Məhkəmə qərarları › İş №1(3-7)-242/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-242/2026

26.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-242/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Göygöl Rayon Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Abbasov Gündüz) ## ###### 1990-cı ildə Bərdə rayonu Qazaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatda olan və Bərdə şəhəri, Atatürk küçəsi ev 146-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablanması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınması hökm edilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, ##.##.2025-ci il tarixdə, saat 18:35-də Bərdə rayonu Təhlə kəndində, “Xam torpaq” adlanan ərazidə şahid7 məxsus fərdi təsərrüfat sahəsində tanışı mərhum X1 ilə birlikdə sürücülük hüququ olmaqla, etibarnamə olmadan ayıq vəziyyətdə şahid8 məxsus "Belarus 1221.2" markalı, 10-S-620 dövlət qeydiyyat nişanlı traktorda təmir işləri apardığı vaxt traktorun rotovatorunu (torpaq əzmək üçün alət) yuxarı qaldırmaq məqsədilə traktorun salon hissəsinə yaxınlaşıb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə müvafiq olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək traktorun mühərrikini işə salmazdan əvvəl sürətlər dəstəyini neytral vəziyyətə gətirməklə mühərriki işə salan zaman traktorun irəliyə doğru hərəkət etməsinin qarşısını alan tədbirlər görməyərək bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq göstərib bunlara əməl etməyərək traktorun salon hissəsinə əyləşmədən salon hissəsinin sağ tərəf qapısını açıb yerdə dayanmaqla ayaqüstə əli ilə mühərriki işə saldığına görə traktoru yerindən ani irəli hərəkət etdirərək həmin vaxt traktorla rotovatorun arasında yerdə uzanıqlı vəziyyətdə olan X1 üzərinə rotovatorun aşması nəticəsində ehtiyatsızlıqdan Xəyyam Mamedovun sağlamlığına, döş qəfəsi sümüklərinin iki tərəfli çoxsaylı sınıqları, hər iki ağ ciyərin zədələnmələri, kəskin qanitirmə, sol said və sağ bud sümüklərinin qapalı sınıqları, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, döş qəfəsinin sol yarısında körpücükaltı nahiyənin, döş qəfəsinin sağ yan səthinin, sağ bud-çanaq oynağının bayır səthinin, sağ budun orta 1/3-nin ön-bayır səthinin, sağ diz oynağının bayır səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin, qarının sol yan səthinin, döş qəfəsinin sol yan səthində VI-VII qabırğa səviyyəsinin, sağ budun aşağı 1/3-nin iç-yan səthinin qançırları, alın-sağ təpə nahiyəsinin, sağ qaşüstü, sağ çənə bucağı nahiyəsinin, sağ mil-bilək oynağının sağ yan səthinin, sol baldırın orta 1/3-nin ön səthinin, sağ budun aşağı 1/3-nin iç səthinin əzilmiş-cırılmış yaraları, üzün sağ yarısının, sağ alıngicgah nahiyəsinin, boyunun sağ yan səthinin, döş qəfəsinin sağ yarısında-körpücükaltı nahiyənin, döş qəfəsinin ön səthinin sağ yarısının, qarının ön səthinin, sağ budun orta 1/3-nin ön səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin, orta-aşağı 1/3-nin ön səthinin, sol çiyin qurşağının arxa səthinin, sağ kürək nahiyəsinin, sol ayağın bayır topuq nahiyəsinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərərçəkmiş şəxs X1 almış olduğu döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları nəticəsində baş vermiş ağ ciyərlərin zədələnməsi ilə müşayiət olunan qanitirmə nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, ailə başçısı olan, cəmiyyət üçün təhlükə yaratmayan bir şəxsdir. Hadisədən sonra istintaqdan yayınmamış, çağırışların hamısına vaxtında gəlmiş, istintaq orqanı ilə əməkdaşlıq etmiş, "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin bütün tələblərinə əməl etmişdir. Buna baxmayaraq, məhkəmə hökm elan olunan kimi onu məhkəmə iclas zalında həbs etmişdir. Iş materiallarında onun gizlənməsi, istintaqa mane olması, şahidlərə təzyiq göstərməsi və ya yeni cinayət törədə biləcəyi barədə hər hansı konkret sübut mövcud deyildir. Hadisə ehtiyatsızlıq nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsidir. Təqsirləndirilən şəxs qəsdən heç bir cinayət törətməmişdir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan əməl ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Belə olan halda məhkəmə cəzanın təyin edilməsində humanizm və ədalət prinsiplərinə üstünlük verməli idi. Məhkəmə baxışı zamanı zərərin ödənilməsi istiqamətində real təşəbbüs göstərilmişdir. Müdafiə tərəfi tərəfindən zərərçəkmiş şəxsə 10.000 (on min) manat məbləğində maddi yardım və kompensasiya ödənilməsi təklif edilmiş, lakin zərərçəkmiş həmin təkliflə razılaşmamışdır. Bu hal məhkumun məsuliyyətdən yayınmaq niyyətində olmadığını, əksinə hadisənin nəticələrinin aradan qaldırılması üçün səmimi cəhd göstərdiyini təsdiq edir. Məhkəmə isə bu mühüm yüngülləşdirici halı cəza təyin edilərkən faktiki olaraq nəzərə almamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətin dəlillərini müdafiə edərək müdafiəçisini dedikləri ilə razı olduğunu göstərdi. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, şikayətin dəlilləri əsassızdır və şikayətin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş, onun əməlində CM-nin 124-cü maddəsinin tərkib əlamətləri yoxdur. Iş materialları ilə də təsdiq olunur ki, Telman traktorun sürətlər qutusunun neytral vəziyyətdə olduğunu düşünüb ehtiyyatsızlıq edərək buna fikir verməmiş, sürətlər qutusunun birinci pillədə olmasına fikir verməmiş və mühərriki işə salmış, traktor anidən irəli hərəkət etmiş, Xəyyam da qoşqunun altında qalmışdır. Işdə ekspertizanın rəyi var ki, onun hadisənin qarşısını almağa texniki olmuşdur. Hazırda da zərərçəkmiş şəxslə barışıq yoxdur. Odur ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ədalətli hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclas katibi tərəfindən onunla mobil telefon vasitəsi ilə şifahi şəkildə əlaqə saxlanılmış və Zərərçəkmiş şəxs məhkəmə iclasına gələ bilməyəcəyini, eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığını, ona görə də məhkəmənin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin ibtdai istintaq və birinci instansiya məhkəməsində özünü təqsirli bilməsi və etirafedici ifadələri, şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, istintaq hərəkətləri protokolları, ekspert rəyi və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 263.2-ci maddəsi ilə tövsif etmişdir. Müdafiə tərəfindən verilmiş və dəqiqləşdirilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsif məsələsi mübahisələndirilərək onun əməlini CM-nin 263.2-ci maddəsindən CM-nin 124-cü maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli Rəydən görünür ki, “Belarus 1221.2” markalı, 10-S-620 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -“MTE və PAB” PHŞ-nin Bərdə rayon şöbəsinin verdiyi ## #### 2025-ci il tarixli rəydən görünür ki, mərhum X1 ölümünə səbəb döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları nəticəsində baş vermiş ağ ciyərlərin zədələnməsi ilə müşayət olunan qanitirmə olmuşdur. -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” ## #### 2025-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. -## #### 2026-cı il tarixli “Ifadəsinin yerində yoxlanılması haqqında“ protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, mərhum Xəyyam Mamedovun rotovatorun altında təmir işi gördüyü yeri, təmir zamanı mərhum Xəyyam Mamedovun sözündən sonra traktorun mühərrikini işə salmaq üçün traktorun sağ tərəf hissəsinə yaxınlaşdığını və traktorunun kabinəsinə əyləşmədən yerdən ayaq üstə mühərriki işə saldığını nəticədə traktorun anidən təxminən 1 metr irəli hərəkət etməsi nəticəsində Xəyyam Mamedovun rotovatorun altında qalaraq xəsarət aldığını bildirmişdir. -## #### 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkil. -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrində o, özünü CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilmişdir. -Işin obyektiv hallarına uyğun olan şahid ifadələri. -Zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi. -Iş materialına əlavə edilmiş digər mötəbər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünü CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilməsinə dair verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eyni zamanda iş materialına əlavə edilmiş digər mötəbər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2004-cü il tarixli, ** saylı Qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iş materialında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” ## #### 2025-ci il tarixli Aktdan və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli Rəydən göründüyü kimi Təqsirləndirilən şəxs də hadisə baş verən zaman alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmiş, eyni zamanda “Belarus 1221.2” markalı, 10-S-620 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü kimi onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələrində özünü CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilməsinə baxmayaraq, apellyasiya məhkəməsində isə heç bir səbəb olmadan özünü CM-nin 124-cü maddəsi ilə təqsirli bilməsinə dair özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirmək, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə istintaq hərəkəti protokolları, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünü CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilməsinə dair verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eyni zamanda iş materialına əlavə edilmiş digər mötəbər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxsbu əməli törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun törətdiyi cinayət əməlinin CM-nin 263-ci maddəsindən CM-nin 124-cü maddəsinə tövsif edilməsinə dair müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən tövsif hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.2-ci maddəsilə tövsif olunmuşdur. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və onun cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsin cəzalandırılmasını tələb etməsini nəzərə alaraq barəsində 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan ehtiyatsızlıqdan törədilən cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Verilmiş ittihamdan və tədqiq olunmuş sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən etibarnamə olmadan ##.##.2025-ci il tarixdə, saat 18:35-də Bərdə rayonu Təhlə kəndində, “Xam torpaq” adlanan ərazidə "Belarus 1221.2" markalı, 10-S-620 dövlət qeydiyyat nişanlı traktorda təmir işləri apardığı vaxt traktorun rotovatorunu (torpaq əzmək üçün alət) yuxarı qaldırmaq məqsədilə traktorun salon hissəsinə yaxınlaşıb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməyərək traktorun mühərrikini işə salmazdan əvvəl sürətlər dəstəyini neytral vəziyyətə gətirməklə mühərriki işə salan zaman traktorun irəliyə doğru hərəkət etməsinin qarşısını alan tədbirlər görməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq göstərib bunlara əməl etməyərək traktorun salon hissəsinə əyləşmədən salon hissəsinin sağ tərəf qapısını açıb yerdə dayanmaqla ayaqüstə əli ilə mühərriki işə saldığına görə traktoru yerindən ani irəli hərəkət etdirərək həmin vaxt traktorla rotovatorun arasında yerdə uzanıqlı vəziyyətdə olan X1 üzərinə rotovatorun aşması nəticəsində ehtiyatsızlıqdan Xəyyam Mamedovun ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli Rəyindən görünür ki, “Belarus 1221.2” markalı, 10-S-620 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissesinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini və ondan şikayətçi olmasını, baş vermiş qəza nəticəsində insan ölümünün baş verməsini, etibarnamə olmadan "Belarus 1221.2" markalı, 10-S-620 dövlət qeydiyyat nişanlı traktorda təmir işləri aparması və cinayətkarcasına etinasızlıq göstərib traktorun salon hissəsinə əyləşmədən salon hissəsinin sağ tərəf qapısını açıb yerdə dayanmaqla ayaqüstə əli ilə mühərriki işə salması, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olmasını nəzərə alaraq barəsində barəsində 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsini müəyyən etmişdir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ona təyin edilmiş cəzadan daha aşağı həddə və ya təyin olunmuş cəzanını şərti hesab edilməsi, yəni barəsində CM-nin 62 vvə 70-ci maddələrinin tətbiq edilməsi üçün qanuni əsaslar müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar