Məhkəmə qərarları › İş №1(3-7)-237/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-237/2026

25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-237/2026 25.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X3, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə bəraət verilməsi və onun CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü ilə ##.##.1998-ci il tarixdə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Tağı Arani küçəsi. ünvansız fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxana-sında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs CM nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət CM nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## #### 2026-cı il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə verilmiş ittihama görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və qanunsuz olaraq soyuq silah hesab edilməyən bıçağı əldə edib, üzərində gəzdirərək silah qismində tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən və ictimai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığın uzun müddətdə itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, ## #### 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında yerləşən ictimai yer olan “Avto Yuma” məntəqəsinin qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs və sonuncunun yanında olan dostu şahid2 oğiunun ona qeyrisəmimi baxışlarla baxmasını bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymayıb, cəmiyyətdə insanlar- arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxsla mübahisə edərək zor tətbiq etməklə xuliqanlıq niyyəti ilə ilk öncə üzərində gəzdirdiyi bıçağın arxa tərəfi ilə Zərərçəkmiş şəxs təpə nahiyəsinə zərbə vuraraq ona təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirdikdən sonra, bir tərəfi kəsici, ucu qismən deşici xassəyə malik olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən həmin turist bıçağından silah qismində istifadə etməklə K. Məmmədovun sol çiyin nahiyəsinə, sol sağrı nahiyəsinə və sağ qoltuqaltı nahiyəsinə zərbələr vuraraq ümumilikdə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, daha sonra isə Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sol tərəfinə bir dəfə zərbə vuraraq ona sol ağciyərin zədələnməsi, hemopnevmotoraksla müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında yerləşən “Avto Yuma” məntəqəsinin qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs və sonuncunun yanında olan dostu şahid2 ona qeyri-səmimi baxışlarla baxmasını bəhanə gətirərək, Zərərçəkmiş şəxsla mübahisə edərək zor tətbiq etməklə ilk “öncə üzərində gəzdirdiyi bıçağın arxa tərəfi ilə Zərərçəkmiş şəxs təpə nahiyəsinə zərbə vuraraq ona təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya ald bədən xəsarəti yetirdikdən sonra, bir tərəfi kəsici, ucu qismən deşici xassəyə malik olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən həmin turist bıçağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə, sol sağrı nahiyəsinə və sağ qoltuqaltı nahiyəsinə zərbələr vuraraq ümumilikdə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül Zərər vurmaya aid edilən, daha sonra isə Zərərçəkmiş şəxsin döş qəfəsinin arxa səthinin sol tərəfinə bir dəfə zərbə vuraraq ona sol ağciyərin zədələnməsi, hemopnevmotoraksla müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 verilmiş ittiham üzrə əməlini CM-nin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif etmiş, CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə isə həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin ittiham üzrə bəraət verilməsini qərara almışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək onun işinə yenidən baxılaraq daha ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, hökmlə razı deyil, işinə yenidən baxılmasını xahiş edir. Hökmdən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilərək təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ona bəraət verilməsi, bu mümkün olmadıqda isə CM-nin 70-ci maddəsi tətbiq edilməklə hökmlə ona təyin edilmiş cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və barəsində bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkum əlavə olaraq göstərdi ki, o, hadisə zamanı zərərçəkmiş şəxsi bıçaqla vurmamış, olanlardan xəbərsiz olmuşdur. Həmçinin o, həmin vaxt özündə olmamış, nə etdiyini tam olaraq bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə məlumat verilmiş, lakin onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətində sadəcə işinə yenidən baxılmasını xahiş etmiş, məhkəmə iclasında isə şikayətinin dəlillərini dəqiqləşdirərək cinayət hadisəsinin onun tərəfindən törədilməməsini qeyd etmiş, bu səbəbdən də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin III hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin normada (CPM-nin 349.5-ci madd.) daha sonra qeyd edilir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; - bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası CPM-nin 39, 42-ci maddələrinin göstərilən tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla-təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan hadisə zamanı zərərçəkmiş şəxsi bıçaqla vurmadığını bildirsə də, onun bu ifadəsi cinayət işi üzrə ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmələrdə tədqiq edilmiş ekspert rəyləri və digər istintaq hərəkəti protokolları, habelə sair iş materialları ilə tam təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər təqsirləndirilən şəxs, istər zərərçəkmiş şəxs, istərsə də şahidlər məhkəmə baxışı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrlə ziddiyyətli ifadələr vermişlər. Birinci instansiya məhkəməsi öz hökmündə məhkəmə baxışı zamanı verilmiş ifadələri ibtidai istintaq zamanı verilmiş ifadələrlə əlaqəli şəkildə təhlil edərək məhkəmə baxışı zamanı verilmiş ifadələri mötəbər hesab etməmişdir. Hazırda məhkəmə kollegiyası həmin ifadələrin hazırkı qərara eynilə köçürülərək qərarın mətninin ağırlaşdırılmasını zəruri hesab etmir və bu hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticələrlə razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakı xüsusatların da qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında olan “Məhkəmə-tibb” ekspertizasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində deşici-kəsici alətlə (alətlərlə) yetirilmiş 5 ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi, digər yaralarla yanaşı yaralardan biri döş qəfəsinin arxa səthində solda yerləşir, daxilə keçərək sol ağciyəri zədələyib. Hemopnevmotoraksla müşaiət olunduğundan həyət üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində yuxarıda göstərilən deşilmiş-kəsilmiş yaralardan başqa təpə nahiyəsində bir ədəd əzilmiş yarada müəyyən edildi, bu xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni ##.##.2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlərin özü tərəfindən yetirilməsi mümkün deyil. Bundan başqa, iş materiallarında olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ifadəsində göstərmişdir ki, Kərimin əlində iki ədəd bıçaq olmuş, ilk öncə Kərim əlindəki bıçağı, ona və Ələkbərə doğru atmış, həmin bıçaq Ələkbərin əlinə girib, Kərim bıçağı Ələkbərin əlinə vurduqdan sonra o, Kərimin baş nahiyəsinə təpiklə zərbə endirdiyini, Kərim yerə yıxıldığını və bıçağın biri onun əlindən yerə düşdüyünü, bundan sonra o, bıçağı yerdən götürərək bıçağın arxa nahiyəsi ilə Kərimin başından vurduğunu, Daha sonra Kərim yerdən qalxıb əlindəki digər bıçaqla dostları ilə birlikdə ona zərbə vurmağa çalışanda o, əlindəki bıçaqla özünü müdafiə edərək Kərimin ayaq nahiyəsinə bıçaqla bir dəfə zərbə endirdiyini bildirmişdir. Bununla yanaşı, qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Eyni zamanda hər iki istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs müdafiəçisi yanında olmuş və o, ifadələri ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair protokolu heç bir qeyd vermədən imza etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olma barədə protokolu imzalayarkən təqsirləndirilən şəxsin ifadələrinin təhrif olunması ilə bağlı heç bir qeyd verməmişlər. Bundan başqa, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs da ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatlarla bağlı onu bildirmişdir ki, o, həmin vaxt sərxoş olmuş, onun dediyi heç bir xüsusatı xatırlamamış, lakin düşünmüşdür ki, o, bıçaq gəzdirmədiyi üçün onlara heç bir xəsarət yetirə bilməz, əgər hər hansı bir xəsarətləri varsa da özləri-özlərinə yetirmişdirlər. Eyni ilə təqsirləndirilən şəxs kimi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs da ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən ##.##.2025-ci il tarixli “zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda ibtidai istintaq zamanı verdiyi ifadələrinin doğru yazılmadığını qeyd kimi göstərməmiş, əksinə Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra hər hansı bir vəsatət, etiraz və şikayətinin olmadığını göstərmişdir. Eləcə də, iş materiallarında olan ##.##.2024-cü il tarixli, **** nömrəli məhkəmə-tibb ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tibbi müayinədən keçirilərkən ekspert tərəfindən verilmiş suallara cavab olaraq ##.##.2024-cü il tarixdə Ramin adlı şəxslə mübahisə edib dalaşdığını, aldığı xəsarətlə əlaqədar Gəncə Şəhəri, Z.Məmmədov adına xəstəxanaya müraciət etdiyini bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid1 İntiqam oğlu ifadəsində bildirmişdir ki, Kərim Raminə bildirmişdir ki, Həsən sərxoşdur, sabah ayıq başla söhbətinizi edərsiz. Bundan sonra Raminlə Kərim mübahisə etmişlər, sonra Ramin bıçaqla Kərimə bır neçə dəfə zərbə endirmişdir. X2 vurub-vurmadığını görməmişdir. Yuxarıda sadalanan ibtidai istintaq zamanı toplanmış sübutların məcmusundan görünür ki, ibtidai istintaq orqanının əldə etdiyi sübutlarla məhkum Təqsirləndirilən şəxs təqsiri və onun törədilmiş cinayət hadisəsinə aidiyyəti təsdiq olunur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dəyişməsini məhkəmə kollegiyası onunla əlaqələndirir ki, bu şəxslər həmin yolla məhkum Təqsirləndirilən şəxs kömək etməyə, onun cinayət məsuliyyətindən kənarda qalmasına zəmin yaratmağa çalışırlar. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələri özünümüdafiə xarakterli hesab edilməli və mötəbər qəbul edilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda şərh olunan sübutlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələri heç bir sübutla dəstəklənmir və yalnız özünümüdafiə xarakteri daşıyır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər şahid3 və şahid2 məhkəmə istintaqı zamanı qeyri-səmimi olmalarını, təqsirləndirlən şəxsin isə cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkumun digər dəlili onun anlaqlılığı ilə bağlı məsələdir ki, bu hissədə də o, ekspertizadan keçirilmiş və müəyyən edilmişdir ki, istər cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra o, anlaqlı vəziyyətdədir. Qeyd olunan hal ##.##.2024-cü il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyi ilə təsdiq olunur və həmin rəyin mötəbərliyini şübhə altına ala biləcək heç bir sübut yoxdur. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, istər məhkum, istərsə də, müdafiəçi məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürmüş, həm ibtidai istintaq orqanı tərəfindən, həm də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində şahidlər dindirilmiş, cinayət işi üzrə ətraflı araşdırma aparılmış, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkumun qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasını təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış bu ətraflı araşdırmanı kifayət hesab etmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmadan keçirilmiş, lakin apellyasiya şikayətinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş zərərçəkmiş şəxsin qəsdən sağlımlığına ağır zərər vurması əməli törədilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində həmin əmələ münasibətdə bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, məhkumun göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla zərər çəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurulması ilə bağlı verilmiş ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində zərər çəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurulması ilə bağlı verilmiş ittiham üzrə bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində olan yüngülləşdirici halları (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Vətən müharibəsi iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) kifayət qədər nəzərə almış, eləcə də məhkumun cəzasını ağırlaşdıran halın olmamasını düzgün qiymətləndirmiş və ona təqsirli bilindiyi maddə ilə orta həddə cəza təyin edilmişdir. Məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması, onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törədilməkdə təqsirlibilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya şikayətlərinin məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Qanunun mənasına görə şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadığı və cəzasının məqsədinə cəzanın şərti hesab edilməsi ilə nail olmağın mümkün olduğu təqdirdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı hədinə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsini, yəni CM-nin 70-ci maddəsinin tətbiqini qeyri-mümkün hesab edir. Çünki məhkuma bu qaydada güzəşt edilməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, CM-nin 41.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunan hallar məhkuma islah olunan olmaqla CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir. Eyni zamanda məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi ilə də razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun qeyd edilən müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-nin 126.1-ci maddəsi ilə ədalətli cəza təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını birinci instansiya məhkəməsinin təyin etdiyi həddə və real olaraq çəkməlidir ki, cəmiyyətdə sosial ədalət bərpa olunsun, eləcə də həm o, həm də digər şəxslər yeni cinayətlər törətməkdən çəkinsinlər. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Cinayət Qanununun yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırıl-masından ibarətdir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar