız olduğundan həmin torpaq sahəsini icarə müqaviləsi ilə icarəyə götürməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Şəmkir rayonu, Könüllü Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, qeyd edilən torpaq sahəsini o, özü Elçinə göstərmiş, həmin torpaq sahəsi başqa şəxsin adına olmuş, Elçin həmin torpaq sahəsində yalnız şumlama işləri aparmışdır. O, Elçinə həmin torpaq sahəsi üçün rəsmi icazə sənədi verməmişdir. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmuşdur. O, Elçindən şikayətçi deyildir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Odur ki, şikayətin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin və zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin ifadələrinə, təqsirləndiriləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi qismən etirafedici ifadələri və əməlindən peşman olması, istintaq hərəkətləri protokolları və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 188.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutması və həmin torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini törətməsi mötəbər sübutlarla təsdiqini tapmadığına görə onun barəsində bəraət hökmünü qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. -Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin mülkiyyətində olan 14,20 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində (38T X: 600826, Y:4515195) əkin işləri aparması müəyyən edilmişdir; -Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə ##.##.2025-ci il tarixli akt və ona əlavə edilmiş fotoşəkillər; -Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə verdikləri ilkin etirafedici izahatları; -##.##.2025-ci il tarixli raportdan görünür ki, Şəmkir rayonu Könüllü bələdiyyəsinə məxsus 14,20 hektar torpaq sahəsini icarə müqaviləsi olmadan həmin torpaq sahəsində 2025-ci ilin iyun-iyul aylarında əkin işləri apararaq zəbt edən şəxs Şəmkir rayonu Könüllü kənd sakini Təqsirləndirilən şəxsdur; -Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda ifadəsində Şəmkir rayon Könüllü kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs adlı şəxsdən icarə əsasında götürəcəyi torpaq sahəsi olduğunu zənn edərək qeyd edilən torpaq sahəsini o, gecələr özünə məxsus olan traktorla əkmişdir, eyni zamanda törətdiyi əməldən peşman olduğunu göstərmişdir; -##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında üzləşdirmə istintaq hərəkəti protokolu; -##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər; -Şahid ifadələri; -Zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin ifadəsi, -Iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Şəmkir rayon Könüllü kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə verdiyi ilkin izahatında, ##.##.2025-ci il tarixdə zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin dindirilməsi haqqında protokolda, ##.##.2025-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti protokolunda və birinci instansiya məhkəməsində oxşar məzmunlu ifadələrində göstərmişdir ki, o, Elçinə qeyd edilən torpaq sahəsini aparıb göstərmiş, Elçin də həmin torpaq sahəsinə traktor ilə gəlmişdir. O, Elçinə məxsus traktora əyləşmiş, ona icarəyə verəcəyi torpaq sahəsini göstərmişdir. Elçin də traktorla torpaq sahəsinə işarə qoymuşdur. Bundan sonra o, yaşadığı ünvana gələrək işləri ilə məşğul olmağa davam etmişdir. 2025-ci ilin avqust ayında ona məlum olmuşdur ki, Elçin ona xəbər etmədən qanunsuz olaraq dayısına və bələdiyyə fonduna aid torpaq sahəsində şumlama işləri aparmışdır. O da Elçinə zəng edərək torpaq sahəsində nə üçün əkin işləri apardığını soruşduqda torpağın məhsuldarlığını öyrənmək üçün şumlama işləri apardığını və qeyd edilən torpaq sahəsindən istifadə etməyəcəyini bildirmişdir. O da Elçinə bildirmişdir ki, o onun işarə qoyduğu torpaq sahəsindən artıq şumlama işləri aparmışdır. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, fotoşəkillər, zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin ifadəsi, təqsirləndirilən şəxs və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il ## #### tarixli qərarında göstərilmişdir ki, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin - torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən sözügedən torpaq sahəsi üzrə heç bir rəsmi icazə almadan şumlama işləri aparmış əksini təkzib edə biləcək mötəbər sübutlar müdafiə tərəfindən təqdim olunmamış, bununla yanaşı, Plenum qərarının mövqeyindən göründüyü kimi özbaşına tutma dedikdə, yalnız torpaq sahəsinin hüdudlarını müəyyən edən hasarın çəkilməsi, orada tikinti, abadlaşdırma işləri ilə yanaşı, torpaq sahəsi üzərində şumlama işlərinin həyata keçirilməsi təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirilməsi anlayışına aid olmasına qanuni əsas verir. Məhkəmə kollegiyası CPM-nin 42-ci maddəsinin tələbini əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən 2025-ci ilin iyul ayından həmin ilin avqust ayınadək olan müddət ərzində, Şəmkir rayonu, Könüllü Bələdiyyəsinin mülkiyyətində olmaqla 4,95 hektarı icarə müqaviləsi əsasında şahid1 istifadəsinə verilmiş Şəmkir rayonu, Könüllü kəndində yerləşən ümumilikdə 14,20 hektar (38T X: 600826, Y:4515195) ərazisi olan kənd təsərrüfatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmaqla və həmin torpaq sahəsi üzərində şumlama işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini törətməsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubu, Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə ##.##.2025-ci il tarixli akt və ona əlavə edilmiş fotoşəkillər, şahidlərin və zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri və törətdiyi əməldən peşman olması, istintaq hərəkətləri protokolları, fotoşəkillər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Bəhruz Həsənovun ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, fotoşəkilləri, zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin və şahidlərin ifadələri və digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs bu əməli törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən CM-in 8.1, 41.2, 58, 59 və 61-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona hökmlə təyin olunmuş və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Təqsirləndirilən şəxs CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona təqsirli bilindiyi həmin Məcəllənin 188.3-cü maddəsində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzasından da daha yüngül cəzanın təyin edilməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-nin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında hökmdə qeyd olunan yüngülləşdirici halların təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan aşağı həddə cəza təyin edilməsinə əsas verib-verməməsini araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən olunmuş hallarına görə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Elçinə ona icarəyə verəcəyi torpaq sahəsini göstərmiş, Elçin də traktorla torpaq sahəsinə işarə qoymuş, bundan sonra təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqi savadı olmadığına görə o, Şəmkir rayonu, Könüllü kəndində yerləşən sözügedən torpaq sahəsinin məhsuldarlılığını yoxlamaq məqsədilə həmin torpaq sahəsində yalnız özbaşına şumlama işləri aparmış, daha sonra həmin torpaq sahəsinin yararsız olduğunu bildikdən sonra sözügedən işləri dayandırmış, orada hər hansı torpaq sahəsinin hüdudlarını müəyyən edən hasarın çəkilməsi, tikinti, abadlaşdırma işləri və s. digər işlər ilə məşğul olmamış, bununla da cinayət başa çatmış hesab olunsa da belə, lakin onun bu hərəkətləri torpağın mülkiyyətçisinə və torpağın məhsuldarlığına münasibətdə mühüm dərəcədə ziyan vurulmamışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini qismən etiraf etməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq onun təqsirli bilindiyi CM-in 188.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının ədalətliliyi qiymətləndirilərkən qeyd edilməsi zəruridir ki, o, zərərçəkmiş şəxslə barışmış və sonuncunun ondan şikayət və tələbi yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, törətmiş olduğu cinayət əməlini qismən də olsa etiraf edir, eyni zamanda cinayətin ictimai təhlükəliliyi və xarakteri yalnız torpaq sahəsinin məhsuldarlılığını yoxlamaq məqsədilə həyata keçirilən şumlama işlərindən ibarət olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsini xahiş etməsi, heç də onun əməlindən səmimi peşman olmaması kimi qiymətləndirilməməli və ona təyin edilmiş cəzanın ədalətliliyi qiymətləndirilərkən nəzərə alınmamalıdır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs özünün davranışları, səmimi peşmançılığını nümayiş etdirən hərəkətləri, danışıq tərzləri ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət əməlini törətdiyi gündən bu günə kimi keçən müddət ərzində islah yoluna qədəm qoymasına məhkəmə kollegiyasını inandırmış və bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, buna görə də məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsini tətbiq etməklə məhkum barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz edilməsi yolu cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Qeyd olunan hallara görə onun təqsirli bilindiyi CM-in 188.3-cü maddəsinə CM-in 62-ci maddəsi tətbiq edilməklə ona həmin maddə ilə nəzərdə tutulmuş daha yüngül cəza təyin olunması yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və humanizm prinsiplərinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində yuxarıda sadalanan hallara qiymət verərək hesab edir ki, CM-in 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində onun rolu, cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası o qənaətdədir ki, Təqsirləndirilən şəxs barəsində hazırda nəzərə alınması qeyd olunan azadlığın məhdudlaşdırılması cəzasını yüngülləşdirən halların məcmusu ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin edilərsə təyin olunmuş cəza müddətinin ağır olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab vermədiyi anlamına gəlməyə əsas verir. Məhkəmə kollegiyası ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz olunması yolu ilə də onun islah olunması mümkündür. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən yuxarıda sadalanan halların məcmusunu, cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və yuxarıda sadalanan iş üzrə mövcud olan digər halları nəzərə alaraq, onun təqsirləndirildiyi CM-nin 188.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının cərimə cəzası ilə əvəz edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab edir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəza təyini hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri« ləğv edilsin. Qərarın icrası Şəmkir rayon Icra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar